Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ümidvaram ki, Amerikanın Suriyaya qarşı yeni mövqeyi ciddi və yalandan uzaq olacaq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin təşkilinə ölkə üzrə cavabdeh olan rəsmi şəxslərlə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə həcc ziyarətinin müsəlman toplumuna siyasi, mədəni və mənəvi cəhətdən güc-qüdrət qazandırdığını bildirdi. O, İslam dünyasında və regionda mövcud olan hazırkı şəraitə, bədxahların məzhəblərarası fikir ayrılıqları zəminində müsəlmanlar arasında konflikt yaratmaq səylərinə, həmçinin imperialistlərin müharibə alovu saçan təhdidlərinə toxunaraq dedi: “Ümidvaram ki, Amerikanın Suriya ilə bağlı yeni mövqeyi ciddi, yalandan uzaq bir mövqe olacaq və özündə bir neçə həftə öncəki yanlış və özbaşına mövqedən həqiqi dönüşü əks etdirəcək”.

“Həqiqi həccin şərtlərindən biri də müsəlmanların dində vacib olan bu böyük ayini yerinə yetirərkən bir-birinə qarşı qardaşcasına davranmasıdır” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Quranda vurğulanan həcc günlərində dava-dalaş və konfliktdən uzaq olmaq məsələsi din qardaşları olan müsəlmanların bir-biri ilə dava-dalaş etməməsi mənasını verir. Bura həm dil ilə mübahisədən, həm də ürəkdə bir-birinə nifrət bəsləməkdən çəkinmək aiddir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Təəssüf ki, bəziləri həcc günlərində dava-dalaşdan çəkinmək məsələsini yanlış interpretasiya edərək müşriklərə nifrət və etiraz mərasimin fəlsəfəsini sual altına salmağa çalışırlar. Halbuki şirk və küfrə qarşı vuruşmaq İslamın ən əsas göstərişlərindən biridir”.

Ali Məqamlı Rəhbər müsəlmanları bədxahların məzhəb zəminində konflikt yaratmaq səylərinə qarşı sayıq olmağa çağıraraq aşağıdakıları vurğuladı: “İslam ümmətinin düşmənləri yaxşı anlayıblar ki, müsəlman məzhəbləri arasındakı ixtilaflar qəsbkar İsrailin xeyrinədir. Elə buna görə də bir tərəfdən təkfirçi qrupları ortaya salıb fəaliyyətlərinə dəstək verməklə, digər tərəfdən isə konfliktlərin qızışdırılmasına xidmət edən zahirən müsəlman, hətta şiə yönümlü medialar yaratmaqla müsəlmanları bir-birinə qarşı ədavətə təhrik etmək məqsədi güdürlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İmam Xomeyni (r.ə) və başqaları da daxil olmaqla böyük şiə alimləri daim İslam ümmətinin vəhdətini qorumağın vacib olduğunu vurğulayıblar. Odur ki London və Amerikada yerləşən media orqanları tərəfindən konfliktləri qızışdırmaq niyyəti ilə təbliğ olunan şiəlik gerçək şiəliyin yolunu tutmayıb”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, həcc ziyarətinin əvvəlkindən də artıq güclənməsi üçün zəmin yaradan müsbət cəhətlərdən biri də bu ayinin yerinə yetirildiyi günlər əsnasında müsəlmanların bir-biri ilə əsl İslam mədəniyyətini paylaşması, böyük müsəlman toplumundakı reallıqlar və əldə olunan nailiyyətlər haqqında məlumat almasıdır. O dedi: “İslam dövlətinin əleyhinə işləyən media qurumlarının təsəvvüredilməz dərəcədə böyük həcmdə olduğunu nəzərə alaraq demək olar ki, iranlı zəvvarların öhdəsinə düşən vəzifələrdən biri də öz danışığı və davranışı ilə İslamın, şiəliyin gerçək simasını digər xalqlara təqdim edib tanıtdırmaq, onlara İslam dövlətinin reallıqları və nailiyyətləri haqda məlumat verməkdir”.

Mənəvi cəhətdən güclənmənin də gerçək həccin əsas mehvərlərindən biri olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Çətin etapları uğurla arxada qoymağın, hegemon dövlətlərin zahiri ehtişamından qorxmamağın vacib şərtləri olan güclü iman, Allaha təvəkkül, ilahi vədlərə optimist yanaşma həcdə əldə olunur”.

Ali Məqamlı Rəhbər İslam ümmətinin düşmənlərinin Pakistan, Əfqanıstan, İraq, Suriya və Bəhreyndə şiə-sünni bəhanəsi ilə konfliktləri qızışdırdıqlarını, yüzlərlə günahsız insanın qətlə yetirildiyini qeyd edərək dedi: “İmperialistlər, başda Amerika olmaqla super-dövlətlər öz qanunsuz mənafelərinə nail olmaq üçün ölkələri viran qoymaqdan, insanları qətlə yetirməkdən qətiyyən çəkinmirlər”.

Həzrət Ayətullah Xamenei Suriyada gedən proseslərə və son bir neçə həftə ərzində Amerikanın regionda hərbi əməliyyatlara başlamaqla bağlı səsləndirdiyi təhdidlərə toxunaraq dedi: “Onlar əslində sionsitlərin və nəhəng kapitalistlərin maraqlarını əks etdirən, lakin milli mənafe adı verdikləri mənafeləri naminə hətta müharibəyə başlamağa, digər ölkələrin və xalqların mənafeyini ayaqları altına almağa belə hazırdırlar”.

Amerikanın Suriya ilə bağlı yeni mövqeyinin ciddi, siyasi oyunlardan uzaq bir mövqe olduğuna ümid bəslədiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər belədirsə, bunu Amerikanın bir neçə həftə öncəki özbaşına və yanlış mövqeyindən dönməsi kimi dəyərləndirmək olar”.

O həmçinin vurğuladı: “İran İslam Respublikası regionda gedən prosesləri diqqət və sayıqlıqla izləyir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu həssas regionda böyük bir xalq olaraq biz düzgün yanaşma əsasında, İslamın bizə qazandırdığı gücdən istifadə edərək İslama söykənən uca və humanist hədəflərimizi dünya ictimaiyyətinə çatdırmalı, bəşəriyyəti İslam dininin yolunu tutaraq irəli getmək kimi bir nailiyyətə dəvət etməliyik”.

O həmçinin dedi: “İslam dininin yolunu tutaraq irəli getmək xalqın daxili güc və qüdrətinin təmin olunması deməkdir. Buna isə böyük iman, xalqın vəhdəti, rəsmilərin düzgün fəaliyyəti, xalqla rəsmilərin həmrəyliyi və Allaha təvəkkül sayəsində nail olmaq mümkündür”.

Ali Məqamlı Rəhbər daxili gücün təmin olunması üçün aşağıdakı 5 əsas elementin gərək olduğunu dedi: ağıl, mənəviyyat, təvəkkül, inkişaf və əməl. O, əlavə etdi: “İslam dövlətinin bu yoldakı irəliləyişi və günü-gündən artan qüdrəti bu günə qədər olduğu kimi, bundan sonra da, heç şübhəsiz, regiondakı vəziyyətə təsir göstərəcək”.

Görüşün əvvəlində vəli-fəqihin nümayəndəsi və iranlı zəvvarların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əsgər iştirakçıları Həcc həftəsi və Kəramət ongünlüyü münasibətilə təbrik etdi. Höccətül-İslam vəl-muslimin Qazi Əsgər Ali Məqamlı Rəhbərliyin Məkkədəki nümayəndəliyi tərəfindən həyata keçirilmiş ən mühüm tədbirlər sırasında həcc ziyarəti üçün strateji planın işlənib hazırlanmasını, zəvvarların Quran bilgilərinin mümkün qədər artırılmasını, ziyarətə yola düşməzdən öncə müvafiq təlimlər vasitəsilə onlarda mənəvi dəyişikliyin yaradılmasını, zəvvarların hüquqlarının qorunmasını, həcc ziyarəti ilə bağlı müxtəlif mövzular ətrafında elmi tədqiqat işlərinin gücləndirilməsini, ixtisaslaşdırılmış konfransların keçirilməsini, karvanlara başçılıq edən ruhanilərin elmi səviyyəsinin yüksəldilməsini, ərəb dili kurslarının təşkil olunmasını, keçmiş fəaliyyət proqramlarında qazanılmış müsbət təcrübələrin və mənfi cəhətlərin dəyərləndirilməsini qeyd etdi.

İslam Mədəniyyəti və İrşadı Naziri cənab Cənnəti də çıxış edərək həcc ziyarətinin təşkilinə aidiyyəti olan qurumlar arasında daha artıq koordinasiyaya nail olunması, birgə səylər nəticəsində zəvvarlara mümkün qədər daha yaxşı xidmət göstərilməsi məqsədilə həyata keçirilmiş kompleks tədbirlər haqda məlumat verdi. O dedi: “Həcc ziyarəti müsəlman İranının mədəniyyətini digər xalqlara ötürmək üçün gözəl bir fürsətdir”.

Cənab Cənnəti həcc ziyarətinin fəlsəfəsinə, bu ayinin özündə daşıdığı sirr və bilgilərə diqqət yetirməyin əhəmiyyətini vurğulayaraq dedi: “İslam Respublikasının din və elm xadimləri ilə İslam dünyasının digər görkəmli şəxsiyyətləri arasında yaranan əlaqə İslam ümmətinin daha sıx birləşməsi üçün zəmin yaradacaq”.

Həcc Komitəsinin sədri cənab Əvhədi də cari ildə ölkənin müxtəlif məntəqələrindəki 17 hava limanından 500 karvanın tərkibində 64000 iranlı zəvvarın həcc ziyarətinə yola düşəcəyini bildirdi. O dedi: “Həcc Komitəsi həmçinin ölkədən kənarda yaşayan 2000 iranlı zəvvara da xidmət göstərəcək”.

Cənab Əvhədi Həcc və Ziyarətlər Komitəsi tərəfindən həyata keçiriləcək digər tədbirlər sırasında əsas diqqətin zəvvarların yerləşdirilməsinə və onlara lazımi xidmətin göstərilməsinə yönəldiləcəyini, bəzi karvanlarda tibbi məntəqələrin, Məkkə və Mədinədə isə 24 saat fəaliyyət göstərəcək iki xəstəxananın təşkil olunacağını qeyd etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /