Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərb dünyası İslam İnqilabı məfkurəsi ilə rəqabətdə geri qaldığını düşünür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin imam-cümələri ilə bu gün (bazar ertəsi) günortadan əvvəl keçirdiyi görüşdə qeyd etdi ki, cümə namazı din, xalq və hakimiyyət nöqteyi-nəzərindən mühüm və dəyərli bir şəbəkədir. Ölkədə, eləcə də dünya və regionda gedən proseslərə kompleks şəkildə, geniş prizmadan yanaşmaq lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Dövlət, rəsmilər, siyasətçilər, diplomatlar və xalq Qərb və Amerikanın dolaşıq  manevr və davranışlarına, insan haqlarını bəhanə edərək gözdən pərdə asmasına realist yanaşmalı, prosesləri Qərblə İslam arasındakı dərin və prinsipial qarşıdurma çərçivəsində analiz etməlidirlər. Çünki əks təqdirdə biz qarşı tərəfin taktika və strategiyalarını bir-birindən fərqləndirməkdə, hətta düşməni tanımaqda səhvə yol vermiş olacağıq”.

Ölkə və regionda gedən proseslərə kompleks surətdə, realist yanaşmaq zərurətinin nədən doğduğunu daha ətraflı izah edən Həzrət Ayətullah Xamenei son bir neçə əsrdə Qərblə İslam arasında mövcud olan dərin və prinsipial qarşıdurmaya, bu qarşıdurmada dönüş nöqtəsi kimi İslam İnqilabının qələbəsinin roluna toxunaraq dedi: “Müstəmləkəçilik dövründə Qərb dövlətləri Şərq dünyası, o cümlədən müsəlman ölkələri üzərində siyasi, iqtisadi və mədəni hökmranlıqlarını genişləndirdilər, elmi-texniki inkişaflarından istifadə edərək belə bir fikir formalaşdırdılar ki, bütün hesablamaların mehvəri, hamı üçün örnək və nümunə məhz Qərb dünyası olmalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar hətta coğrafi hesablamaları da Qərb dünyasının üstünlüyü və orijinallığı üzərində qurmağa başladılar və “Yaxın Şərq”, “Orta Şərq”, “Uzaq Şərq” kimi yanlış terminlər yaratdılar”.

Qərbin müstəmləkəçilik dövründən istifadə edərək mütləq və hegemon hakimiyyət əldə etdiyini xatırladan Həzrət Ayətullah Xamenei dedi: “Regiondakı bütün ölkələrin, o cümlədən İranın materialist Qərbin istilası altında olduğu bir şəraitdə İran İslam İnqilabı mütləq istiqlaliyyət, İslamın və Quranın prinsiplərinə bağlılıq əsasında qələbə çaldı, nəticədə tarixən müsəlman dünyası üzərində öz ağalığını möhkəmləndirmiş Qərbə güclü bir zərbə dəydi”.

İran İslam İnqilabının regiona və İslam dünyasına böyük təsir göstərdiyini, xalqlara dini-islami heysiyyət qazandırdığını bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran İslam İnqilabına xas məfkurə və heysiyyətin tədricən genişlənməsi Qərb dövlətlərini bərk narahat etdi və onlar İslam təfəkkürünün dərinləşməsinə paralel olaraq, öz məkrli planlarına daha dərin, dolaşıq xarakter verməyə başladılar”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Bu gün regionda və İslam dünyasında elə bir vəziyyət yaranıb ki, qərblilər İslam İnqilabı məfkurəsi ilə rəqabətdə geri qaldıqlarını düşünürlər. Elə buna görə də bu geriliyi kompensasiya etmək üçün bütün qüvvələrini səfərbər ediblər”.

O, əlavə etdi: “Belə bir şəraitdə regionda islami oyanış hərəkatı da baş qaldırdı və xalqlar arasında getdikcə genişlənməkdə olan İslam İnqilabı məfkurəsi ilə ayaqlaşa bilmədiklərini güman edən qərblilər çaşqınlıq içərisində islami oyanışa, siyasi xarakterli İslama qarşı mübarizə meydanına atıldılar”.

Regionda gedən prosesləri məhz bu nöqteyi-nəzərdən təhlil etmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Dövlət, rəsmilər, siyasətçilər, diplomatlar və xalq düzgün və kompleks yanaşmaya malik olmalıdırlar. Çünki əks təqdirdə reallıqları görə bilməyəcək, aldanmaqla yanaşı, zərbə də alacağıq”.

“Materialist dünya ilə İslam dini arasında gedən qarşıdurmada İran İslam Respublikası fəthlərin-fəthi – ən böyük qələbədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu böyük qələbə eyni qüdrət və möhkəmliklə davam edir. Günü-gündən artan daxili həmrəylik, hökumət strukturlarının prinsip və dəyərlərə daha sıx bağlılığı, heç şübhəsiz, bu qüdrət və qələbəni sarsılmaz edəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Qərb dünyasının qarşısında güclü və möhkəm olmaq lazımdır. Çünki onlar heç kəsə rəhm etmədiklərini açıq-aşkar göstəriblər və insan haqlarının tərəfdarı olduqları barədə bütün iddialarına, gözdən pərdə asmaq səylərinə baxmayaraq, milyonlarla insanın qətli belə onları təsirləndirməz”.

“Yalan və gözdən pərdə asmaq Qərb siyasətçilərinin xislətində olan cəhətlərdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əslində, qərblilər Xerosimadakı insan qırğınından, 1-ci və 2-ci dünya müharibələrində milyonlarla insanın həyatını itirməsindən, Pakistan, Əfqanıstan və İraqda çoxlu sayda günahsız insanın öldürülməsindən qətiyyən narahatlıq hissi keçirmirlər. Gələcəkdə də mənafelərinə uyğun olan istənilən situasiyada insanların qətlindən çəkinib-utanmayacaqlar. Odur ki biz siyasət, idarəetmə, məişət rifahı və sosial həyatın müxtəlif sferalarında daxili gücümüzü artırmalıyıq”.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei cümə namazını din, xalq və hakimiyyət nöqteyi-nəzərindən dəyərli bir şəbəkə adlandıraraq dedi: “Cümə namazı mənəvi, islami həqiqətlərin bəyanı və xalqın heç bir göstəriş olmadan, könüllü iştirakını özündə birləşdirən, eyni zamanda dini hökumətlə də əlaqəli olan bir mövzudur”.

Ali Məqamlı Rəhbər cümə namazının dini hökumətlə əlaqəli olması barədə aşağıdakıları qeyd etdi: “Bəzilərinin düşündüyünün əksinə olaraq, hakimiyyətin vəzifəsi təkcə xalqın rifahını, azadlığını və siyasi suverenliyini təmin etmək deyil. Hökumətin üzərinə xalqın dini ideologiyası, etiqadı ilə bağlı da müəyyən vəzifələr düşür”.

O həmçinin dedi: “Bu mühüm şəbəkə özündə din, xalqın bilavasitə iştirakı, hakimiyyətlə əlaqə və siyasət kimi aspektləri əks etdirdiyinə baxmayaraq, əhali və siyasi  cinahlar arasındakı müxtəlif meyl və tendensiyalara qarışmır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Cümə namazının İslam İnqilabının prinsip və dəyərlərinə münasibətdə də öz vəzifələri var. Cümə namazı rasional, məntiqi əsaslara söykənərək İslam İnqilabının prinsip və dəyərlərinə sadiq olmalıdır”.

Həzrət Ayətullah Xamenei imam-cümələrə qısa və eyni zamanda dolğun məzmunlu, moizə xarakterli xütbələr söyləməyi tapşıraraq dedi: “Çalışmaq lazımdır ki, cümə namazının xütbələri auditoriyanın, xüsusilə də gənclərin ideoloji, əməli və siyasi müstəvidəki ehtiyaclarını, onları düşündürən sual və iradları ehtiva etsin”.

“Cümə namazlarının xütbələrindən alınan nəticə insanlarda gələcəyə ümidi artırmalı, xalqla İslam dövləti arasındakı bağlılığı daha da möhkəmləndirməlidir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər imam-cümələrə əhali ilə mümkün qədər sıx rabitədə olmağı, gənclərlə, universitetlərdə və teoloji mərkəzlərdə təhsil alan tələbələrlə tez-tez görüşüb onları dinləməyi tövsiyə etdi.

O, əlavə etdi: “Cümə namazlarının xütbələrində ciddi diqqət yetirilməli olan məsələlərdən biri də həyat tərzi mövzusu və bu mövzu ilə əlaqədar olan, dini mənbə cəhətdən tamamilə əsaslandırılmış və aktual məsələlərdir”.

Görüşün əvvəlində Ölkə İmam-cümələrinin Siyasi İstiqamətləndirmə Şurasının sədri Höccətül-İslam vəl-muslimin Təqəvi imam-cümələrin 22-ci qurultayının təşkil olunduğunu qeyd edərək dedi: “Hazırda ölkənin 750 məntəqəsində hər həftə cümə namazları qılınır.

Cənab Təqəvi bildirdi ki, ölkədə birlik və həmrəyliyin güclənməsinə səy göstərmək, dövlətin siyasi, mədəni, iqtisadi siyasətlərini əhali üçün işıqlandırmaq, din və mənəviyyatı təbliğ etmək, xalqla bilavasitə – üz-üzə əlaqədə olmaq, ölkənin müxtəlif regionlarında icraedici rəsmilərin işinə yardım göstərmək və s. bu kimi məsələlər bütün imam-cümələrin fəaliyyət proqramında öz əksini tapır.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /