Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Suriya məsələsində səhvə yol verən Amerika, sözsüz ki, ağrılı bir zərbə alıb ziyan çəkəcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) günortadan əvvəl keçirdiyi görüşdə olduqca mühüm fikirlər səsləndirdi. O, İslam dövlətinin müxtəlif ranqlı rəsmilərinə, əhəmiyyətli qərarların irəli sürülməsində və qəbulunda mühüm rola malik simalarına ölkə, region və dünya miqyaslı məsələlərə kompleks surətdə, geniş prizmadan və hərtərəfli yanaşmağı, müdriklik və uzaqgörənliklə, çəkinmədən mövqe seçməyi tövsiyə edərək aşağıdakıları vurğuladı: “Qərar qəbul edərkən və ya mövqe seçərkən bütün rəsmilər, mütləq, bu 3 əsas komponenti nəzərə almalıdırlar: hədəf və amallar, ümummilli strategiyalar və reallıq. Onlar müdrik, rasional, gələcəyə optimist bir yanaşma əsasında dövlətin daxili strukturunun möhkəmləndirilməsi, problemlərin həlli, prinsiplərin qorunması istiqamətində çalışmalıdırlar”.

Proseslərə və ayrı-ayrı məsələlərə kompleks surətdə, geniş prizmadan və hərtərəfli yanaşmağın son dərəcə vacib olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Bu tip hadisələrdən biri də İslam Respublikasının formalaşmasıdır ki, güclü küləklərin burulğanında, materializmə doğru gedən bir dünyada, İslam dininin əsasında baş verdi. Bu hadisə daha çox möcüzə bənzəyirdi”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının qələbə çaldığı ilk günlərdən ta indiyə qədər İslam dövlətinə qarşı aparılan düşmənçilik və qarşıdurmalara toxunaraq dedi: “Bütün bu düşmənçiliklərin əsas səbəbi də elə İslam dinidir”.

“Dünya və regiondakı vəziyyəti, İslam dövlətinə qarşı mövcud olan cəbhələşməni düzgün təhlil etmək üçün də proseslərə geniş prizmadan, hərtərəfli, reallığa uyğun surətdə yanaşmaq lazımdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərbi Asiya regionu uzun illərdir imperializmin qarətçi ağalığı altında olduğuna baxmayaraq, belə bir şəraitdə imperializmin istəklərinə zidd olan islami oyanış kimi böyük bir hadisə təzahür edib”.

O həmçinin dedi: “İslami oyanışın məhv olub aradan getdiyini güman etmək yanlışdır. Çünki islami oyanış sırf siyasi xarakterli bir hadisə deyildi ki, müəyyən şəxslərin hakimiyyətə gəlməsi, yaxud hakimiyyətdən getməsi ilə sona çatsın. İslami oyanış müsəlman toplumları arasında genişlənmiş bir oyanış, özünəinam, İslama söykənmə halətidir”.

Ali Məqamlı Rəhbər bu gün regionda müşahidə olunanların, əslində, başda Amerika olmaqla imperializmin islami oyanışa qarşı reaksiyası olduğunu bildirdi. O, imperializm cəbhəsinin regiondakı problemləri öz mənafeyinə uyğun formada həll etməyə çalışdığını vurğulayaraq dedi: “İmperializmin bu regiondakı iştirakı hegemon, təcavüzkar, tamahkar xarakterlidir və özünə qarşı çevrilmiş hər cür müqaviməti boğmaq məqsədi daşıyır. Lakin imperializm cəbhəsi indiyə qədər bu müqaviməti məhv edə bilməyib, bundan sonra da edə bilməyəcək”.

“İmperializmin regionda izlədiyi əsas məqsəd baş rolu İsrail rejiminə həvalə etməklə regionu öz ağalığı altına salmaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Kimyəvi silah bəhanəsi ilə Suriyada başladılmış son hadisələrdə də hədəf eynidir. Amma amerikalılar söz oynadaraq özlərini elə göstərməyə çalışırlar ki, guya proseslərə humanist bir məqsədlə müdaxilə ediblər”.

“Amerika siyasətçiləri üçün əhəmiyyətsiz bir şey varsa, o da elə humanizmlə bağlı məsələlərdir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Amerikalılar humanizm iddiası edirlər, amma keçmişlərində “Əbu-Qureyb” və “Qvantanamo” həbsxanaları, Səddamın Hələbçə və digər İran şəhərlərində kimyəvi silahdan istifadə etməsi qarşısında susmaq, Əfqanıstan, Pakistan və İraqda günahsız əhalinin qətli kimi faktlar var”.

O həmçinin vurğuladı: “İnsanlıq və humanizm elə bir mövzu deyil ki, dünyada kimsə Amerikanın onu rəhbər tutduğuna inansın”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz düşünürük ki, Amerika Suriya məsələsində səhvə yol verir, buna görə də ağrılı bir zərbə alacaq və sözsüz ki, ziyan çəkəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Aradan 30 il ötdükdən sonra – indi İran İslam Respublikası bu düşmənçiliklər, məkrli planlar və regiondakı vəziyyət nəticəsində nəinki zəifləməyib, hətta qüdrət, nüfuz və imkanları baxımından olduqca qüvvətlənib”.

Ali Məqamlı Rəhbər İran İslam Respublikasının formalaşması ilə bağlı reallıqlar haqda danışıb, dünya və regionda əleyhinə işləyən bütün düşmənçiliklərə, cəbhələşmələrə rəğmən bu dövlətin günü-gündən qüdrətləndiyini qeyd etdikdən sonra dedi: “Qərar qəbul edərkən və mövqe seçərkən bütün rəsmilər bu üç əsas komponenti nəzərə almalıdırlar: 1. hədəf və amallar; 2. ümumi strategiyalar; 3. reallıqlar”.

Hədəf və amalların hansılar olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei: “İran İslam Respublikasının əsas qayəsi islami sivilizasiya qurmaq, maddi-mənəvi cəhətdən inkişaf etmiş bir cəmiyyət yaratmaqdır”.

O, əlavə etdi: “Bu amala yetişməyin strategiyaları da konkret və açıq-aydındır:  İslama əsaslanmaq, müxtəlif münasibətlərdə zalım, yaxud məzlum simasında çıxış etməmək, xalqın rəyini rəhbər tutmaq, kollektiv əmək və milli birlik”.

Ali Məqamlı Rəhbər 3-cü komponent kimi, reallığa düzgün yanaşmanın son dərəcə vacib olduğunu bildirərək dedi: “Amallara can atmaqla yanaşı, reallıqları da görmək lazımdır. Lakin reallıqlara da düzgün, hərtərəfli, subyektivlikdən uzaq surətdə yanaşmaq lazımdır”.

Ali Məqamlı Rəhbər cəmiyyətdə həm ürəkaçan, həm də acı reallıqların olduğunu qeyd edərək dedi: “Qərar qəbul edərkən, ölkədə gedən proseslərə baxarkən yalnız acı reallıqları görmək lazım deyil. Cəmiyyətdə yüksək intellektli, fəal, təşəbbüskar insanların varlığı, dinin əhali, xüsusilə də gənclər arasında geniş yayılması, dini, islami şüarların öz aktuallığını qoruyub saxlaması, dünya və regionda İslam Respublikasının nüfuzunun günü-gündən artması kimi reallıqları da görmək və bu ürəkaçan reallıqlara söykənərək acı reallıqların ortadan qaldırılması, yaxud azaldılması üçün çalışmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Maneə kimi qarşımızda duran bəzi acı reallıqların varlığı bizi tutduğumuz yolu davam etdirməkdən yayındırmamalıdır. Əksinə, düzgün yanaşma əsasında həmin maneəni aradan qaldırmaq, yaxud uğurla geridə qoymaq lazımdır”.

İnqilabın ilk onilliyində İmam Xomeyninin (r.ə) də bu prinsipi əsas götürdüyünü bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İmam (r.ə) qarşısındakı reallıqlara göz yummadı, lakin prinsiplərdən də heç vaxt geri çəkilib güzəştə getmədi”.

O, əlavə etdi: “İmam Xomeyni (r.ə) “İsrail rejimi kəsilib atılmalı olan xərçəng şişidir” fikrini dilə gətirmiş və İsrailə bəslədiyi mənfi münasibəti heç vaxt gizlətməmiş bir şəxsdir”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “İmam Xomeyni (r.ə) Amerika və onun bəd əməlləri qarşısında da heç vaxt qorxub-çəkinməyib. Məşhur “Amerika böyük Şeytandır” cümləsi imama aiddir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Amerika səfirliyinin ələ keçirilməsi ikinci və bəlkə də, birincidən daha əhəmiyyətli inqilabdır” cümləsi də imamındır”.

İmam Xomeyninin (r.ə) inqilabın ilk onilliyindəki rəftar və davranışlarından danışan Həzrət Ayətullah Xamenei Məcburi Müharibə mövzusuna toxunaraq dedi: “Hər kəsin: “Müharibə, qələbəyə qədər müharibə!” – şüarı səsləndirdiyi bir vaxtda imam: “Fitnəni yox edənə qədər müharibə!” – şüarı ilə çıxış edirdi.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər vurğuladı: “İslam dövlətinin bünövrəsini möhkəmlədən də elə İmam Xomeyninin mübarizliyi oldu”.

O, əlavə etdi: “İmperialistlərə xoş gəlmək üçün öz prinsiplərindən keçən insanların və ölkələrin vəziyyəti bu gün göz önündədir”.

Mövzunu davam etdirən Həzrət Ayətullah Xamenei dedi: “Misirdə İsrailə qarşı mübarizə şüarı olsaydı və Amerikanın vədləri qarşısında yumşaqlıq göstərməsəydilər, heç şübhəsiz, belə bir vəziyyət yaranmazdı ki, Misir xalqını zəlil etmiş diktator zindandan azad olunsun, xalqın seçki yolu ilə hakimiyyətə gətirdiyi şəxslər isə həbs olunaraq mühakimə edilsinlər”.

O həmçinin əlavə etdi: “Əgər Misirdə prinsiplər üzərində möhkəm dayansaydılar, xalqın seçdiyi hakimiyyətə qarşı çıxanlar onların tərəfinə keçərdi”.

Çıxışının bu hissəsində Ali Məqamlı Rəhbər daha bir məqamın üzərində təkidlə durdu ki, bu da İslamın düşmənlərinin regionda məzhəb zəminində konfliktlərin yaradılmasını özləri üçün əsas fəaliyyət strategiyası kimi götürmələri idi. O, bu barədə aşağıdakıları dedi: “Düşmən özünün bu strategiyasını həyata keçirmək və fitnə alovunu körükləmək üçün iki muzdur qrupdan istifadə edir: bunlardan biri sünni adı altında fəaliyyət göstərən təkfirçilər, ikincisi isə şiə adından istifadə edən muzdur radikal qruplardır”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Bu böyük və məkrli planın tələsinə düşən hər bir toplum və dövlət, sözsüz ki, islami hərəkata zərbə vuracaq”.

O, əlavə etdi: “Böyük şiə və sünni alimləri ehtiyatlı olmalıdırlar ki, islam firqələri arasındakı fikir ayrılıqları yeni-yeni cəbhələşmələrə, diqqətin əsas düşməndən yayınmasına səbəb olmasın”.

Cəmiyyətdəki proseslərə və reallıqlara kompleks surətdə, geniş prizmadan yanaşmaq lazım olduğu barədə fikirlərini davam etdirən Ali Məqamlı Rəhbər ölkədəki bəzi problemlərə toxunaraq dedi: “Ölkədəki problemlərin əsas həlli yolu müdrik və rasional yanaşma əsasında dövlətin daxili strukturunu möhkəmlətməkdir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, dövlətin daxili strukturunun möhkəmləndirilməsi isə elmi inkişaf, iqtisadiyyatın düzgün idarə edilməsi yolu ilə mümkün ola bilər.

O, əlavə etdi: “Bu gün iqtisadi təzyiqlərin məhz ölkənin neft sektoruna yönəldilməsinin başlıca səbəbi budur ki, müharibədən sonra biz neftə olan asılılığımızı azalda bilməmişik. Odur ki daim öz güc və iradəmiz sayəsində daxili strukturun möhkəmləndirilməsi və problemlərin həlli istiqamətində çalışmalıyıq”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Hazırkı şəraitin üstünlüklərindən biri də bacarıqlı, ölkəni hədəflərə yaxınlaşdırmağa qərarlı olan simaların təmsil olunduğu, yeni nəfəsli bir hökumət kabinetinin iş başına gəlməsidir”.

Həzrət Ayətullah Xamenei ölkə başçısı cənab Həsən Ruhaninin də müxtəlif sferalarda parlaq fəaliyyəti olmuş, inqilabi əqidəyə malik bir ruhani olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Şərtlər belə olduğu təqdirdə hamı hökumətə kömək etməlidir. Mən də bütün əvvəlki administrasiyalara dəstək olduğum kimi, bu hökumət aparatına da dəstək olacağam”.

O dedi: “Əlbəttə ki, mənim hökumət administrasiyalarını dəstəkləməyim onların bütün addımlarını təsdiqlədiyim anlamına gəlmir. Müəyyən iradlarımız ola bilər, lakin bu iradlar dövlətə kömək etməyimizə əngəl olmamalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dövlətə kömək etməkdən əlavə, rəsmilərə xeyirxah niyyətlə öyüd-nəsihət də vermək lazımdır”.

O həmçinin vurğuladı: “Rəsmilər də bu xeyirxah nəsihətləri yaxşı qarşılamalıdırlar, hətta onlar bəzən bir qədər kəskin formada deyilmiş olsa belə”.

Ali Məqamlı Rəhbər dünya və regiondakı açıq-aydın cəbhələşməyə də toxunaraq dedi: “Siyasətin bütün sferalarında məharətlə, qəhrəmancasına yumşaqlıq və elastiklik göstərmək arzulanan bir haldır və müsbət qəbul olunur. Lakin bu kimi məharətli manevrlərin işlədilməsi qırmızı xətləri keçmək, əsas prinsiplərə üz çevirmək, hədəf və amallara diqqət yetirməmək kimi başa düşülməməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Bir qayda olaraq, hər bir dövlət öz təşəbbüs və metodları əsasında hərəkət edir”.

Ölkədəki vəziyyəti dəyərləndirən Həzrət Ayətullah Xamenei gələcəyin çox yaxşı və işıqlı olacağını bildirdi. O dedi: “Mən gələcəyə tamamilə optimist yanaşıram və inanıram ki, ölkənin bütün problemlərinin, o cümlədən digərlərinə nisbətən daha dərin olan iqtisadi, siyasi və mədəni problemlərin həlli mümkündür”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədrinin və məclis nümayəndələrinin adı gizli qalan şəhidlərin dəfn mərasimində iştirak etməsini son dərəcə faydalı və konstruktiv bir addım adlandıraraq aşağıdakıları vurğuladı: “Xubriqan Məclisinin sədrinin və möhtərəm məclis nümayəndələrinin adı gizli qalan şəhidlərin dəfnində iştirak etməsi ictimaiyyət üçün böyük bir ibrət dərsi idi. Çünki ölkəmiz və cəmiyyətimiz şəhidlərin yolunu və xatirəsini yaşatmağa daim ehtiyac duyur”.

Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvikəni məclisin iki gün davam etmiş iclasının səmərəli keçdiyini bildirdi. O, iclasda toxunulmuş məsələlərlə bağlı aşağıdakıları dedi: “İclas zamanı möhtərəm ölkə prezidenti ölkədəki vəziyyət və mövcud problemlərlə bağlı hesabatla çıxış etdi. Məclis nümayəndələrindən bəziləri də onları narahat edən məsələləri qeyd etdilər, təkliflərini irəli sürdülər”.

Ayətullah Mehdəvikəni əlavə etdi: “Xubriqan Məclisində mövcud problemlərin həli istiqamətində hökumətə yardımçı olmağın vacibliyi də vurğulandı”.

Xubriqan Məclisinin sədr köməkçisi Ayətullah Haşimi Şahrudi də iclasda toxunulmuş məsələlər haqda məlumat verdi, geridə qalan prezident seçkilərini, qısa zamanda yeni hökumət kabinetinin təşkil olunmasını Ali Məqamlı Rəhbərin nəzərdə tutduğu siyasi qəhrəmanlığın gerçəkləşməsi kimi qiymətləndirdi. O həmçinin dedi: “Əlbəttə ki, bu ürəkaçan hadisə ilə yanaşı, regionda acınacaqlı hadisələrin də şahidi oluruq. Amerika və İsrailin fitnəkar əməlləri nəticəsində regionumuzda iğtişaş və narahatlıq yaşanır”.

Ayətullah Haşimi Şahrudi qeyd etdi ki, Xubriqan Məclisinin 14-cü iclasında məclis nümayəndələri iqtisadiyyat və mədəniyyət sferaları ilə bağlı narahatlıqlar, Suriya məsələsi, islami oyanışla əlaqəli dəyişikliklər, İslam Respublikasının düşmənin məkrli planlarına qarşı mübarizə aparmasının vacibliyi kimi mövzulara da toxundular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /