Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikanın Suriyaya hərbi müdaxilə təhdidləri və mümkün müdaxiləsi region üçün bir faciədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 11-ci hökumət kabineti ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi ilk görüşdə yeni hökumət kabinetinin tez bir zamanda işə başlaması üçün koordinasiya nümayiş etdirdiklərinə görə hökumət və parlamentə qədirdanlığını bildirdi. O, cənab Ruhaninin arzulanan, etimad qazanmış, aydın inqilabi keçmişi olan bir ölkə başçısı olduğunu qeyd etdi. Arzulanan bir hökumətin əsas meyarlarını açıqlayan Ali Məqamlı Rəhbər mənəvi-ideoloji sağlamlıq, xalqa xidmət, ədalət, sağlam iqtisadiyyatın təmin olunması və korrupsiyaya qarşı mübarizə, qanunçuluq, müdriklik, rasionallıq, ölkənin daxili potensialına əsaslanma kimi xüsusiyyətləri sadalayaraq aşağıdakıları vurğuladı: “Elm və iqtisadiyyat sizin üçün prioritet olmalıdır. İnflyasiyanı kontrol altına alaraq xalqın əsas ehtiyaclarını qarşılamağa, istehsalı rövnəqləndirməyə, iqtisadi sferada dinamiklik və sakitlik yaratmağa, əhalinin gələcəyə olan ümidini artırmağa, bu ümidin davamlı olmasını təmin etməyə çalışın”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, Amerikanın Suriyaya hərbi müdaxilə ilə bağlı təhdidləri region üçün mütləq faciədir.  O vurğuladı: “Hərbi müdaxilə və müharibəyə olan hər cür meyllilik, heç şübhəsiz, bu alovu körükləyənlərin ziyanına olacaq”.

Hökumət həftəsi münasibətilə icraedici hakimiyyətin bütün işgüzar rəsmilərini, rəhbər işçilərini və əməkdaşlarını təbrik edən Həzrət Ayətullah Xamenei dedi: “Hökumət həftəsi iki əziz şəhidimizin – şəhid Rəcayi və Bahonərin adı ilə zinətlənib. İş başına keçən bütün hökumət administrasiyalarının bu iki şəhidin adını və hədəflərini rəhbər tutması məna dolu bir addımdır”.

Ali Məqamlı Rəhbər prezidentin işi yubatmadan yeni hökumət kabinetinin üzvlərini ən qısa zamanda parlamentə təqdim etməyə səy göstərməsini yüksək dəyərləndirərək aşağıdakıları vurğuladı: “Parlamentin təklif olunan nazirlər kabinetinə müsbət rəy verməsi də yeni hökumətin dərhal işə başlaması üçün zəmin yaratdı. Bu, hakimiyyətin iki qolu arasında dəyərli koordinasiyanın mövcud olduğunu, prezident və parlamentin yeni hökumətin tez bir zamanda fəaliyyətə başlaması məsələsinə təqdirəlayiq həssaslıqla yanaşdıqlarını göstərir”.

11-ci hökumətin fəaliyyətində güclü cəhətlərin əyani surətdə özünü büruzə verəcəyinə, əhalinin ümidlərinin davamlı olacağına və artacağına ümidvar olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Aydın inqilabi mübarizə keçmişinə sahib olan, son 30 ildə daim yaxşı və düzgün mövqe nümayiş etdirmiş cənab Ruhaninin varlığı, heç şübhəsiz, yeni hökumətin güclü cəhətlərindən biridir”.

Yeni seçilmiş prezidentin problemlərin həllinə böyük əzmlə yanaşdığına toxunan Ali Məqamlı Rəhbər dedi: “İnşallah, hökumət kabineti də ölkə başçısının möhkəm əzminə söykənərək düzgün kursla irəliləməyə, öhdəsinə düşən ağır vəzifələri yerinə yetirməyə müvəffəq olar”.

Ali Məqamlı Rəhbər 11-ci hökumət kabinetinin üzvləri ilə ilk görüşündə çıxışını İslam dinində bəyənilən və arzulanan hökumət aparatının əsas meyarlarını açıqlamaqla davam etdirdi.

İdeoloji və əxlaqi cəhətdən sağlamlığın belə bir dövlətin əsas meyarlarından olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Bu ideologiya və cəmiyyətdəki reallıqlara düzgün yanaşma hökumətin sağlam fəaliyyəti ilə nəticələnəcək”.

“Bu baxımdan İmam Xomeyninin (r.ə) bəyanatları, tövsiyə və göstərişləri, eləcə də sərgilədiyi mövqelər başlıca meyar rolunu oynaya bilər” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İnqilabın prinsip və dəyərləri imamın çıxışlarında, mövqe seçimində təzahür etmişdir. Biz bu prinsip və dəyərlərə əməli surətdə sadiq olsaq, bizim üçün anlaşılmaz olan situasiyalarda da onlara müraciət edərək suallarımıza cavab axtarsaq,  Allahın lütfü ilə, işlərimizin sabahı uğurlu olacaq, irəli gedəcəyik”.

İdeoloji və əxlaqi baxımdan sağlamlıq meyarını daha da geniş açıqlayan Ali Məqamlı Rəhbər Allahın yardım vədlərinə tam inam və etimad bəsləməyin vacib olduğunu qeyd etdi. O dedi: “İnqilabın qələbəsi, Müqəddəs Müdafiə, inqilabın ilk illərində ortaya çıxmış çoxsaylı etnik iğtişaşların yatırılması kimi təcrübələrlə xalqımız və rəsmilərimiz Yaradanın vədlərinin gerçəkləşməsini tam surətdə hiss etdilər. Bu dəyərli təcrübələr Allahın möminlərə verdiyi yardım və dəstək vədlərinə daha mükəmməl inam və etimad bəsləmək üçün zəmin yaradır”.

Cənab Ruhaninin səsləndirdiyi fikirlərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Problemlərin həllinin açarı Yaradana etimadda, düzgün, rasional və müdrik yanaşmadadır”.

İslam dinində arzulanan hökumət aparatının xüsusiyyətlərini sadalayan Ali Məqamlı Rəhbər ikinci meyar kimi xalqa xidmətdən danışdı.

“İslam dövlətinin əsas diskursu, hökumət rəsmilərinin varlığının fəlsəfəsi elə xalqa xidmətdir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Heç bir məsələ rəsmiləri xalqa xidmətdən yayındırmamalıdır”.

O həmçinin əlavə etdi: “Xalqa xidməti əsas mətnə, fərqli siyasi, iqtisadi və sosial təmayülləri isə onun kənarına yazılmış haşiyələrə bənzətmək olar. Haşiyələrin əsas mətnə təsir göstərməsinə imkan verməyin”.

Xalqa xidmət şansının sürətlə ötüb keçdiyi barədə yeni hökumət kabinetinə xəbərdarlıq edən Ali Məqamlı Rəhbər dedi: “Mən bütün əvvəlki hökumət administrasiyalarına da demişəm ki, 4, yaxud 8 illik vəzifə səlahiyyəti bir şansdır və bu şans sürətlə ötüb keçir. Lakin bu məhdud vaxt özündə xalqa xidmət üçün saysız-hesabsız fürsətləri ehtiva edir və onlardan heç birini əldən vermək lazım deyil”.

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər işə cihad əzmi ilə yanaşmağın, cihad əzmi ilə fəaliyyət göstərməyin dəyərli olduğunu bildirdi. O dedi: “Cihad əzmi ilə işləmək qanuna etinasız yanaşmaq anlamına gəlmir. Mən qanunsuzluğun qəti əleyhinəyəm, lakin qanun çərçivəsində də ənənəvi administrativ yanaşmadan uzaq surətdə, cihad əzmi ilə, amallara şövqlə can ataraq fəaliyyət göstərmək və maneələri geridə qoymaq olar”.

Həzrət Ayətullah Xamenei ədalətin arzulanan hökumətin mühüm meyarlarından digər biri olduğunu qeyd edərək dedi: “Daha əvvəl də vurğulandığı kimi, biz inkişafa, günümüzdə geniş yayılmış ifadə ilə desək, proqresə nail olmaq niyyətindəyik. Lakin bu proqres, mütləq və mütləq, ədalətlə paralel olmalıdır, yoxsa cəmiyyətimizdə, Qərb dövlətilərində olduğu kimi, parçalanma, ayrı-seçkilik və narazılıq olacaq”.

Ali Məqamlı Rəhbər iqtisadi cəhətdən sağlamlıq və korrupsiyaya qarşı mübarizənin nümunəvi hökumət aparatının daha bir meyarı hesab olunduğunu bildirdi. O, üzünü yeni hökumət kabinetinin üzvlərinə tutaraq yüksək vəzifə postunda olan insana iqtidar və maddiyyatın cürbəcür vəsvəsələr etdiyini xatırlatdı və dedi: “Rəhbərliyiniz altında çalışan strukturun korrupsiyanın vəsvəsələrindən uzaq və amanda olması üçün iti gözlə, güclü və ardıcıl işıq saçan bir projektor kimi hər şeyə nəzarət edin”.

Hakimiyyətin hər üç qolunda nəzarət strukturlarının mövcud olduğunu bildirən Ali Məqamlı Rəhbər nazirlərə xitabən aşağıdakıları vurğuladı: “Korrupsiya dağıdıcı termit kimidir. Korrupsiya, qohumbazlıq, rüşvət və israfçılıq kimi bəlalara qarşı qətiyyətli tədbirlərlə mübarizə aparın ki, rəhbərlik etdiyiniz sferada, ümumiyyətlə, nəzarət strukturlarının müdaxiləsinə ehtiyac olmasın”.

“İcraedici strukturların rəsmiləri və sıravi əməkdaşları təmiz, şərəfli insanlardır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təəssüflər olsun ki, bir neçə qeyri-sağlam insanın varlığı xalqa xidmət etmək niyyətində olan əməkdaşların zəhmətini mikrob kimi sual altına salır. Bunun qarşısını almaq lazımdır”.

Ali Məqamlı Rəhbər qanunçuluğun nümunəvi hökumətin daha bir mühüm meyarı olduğunu bildirərək dedi: “Qanun dövlətin hərəkət relsidir. Hər hansı bir dəlil əsasında qanundan kənara çıxılsa, ölkəyə və xalqa ziyan dəyəcək”.

O, əlavə etdi: “Bəzi qanunlarda müəyyən nöqsan və boşluqlar ola bilər, buna baxmayaraq, onlara riayət etməməyin vuracağı ziyan onların icrasının gətirəcəyi arzuolunmaz nəticələrdən daha artıqdır. Odur ki qanunçuluq ideyasının bütün strukturlarda dərin kök atması üçün çalışın”.

Ali Məqamlı Rəhbər ali dövlət sənədlərinin, o cümlədən dövlətin başlıca siyasətlərinin və perspektiv planın icrasının qanunçuluğun tələblərindən biri olduğunu deyərək əlavə etdi: “Ali şuraların, eləcə də Ali Mədəni İnqilab və Ali Kiberməkan Şuralarının qəbul etdiyi olduqca mühüm qərarları mötəbər bilmək və onlara əsaslanaraq hərəkət etmək lazımdır”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq onu da qeyd etdi ki, administrasiya sistemində həyata keçiriləcək dəyişikliklərin ümumi siyasətləri də son dərəcə əhəmiyyətlidir. O dedi: “Təəssüf ki, bu siyasətlərin icrası gecikdirilir. Onları həyata keçirmək lazımdır”.

Həzrət Ayətullah Xameneinin cənab Həsən Ruhani və onun kabineti ilə görüşü zamanı vurğuladığı 6-cı meyar müdriklik və rasionallıq oldu.

Ölkə daxilində bütün sferalarda yaxşı mütəxəssislərin olduğunu deyən Ali Məqamlı Rəhbər nazirlərə bu gözəl potensialdan istifadə etməyi təkidlə tövsiyə edərək dedi: “Hansısa addımı atmazdan, hətta hansısa məsələyə rəy və mövqe bildirməzdən öncə lazımi mütəxəssis araşdırmaları aparılmalıdır. Çünki səriştəsiz işlərin, ölçülüb-biçilməmiş sözlərin mənfi nəticələrini aradan qaldırmaq çox baha başa gəlir”.

Ali Məqamlı Rəhbərin nazirlərin diqqətinə çatdırdığı digər mühüm məqam ölkənin daxili imkan və potensialına söykənməyin vacibliyi ilə bağlı oldu. O vurğuladı: “Problemlərin həllinin açarı ölkənin daxili imkan və potensialındadır. Onlardan ağılla bəhrələnmək lazımdır”.

Ölkənin daxili potensialına söykənmək zərurətinin nədən irəli gəldiyini daha ətraflı şərh edən Həzrət Ayətullah Xamenei dedi: “Bu o demək deyil ki, xarici potensialdan istifadə etmək lazım deyil. Əsas məsələ odur, ümidini xaricə bağlamaq, xaricə etimad etmək olmaz”.

İnqilab düşmənlərinin bir cəbhədə birləşdiyini xatırladan Ali Məqamlı Rəhbər əlavə etdi: “Reallıq budur ki, düşmən cəbhəsindən dostluq və səmimiyyət gözləmək olmaz və lazım da deyil”.

O həmçinin dedi: “Hər bir ölkənin beynəlxalq münasibətlərdəki payı onun daxili iqtidarından asılıdır. Buna görə də ölkəmizdə müşahidə olunan daxili potensialın günü-gündən artımı prosesini davam etdirmək və gücləndirmək lazımdır”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər 11-ci hökumətin əsas prioritetləri ilə bağlı bir neçə məqamı qeyd etdi.

Hökumət kabinetinin üzvlərinin yeni həvəs və stimulla işə qoşulduqlarını, lakin eyni zamanda vaxtın, imkanların və insan gücünün məhdud olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İqtisadi problemlər və elmi inkişaf ölkənin iki başlıca prioritetidir. Bu prioritetlərə həm icraedici hakimiyyət, həm də hakimiyyətin digər qolları ciddi diqqət və xüsusi əzmlə yanaşmalıdırlar”.

İqtisadi problemlər haqda danışan Ali Məqamlı Rəhbər ötən 10 il ərzində ölkədə çox gözəl iqtisadi infrastrukturların yaradıldığını bildirərək əlavə etdi: “Bu infrastrukturların mövcudluğunu nəzərə alaraq demək olar ki, xalqın düşüncəsində və bazarda sabitlik və arxayınlığın yaradılması, inflyasiyasının azaldılması, əhalinin əsas ehtiyaclarının təmin olunması, milli istehsala dinamikliyin bəxş olunması dövlətin fəaliyyət proqramında təcili həllini gözləyən məsələlər sırasında yer almalıdır”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Bu təcili tədbirlərin həyata keçirilməsi, əslində, yeni ilin başlanğıcında vurğuladığımız məsələyə – iqtisadi sferada qəhrəmanlığa start verilməsi deməkdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, iqtisadi sferada qəhrəmanlığın reallaşması üçün uzunmüddətli bir fəaliyyətə ehtiyac var və heç bir insaflı insan hökumətdən bütün iqtisadi problemlərin dərhal həllini tapmasını gözləmir. Lakin hökumətin müdrik və tədbirli yanaşma ilə problemlərin həllinə doğru irəliləməsi hər birimizin gözləntisidir”.

Müqavimət iqtisadiyyatının siyasətlərinin Qurumun Mənafeyini Müəyyənləşdirən Şura tərəfindən araşdırıldığını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Müqavimət iqtisadiyyatı dedikdə əzab-əziyyətli bir iqtisadiyyat başa düşülməməlidir. Bu, daha çox, qlobal böhranlar, meqaiqtisadiyyatın qabarma və çəkilmələri qarşısında müqavimət göstərə bilən bir iqtisadiyyatdır”.

Həzrət Ayətullah Xamenei həmçinin ölkədə 10 il öncə start götürmüş elmi inkişaf hərəkatına da toxunaraq aşağıdakıları vurğuladı: “Bu sürətli elmi inkişaf heç bir vəchlə dayandırılmamalıdır”.

“Ölkədəki iqtisadi problemlərin başlıca həlli yolu elmə söykənməkdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İqtisadiyyat sahəsində əsas diqqətin elmi inkişafa və elmi əsaslı şirkətlərə yönəldilməsinin xeyri, sözsüz ki, neftin və digər xammal məhsullarının satışından dəfələrlə çox olacaqdır”.

Ali Məqamlı Rəhbər Elm və Texnologiya, eləcə də Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliklərinin ölkənin elmi inkişafının iki əsas dayağı olduğunu dedi. O, əlavə etdi: “Sənaye və Ticarət, Əkinçilik Cihadı Nazirlikləri kimi əhaliyə xidmət göstərən nazirlik və qurumlar elmi inkişafın əsas dayağı olan bu iki nazirliklə sıx əməkdaşlıq edərək universitetlərin və elmi-tədqiqat mərkəzlərinin elmi nailiyyətlərindən istifadə olunması üçün zəmin yaratmalı, universitetlərin elmi fəaliyyətindəki dinamikliyi ikiqat-üçqat artırmalıdırlar”.

Həzrət Ayətullah Xamenei hakimiyyət nümayəndələrinə elmi əsaslı şirkətlərə dəstək olmağı bir daha təkidlə tövsiyə edərək dedi: “Ölkənin elmi inkişafında mühüm mövzulardan biri də elm – texnologiya zəncirinin tamamlanmasıdır”.

Sözügedən mövzu haqda daha ətraflı danışan Ali Məqamlı Rəhbər aşağıdakıları qeyd etdi: “Bu zəncir yeni ideyalardan başlayır, elm və texnologiya mərhələsini keçir və sonda istehsalat və bazarla sonuclanır. Odur ki yeni texnologiyaların əldə edilməsi hələ kifayət deyil və bu zəncir sona qədər tamamlanmalıdır”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər xarici siyasət mövzusuna toxunaraq aşağıdakıları vurğuladı: “Bu arenada heysiyyət, müdriklik və maraqlar düzgün dərk və tətbiq olunsa, İslam Respublikasının xarici siyasəti özünə layiq səviyyədə olacaq”.

Həzrət Ayətullah Xamenei regionda yaranmış həssas və böhranlı vəziyyətə də toxundu. O dedi: “Biz heç bir vəchlə Misirin daxili işlərinə qarışmaq niyyətində deyilik, lakin Misirdəki insan qırğınına göz yuma bilmirik”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Biz Misirdə əhalinin, özü də əliyalın insanların qətlə yetirilməsini pisləyirik”.

O, əlavə etdi: “Bu qırğının səbəbkarı kim olursa-olsun, İran İslam Respublikası tərəfindən qınanır və ittiham olunur”.

Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar aşağıdakıları da qeyd etdi: “Misir vətəndaş müharibəsindən qəti surətdə çəkinməlidir, çünki bu, İslam dünyası və region üçün bir faciə olacaq”.

Misirdə demokratiyaya və xalqın seçiminə geri dönmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İllərlə diktatura şəraitində yaşamış Misir xalqı islami oyanışın bərəkəti sayəsində sağlam bir seçki keçirdi. Bu demokratikləşmə prosesinin durdurulmasına imkan vermək olmaz”.

Suriyada gedən proseslərə toxunan Ali Məqamlı Rəhbər Amerikanın bu ölkəyə hərbi müdaxilə təhdidlərinin və mümkün müdaxiləsinin region üçün bir faciə olduğunu qeyd etdi. O vurğuladı: “Belə bir şey baş versə, sözsüz ki, Amerika İraq və Əfqanıstana hərbi müdaxiləsində olduğu kimi ziyan çəkəcək”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Transregional, xarici dövlətlərin bir ölkəyə müdaxiləsi konfliktin qızışdırılmasından,  müharibə alovunun körüklənməsindən başqa heç bir nəticə verməyəcək, eyni zamanda xalqların onlara olan nifrəti də artacaq”.

O həmçinin vurğuladı: “Konfliktin bu şəkildə gərginləşdirilməsi barıt anbarında yaranan bir qığılcıma bənzəyir. Onun səbəb olacağı partlayışın miqyasını və nəticələrini öncədən müəyyən etmək mümkün deyil”.

Görüş zamanı çıxış edən ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani iştirakçıları Hökumət həftəsi münasibətilə təbrik edərək şəhid Rəcayi və Bahonərin xatirələrini ehtiramla andı. Daha sonra ölkə başçısı 11-ci hökumətin daxili və xarici siyasət tendensiyaları, ölkədə, eləcə də dünya və regionda mövcud olan vəziyyət haqda danışdı.

Cənab Ruhani 11-ci hökumətin özündən əvvəlki hökumət administrasiyalarının uğurlu təcrübələrindən bəhrələnməyə, eyni zamanda onların bəzi uğursuzluqlarından dərs götürməyə çalışdığını qeyd etdi. O dedi: “11-ci hökumətin daxili siyasətdə yanaşması cəmiyyətin asayişi, insanların vətəndaşlıq hüquqlarının reallaşması naminə təhlükəsizliyi bütün müstəvilərdə və lazımi səviyyədə təmin etməkdən ibarətdir”.

Ölkə başçısı qeyd etdi ki, 11-ci hökumətin başlıca hədəflərindən biri də cəmiyyətdə birlik, həmrəylik və qarşılıqlı anlaşma atmosferi yaratmaq, təfriqələri azaltmaq, İslam İnqilabına, İmam Xomeyni (r.ə) yoluna, Ali Rəhbərlik Məqamının xəttinə sadiq olan, ölkəyə və xalqa canı yanan hər kəsin potensialından istifadə etməkdir. O, əlavə etdi: “24 xordad seçkilərində reallaşmış siyasi qəhrəmanlıq sayəsində xalqın milli iqtidar və təhlükəsizlik üçün ən böyük sərmayə olan ümid və etimadı artıb. Hökumət bu ümid və etimadı qorumaqda və daha da artırmaqda qərarlıdır”.

11-ci hökumətin xarici siyasət sferasındakı yanaşmasından danışan cənab Ruhani xarici dövlətlərin regiona müdaxiləsinə və nəticədə yaranmış iğtişaş dolu, narahat vəziyyətə toxunaraq dedi: “Belə bir şəraitdə İranda sözün həqiqi mənasında sabitlik, asayiş və milli təhlükəsizlik mövcuddur. Lakin düşmən iqtisadi və siyasi təzyiqlər yolu ilə cəmiyyətimizə və xalqımıza təsir göstərməyə çalışır”.

Ölkə başçısı həmçinin aşağıdakıları da vurğuladı: “Bu təzyiqlərə baxmayaraq, İran xalqı sanksiyalar qarşısında müqavimət göstərəcəyini, öz danılmaz hüququndan vaz keçməyəcəyini nümayiş etdirib”.

Cənab Ruhani əlavə etdi: “Sanksiyalar xalqın güzəranı üçün müəyyən problemlər yaradıb, lakin bu sanksiyalar xalqın onları tətbiq edənlərə, xüsusilə də Qərb dövlətlərinə olan çoxdankı nifrətinin daha da dərinləşməsinə səbəb olacaq”.

O həmçinin dedi: “Dövlətimiz açıq-aşkar şəkildə dünyaya elan edib ki, İran xalqı ilə sanksiyalarla yox, hörmətlə danışmaq lazımdır”.

Cənab Ruhani aşağıdakı fikri də vurğuladı: “Beynəlxalq arenada dövlətimiz eyni zamanda həm sülh və qonşuluq şəraitində yaşamı, həm də müqavimət və mübarizliyi ifadə edən tonla danışacaq”.

Ölkə başçısı ölkədə mövcud olan vəziyyət haqqında da məlumat verərək dedi: “İqtisadi təzyiqlərdən doğan problemlər müxtəlif sektorların, o cümlədən bankların və istehsalat müəssisələrinin çoxsaylı çətinliklərlə üzləşməsinə səbəb olub”.

Cənab Ruhani cari ilin 210 trilyon tümənlik büdcəsinin bir hissəsinin reallaşmadığını qeyd edərək dedi: “Elə buna görə də dövlət 1392-ci (2013) ilin büdcə layihəsinə düzəlişlər edildiyi zaman hazırkı vəziyyətdən çıxmaq üçün yeni metodlar nəzərdə tutmağa çalışır”.

Ölkə başçısı bildirdi ki, əhalinin gündəlik tələbat malları ilə təmin olunması, nağd pul subsidiyaları üçün maliyyə mənbələrinin təmin olunması, habelə neft və qaz emalının artırılması istiqamətində səy göstərilməsi hökumətin iqtisadiyyat sektorunda 3 əsas prioritetidir. Cənab Ruhani həmçinin əlavə etdi: “Ölkə iqtisadiyyatının rövnəqlənməsinin önündə duran maneələri yaxın 15 gün ərzində araşdırıb müəyyən etmək, daha sonra isə bu maneələrin aradan qaldırılması üçün qısamüddətli həll yollarını təqdim etmək vəzifəsi hökumətin tərkibindəki iqtisadi komissiyaya həvalə olunub”.

Ölkə başçısı iqtisadi problemlərin həll edilməsi məqsədilə hər həftə onun rəhbərliyi ilə iki iclasın keçirildiyi haqda da məlumat verdi.

Cənab Ruhani həmçinin vurğuladı: “Bütün problem və çətinliklərə baxmayaraq, hökumət gələcəyə optimist yanaşır və problemlərin həllində qərarlıdır”.

Hökumət kabinetinin üzvlərinin İslam İnqilabının övladları, İmam Xomeyni (r.ə) kursunun davamçıları, Ali Məqamlı Rəhbərin rəy və görüşlərinin sadiq tərəfdarları olduqlarını bildirən ölkə başçısı əlavə etdi: “Hökumət kabinetinin bütün üzvləri fədakarlığa, xalqa xidmət etməyə, mövcud problemlərin həlli üçün çalışmağa hazırdırlar”.

Cənab Ruhani son olaraq 11-ci hökumət administrasiyasını dəstəklədiyinə görə İslam İnqilabının Ali Məqamlı Rəhbərinə təşəkkürünü bildirdi və nazirlər kabinetinin tərkibinə qısa zamanda etimad rəyi verməklə hökumətlə əməkdaşlıq etdiyinə görə İslami Şura Məclisinə qədirdanlığını ifadə etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /