Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ramazan bayramı münasibətilə əfv fərmanı imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan bayramı münasibəti ilə, Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli  Laricaninin xahiş məktubuna əsasən, ölkənin Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş bir qrup məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Ayətullah Amoli Laricaninin xahiş məktubunun və Ali Məqamlı Rəhbərin cavabının tam mətni:


Sizə salamlarımı və salamatlıq diləklərimi çatdırır, mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.

İran İslam Respublikası Konstitusiyasının 110-cu maddəsinin 11-ci bəndinin icrası üzrə növbəti əfvin şərt və kriterilərini Sizə təqdim edirəm. Ali Məqamlı Rəhbərlik tərəfindən müsbət cavablandırılacağı təqdirdə, hazırkı müraciətə əsasən, Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə olunmuş, aşağıda şərh ediləcək şərtlər üzrə cəzasının əfvi, yaxud yüngülləşdirilməsi üçün zəruri tələblərə cavab verdiyi müəyyən edilmiş məhkumlara həqiqi əfv, yaxud cəzanın yüngülləşdirilməsi aktı şamil olunacaq, onlar islami mərhəmətdən bəhrələnəcəklər:

a)    Hazırda həbsdə olan şəxslər:

1.    Bir ilə qədər azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının qalan hissəsi;

2.    Bir ildən beş ilə qədər azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının 1/2-i;

3.    Beş ildən on beş ilə qədər azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının 1/3-i;

4.    On beş ildən artıq müddətə azadlıqdan məhrum edilmiş, bu müddətin ən azı 10 ilini həbsdə keçirmiş şəxslərin cəzasının qalan hissəsi;

5.    Ömürlük həbs cəzasına məhkum edilmiş və ən azı 15 il həbsdə yatmış məhkumların cəzasının qalan hissəsi;

6.    İslami Cəzalar Məcəlləsinin 718 və 719-cu maddələrində qeyd olunmuş  hallar (02.03.1375-ci ildə qüvvəyə minmiş sanksiya və cəzalar) istisna olunmaqla, qəsdən cinayət törətməmiş bütün şəxslərin cəzasının qalan hissəsi;

7.    Himayədarlıq Haqqında Qanuna əsasən, övladlarının himayəsi öhdəsində olan qadın məhkumların cəzasının qalan hissəsi;

8.    Ağır xəstəliyi olan, yaxud sağalmaz infeksion xəstəliyə tutulmuş, xəstəlik dərəcəsi 29.12.1392-ci il tarixinə qədər Ədliyyə Tibbi Komissiyası tərəfindən müəyyən olunmuş və həbsdə yatmaq iqtidarında olmadıqları komissiya tərəfindən təsdiqlənmiş məhkumların cəzasının qalan hissəsi. Aydındır ki, Ümumi və İnqilab Məhkəmələri Cinayət Prosessual Məcəlləsinin 291-ci maddəsinin icrası istiqamətində məhkəmələrin gördüyü tədbirlər hazırkı əfvin tətbiqi üçün maneə deyil.

9.    İslahetmə koloniyalarında həbsə, yaxud saxlanmaya, eləcə də nağd pulla cərimələnməyə məhkum edilmiş, şəxsiyyətini təsdiq edən sənədə əsasən yaşı 18-dən aşağı olan (cinayətin törədildiyi vaxtda) məhkumların cəzasının qalan hissəsi və nağd pul cəriməsi; şəxsiyyətini təsdiq edən rəsmi bir sənədi olmayan xarici ölkə vətəndaşlarının yaşı vilayət mərkəzlərinin Məhkəmə Tibbi Komissiyalarının rəyi əsasında təsdiq olunmalıdır;

Qeyd: Bu təlimatda əksini tapan istisnalar 8-9-cu bəndlərdə qeyd olunmuş məhkumlara aid edilməyəcək.

10. Şəxsiyyətini təsdiq edən sənədə əsasən, yaşı 65-dən yuxarı olan kişi cinsinə mənsub məhkumların və yaşı 50-dən yuxarı olan qadın məhkumların həbs və nağd pulla cərimə cəzasının qalan hissəsi; şəxsiyyəti təsdiq edən rəsmi sənədi olmayan xarici ölkə vətəndaşlarının yaşı vilayət mərkəzlərinin Məhkəmə Tibbi Komissiyalarının rəyi əsasında təsdiq olunmalı, onlar arasında 1 ildən artıq həbs cəzasına məhkum edilmiş şəxslər cəzalarının ən azı 1/5 hissəsini, ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər isə ən azı 5 ilini çəkmiş olmalıdırlar.

b) Nağd pulla cərimə cəzasını ödəmək iqtidarında olmadıqları üçün həbsdə yatan məhkumlar:

1. 500  milyon riala qədər olan cərimələrə görə həbsə məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;

2. 500 milyon 1 rialdan 1 milyard riala qədər olan cərimələrə görə həbsdə yatan şəxslərin cəzasının 4/5 hissəsi;

c) Əfvin şamil olunma şərtləri:

1. Həbsdə olduğu, yaxud icazə ilə evə buraxıldığı müddətdə İslami Cəzalar Məcəlləsinin 19-cu maddəsinə 01.02.1392-ci ildə edilmiş əlavələrə əsasən, 1-6-cı dərəcəli cinayətləri qəsdən törətmiş olmamaq.

2. Xüsusi bir şikayətçinin olmaması; Belə bir şikayətçi olduğu təqdirdə, onun razılığı alınmalı, yaxud 29 isfənd 1392-ci il tarixinə qədər zərərçəkmişə (istər fiziki, istərsə də hüquqi şəxs olsun) dəymiş ziyan kompensasiya edilməlidir;

d) Hazırkı əfv aşağıda sadalanan cinayətlərə görə həbs cəzasına məhkum edilmiş şəxslərə şamil olunmur:

1. Silahlı, yaxud işgəncə ilə müşayiət olunan soyğunçuluq hallarına görə məhkum olunma, oğurluğa görə 5 ildən artıq həbs cəzasına məhkum olunma;

2. Silahlı, yaxud külli miqdarda narkotik maddə qaçaqmalçılığı; (külli miqdarda narkotik maddə qaçaqmalçılığı deyərkən “Narkotik Maddələrlə Mübarizə” haqqında qanuna düzəlişlər və əlavə maddələr” qanununun 4-cü maddəsinin 4-cü, 5-ci maddəsinin 6-cı və 8-ci maddəsinin 6-cı bəndində qeyd olunmuş cinayətlər nəzərdə tutulur).

3. Silah-sursat qaçaqmalçılığı;

4. Daxili və xarici təhlükəsizliyin pozulmasına cəhd;

5. Adam oğurluğu;

6. Zorlama;

7. Fəsad və əxlaqsızlıq yuvası qurma;

8. Yeyinti, rüşvətxorluq, dələduzluq;

9. Saxta əsginas və qəlp sikkələr hazırlama;

10. İntiqam məqsədilə zərərçəkənin üzərinə kimyəvi maddə atma;

11. Spirtli içkilərlə əlaqəli cinayətlər;

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!

Sadiq Laricani
9 mordad 1392
31 iyul 2013-cü il



Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sizə salamlarımı, salamatlıq diləklərimi və mübarək Ramazan bayramı münasibətilə təbriklərimi çatdırıram. Təklifinizlə razıyam.

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
16 mordad 1392
7 avqust 2013-cü il


700 /