Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnkişaf İran xalqının hərəkatı üçün səciyyəvi cəhətə çevrilib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən bir qrup insanla keçirdiyi görüşdə bəzi müsəlman ölkələrinə yadellilər tərəfindən məcburən yüklənmiş xoşagəlməz olaylara və ixtilaflara toxunaraq qeyd etdi ki, iman və söz birliyi xalqların düşmənlərin məkrli planları qarşısında müqavimət göstərməsi üçün şərait yaradan iki mühüm amildir. O vurğuladı: “Allahın fəzli, İran xalqının iman və vəhdət əhval-ruhiyyəsi sayəsində zəhərli ixtilaf oxları heç vaxt xalqımıza təsir göstərə bilməyib. İlahi vədlərə etimad və optimist yanaşma nəticəsində ardıcıl irəliləyiş İran xalqının hərəkatı üçün təbii və səciyyəvi bir cəhətə çevrilib”.

Xalqı Fitr bayramı münasibətilə təbrik edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, ölkədə əhalinin müxtəlif təbəqələrinin bir ay oruc tutaraq ibadi əməlləri yerinə yetirməsi, hər yanda təvəssül və zikr əhval-ruhiyyəsinin mövcudluğu ilahi rəhmətin İran xalqına cəlb olunması və onun üzərinə yağdırılması üçün zəmin yaradacaq. O, əlavə etdi: “Möhtərəm rəsmilər, ölkənin işlərini irəli aparmaq məsuliyyətini böyük əzm, iradə və sabitqədəmliklə üzərinə götürmüş yeni icraedici hakimiyyət bu çətin yolda zikr, təvəssül, Uca Yaradana etimad silahından ən yüksək səviyyədə istifadə etməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Yüksək ranqlı rəsmilər Allahdan yardım istəməklə çətin işləri, mühüm vəzifələri, ümumilikdə xalqın hüquqlarına riayət etmək işini çox gözəl şəkildə yerinə yetirə bilərlər və qarşılarında həlli mümkün olmayan heç bir problem olmaz”.

“Allahın hidayət və lütfünü özünə cəlb etmək, Yaradanın köməyinə ümidvar olmaq üçün bütün varlığını, bacarığını və səylərini ortaya qoymaq lazımdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Tənbəllik edib işləməyərək Yaradanın mərhəmətinə ümid bəsləmək olmaz. Ölkədəki böyük insan potensialının bütün intellektual gücündən, tədbirliliyindən, fiziki imkanlarından istifadə etmək lazımdır”.

Ali Məqamlı Rəhbər İslam İnqilabının qələbəsindən sonra müəyyən etaplarda bəzi şəxslərin uzağı görə bilməmələri, yaxud ilahi vədlərə inamlarının zəif olması ucbatından pessimizmə düçar olduqlarına toxunaraq aşağıdakıları vurğuladı: “Həmin etaplarda Allahın yardımı dəfələrlə İran xalqına şamil oldu; elə bu gün də ölkəmiz və xalqımız bütün əvvəlki dövrlərlə müqayisədə daha öndədir”.

Həzrət Ayətullah Xamenei fikrini daha da açıqlayaraq dedi: “Müsəlman İranı günü-gündən inkişaf edib və edəcək. İnkişaf İran xalqının hərəkatı üçün səciyyəvi cəhətə çevrilib”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər Şimali Afrika və Qərbi Asiya regionlarındakı bəzi müsəlman ölkələrində mövcud olan böyük problemlərə toxunaraq dedi: “Bu problemlər, əksəriyyət etibarilə, həmin ölkələrə yadellilər tərəfindən məcburən yük edilib. Mövcud ixtilaflardan və xoşagəlməz olaylardan çıxış yolu da elə budur ki, xalqlar özləri öz ziyalılarının müdrikliyi, ağıllı liderlərinin düzgün istiqamətləndirməsi ilə qərar qəbul etsinlər, yadellilərin qərəzli müdaxiləsinə, xalq arasına nifaq və ikitirəliyin yeridilməsinə son qoyulsun”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər imperializm cəbhəsinin İran xalqı əleyhinə işlətdiyi ixtilaf salma planlarının heç bir nəticə vermədiyini vurğulayaraq dedi: “İranda cürbəcür məzhəb və etnoslar mehriban qonşuluq şəraitində yaşayır. Siyasi partiya və cərəyanlar isə müxtəlif məsələlərə münasibətdə vəhdət və qarşılıqlı anlaşma əsasında davranırlar. Xalqın imanı, birlik və həmrəylik əhval-ruhiyyəsi qarşısında məzhəb, etnik mənsubiyyət və siyasi meyllilik zəminində ixtilaf salma planlarının heç bir təsiri və effekti olmayıb”.

“Allaha iman və söz birliyi xalqlara zəhərli ixtilaf oxları qarşısında möhkəm durub müqavimət göstərmək gücü verən iki əsas amildir” – deyən Həzrət Ayətullah Xamenei rəsmilərə, siyasi və dini liderlərə xitabən aşağıdakıları vurğuladı: “Xalqın imanının, vəhdət və həmrəyliyinin güclənməsi məsələsini bacardığınız qədər diqqət mərkəzində saxlayın. Kaş ki xoşagəlməz olay və problemlərlə qarşılaşan müsəlman ölkələrinin siyasi liderləri və ziyalı elitası da bu məqama daha artıq diqqət yetirəydi”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Dr. Həsən Ruhani iştirakçıları mübarək Fitr bayramı münasibətilə təbrik edərək bu bayramın dözümlülük, mətinlik və nəfsin saflaşdırılması bayramı olduğunu dedi. Bu mübarək ayın ehtiramını gözlədikləri üçün bütün İran xalqına təşəkkürünü bildirən ölkə başçısı əlavə etdi: “Ramazan vəhdət ayıdır. Bu ayda bütün xalqlar vahid bir dini ayinlə aralarındakı bağları daha da möhkəmləndirirlər”.

Ölkə başçısı müsəlman ölkələrinin əzab-əziyyət və çətinliklərinin, özəlliklə də bu gün xarici müdaxilə nəticəsində ikiqat əzab-əziyyətə düçar olmuş ölkələrin problemlərinin aradan qalxacağına, bu böyük bayramda onların bayram sovqatının mövcud problemlərdən qurtulma olacağına ümidvar olduğunu bildirdi.

Mübarək Ramazan ayının eyni zamanda sonsuz ilahi rəhmət və bağışlanma ayı da olduğunu qeyd edən Dr. Ruhani əlavə etdi: “Bu ayın bərəkəti ilə qəlblərimizi saflaşdırmalı, sevgi və səmimiyyətimizi artırmalıyıq”.

Milli qüdrəti artırmağın vacib olduğunu vurğulayan ölkə başçısı qanunçuluğun milli birlik və həmrəylik üçün zəmin olduğunu bildirərək dedi: “Ümidvaram ki, 11-ci hökumət kabineti parlamentdən etimad rəyi alaraq mümkün qədər tez bir zamanda şanlı İran xalqına xidmətə başlayacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /