Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Elmi inkişaf ölkəmizin siyasi və iqtisadi qüdrəti üçün zəmin yaradır

Ölkə universitetlərində çalışan yüzlərlə müəllim, elmi tədqiqatçı və bilim adamı bu gün günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək müxtəlif məsələlər, özəlliklə də elm və ali təhsillə əlaqəli problemlərlə bağlı rəy və görüşlərini bildirdilər, fikir mübadiləsi apardılar.

Görüşün əvvəlində universitet müəllimlərindən 9 nəfəri saat yarım müddət ərzində öz təklif və tənqidlərini, nəzərdə tutduqları məqamları qeyd etdilər. Onların ardınca çıxış edən Ali Məqamlı Rəhbər ölkənin elmi inkişaf tempini daha da sürətləndirmək üçün durmadan, cihad əzmi ilə səy göstərməyin vacib olduğunu bildirdi. O vurğuladı: “Elmi inkişaf İranın iqtisadi və siyasi cəhətdən qüdrətlənməsi, iranlıların beynəlxalq arenada daha artıq nüfuz qazanması üçün zəmin yaradacaq bir amildir. Bu hədəfə çatmaq üçün universitetlərdə elmi diskursu, elmi inkişaf diskursunu və ölkənin ümumi inkişafı diskursunu qorumaq və gücləndirmək lazımdır”.

“Universitet müəllimləri ilə bu tip görüşlərin keçirilməsi, ilk növbədə, cəmiyyətə elmin, universitet müəllimlərinin uca məqam və ehtiramını tanıtmaq üçün simvolik bir addımdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu görüşlərin keçirilməsində ikinci məqsəd isə çox hörmətli universitet müəllimlərimizin elm və ali təhsilin problemləri, habelə ölkədəki digər məsələlərlə bağlı müxtəlif rəy və görüşlərini dinləməkdir”.

Universitet müəllimləri arasında müxtəlif görüşlərin mövcudluğunun öyrədici və diqqətəlayiq bir məqam olduğunu bildirən Ali Məqamlı Rəhbər ölkədə gedən ardıcıl elmi inkişaf hərəkatına toxunaraq dedi: “Təxminən 12 il bundan öncə ölkədə elmi inkişaf, elmi fəaliyyətə cihad nöqteyi-nəzərindən yanaşma ilə bağlı bir hərəkata start verilib və bu hərəkat getdikcə nəinki dayandırılmayıb, hətta onun sürəti daha da artıb” .

Həzrət Ayətullah Xamenei bu hərəkatın, elm sahəsində cihad əzmli fəaliyyətlərin olduqca mühüm, ölkə və dövlət üçün vacib olduğunu bildirərək dedi: “Hətta dünyanın mötəbər elmi informasiya mərkəzləri belə, İslam Respublikasına mənfi yanaşmaların mövcudluğuna baxmayaraq, bu elmi inkişafın bir fakt olduğunu etiraf ediblər”.

Qlobal elmi informasiya mərkəzlərinin təqdim etdiyi bəzi statistik göstəriciləri qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları dedi: “Bu statistik göstəricilərə əsasən, ötən 12 ildə ölkəmizin elmi inkişaf səviyyəsi bundan öncəki dövrlərlə müqayisədə 16 dəfə artıb və İranda elmi inkişafın tempi dünya elminin orta inkişaf tempindən 13 dəfə artıqdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Qlobal elmi informasiya mərkəzləri vurğulayırlar ki, əgər İranın elmi inkişafı eyni templə artmaqda davam etsə, 5 il sonra bu ölkə elmi inkişaf baxımından dünya üzrə 4-cü yerdə olacaq”.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Bu sürətli elmi inkişafla yanaşı, ölkənin hər yerində ali təhsil müəssisələrinin, tələbə və müəllimlərin sayının diqqətəlayiq dərəcədə artmasını da nəzərə alsaq, İslam İnqilabından sonra qazanılmış elmi və akademik nailiyyətlərin nə qədər dəyərli olduğunun fərqinə daha artıq vararıq”.

Ölkədə gedən elmi inkişafın, elm sahəsindəki cihad əzmli fəaliyyətlərin daha bir göstəricisi kimi İran tədqiqatçılarına istinadlarla dolu elmi məqalələrin sayının diqqətəlayiq dərəcədə çox olmasını qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bütün bunlar ölkədə dəyərli elmi inkişafın həyata keçirildiyini, bu sahədə gərgin iş getdiyini göstərir. Yüksələn xətt üzrə gedən bu proses qorunub saxlanmalı və gücləndirilməlidir”.

Ali Məqamlı Rəhbər üzünü tələbə və müəllimlərə, elm adamlarına tutaraq aşağıdakıları vurğuladı: “Ölkədəki bu elmi hərəkatın zəifləməsinə, hər hansı bir maneə və amilin universitetlərin elmi inkişafını əngəlləməsinə imkan verməyin”.

Həzrət Ayətullah Xamenei İslam dininin yanaşmasında elmin təbiəti etibarilə dəyərli hesab olunduğunu deyərək əlavə etdi: “İslamda elmi inkişaf naminə hərtərəfli səy göstərməyin vacibliyinin dönə-dönə vurğulanması təkcə bu dinin elmə və alimə böyük ehtiramla yanaşmasından irəli gəlmir. Bu, daha çox, elmin insana qüdrət qazandırması ilə əlaqədardır”.

“İqtisadi və siyasi qüdrət, dünya ictimaiyyətinin gözündə milli nüfuzun artması elmi inkişafın real nəticələrindəndir” – deyən  Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün bu reallıq və dəlillər sübut edir ki, İranın elmi inkişaf tempi heç bir vəchlə yavaşıdılmamalıdır”.

Universitet müəllimlərindən birinin dünyadakı müxtəlif siyasi cəbhələşmələrlə bağlı səsləndirdiyi fikirləri təsdiq edən Həzrət Ayətullah Xamenei dedi: “Bütün iddialarına rəğmən, sadəcə, bir neçə müstəmləkəçi Qərb dövlətindən təşkil olunmuş inadkar cəbhə İslam dövlətinə və İran xalqına qarşı çıxır. Bu cəbhə İranın elmi inkişafını əngəlləmək üçün hər cür vasitəyə əl atır”.

Başqa bir müəllimin elmi, akademik diplomatiyadan istifadənin zəruriliyi barədə dediklərini də olduqca düzgün fikirlər adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Eyni zamanda diqqətli olmaq lazımdır ki, qarşı tərəf də özünün konkret məqsədlərinə çatmaq üçün elmi diplomatiyaya sərmayə qoyub, bu istiqamətdə olan planlarını reallaşdırmasın”.

Elmin qazandırdığı gücün daxildən qaynaqlanan bir güc olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Şübhə yoxdur ki, ölkəmizə qarşı tətbiq olunan sanksiya və təzyiqlərin bir qismi İran xalqının elmi inkişafa, daxildən qaynaqlanan bu gücə nail olmasını əngəlləmək məqsədi daşıyır. Odur ki bu nöqteyi-nəzərdən də elmi inkişafı davam etdirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei universitetlərə hakim olan diskursun elmi inkişafın reallaşmasına tam şəkildə təsir göstərdiyini bildirərək dedi: “Universitetlərdə elmi diskurs, elmi inkişaf diskursu və ölkənin ümumi inkişafı diskursu genişləndirilməlidir ki, tələbə və müəllimlərdə İranın ümumi inkişafında rol oynamaq stimulu güclənsin”.

Universitetlərdə elmi innovasiya fəaliyyətinin aparılmasının, elmi nailiyyətlərin ölkənin ehtiyaclarına xidmət etməsinin vacib olduğunu təkidlə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Təbii ki, imkanlar və potensial məhduddur, buna görə də elmi işlərlə bağlı fəaliyyət proqramlarında və nəzərdə tutulan tədbirlərdə əsas meyar, başlıca mehvər olaraq ölkənin ehtiyaclarının təmin olunmasına tam diqqət yetirilməlidir”.

“Universitetlərdə aparılan elmi tədqiqatlar sənaye və ticarətlə mümkün qədər daha sıx əlaqədə olmalıdır” –  deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Elmi innovasiyalar sahəsində universitetlər, elmi mərkəzlər, professorlar və elmi işçilər arasında konstruktiv rəqabət yaranmalı, universitetlərə, qabaqcıl elm xadimlərinə müəyyən imtiyazlar verilməlidir”.

Ali Məqamlı Rəhbər bütün professorlardan, rəhbər işçilərdən, akademik sferada nüfuza və təsir gücünə malik olan hər kəsdən xahiş etdi ki, universitetlərdə az əhəmiyyətli, ikinci dərəcəli problemlərin ön plana keçməsinə və diqqəti əsas məsələlərdən yayındırmasına heç bir vəchlə imkan verməsinlər.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar aşağıdakıları da dedi: “Elə düşmənlər var ki hətta universitetlərdəki sinfi problemləri də siyasi səmtə çəkib qalmaqal yaratmağa cəhd göstərirlər. Lakin hamı çalışmalıdır ki, universitetlər xırda məsəllərin və siyasi cərəyanların təsiri altına düşməsin”.

Həzrət Ayətullah Xameni islam dininin və İslam İnqilabının ölkənin inkişafını əngəlləyən maneələri aradan qaldıran başlıca amil olduğunu deyərək əlavə etdi: “İslam İnqilabının qələbəsi olmasaydı, müstəmləkəçi dövlətlər tamah gözünü dikmiş olduqları İran kimi bir ölkənin elmi inkişaf və özünəinama yetişməsinə imkan verməzdilər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “bu reallığı nəzərə alaraq hər birimiz özümüzü inqilabın dəyər və amallarının keşiyində durmaqda məsuliyyətli bilməliyik”.

O, universitetlərin keyfiyyət baxımından yüksəldilməsinin olduqca mühüm , ayrıca və vacib bir mövzu olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Universitetlərin kəmiyyət baxımından artırılması dəyərli və əhəmiyyətli bir məsələdir. Lakin universitetlərin keyfiyyət baxımından yüksəldilməsinə əvvəlkindən də artıq diqqət yetirilməli, kəmiyyətin artırılması keyfiyyətə ciddi diqqətlə paralel aparılmalıdır”.

Həzrət Ayətullah Xameneinin universitet müəllimləri və elmi tədqiqatçılarla görüşü zamanı vurğuladığı sonuncu məqam fars dilinə qarşı həssas münasibətin artırılmasının vacibliyi ilə bağlı oldu.

O, fars dilinin müxtəlif elm sahələrində işlənmə potensialına malik olduğunu qeyd edərək dedi: “Ölkənin elmi inkişafından fars dilinin dünyada yayılması, bu dilin nüfuzunun artırılması istiqamətində istifadə etmək lazımdır”.

“Fars dilindən elmi tədqiqat və araşdırmalarda istifadə edilməsi, elmi anlayışlar üçün yeni terminlərin fars dilində yaradılması da effektiv metodlardandır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Elə etmək lazımdır ki, gələcəkdə İranın elmi inkişafından istifadə etmək istəyən hər kəs fars dilini öyrənməyə ehtiyac duysun”.

O, cəmiyyətin müxtəlif təbəqələrində Avropa sözlərindən istifadə olunmasına tənqidi münasibət bildirərək dedi: “İnqilabdan öncəki yanlış ənənələrdən əksəriyyəti ortadan qalxıb, lakin təəssüflər olsun ki, ağrıdıcı bir ənənənə olan yad kəlmələrdən istifadə ənənəsi hələ də qalmaqdadır”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei elmi inkişaf mövzusuna daha geniş prizmadan yanaşaraq aşağıdakıları qeyd etdi: “Elmimizi inkişaf etdirməkdə məqsədimiz İran-İslam modeli əsasında tərəqqiyə nail olmaqdır. Belə ki Qərbə xas, müstəmləkəçilik və istismar üzərində qurulmuş inkişaf modelləri yoxsulluq, diskriminasiya və əxlaqsızlıqdan uzaq, ədalətli bir cəmiyyət qura bilməyiblər”.

O, əlavə etdi: “İran-İslam modelli tərəqqini reallaşdırmaq İslam dövlətinin qarşıya qoyduğu qəti hədəfdir. Bu, İslam dinindəki göstərişlərdən qaynaqlanan, İranın ehtiyaclarından və adət-ənənəsindən bəhrələnən ayrıca bir inkişaf modelidir”.

Görüşün əvvəlində universitet müəllimləri və elmi tədqiqatçılardan aşağıda adları sadalanan 9 nəfəri akademik ictimaiyyətin müxtəlif məsələlər, xüsusilə də elmi fəaliyyətlər və ölkə universitetlərindəki vəziyyətlə bağlı rəy və görüşlərini dilə gətirdilər:

- Dr. Əli Hairi – farmakologiya sahəsi üzrə elmlər doktoru, Şəhid Beheşti adına Tibb Elmləri Universitetinin professoru;

- Dr. Kərim Məzahiri – aerokosmik mühəndislik sahəsi üzrə elmlər doktoru, Şərif Sənaye Universitetinin professoru;

- Dr. Mahmud Gülabçı – memarlıq üzrə elmlər doktoru,  Tehran Universitetinin professoru;

- Höccətül-İslam vəl-muslimin Əbdülhüseyn Xosrovpənah – İslam sxolastikası üzrə elmlər doktoru, teoloji mərkəz və universitetin professoru;

- Dr. Fuad İzədi – ictimai əlaqələr sahəsi üzrə elmlər doktoru, Tehran Universitetinin dosenti;

- Dr. Hüseyn Qənaəti – radiologiya sahəsi üzrə elmlər doktoru, Tehran Tibb Elmləri Universitetinin professoru;

- Dr. Əbdülrza Məzahiri – İslam ürfanı üzrə elmlər doktoru, Tehran Azad İslam Universitetinin professoru;

-  Dr. Behnaz Bəxşəndə – biotexnologiya sahəsi üzrə elmlər doktoru, Tehran Universiteti nəzdindəki elm parkının dosenti;

- Dr. Məsumə İsmaili – ixtisaslaşmış konsaltinq üzrə elmlər doktoru, Əllamə Təbatəbayi adına Universitetin dosenti;

Çıxış edənlər aşağıdakı məqamları vurğuladılar:

- sığorta və səhiyyə sisteminə ayrılan kreditlərin artırılmasına ehtiyac duyulması;

- tibb universitetlərində yeni rektorların təsdiqlənməsinin, siyasi meyllərin rəhbərliyin əvəzlənməsinə təsir göstərməməsinin əhəmiyyəti;

- İranda yaşayıb-işləmək istəyən xarici mütəxəssislərin ölkəyə gəlişini asanlaşdırmaq üçün vahid proqramın işlənib-hazırlanmasına ehtiyac duyulması;

- texnika və mühəndislik sahəsinin güclü inkişaf etməsi və bu inkişaf tempini qoruyub saxlamağın zəruriliyi;

- universitetlərin müstəqilliyinə daha artıq diqqət yetirilməsinin, tələbə qəbulu və müəllimlərin işə götürülməsi kimi məsələlərə əsassız müdaxilələrin azaldılmasının vacibliyi,

- əlaqədar strukturların rəsmilərinin elm adamlarının tənqidi fikirlərinə etimadla yanaşmasına, azad fikir atmosferinin gücləndirilməsinə ehtiyac duyulması;

- ali təhsildə ədalət anlayışının düzgün başa düşülməməsi ucbatından ölkənin aparıcı universitetləri üçün müəyyən çətinliklər yaradılmasının tənqidi;

- ölkənin elmi inkişafı ilə bağlı gerçək hesabatlar verilməsinin, bu istiqamətdə qeyri-real gözləntilər formalaşdırılmamasının vacibliyi;

- yeni və strateji elmlərə xüsusi diqqət ayrılmasının vacibliyi;

- əlavə dəyərinin yüksək olması ilə əlaqədar, biotexnologiya sahəsinə və onun müxtəlif qollarına ciddi sərmayə qoyuluşu;

- ölkənin kompleks elmi planı çərçivəsində “İran-İslam memarlığının reallaşdırılması haqqında sənəd”in işlənib hazırlanmasının əhəmiyyəti;

- ölkədə incəsənət təhsilinin hərtərəfli dəyərləndirilməsinə ehtiyac duyulması;

- Ali Məqamlı Rəhbərin istiqamətləndirməsi, gənc alimlərin effektiv iştirakı, irimiqyaslı milli layihələrin icrası sayəsində ölkədə elmi tədqiqatların diqqətəlayiq dərəcədə inkişaf etməsi;

- təhsildə əsas diqqətin araşdırma və tədqiqatlara yönəldilməsi baxımından ölkənin təhsil sistemində islahatlar aparılmasının vacibliyi;

- yeni nəsil, təşəbbüskar, yeni mədəniyyət formalaşdıracaq universitetlərin yaradılmasına ehtiyac duyulması;

- ölkədə humanitar elmlər sahəsində elmi işlərin zəif getməsi, bu sahədə əsaslı dəyişikliklərin həyata keçirilməsi üçün kompleks plana ehtiyac duyulması;

- sosial münasibətlərdə, cəmiyyətin dəyərlər sistemində tədricən baş verən müəyyən dəyişikliklərə, bu dəyişikliklərin ailənin əsaslarına göstərdiyi təsirə xüsusi diqqət yetirilməsi;

- Qərb ölkələrində siyasi dairələrin mənsubları ilə elmi ictimaiyyət arasında İranla bağlı fikir ayrılığının mövcudluğu; bu fikir ayrılıqları haqqında dəqiq məlumat əldə etməyin, onlardan məntiqi surətdə faydalanmağın vacibliyi;

- müasir Qərblə bağlı tədqiqat və araşdırmaların aparılması üçün xüsusi mərkəzin təsis edilməsi təklifi;

- qlobal və regional münasibətlərdə ölkənin qeyri-rəsmi potensialından istifadə etmək üçün Ali Xalq Diplomatiyası Şurasının yaradılması təklifi;

- sığorta sistemində,  bu sistemlə səhiyyə sferası arasında əlaqələrin qurulma mexanizmində islahatlar aparılmasının vacibliyi;

- səhiyyə sferasında rəhbər kadrların səbatsız fəaliyyət göstərməsi, tələsik çıxarılan bəzi qərarların vurduğu ziyanlar;

- həyat tərzinin islahı məsələsinin səhiyyə sferasındakı bəzi problemlərlə mübarizəyə təsir göstərməsi;

- siyasi çəkişmələr atmosferinin universitetlərdə yenidən özünü büruzə verməsindən nigarançılıq hissinin duyulması;

- humanitar elmlər sahəsində yeni nəzəriyyələrin irəli sürülməsi üçün universitetlərdə daha açıq atmosferin yaradılmasının vacibliyi;

- universitetlərin yüksək rəhbər vəzifə postlarında humanitar elmlər sahəsində çalışan professorların potensialından istifadə edilməməsi ilə bağlı tənqidi fikirlər;

- rəsmi şəxslərin Azad İslam Universitetinə yanaşmasında dəyişikliyə ehtiyac duyulması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /