Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranın inkişaf və tərəqqisini durdurmaq mümkün deyil!

İran İslam Respublikasının yeni seçilmiş 7-ci prezidentinin vəzifə səlahiyyətlərinin icrasına başlamasını rəsmən təsdiqləyən sərəncamın Ali Məqamlı Rəhbər tərəfindən imzalanması ilə əlaqədar olaraq, bu gün (şənbə günü) günortadan sonra İmam Xomeyni (r.ə) adına hüseyniyədə möhtəşəm və mənəviyyat dolu bir atmosferdə keçən mərasim təşkil olundu. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın rəyini rəsmən təsbit edərək Höccətül-İslam vəl-muslimin Dr. Həsən Ruhanini İran İslam Respublikasının yeni prezidenti kimi təsdiqlədi.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin rəisi Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani tərəfindən oxunan sərəncamda qeyd olunur ki, əhalinin seçkidə göstərdiyi yüksək fəallıq xalqın siyasi təfəkkürünün inkişaf edərək püxtələşməsinin göstəricisi, İslam İnqilabına sədaqəti, mövcud hakimiyyətə, şücaətli ruhaniyyətə olan inam və etimadı ifadə edən açıq-aydın mesajların daşıyıcısıdır. Sərəncamda aşağıdakı fikirlər də yer alır: “İran xalqı onu həvəsdən salmaq üçün hər cür siyasi və təbliğat cəhdləri göstərən düşmənə məna dolu, qətiyyətli bir cavab verdi”.

Cənab Dr. Ruhaninin vəzifə səlahiyyətlərinin icrasına başlamasını rəsmən təsdiqləyən sərəncamın tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Hikmət və qüdrət sahibi olan Allahın dərgahına şükürlər edib, Peyğəmbər (s) və onun ailəsinə salam göndərərək ölkənin icraedici hakimiyyətinin ağır xidmət və məsuliyyət salnaməsində yeni bir dövrün başlaması münasibətilə böyük İran xalqını təbrik edirəm. Öz yardımı və hidayəti ilə bu millətə daha bir qəhrəmanlığa, daha bir uğura imza atmaq əzmi və bacarığını bəxş etmiş Uca Yaradanın kəramətlə göstərdiyi lütflər qarşısında şükranlıq və itaətkarlıqla baş əyərək səcdə edirəm. İran xalqı İslama əsaslanan xalq hakimiyyəti yolunu ardıcıl mərhələlərdə böyük stimul və ruh yüksəkliyi ilə qət etdiyi, bu yamyaşıl və bar-bəhərli ağacı hər bir mərhələdə daha da başıuca, köklü-köməcli etdiyi üçün fəxr etməlidir.

İran xalqı bu dəfə də müdriklik və gözüaçıqlıqla ölkənin siyasi proseslər meydanını öz mübarək iştirakı ilə rövnəqləndirdi, onu həvəsdən salmaq üçün hər cür siyasi-təbliğat səyləri göstərmiş düşmənlərə məna dolu, qətiyyətli bir cavab verdi. Əhalinin seçkidə geniş iştirakı, bioqrafiyasına İslam hökumətinə 30 ildən çox xidmət tarixi yazmış, inqilabi mübarizənin getdiyi dövrdən – ruhanilik səngərindən başlayaraq inqilabın qələbəsindən onilliklərin keçdiyi hazırkı dövrümüzə qədər inqilabın düşmənlərinə qarşı mübarizə aparmış  layiqli bir şəxsi seçməsi hər kəsə açıq-aydın mesajlar verdi: İslam İnqilabına sarsılmaz sədaqət mesajı, İslam Respublikası hökumətinə ümid və etimad mesajı, qabaqcıl və cəsur ruhaniyyətə, öz əzmi və təşəbbüskarlığı ilə xalqımızın uğurlarını artırmağa, problemlərini azaltmağa qərarlı olan, daim ona xidmət etməyə hazır olan şəxslərə etimad mesajı.

İran xalqının hər zaman və elə bu dəfə də seçkidə yüksək fəallıqla iştirakdan əldə etdiyi təkcə ölkənin idarəçiliyində rol oynamaq, yeni bir mərhələdə ona xidmət edəcək, yeni stimula malik rəsmiləri seçib vəzifə başına gətirmək deyil. Bu iştirakın mahiyyətində daha yüksək bir məna durur və onun milli iqtidarını müdriklik və rasionallıqla çulğaşdıran, dünya ictimaiyyətinin gözündə ona yüksək nüfuz və ehtişam qazandıran siyasi intellektini, siyasi cəhətdən nə qədər püxtələşdiyini göstərir. Öz vəsvəsələri və məkrli cəhdləri ilə bu təqdirəlayiq şücaəti qırmağa, seçkinin və qanunun aliliyini inkar etməyə çalışanlar hər dəfə milli əzmin möhkəm səngərinin müqaviməti ilə üz-üzə qalıblar.

İndi ki İran xalqının qətiyyətli rəyi elmli, müxtəlif meydanlarda sınaqdan çıxmış, cihad yolunda çoxsaylı nailiyyətlərə imza atmış, yüksək dini və siyasi vəzifə postları tutmaq şərəfinə nail olmuş bir şəxsi ölkənin ali icraedici rəsmisi olaraq seçib, mən də xalqımın seçimini dəstəkləyərək, eyni zamanda onu təbrik edərək xalqın rəyini rəsmən təsbit edir və cənab Höccətül-İslam Dr. Həsən Ruhanini İran İslam Respublikasının prezidenti vəzifəsinə təsdiq edirəm. Uca Yaradandan bu həssas və dəyərli vəzifənin icrasında ona böyük müvəffəqiyyətlər nəsib etməsini diləyirəm.

Aydındır ki, xalqın rəyi və mənim bu sərəncamım yeni seçilmiş ölkə başçısının indiyə qədər tutduğu haqq yoluna – yəni İslam dövlətinin amallarına, xalqın hüquqlarını müdafiə, hegemon imperialistlərə qarşı mübarizə prinsiplərinə sadiq qalacağı müddətdə qüvvədə olacaq (Allahın yardımı ilə, inşallah, elə belə də olacaq).

Möhtərəm ölkə başçısına Allahdan yardım və dəstək istəməyi, sonsuz qüdrət sahibi olan Uca Yaradana daim təvəsül etməyi, Onun qarşısında itaətkar və pəhrizkar olmağı, ölkənin böyük potensialından, saysız-hesabsız nailiyyətlərindən və uğurlu təcrübələrindən bəhrələnməyi tövsiyə edirəm. Ona Allah-Taalanın hidayətini və hər kəsin yardım və dəstəyini arzulayıram.

Allahın bütün saleh və ibadətkar bəndələrinə salam olsun!

Seyid Əli Xamenei
12 mordad 1392
3 avqust 2013-cü il


Sərəncamın oxunuşundan sonra nitqinə başlayan Ali Məqamlı Rəhbər bildirdi ki, ölkənin icraedici hakimiyyətinin bir şəxsdən digərinə ötürüldüyü mərasimin bu cür səbat, sakitlik və səmimiyyət atmosferində keçməsi kökləri dini demokratiyaya dayanan olduqca mühüm və dəyərli bir təzahürdür.

Xaricdən asılı Pəhləvi diktaturası dövründə və ondan daha əvvəl ölkədə xalq hakimiyyətinin mövcud olmadığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabının qələbəsi ilə millətimiz xalq hakimiyyətinin dadını öyrəndi və işlərin idarəçiliyi əziz İslam dinimizin mehvəri ətrafında xalqın əlinə keçdi”.

“Ölkədə gedən bütün mühüm proseslərdə və əsas məsuliyyət yükünə malik məsələlərdə xalq həlledici rol oynayır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Son 34 ildə hər il təxminən bir seçki keçirilib və ölkənin idarəçiliyində, irimiqyaslı proqramların qəbulunda və icrasında xalqa qərar qəbul etmək, nəzarət və iştirak səlahiyyəti verilib”.

İslam dininə əsaslanan xalq hakimiyyətinin özünəməxsus cəhətlərini daha ətraflı şərh edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Xalqa aid olan bu hakimiyyət quruluşunda xalqla rəsmilərin əlaqəsi qanunların çərçivəsi ilə məhdudlaşmır. Bu, dərin dini etiqaddan, xalqın İslam İnqilabının prinsip və əsasları qarşısında hiss etdiyi məsuliyyətdən qaynaqlanan möhkəm, iman və emosiyalarla yoğurulmuş bir əlaqədir”.

Xalqın İslam dininə olan etiqadına, inqilab qarşısında hiss etdiyi böyük məsuliyyətə nümunə olaraq, əhalinin Qüds günü yürüşlərindəki iştirakını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Camaatı bu isti havada, orucağız halda küçələrə çıxmağa, İslamın düşmənləri qarşısında durmağa, Fələstin məsələsi ilə bağlı mövqe nümayiş etdirməyə çəkən qüvvə dinə imandan, inqilabi ideyalara sədaqətdən başqa nə ola bilərdi?”

Ali Məqamlı Rəhbər həmçinin hər il baş tutan 22 bəhmən yürüşlərində də əhalinin bütün təbəqələrinin möhtəşəm izdihamla iştirak etdiyini qeyd edərək dedi: “Seçkidə də xalqı ictimai-siyasi proseslərdə böyük stimul və həvəslə iştirak etməyə, tarixi bir qəhrəmanlığa imza atmağa sövq edən məhz o dini vəzifəsini, inqilab qarşısında məsuliyyətini hiss etmək duyğusudur. Bu həqiqəti bütün rəsmilər daim yadda saxlamalıdırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu bərəkətli yolu xalqımızın qarşısında açan müdrik liderimiz İmam Xomeyni olub. Xalqımız bu günə qədər bu yola tam sədaqətlə davam edib və Allahın fəzli sayəsində gələcəkdə də belə olacaq”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam dövlətində vəzifə postu qəbul etmək ağır işlərin yükünü, xalqa durmadan xidmət etməyin zəhmətini qəbul etmək deməkdir. O əlavə etdi: “Sevindirici haldır ki, əvvəlki rəsmilərin ardıcıl zəhmətinin nəticəsi olaraq, ölkədə böyük potensial var. Bu potensialdan hərtərəfli istifadə etmək lazımdır”.

Xalqa və rəsmilərə səbirli, təmkinli olmağı tövsiyə edən Həzrət Ayətullah Xamenei dedi: “Allahdan istəyimiz budur ki, ölkəmizin işləri tez bir zamanda irəli getsin, amma bir məqama diqqət yetirmək lazımdır: böyük miqyaslı işlərin öz-özlüyündə zamana ehtiyacı var. Odur ki iqtisadi çətinliklərin və digər problemlərin qısa zaman ərzində aradan qalxacağını gözləmək doğru deyil”.

Yeni seçilmiş ölkə başçısına və parlamentdən etimad rəyi alacaq hökumət kabinetinə durmadan işləməyi, lakin tələskənlikdən çəkinməyi tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “Ölkədə mövcud olan cürbəcür perspektivlərə söykənib, bütün potensiallardan istifadə edərək möhkəm və qətiyyətli addımlar atmaq lazımdır”.

Başda Amerika olmaqla düşmən cəbhəsinin İran xalqına qarşı düşmənçi davranışlarını xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Möhtərəm ölkə başçısının da düşmənlərin sanksiya və davranışları ilə bağlı söylədiyi kimi, bu sanksiyalar əhali üçün müəyyən çətinliklər yaradır, lakin öz növbəsində xalqımıza və rəsmilərimizə dəyərli təcrübə və dərslər də qazandırır”.

“Düşmənin iqtisadi təzyiqlərinin xalqa və rəsmilərə qazandırdığı ən böyük dərs ölkənin daxildən möhkəmləndirilməsi və gücləndirilməsi istiqamətində səy göstərməyin vacibliyi oldu” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Əlimizdən gəldiyi qədər daxildən gücümüzü artırmalı və xaricə göz dikməməliyik. Çünki kənardakına ümid olan kəs təzyiqlə üzləşəndə əliboş qalır”.

Ali Məqamlı Rəhbər daxili strukturun möhkəmlənməsində iqtisadi problemlərin həllinin və ardıcıl elmi inkişafın birinci dərəcəli əhəmiyyətə malik olduğunu bildirərək vurğuladı: “Bu iki məsələyə ciddi diqqət yetirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei Dr. Ruhaninin beynəlxalq münasibətlərdə və siyasi məsələlərdə müdrik davranmağın vacibliyi ilə bağlı səsləndirdiyi fikirləri dəstəkləyərək dedi: “Siyasi məsələlər də əhəmiyyətlidir və hər bir işi, mütləq, müdriklik və rasionallıqla görmək lazımdır. Əlbəttə, bizim elə düşmənlərimiz var ki, məntiqli sözlər o qədər də ağıllarına batmır, amma hər halda, bizim vəzifəmiz işləri müdrik şəkildə, lazımi səviyyədə və dövlətin hədəflərinə diqqət yetirərək irəli aparmaqdır”.

Quran ayələrinə istinadən edən Ali Məqamlı Rəhbər İslamın yolunun orta yol olduğunu bildirdi. O dedi: “Dinimiz öhdəmizə düşən vəzifələri və uğura aparan yolu bizim üçün müəyyənləşdirib. Hamımız Uca Yaradanın razılığını qazanmaq və şəri vəzifəmizi yerinə yetirmək üçün çalışmalıyıq”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Bəzi düşmənlər inqilabın qələbə çaldığı ilk gündən etibarən bu inqilabın və İslam dövlətinin məhvini qarşıya məqsəd qoyduqlarını açıq-aşkar şəkildə elan etdilər. Lakin o gündən 34 il ötdüyünə baxmayaraq, nəinki İslam Respublikasını sarsıda bilməyiblər, hətta dövlətin inkişafına əngəl olmağa belə gücləri çatmayıb”.

“Allahın lütfü, xalqın iştirakı və rəsmilərin səyi düşmənlərin uğursuzluğa düçar olması və İslam dövlətinin təqdirəlayiq nailiyyətlər əldə etməsi üçün zəmin yaradıb” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün bu nailiyyətlər İslama və islami dəyərlərə sədaqətin, dahi İmam Xomeyninin xalqa yadigar qoyduğu dəqiq və aydın direktivlərə əməl etməyin bərəkəti sayəsində əldə olunub”.

Qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin rəsmilərinə mövcud problemlərin həlli naminə maksimum əməkdaşlıq etməyi tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “Ölkəmizin irihəcmli potensialına söykənərək böyük işlərə əzm göstərməliyik”.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei İslam dünyasının iqtisadi və siyasi problemlərinə, regionun bəzi ölkələrində hökm sürən qeyri-sabit vəziyyətə toxunaraq  dedi: “Son 65 ildə qəsbkar İsrail rejiminin zülmkar və cinayətkar varlığı da, regionun, çox təəssüf ki, dünyanın bəzi imperialist dövlətlərinin himayəsi ilə uzadılan problemləri sırasına daxildir. Dünya və regionda belə bir vəziyyətin hökm sürdüyü bir vaxtda İslam Respublikası açıq-aydın mövqe ilə öz inkişaf yoluna davam edir ”.

Həzrət Ayətullah Xamenei yeni seçilmiş prezidenti uzun illərdir ki İslam dövlətinə xidmət edən, sınanmış bir insan kimi səciyyələndirərək dedi: “Müqəddəs Müdafiədə, İslami Şura Məclisində və Milli Təhlükəsizlik Şurasında bir sıra işlər görmüş, xidmətlər etmiş Cənab Ruhani bu gün də xalqın səsi ilə ölkə prezidenti seçilmək şərəfinə nail olub və Allahın yardımı və fəziləti ilə, bu postda başqa bir sıra xidmətlərə imza atacaq”.

Ali Məqamlı Rəhbər ölkədəki bütün siyasi cərəyanlardan və nüfuzlu liderlərdən cənab Ruhaniyə və onun hökumət kabinetinə yardımçı olmalarını istəyərək aşağıdakıları vurğuladı: “Ümidvaram ki, ölkə başçısı öhdəsinə düşən ağır vəzifələri lazımınca icra edəcək və xalqın gözləntilərini ən yüksək səviyyədə təmin edəcək”.

Həzrət Ayətullah Xamenei həmçinin Cənab Əhmədinejada və onun rəhbərliyi altında çalışan hökumət kabinetinə də çoxsaylı xidmətlərinə və gördükləri mühüm işlərə görə təşəkkürünü bildirərək dedi: “Rəsmilərin və xalqın əzmi ilə həyata keçirilməkdə olan və İranın inkişaf prosesini durdurmağın mümkün olmadığını göstərən bir sıra başqa işlər də var”.

Mərasim zamanı çıxış edən Dr. Həsən Ruhani böyük İran xalqının etimadını qazanmasını və Ali Məqamlı Rəhbərin imzaladığı sərəncamla vəzifə səlahiyyətlərinə başlamasını özü üçün fəxr hesab etdiyini, Uca Yaradanın dərgahına şükürlər etdiyini bildirərək aşağıdakıları vurğuladı: “1392-ci il xordad seçkiləri (2013-cü il 14 iyun) tam asayiş, şəffaflıq və sağlam rəqabət şəraitində keçərək bütün xalqın dəstəyini qazandı”.

İranın bədxahlarının xalqla hakimiyyət arasında uçurum yaratmaq üçün cızdıqları planlara toxunan ölkə başçısı dedi: “Onlar sanksiyalar vasitəsilə ölkəmizi təcrid etməyə, daxili qarşıdurmalara məruz qoymağa çalışırdılar. Lakin xalqın izdihamlı bir şəraitdə baş tutan bu seçkidə geniş iştirakı misilsiz bir qəhrəmanlıq yaratdı, kollektiv müdrikliyə əsaslanma və dövlətə sadiq olan bütün fəalların birgə fəaliyyəti xalqla rəsmilər arasında qarşılıqlı etimadın maksimum dərəcədə yüksəldiyini nümayiş etdirdi”.

24 xordad seçkilərinin müxtəlif aspektlərini şərh edən cənab Ruhani dedi: “İllər boyu İslam dövlətində olduqca həssas vəzifə postları tutmuş bir şəxsin seçilməsi xalqın öz nüfuzunu qorumaq niyyətində olduğunu, xalqla dövlət arasında uçurumun olmadığını, ölkədə xalq hakimiyyətinin fundamental xarakter aldığını, İslam İnqilabının püxtələşərək daha da dərinlərə kök atdığını göstərir”.

Cənab Ruhani bildirdi ki, prezident seçkilərinin yüksək fəallıq şəraitində, sağlam bir atmosferdə və insidentsiz baş tutması, namizədlərin şüar və siyasətləri, debat və tənqidlərə geniş həcmdə yer verilməsi İslam dövlətində dinə əsaslanan xalq hakimiyyətinin təkmilləşməkdə olduğunu göstərir. O dedi: “Bu seçkidən doğmuş yüksək əhval-ruhiyyə və optimizm ölkəmizə yeni bir ictimai sərmayə töhfə verib. Bu sərmayə təhdidləri dəf etməkdən əlavə, ölkənin hərtərəfli və məqsədyönlü inkişafı üçün də yeni fürsətlər yaradıb”.

24 xoradad seçkilərinin böyük ümid və etimad şəraitində baş tutması üçün zəmin yaratmış Ali Məqamlı Rəhbərə, mərcə-təqlidlərə, din alimlərinə, tanınmış insanlara, müxtəlif siyasi partiya və qruplara, eləcə də xalqa təşəkkürünü bildirən cənab Ruhani əlavə etdi: “Mənim başlıca vəzifəm bu sevgi, ümid və etimadı qoruyub saxlamaqdır”.

Bu seçkiyə heyrətamizliyi xalqın bəxş etdiyini, səs verən insanların dəyişiklik və islahatlar istədiyini deyən ölkə başçısı əlavə etdi: “Əhalinin yeni hökumətdən minimum gözləntisi bütün sferalarda sabitlik və asayişin təmin edilməsi, özəlliklə iqtisadiyyat və məişət rifahı sahəsindəki narahatlıq və sıxıntıların aradan qaldırılmasıdır”.

“Seçicilərin gözləntilərinə cavab vermək, xalqla bağlanmış əhd-peymanı qorumaq üçün ona həqiqəti demək və sadiq olmaq lazımdır” – deyən cənab Ruhani aşağıdakıları vurğuladı: “Bu dövlət İslam əxlaqının çiçəklənməsi, İslam dininin nurlu hökmlərinin izah edilməsi və reallaşdırılması uğrunda çalışacağı ilə bağlı verdiyi sözə sadiq qalacaq”.

Hökumətin imkan və potensialına toxunan cənab Ruhani dedi: “Xalqın istək və gözləntilərini dərhal yerinə yetirmək mümkün deyil, lakin dövlət mövcud problemləri xalqla düzü-düzünə müzakirə etməyə, hakimiyyətin digər qollarından yardım almağa çalışacaq”.

Mötədil yanaşma, qarşılıqlı əməkdaşlıq və bütün diqqətin qanunçuluğa yönəldilməsi sayəsində ümid və yüksək ruh atmosferini qorumağın mümkün olduğunu bildirən cənab Ruhani əlavə etdi: “Mötədillik prinsiplərdən üz çevirmək, yaxud islahat və dəyişikliklərə mühafizəkar yanaşmaq demək deyil. Bu, ifrat və təfritdən uzaq olmaq üçün cəmiyyətdə müdrik, fəal və təmkinli olmaq mənasındadır”.

Ölkə başçısı mötədillik tendensiyanı gözləməklə dinə əsaslanan xalq hakimiyyəti kursunu davam etdirməyin tamamilə mümkün olduğunu deyərək aşağıdakıları vurğuladı: “Mən dövlətin proqram və tədbirləri çərçivəsində mötədillik tendensiyasını gözləməyi öz vəzifəm hesab edirəm”.

Cənab Ruhani qeyd etdi ki, iqtisadi problemlər üzərində mərkəzləşmə və sosial risklərin idarə edilməsi 11-ci hökumətin başlıca proqramlarıdır. O dedi: “Dövlət beynəlxalq arenada da milli mənafeyin təmin olunması, zülmkar sanksiyaların aradan qaldırılması üçün əsaslı addımlar atacaq”.

Ölkə başçısı həmçinin dedi: “Ali Məqamlı Rəhbərin müdrikliyi və xalqın geniş iştirakı ilə siyasi arenada qəhrəmanlıq yaratmaq mümkün oldusa, bunu iqtisadi arenada da həyata keçirmək mümkün olacaq”.

Cənab Ruhani həmçinin əvvəlki administrasiyaların, özəlliklə də 10-cu hökumətin və cənab Əhmədinejadın etdiyi xidmətləri yüksək dəyərləndirərək onlara öz təşəkkürünü bildirdi və çıxışının sonunda aşağıdakıları dedi: “Xalqın seçiminin və Ali Məqamlı Rəhbərin məni vəzifə postuna təsdiqləməsinin ağır məsuliyyət yükünü çiyinlərimdə hiss edirəm.  Allah pənah aparır, bu ağır vəzifəni layiqincə yerinə yetirə bilmək üçün Ondan yardım diləyirəm”.

Mərasim zamanı həmçinin Daxili İşlər Naziri cənab Mustafa Nəccar da çıxış edərək 11-ci prezident və 4-cü yerli şura seçkilərinin gedişi haqda məlumat verdi. O bildirdi ki, seçkinin  gedişində ölkədəki bütün seçki orqanları əsasən aşağıdakı 4 prinsipi rəhbər tutmuşlar: qanunçuluq, seçicilərin səslərinə qarşı əmanətdarlıq, ədalətçilik və namizədlər üçün bərabər təbliğat şəraitinin təmin olunması, xalqın geniş iştirakı üçün zəmin yaradılması.

Eyni vaxtda prezident və yerli şura seçkilərinin keçirildiyinə toxunan cənab Nəccar səsvermə hüququna malik 50 milyon 483 min 192 nəfərdən 36 milyon 938 min 651 nəfərin səsvermədə iştirak etdiyini və seçicilərdən, təxminən, 73 faizinin seçkiyə qatıldığını dedi. O, əlavə etdi: “Dr. Həsən Ruhani 18 milyon 692 min 500 səs toplayıb, mütləq səs çoxluğu ilə İran İslam Respublikasının prezidenti seçildi”.

Daxili İşlər Naziri Ali Məqamlı Rəhbərin müdrik tövsiyələrinə, xalqın geniş iştirakı şəraitində qanunauyğun bir seçkinin keçirilməsi ilə bağlı vurğuladığı fikirlərə, düşmənlərin çirkin niyyətləri və qərəzli məqsədləri barədə verdiyi dəyərli və maarifləndirici açıqlamalara toxunaraq dedi: “Keçmişdə baş tutmuş bütün seçkilər kimi, bu ilin 24 xordad seçkiləri də qanunçuluq, şəffaflıq və sağlam rəqabət şəraitində, möhtəşəm surətdə keçərək düşmənlərin ölkəmizdəki seçkilərlə bağlı yaydığı mənfi fikirlərin, 1388-ci il (2009) seçkilərindən sonra qanundan kənara çıxaraq xalqın əhval-ruhiyyəsini pozmuş şəxslərin iddialarının üzərindən xətt çəkdi”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /