Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İstənilən şəraitdə hadisələrə realist yanaşaraq amallara doğru irəliləyin!

Ölkənin ali təhsil müəssisələrində təhsil alan minə yaxın tələbə bu gün günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi bir atmosferdə, üz-üzə görüşərək universitetlərin tələbə ictimaiyyətinin rəy və görüşlərini ifadə etdi, elm, ali təhsil, mədəniyyət, sosial həyat və iqtisadiyyatla bağlı müxtəlif  mövzularda fikir mübadiləsi apardı.

Saat 17:00-dan etibarən başlayan görüş məğrib və işa namazlarına qədər davam etdi. Görüş zamanı tələbə təşkilatlarının 12 nümayəndəsi çıxış edərək ölkənin tələbə ictimaiyyətinin arzu və istəklərini, mövqeyini ifadə etdilər, tələbələri narahat edən məsələlərə toxundular.

Ali Məqamlı Rəhbər də gənclərin ortaya qoyduğu sualları cavablandırmaqla,  toxunulan məsələlərlə bağlı bəzi məqamları qeyd etməklə yanaşı, amallarla reallıqların nisbəti, tələbə ictimaiyyətinin öhdəsinə düşən vəzifələr, universitetlərdə gerçək dinamizm və yüksək əhval-ruhiyyə yaratmağın yolları barədə danışdı.

Tələbə və gənclərdən ibarət, saflıq, səmimiyyət və optimizm dolu bir auditoriya ilə görüşdüyü üçün Uca Yaradanın dərgahına şükürlər edən Ali Məqamlı Rəhbər bu tip görüşlərdə, əsasən, çox dəyərli, dərindən düşünülmüş məsələlərin ortaya qoyulduğunu bildirdi və müxtəlif strukturlara tələbələrin irəli sürdüyü təklifləri reallaşdırmağın yollarını araşdırmağı tövsiyə etdi.

“Mötədillik” anlayışını izah etməyi xahiş etmiş bir tələbənin sualını cavablandıran Ali Məqamlı Rəhbər  aşağıdakıları qeyd etdi: “Bu şüarı irəli sürmüş yeni ölkə prezidenti mötədillik deməklə hansı məna və məfhumu nəzərdə tutduğunu, mütləq, açıqlayacaq”.

Həzrət Ayətullah Xamenei həmçinin tələbələrdən birinin yeni seçilmiş ölkə prezidentinə qarşı düzgün mövqe tutulması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirərək dedi: “Bütün administrasiyalarla bağlı olaraq vurğuladığımız kimi, bu administrasiyaya da lazımi dəstək və yardım göstərilməlidir”.

O, əlavə etdi: “Bəziləri belə fikirlər səsləndirirlər ki, əgər dövlət bu cür olsa, ona kömək edəcək, başqa cür olsa, tənqid edəcəyik. Şəxsən mən tənqidin əleyhinə deyiləm, amma əvvəla, kimisə tənqid etməklə o adamda eyib axtarmaq fərqli şeylərdir, ikincisi isə tənqid etməzdən öncə insana bir iş görməsi, hərəkət etməsi, bacarığını ortaya qoyması üçün fürsət vermək lazımdır”.

İcraedici hakimiyyətin işinin, doğrudan da, ağır və çətin olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Elə bir adam yoxdur ki, zəif cəhəti olmasın. Ona görə də istək və gözləntilərimizi o dərəcədə yüksəklərə qaldırmamalıyıq ki, insanların məntiqə uyğun qüvvəsi xaricində olsun”.

“Ölkənin mövcud problem və reallıqlarını nəzərə almaq vacibdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkənin bütün fəal siyasi qüvvələri, zəhmətkeş və ziyalı potensialı əl-ələ verməlidir ki, Allahın köməyi ilə işlər irəli getsin”.

Tələbələrdən biri ictimai-siyasi məsələlərlə bağlı rəy müxtəlifliyi ucbatından tələbələr arasında kin-küdurət yarandığını qeyd etmişdi. Həzrət Ayətullah Xamenei rəy müxtəlifliyinin kin-küdurət və düşmənçiliyə çevrilməsindən kəskin surətdə çəkinmək lazım olduğunu vurğulayaraq dedi: “Əziz tələbələrimizdən, fərqli siyasi görüşlərin tərəfdarları olan gənclərimizdən ciddi surətdə xahiş edirəm ki, ictimai-siyasi məsələlərin təhlili və dəyərləndirilməsi zamanı ortaya çıxan rəy müxtəlifliklərinin kin-küdurət və düşmənçiliyə çevrilməsinə imkan verməsinlər”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı aşağıdakıları da qeyd etdi: “İmam Xomeyninin (r.ə) də tövsiyə etdiyi kimi, din tələbələrinə oxşamağa çalışın: onlar dərslə bağlı mübahisə edərkən olduqca ciddi, qalan vaxtlarda isə mehriban dost və yoldaşdırlar”.

Həzrət Ayətullah Xamenei tələbələrdən bəzilərinin 1388-ci (2009) ildə törədilmiş iğtişaşlarla bağlı qeyd etdikləri məsələlərə toxunaraq dedi: “O xoşagəlməz hadisələri təhlil edərkən görürük ki, burada əsas məsələ hadisələrin hüquqi axarına qarşı çıxmış və bununla da əziz vətənimizə zərbə və ziyan vurmuş bir qrup insanın qanun pozuntularına yol verməsi və qeyri-etik davranışlarıdır”.

O, əlavə etdi: “Əlbəttə, böyük bir hadisənin haşiyəsində, kənar-bucağında elə məsələlər baş verə bilər ki, bu və ya digər hallarda kimlərsə məzlum və ya zalım vəziyyətinə düşsün. Lakin hər halda, bu məsələlərin fonunda əsas məsələ diqqətdən yayınmamalıdır”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı olaraq, ortaya növbəti sualı qoydu: nəyə görə 1388-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edənlər problemi çözmək üçün çıxış yolu kimi küçələrə tökülməyi seçdilər?

O dedi: “Biz bu sualı ümumi toplantılarda yox, bəlkə cavablandırıla biləcək bir formada dönə-dönə ortaya qoymuşuq. Bəs nə üçün ona cavab vermirlər? Nə üçün üzr istəmirlər?”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xüsusi toplantılar zamanı heç bir saxtakarlığa yol verilmədiyini deyirlər. Bəs onda nəyə görə ölkəyə o ziyanları vurub, az qala uçurumun kənarına sürüklədiniz?”

Regionun bəzi ölkələrində qanlı-qadalı, iğtişaş dolu vəziyyətin hökm sürdüyünə toxunan Ali Məqamlı Rəhbər dedi: “Təsəvvür edirsinizmi ki, əgər 1388-ci il olayları zamanı Allah-Taala bizə yardım etməsəydi və kütlə arasına qırğın düşsəydi, ölkəmiz hansı vəziyyətə düşərdi? Əlbəttə ki, Tanrı buna yol vermədi, xalqımız da sayıqlıq və gözüaçıqlıq nümayiş etdirdi”.

Həzrət Ayətullah Xamenei başqa bir tələbənin səsləndirdiyi bir fikrə cavab olaraq vurğuladı ki, “qətiyyətli davranış” ifadəsini bu və ya digər məsələnin üzərində məntiqi olaraq möhkəm durmaq və ciddi davranmaq mənasında normal qəbul edir, lakin zorakılıq və aqresiya ilə müşayiət olunan müxalifət mənasında isə bunun tamamilə əleyhinədir.

Tələbələrdən daha birinin bütün hökumət strukturları, o cümlədən parlament, məhkəmə hakimiyyəti və dövlət teleradiosu üzərində nəzarətin vacibliyi ilə bağlı fikrini təsdiq edən Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Parlament və məhkəmə hakimiyyəti üzərində kontrolun hansı formada həyata keçirilməsi mühüm bir məsələdir. Tələbə ictimaiyyətinin fəalları bu mövzu ətrafında işləyib öz təkliflərini irəli sürə bilərlər”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər ortaya bir neçə sual və onların cavablarını qoyaraq universitetlərdə həmin mövzularda dəqiq müzakirələr aparılmasını istədi. Ali Məqamlı Rəhbərin ilk sualı aşağıdakı oldu: tələbələrin və inqilab tərəfdarı olan qüvvələrin inqilabın amallarına nisbəti nədən ibarətdir? Bu sualı cavablandıran Ali Məqamlı Rəhbər öncə inqilabın amallarının hansılar olduğunu və onların cəmiyyətdəki reallıqlarla nə kimi əlaqədə olduğunu açıqladı.

Həzrət Ayətullah Xamenei bir məqamı da qeyd etdi ki, gənclərin qüvvəsi, yüksək ruhu, cəsarəti və avanqardlıq həvəsi olmadan inqilabi ideyaların gerçəkləşməsinə nail olmaq mümkün deyil.

O, əlavə etdi: “Məhz buna görə də inqilabi ideyaların gerçəkləşməsində gənclərin rolunu ciddi qəbul etmək lazımdır. Çünki biz gənclərin həlledici güc və qabiliyyətə malik olduğuna qəti surətdə inanırıq”.

Müqəddimə olaraq yuxarıdakı məqamı qeyd etdikdən sonra Ali Məqamlı Rəhbər İslam İnqilabının amalları haqda danışdı. O dedi: “İslam dövlətinin kompleks şəkilli bir sıra amalları var ki, onların hamısının reallaşması üçün çalışmaq lazımdır. Lakin bu amalların da müxtəlif əhəmiyyətlilik dərəcəsi, prioritet ardıcıllığı var”.

İslam dövlətinin əsas və birinci dərəcəli amalı kimi ədalətli, mütərəqqi və mənəviyyatlı cəmiyyətə yetişməyi qeyd edən Həzrət Ayətullah Xamenei bu barədə daha ətraflı danışaraq aşağıdakıları qeyd etdi: “Ədalətli cəmiyyət elə bir cəmiyyətdir ki, orada həm rəsmilər xalqa qarşı ədalətli davransınlar, həm də xalq bir-birinə münasibətdə ədalətli olsun. Eyni zamanda bu cəmiyyət elm, siyasət, mədəniyyət sferalarında inkişaf etməli, mənəviyyat baxımından da yüksək səviyyədə olmalıdır”.

Belə bir amala yetişməyin tam real olduğunu və indiyə qədər bu istiqamətdə təqdirəlayiq nailiyyətlərin əldə edildiyini bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Belə bir cəmiyyət müsəlman və qeyri-müsəlman ölkələri üçün örnək olacaq”.

İslam dövlətinin bu başlıca amalından sonra gələn bəzi digər amallar haqqında danışan Ali Məqamlı Rəhbər aşağıdakıları dedi: “Müqavimət iqtisadiyyatı, cəmiyyətdə sabitlik və asayiş, daha qabaqcıl sənaye və kənd təsərrüfatı, ticarətin rövnəqlənməsi, elmi inkişaf, dünyada mədəni və siyasi nüfuzun əldə olunması – bütün bunlar İslam dövlətinin kompleks amalları sırasına daxildir və gerçəkləşməsi də tamamilə realdır”.

Həzrət Ayətullah Xameneinin ortaya qoyduğu ikinci sual isə amalların reallıqlara nisbəti ilə bağlı oldu. O dedi: “Misal üçün, sanksiyalar bir reallıqdır, digər tərəfdən isə iqtisadi inkişaf İslam dövlətinin amalları sırasına daxildir. İndi ortaya belə bir sual çıxır: sanksiyalar kimi bir reallıq mövcud olduğu halda, iqtisadi inkişaf necə mümkün ola bilər?”

O vurğuladı: “İdeallara can atmanın mövcud reallıqla qarşılıqlı münasibəti məsələsində biz həm birincini tamamilə dəstəkləyir, həm də reallıqları görmək lazım olduğunu təsdiqləyirik”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Reallıqları görmədən ideallara can atmaq illüziya və xülyapərəstliklə nəticələnəcək. Əlbəttə ki, reallıqla reallıq kimi təqdim olunanlar arasında fərq qoymaq lazımdır”.

O, qeyri-real şeylərin reallıq kimi təqdim olunmasının psixoloji müharibənin ənənəvi metodlarından biri olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Gözüaçıq olmağın funksiyalarından biri də budur ki, insan reallıqları olduğu kimi görsün və səhvə yol verməsin”.

“Psixoloji müharibənin daha bir texnikası bəzi reallıqları həddən artıq şişirtmək, bəzi digər reallıqları isə görməməzliyə vurmaqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Məsələn, intellektual elitanın bir hissəsinin ölkəni tərk etməsi bir reallıqdır, lakin bununla yanaşı, ölkədə istedadlı tələbələrin sayının diqqətə layiq dərəcədə artması reallığı da var. Buna baxmayaraq, xarici medianın təbliğatında  birinci reallıq şişirdilir, ikinci haqda isə heç bir vəchlə heç nə danışılmır”.

Həzrət Ayətullah Xamenei mövzudan alınan nəticə kimi aşağıdakıları vurğuladı: “İnqilabi ideyaların reallaşmasını arzulayan, öz növbəsində, reallıqları da görməyi bacaran fəal tələbə heç bir halda – nə qalibiyyətin şirinliyini, nə də məğlubiyyətin acısını daddıqda məyusluq, çarəsizlik, çıxmaza dirənmə hisslərinə qapılmamalıdır. Çünki düzgün ideyalara can atan və reallığı görməyi bacaran insan üçün çıxmaz yoxdur”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Mənim əziz tələbələrimizdən gözləntim budur ki, daim, istənilən şəraitdə həyata realist yanaşaraq inqilabi ideyalara doğru getsinlər”.

Həzrət Ayətullah Xamenei üçüncü sualını aşağıdakı kimi ifadə etdi: öhdənə düşən şəri vəzifəni əməl etməyə çalışmaqla istənilən nəticəni əldə etmək niyyətində olmağın nə kimi əlaqəsi var? Bu sualı cavablandırarkən o, İmam Xomeyninin (r.ə) məşhur bir fikrini – “Bizim məqsədimiz şəri vəzifəmizi yerinə yetirməkdir” deyimini xatırladaraq əlavə etdi: “Məgər bu cümlə imamın illərlə qatlaşdığı çətinlik və zəhmətlərə baxmayaraq, istədiyi nəticəni əldə etmək niyyətində olmadığı anlamına gəlir? Bu, əsla doğru deyil”.

Ali Məqamlı Rəhbər dedi: “Öhdənə düşən şəri vəzifəyə əməl etmək üçün düzgün şəkildə çalışmaq bu deməkdir ki, insan istədiyi nəticəni əldə etmək yolunda öz şəri vəzifəsinə uyğun olaraq hərəkət etsin, bu vəzifəyə zidd olan və şəriətə uyğun olmayan işlərdən çəkinsin”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İstədiyi nəticəni almaq üçün öz şəri vəzifəsinə uyğun olaraq hərəkət edən insan o nəticəni almasa da, özünü ziyana uğramış hesab edib peşmançılıq hissi keçirmir”.

Mövzunu yekunlaşdıran Ali Məqamlı Rəhbər dedi: “Şəri vəzifənə əməl etmək niyyətində olmaqla istədiyin nəticəni əldə etmək üçün çalışmaq arasında heç bir ziddiyyət yoxdur”.

Daha sonra Ali Məqamlı Rəhbər universitetlərdə yüksək əhval-ruhiyyə və dinamizm atmosferinin vacibliyi haqda danışdı. O dedi: “Bu sevinc və yüksək əhval-ruhiyyə atmosferi ali təhsil müəssisələrində, eləcə də elm, sosial həyat və siyasətin müxtəlif sferalarında özünü göstərməlidir”.

“Universitet ölkənin müxtəlif irimiqyaslı problemləri, eləcə də siyasi məsələlərlə bağlı axtarışların getdiyi bir məkan olmalıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Universitetlərdə yüksək əhval-ruhiyyə və canlılıq atmosferi yaratmağın yollarından biri də müxtəlif ölkədaxili və beynəlxalq problemlər ətrafında müzakirə və təhlillərin aparılması, bu problemlərin düzgün dərkidir”.

Həzrət Ayətullah Xamenei həmçinin qeyd etdi ki, universitetlərdə yüksək ruh və dinamizmin hökm sürməsi üçün zəmin yaradan amillərdən biri də başlıca əhəmiyyətə malik olan məsələləri düzgün müəyyən edə bilmək, onları ikinci və üçüncü dərəcəli məsələlərdən fərqləndirmək, prioritet təşkil etməyən məsələlərlə baş qatmamaqdır. O dedi: “Tələbə ictimaiyyəti dinamika yaradan, qızğın müzakirələri ilə problemlərin düzgün prioritetinin müəyyən edilməsində ölkə rəsmilərinə yardımçı ola bilər”.

Universitetlərdə həqiqi dinamika yaradan diskussiyalar üçün mövzu ola biləcək arqumentləri açıqlayan Ali Məqamlı Rəhbər iqtisadiyyat sferasında qəhrəmanlıq məsələsinə toxundu.

O, əlavə etdi: “İqtisadiyyat sferasında qəhrəmanlıq taleyüklü məsələlərdən biridir. Tələbələr bu məsələnin hüdudlarını və başlıca strategiyalarını dərindən araşdıraraq ölkənin inkişafına böyük kömək göstərə bilərlər”.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Əlbəttə ki, iqtisadiyyat sferasında qəhrəmanlıq bir neçə ay ərzində öz nəticəsini verəcək bir məsələ deyil. Bu cari ildə start verilməli olan uzunmüddətli bir prosesdir”.

O, əlavə etdi: “Müqavimət iqtisadiyyatı və həyat tərzi də həmin real mövzulardandır ki, onların müxtəlif aspektlərinin və hüdudlarının araşdırılması tələbə ictimaiyyətinə və universitetlərə yeni nəfəs bəxş edə bilər”.

Ali Məqamlı Rəhbər tələbə ictimaiyyətini islami oyanış mövzusunu və onun regiondakı enişli-yoxuşlu yolunu dərindən araşdırmağa çağıraraq aşağıdakıları vurğuladı: “İslami oyanış imperializmin antitezisləri ilə məhv olub aradan getməyəcək olduqca mühüm bir təzahürdür”.

Bəzi region ölkələrində baş verən hadisələrə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu hadisələr göstərdi ki həmin ölkələrdə islami oyanışın strateji dərinliyi var, amma proseslər düzgün idarə olunmadığı və səriştəsizliyə yol verildiyi üçün bu gün Misir kimi böyük bir ölkədə son dərəcə acınacaqlı bir vəziyyət hökm sürür”.

O, əlavə etdi: “Tələbə ictimaiyyəti və tələbə təşkilatları islami oyanışın gedişatı, imperializmin bu təzahürü əngəlləmək üçün göstərdiyi uzun-uzadı səylər, region ölkələrində yol verilmiş səhvlər ətrafında dərindən araşdırma aparmaqla və bu hadisələri İran İslam Respublikasının qurulma və möhkəmlənmə prosesi ilə müqayisə etməklə ölkəyə və xalqa xidmət göstərə bilərlər”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İslam dövlətinin strateji dərinliyinin tədqiqi və şərhi universitetlərə yeni ideyaların irəli sürülməsi baxımından dinamiklik bəxş edə biləcək digər mövzulardandır.

O dedi: “Regiondakı vəziyyətə real baxdıqda görünür ki, bəzi mövzular islam dövlətinin daha da möhkəmlənməsinə səbəb olub və İslam Respublikasının strateji dərinliyinin göstəricisidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi : “İmam Xomeyninin ölkədən xaricdə inqilab ocaqlarının yaradılması barədə irəli sürdüyü açıq-aydın fikirlərdə elə bu strateji dərinliyin formalaşdırılması nəzərdə tutulurdu. Bu gün imperializm çaşqınlıq içində buna qarşı mübarizə aparsa da, heç nəyə nail ola bilməyəcək”.

Ali Məqamlı Rəhbər İslamın düşmənlərinin şiə və sünnilər arasına ixtilaf və düşmənçilik salmağa çalışdıqlarını xatırladaraq dedi: “Şiələrin İslam Respublikasının təbii dayağı olduqlarını güman etdikləri üçün dünyanın müxtəlif məntəqələrində onları əzirlər. Lakin düşmənlər bilmirlər ki, əksər ölkələrdə sünni qardaşlarımız İslam dövlətini daha güclü dəstəkləyirlər”.

Çıxışının bu hissəsini yekunlaşdıran Həzrət Ayətullah Xamenei üzünü tələbə ictimaiyyətinə tutaraq aşağıdakıları əlavə etdi: “Həyatın reallıqlarını əks etdirən ictimai-siyasi məsələlər universitetlərə dinamizm və canlanma gətirə bilər. Bu istiqamətdə aparılan müzakirələrin nəticəsini isə elmi məhsul kimi rəsmilərə təqdim etmək olar”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər elmi fəaliyyətin universitetlərdə gerçək dinamikliyi artıra biləcək digər bir sfera olduğunu dedi.

O, əlavə etdi: “Elmi inkişafa olan ehtiyac ölkənin birinci dərəcəli və əsas ehtiyacıdır. Biz elmimizdə son 10 ildə müşahidə olunmuş inkişaf prosesini daha da sürətli templə davam etdirməliyik”.

Elmi nailiyyətlərin iqtisadi, siyasi və sosial problemlərin həllinə yol açacağını qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Ali təhsil müəssisələrində və ümumilikdə ölkədə elmi inkişaf istiqamətində görülən işlər cihad əzmi ilə yerinə yetirilməlidir”.

Ali Məqamlı Rəhbər tələbələri məktəb yaratmış, dəyərli professorlarla əlaqələrini artırmağa, sağlam təfəkkürlü, etimada layiq qabaqcıl düşüncə adamları ilə tez-tez ünsiyyətdə olmağa, intellektual araşdırmalarını gücləndirməyə çağırdı.

Görüş zamanı Ali Məqamlı Rəhbərin çıxışından öncə universitetlərdə fəaliyyət göstərən elmi, siyasi, mədəni və Quran təmayüllü tələbə təşkilatlarının aşağıda adları sadalanan 12 nümayəndəsi müxtəlif məsələlərlə bağlı rəy və görüşlərini ifadə etdilər:

- Əbülfəzl Çəməndi – Tələbə İslam Cəmiyyətləri Birliyinin təmsilçisi;

- Süheyl Əzimi – Quran fəallarının təmsilçisi;

- Mustafa Dini – Tehran Universitetinin və Tehran Tibb Elmləri Universitetinin Tələbə İslam Assosiasiyasının nümayəndəsi;

- Əhməd Məddahi – Tələbə Bəsic Təşkilatının təmsilçisi;

- Məhəmməd Rizayəti – Müstəqil Tələbə İslam Təşkilatları Assosiasiyasının təmsilçisi;

- Mehdi Zeynalu – qabaqcıl elm xadimi;

- Əli Məhəmmədzadə – Ədalətpərvər Tələbələr Hərəkatının təmsilçisi;

- Əmin Abbas – Azad İslam Universitetində fəaliyyət göstərən İslam təşkilatlarının nümayəndəsi;

- Mustafa Sadiqifər – Vəhdətin Möhkəmləndirilməsi İdarəsinin nümayəndəsi;

- Məhəmmədmehdi Kəraməti – elmi işçi, doktorantura tələbəsi;

- Həmidrza Salehiyan – tələbə cihad dəstələrinin təmsilçisi;

- Xanım Fərzanə Fərşidnik – elmi assosiasiyaların nümayəndəsi.

Çıxış edənlər, əsasən, aşağıdakı məqamları vurğuladılar:

- 1388-ci il iğtişaşlarının səbəbkarlarını təmizə çıxarmaq üçün ictimai fikir formalaşdırmağa çalışan bəzi cərəyanların və onların himayədarlarının qınanması;

- Hökumətin xidmətlərini sual altına salmağa səy göstərən bəzi şəxslərin və cərəyanların tənqidi;

- Yeni seçilmiş prezident tərəfindən irəli sürülən mötədillik prinsipinin mahiyyətinin onun tərəfindən dəqiq və aydın formada açıqlanmasının lazımlılığı;

- Azad fikir klublarının əməli fəaliyyətini təmin etmək üçün islami fikir mərkəzlərinin yaradılmasının zəruriliyi;

- Universitetlərdə intellektual, elmi, yüksək ruhlu və azad atmosferin mövcudluğu;

- İqtisadi problemlərin həlli və sanksiyaların ortadan qaldırılması bəhanəsi ilə ortaya atılmış Amerika ilə müzakirələrə getmək məsələsinə qarşı sayıq olmağın vacibliyi;

- Azad fikir klublarına qeyri-düzgün, formal, yuxarıların göstərişi ilə icra olunan bir iş kimi yanaşmağın tənqidi;

- Universitetlərin islamiləşdirilməsi məsələsinə düzgün yanaşmağın vacibliyi;

- Müxtəlif siyasi təmayüllü, tənqidi yanaşmaya malik tələbə təşkilatlarının fəaliyyəti üçün lazımi şərait yaradılması;

- Quran müəllimləri və Quran ustadları yetişdirəcək pedaqoji universitetin yaradılması təklifi;

- Universitetlərdə fakültələrə uyğun olaraq dini bilgilər kurslarının keçilməsi;

- 1388-ci ildə baş vermiş hadisələrin gedişində hökumətə, inqilaba və xalqa böyük zülm edilməsinin, yaranmış gözəl fürsətin əldən verilməsinin tənqidi və iğtişaşçıları təmizə çıxarmaq səylərinin qınanması;

- Düzgün ictimai, siyasi, iqtisadi və mədəni hərəkət kursunun meyarı kimi, İmam Xomeyni (r.ə) diskursunun nəzəri hüdudlarının ətraflı şərh edilməsinin əhəmiyyəti;

- Ölkə elminin sürətli və sıçrayışlı inkişaf tempini davam etdirmək üçün universitetlərdə sakit, siyasətdən uzaq atmosferin qorunub saxlanmasının və gücləndirilməsinin lazımlılığı;

- Universitetlərdə rəhbərliyin çox vaxt iş yerində tapılmaması ilə bağlı gileylər;

- Tələbə hərəkatlarının daha əvvəlki hökumət administrasiyalarında olduğu kimi, 11-ci hökumətin fəaliyyətinə qarşı da diqqətli, tənqidi və insaflı nəzarəti;

- Şəri vəzifəsini yerinə yetirmək niyyətində olmaqla  gördüyün işdən real nəticə almaq niyyətində olmağın hüdudlarının açıqlanmasının vacibliyi;

- Yeni elm nazirini seçərkən siyasi və fraksion yanaşmalardan çəkinməyin əhəmiyyəti;

- 1392-ci il xordad seçkilərində ölkənin seçki sisteminin tam sağlam və şəffaf fəaliyyət göstərdiyinin yenidən isbatlanması, fitnəkar ünsürlərin yalanlarının ifşası;

- Medianın ölkənin müxtəlif regionlarına, özəlliklə də yoxsul regionlara ədalətli yanaşmaması ilə bağlı gileylər;

- Özəl, kooperativ və dövlət sektorlarına kompleks şəkildə və balanslaşdırılmış formada yanaşmağın əhəmiyyəti;

- Xarici siyasətdə qeyri-hökumət təşkilatlarının, yaxud xalq diplomatiyasının potensialından istifadə;

- Bəzi hökumət strukturlarının mədəni sferada həyata keçirilən tədbirlərə formal yanaşmasının tənqidi;

- Bəzi hökumət qüvvələrinin, qurum və strukturların öz fəaliyyətləri ilə bağlı hesabat vermək, sual doğuran məqamlara aydınlıq gətirmək istəməməsinin tənqidi;

- Keşikçi Şuranın namizədliyin qəbul olunmasının kriteri və meyarlarının şəffaf surətdə açıqlanmasına diqqət yetirməsinin vacibliyi;

- Prezident seçkilərinin gedişində bəzi cərəyanların və ayrı-ayrı şəxslərin sərgilədiyi davranışların təhlükəlilik baxımından dəyərləndirilməsi;

- Hakimiyyətin üç qolu və hökumət qurumları üzərində həyata keçirilən strukturlaşdırılmış nəzarətin hüdudlarının müəyyən edilməsinə ehtiyac duyulması;

- Qanunçuluq diskursunun ölkənin bütün sferaları üzərində hakim olmasının, Konstitusiyaya qeyd-şərtsiz əməl olunmasının vacibliyi;

- Siyasi sferada və Konstitusiyanın 44-cü maddəsinin icrasında olduğu kimi, iqtisadi sferada qəhrəmanlığın gerçəkləşdirilməsi istiqamətində də xalqa rol ayırmağın vacibliyi;

- Universitetlərdə bəzi tələbə təşkilatlarına qarşı ayrı-seçkiliklə rəftar olunması ilə bağlı gileylər;

- Siyasi görüşlər zəminində qarşıdurmaların qarşısının alınması üçün universitetlərdə yüksək ruh və optimizm atmosferini hansı yollarla təmin etmək lazım olduğunu ətraflı şərh etməyin vacibliyi;

- Humanitar elmlər sahəsində əsas mənbə kimi istifadə edilən tərcümə əsərlərinə ciddi diqqət yetirilməsinin, ölkədə sözügedən istiqamətdə elmi fəaliyyətə təkan verilməsi üçün lazımi zəmin yaradılmasının vacibliyi;

- İslam İnqilabının diskursunu xalqın müxtəlif təbəqələri arasında daha da geniş yaymaq üçün bu diskursu əks etdirən ədəbiyyatın yeniləşdirilməsinin əhəmiyyəti;

- Universitetlərin maliyyə mənbələrini təmin etmək və sistemləşdirmək üçün kompleks layihənin işlənib hazırlanmasının vacibliyi;

- Ölkə administrasiyasının müxtəlif müstəvilərində tələbələrin potensialından istifadə olunması;

- İslami həyat tərzinin cəmiyyətdə reallaşdırılmasına nail olmaq üçün dini tematikalı incəsənətə, dini əqidəyə malik mütəxəssislərə daha artıq diqqət yetirilməsi;

- Cihad ordularının mədəni sferada fəal kadrların, görkəmli istedadların yetişdirilməsi kimi müsbət nəticələrinin müşahidə olunması;

- Kəndlərə və yoxsul regionlara daha artıq diqqət yetirilməsinin vacibliyi və kənd televiziya şəbəkəsinin fəaliyyətə başlaması təklifi;

- Cihad hərəkatlarından lazımınca bəhrələnmək, onlara dəstək olmaq üçün qeyri-hökumət əsaslı, sinfi istiqamətli bir qurumun təsis edilməsinə ehtiyac duyulması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /