Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqının möhtəşəm və tarixi hərəkatı bu gün bəşəriyyətin böyük toplumlarına ilham verir

İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyə mədəniyyət və incəsənət adamlarının, fars dili və ədəbiyyatı ustadlarının, ölkənin qocaman və gənc şairlərinin, habelə Əfqanıstan, Tacikistan və Hindistanın farsdilli şairlərindən bir qrupunun bir araya gəldiyi gözəl bir məclisə ev sahibliyi etdi.

Görüş zamanı çıxış edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran poeziyasında ardıcıl irəliləyişin və diqqətəlayiq inkişafın müşahidə olunduğunu qeyd edərək dedi: “Poeziya incəsənətin ən mühüm və qabarıq rola malik olan sahələrindən biridir. Ölkədə cərəyan edən başlıca proseslərə, İslam İnqilabının möhtəşəm, tarixi, ilhamverici hərəkatına münasibətdə şairlərin çiyninə böyük məsuliyyət düşür. Onlar çalışmalıdırlar ki, bu son dərəcə qürurverici, heç vaxt aktuallığını itirməyən sənət o böyük məsuliyyətin yerinə yetirilməsinə xidmət etsin”.

“Şeirin yaranmasında əsas rol oynayan üç başlıca amil şairin bəşəri hissləri, daxili narahatlıqları, təfəkkürü və müdrikliyidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Poetik və aşiqanə duyğuların, habelə gündəlik həyatda mövcud olan iztirab və  narahatlıqların ifadəsi rəsmən şeiri təşkil edən iki əsas komponent kimi qəbul olunur. Lakin bu iki komponentdə ifratçılığa yol verərək şeirdə müdriklik və düşüncəni arxa plana keçirmək olmaz”.

Ali Məqamlı Rəhbər fars poeziyasının Sədi, Hafiz və Saib kimi dahi nümayəndələrinin yaradıcılığına toxunaraq aşağıdakıları qeyd etdi: “Bu böyük şairlərin yaratdığı sənət nümunələrində hiss və narahatlıqların bəyanı vardır, lakin onların şeirləri başdan-başa dərin düşüncə və müdrikliklə yoğurulmuşdur. Şeiri və şairi zirvələrə ucaldan da, əslində, elə müdrik düşüncədir”.

O vurğuladı: “Şeirdə dini təlimlərin, islami həyat tərzinin, müdrikliyin və zəruri məsələlərin insanlara aşılanması diqqətdən kənarda qalmamalıdır”.

Cəmiyyətdə gedən proseslərə münasibətdə şairlərin də çiyninə məsuliyyət düşdüyünü qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün İran xalqının möhtəşəm və tarixi hərəkatı bəşəriyyətin böyük toplumlarına ilham verir. İslam İnqilabı, beynəlxalq imperializm sisteminə və dünyadakı hegemon qüvvələrin zorakılığına qarşı müqavimət kimi məsələlər şairlərin yaradıcılığında öz əksini tapmalıdır”.

Ali Məqamlı Rəhbər poeziyada əks edilməsi vacib olan digər mühüm mövzular sırasında İran xalqının 8 illik Müqəddəs Müdafiə dövründə, habelə İslam cəmiyyətinin quruculuğu, həyat tərzinin islahı, milli qüdrətin formalaşdırılması prosesinin gücləndirilməsi yolunda həyata keçirdiyi cihadı, islami oyanış və Fələstinə dəstək kimi məsələləri də qeyd etdi.

Həzrət Ayətullah Xameneinin ölkənin ədəbi ictimaiyyətinə son tövsiyəsi uşaq və yeniyetmə şeirinə xüsusi diqqət yetirməyin vacibliyi ilə bağlı oldu.

“İslami və siyasi müdriklik anlayışlarını özündə ehtiva edən uşaq şeiri poeziya sahəsinin mühüm və vacib məsələlərindən biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Gənc istedadlar yetişdirməklə yanaşı, fars şeirində İran insanına və İslam dininə xas müdrikliyə də yer vermək lazımdır”.

Həzrət Ayətullah Xameneinin çıxışından öncə şairlərdən bir neçəsi əxlaqi, dini, siyasi, inqilabi və ictimai məzmunlu şeirlərindən oxudular.

Görüşün ilk dəqiqələrində şairlər Ali Məqamlı Rəhbərlə səmimi bir atmosferdə yaxından söhbət etdilər.

Həmçinin iştirakçılar Ali Məqamlı Rəhbərin imamətliyi ilə məğrib və işa namazlarını qılıb, onunla birlikdə iftar etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /