Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İqtisadiyyat məsələsi və elmi inkişafın davam etdirilməsi bütün rəsmilərin işində prioritet olmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri ilə bu gün (bazar ertəsi) günortadan sonra keçirdiyi görüşdə qeyd etdi ki, icraiyyə vəzifəsinin bir administrasiyadan digərinə ötürülməsi ölkədə gedən müxtəlif proseslərdə İmam Xomeyni (r.ə) diskursuna uyğun tendensiyanın davam etdirilməsi üçün mübarək bir fürsətdir. O, ölkənin tarixi və hazırkı reallıqları haqda danışaraq aşağıdakıları vurğuladı: “İqtisadiyyat məsələsi və elmi inkişafın davam etdirilməsi bütün rəsmilərin işində prioritet olmalıdır”.

Çıxışının əvvəlində İslam ümmətinə daha bir Ramazan ayını yaşamağı, bu ayın bərəkətlərindən faydalanmağı nəsib etdiyi üçün Uca Yaradanın dərgahına şükürlər edən Ali Məqamlı Rəhbər dedi: “İnsanın öhdəsinə düşən vəzifələrdən biri də budur ki, Allahın ona nəsib etdiyi hər bir uğur və lütfdən sonra Tanrı dərgahına dua və yalvarışlarını daha da artırsın”.

Allahın İran xalqına nəsib etdiyi ardıcıl uğur və qalibiyyətlərə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həmin ilahi lütflərə son nümunə olaraq, prezident seçkilərində xalqımızın yaratmağa müvəffəq olduğu siyasi qəhrəmanlığı göstərmək olar. Bu böyük qəhrəmanlığın təsirləri müxtəlif sferalarda tədricən özünü büruzə verəcək”.

İran xalqının böyük siyasi hərəkatının mübarək Ramazan ayına yaxın bir dövrə təsadüf etməsini də Allahın nəsib etdiyi bir uğur adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Rəhmət və bağışlanma, Allaha qayıdış və tövbə ayı olan Ramazan ayı bütün bərəkətli dua, ibadət və əməlləri ilə insanın öz Yaradanına daha artıq diqqət yetirməsi, Ona olan dua və yalvarışlarını daha da artırması üçün zəmin yaradır. Bu böyük və müstəsna fürsətdən hər birimiz maksimum dərəcədə bəhrələnməliyik”.

“İstər problem və çətinliklər, istərsə də rahatlıq və rifah şəraitində daim Allahı yad etmək insanın irəliyə doğru gedərək kamilləşməsini qarant altına alır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları da qeyd etdi: “Allaha olan bu diqqət və təvəssül işlə, əməllə sonuclanmalıdır. Belə olsa, ətalət, yerində saymaq, ümidsizlik və geriləmə kimi hallar olmaz”.

Allaha diqqət və təvəssülün nəticəsi olaraq iş görmək, əməl etmək üçün səbir və təvəkkül tələb olunduğunu bildirən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Səbrin mənası mətinlik, mübarizlik və qarşıya qoyulan hədəfi yaddan çıxarmamaqdır. Təvəkkül isə bir işi yerinə yetirib, nəticəsini Allahdan istəməkdir”.

Ali Məqamlı Rəhbər şəxsi işlərdə, eləcə də ölkənin idarəçiliyində səbir və təvəkkülün roluna toxunaraq bu iki anlayışın insan həyatında öz əksini tapması üçün bir neçə əsas və başlıca amilin tələb olunduğunu bildirdi. O dedi: “Birinci amil düzgün istiqamət seçmək və tutduğun düzgün kursu qoruyub saxlamaqdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Düzgün hərəkət kursu seçilməsə, bitib-tükənmək bilməyən səylərimiz nəinki bizi bir nəticəyə çatdırmaz, üstəlik hətta hədəflərimizdən də uzaqlaşdırar”.

Ölkənin idarəçiliyində düzgün istiqaməti necə müəyyən etmək lazım olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) vəfatının ildönümünə həsr olunmuş builki mərasimdə səsləndirdiyi fikirləri bir daha xatırladaraq dedi: “Həmin gün vurğuladığımız kimi, İmam Xomeyninin diskursunu əks etdirən mötəbər mənbələr əsasında inqilabın və ölkənin bütün sferalarda düzgün hərəkət istiqaməti müəyyən olunmuşdur və bunun üçün yenidən hansısa araşdırmalar aparmağa ehtiyac yoxdur”.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin mükəmməl, dərin zəkalı, geniş məlumatlı bir mütəfəkkir və fəqih olduğunu bildirərək dedi: “İmam Xomeyninin diskursu onun bəyanatlarında, yazılarında və əsərlərində, o cümlədən vəsiyyətnaməsində tam aydın şəkildə əks olunub və cəmiyyətin görkəmli simaları, ziyalılar, rəsmilər və sadə xalqın nümayəndələri tərəfindən əsas meyar kimi qəbul olunur. Əlbəttə ki, bəzən imamın görüşləri ilə bağlı yanlış interpretasiyalar da irəli sürülür ki, bu da mənfi və təhlükəli bir haldır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İmamın müəyyənləşdirdiyi düzgün tendensiyalar iri və kiçik miqyaslı idarəçilik siyasətlərində əsas və qabarıq rola malik olmalıdır”.

Ölkənin idarəçiliyində səbir və təvəkkülün müşahidə olunması üçün gərəkli olan amillər haqqında söhbətini davam etdirən Ali Məqamlı Rəhbər bütün qüvvə və vasitələrin işə cəlb edilməsi, həmçinin prioritetlərin müəyyən edilməsi məsələlərinə toxundu. Daha sonra o, ölkədəki reallıqların ümumi şəkildə təhlilinə keçdi.

Çıxışının bu hissəsində Həzrət Ayətullah Xamenei ilk olaraq hökumət administrasiyasının mərhələ-mərhələ bir komandadan digərinə ötürülməsini müsbət və mübarək bir proses adlandırdı. O dedi: “İqtidarın paylaşdırıldığı bir meydana müxtəlif görüşlərin, siyasi meyllərin və təşəbbüslərin daşıyıcısı olan fərqli insanların daxil olması sevindirici bir hal və böyük bir şansdır. Bu şansdan layiqincə istifadə etmək lazımdır”.

Ali Məqamlı Rəhbər həmçinin əlavə etdi: “Əlhəmdulillah, 1388-ci (2009) il istisna olunmaqla müsəlman İranında hökumət administrasiyasının bir komandadan digərinə ötürülməsi həmişə asayiş, sevinc və mehribanlıq şəraitində baş tutub. Həmin il isə bəzi ünsürlər böyük bir səhvə yol verərək ölkəni az qala uçuruma sürükləmişdilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, yeni ideya və təşəbbüslərlə işə başlayan hökumət nümayəndələri və kollektivlər o zamana qədər həyata keçirilmiş işlərdən istifadə edərək ölkəni daha da yüksək məqamlara çatdırmalıdırlar.

Hazırkı hökumətin bir sıra diqqətəlayiq işlər gördüyünü qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Hakimiyyətə gələn hər bir yeni administrasiya özündən əvvəlki administrasiyanın fəaliyyətinə müsbət yanaşmalıdır. Növbəti hökumət də çalışıb elə hazırkı qədər və ya ondan qat-qat çox uğurlu işlər görə bilsə, nə qədər yaxşı olar”.

Daha sonra ölkədəki vəziyyətə ümumi bir nəzər salan Ali Məqamlı Rəhbər 7 reallığa diqqət çəkdi.

Ali Məqamlı Rəhbərin ölkənin hazırkı vəziyyəti ilə bağlı qeyd etdiyi ilk 3 reallıq aşağıdakılar oldu: 1. əlverişli coğrafi mövqe; 2. qürurverici tarixi keçmiş və qədim, köklü mədəniyyət; 3. zəngin təbii resurs və ehtiyatlar, istedadlı insan potensialı.

Dördüncü reallığı şərh edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Son 2-3 əsrdə İran daxili istibdad və diktatura, o cümlədən xarici siyasət və mədəniyyətin müdaxiləsi və hücumları sarıdan ağır zərbələr alıb. Ölkənin ümumi vəziyyətini analiz edərkən istənilən halda bu reallığı diqqətə almaq lazımdır”.

Məşrutə, neft sənayesinin milliləşdirilməsi hərəkatı və İslam İnqilabından ibarət 3 mərhələdə getmiş milli oyanış prosesini daha bir reallıq olaraq qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Məşrutə dönəmindəki milli qiyam və neft sənayesinin milliləşdirilməsi naminə gedən hərəkat məğlubiyyətlə üzləşdi. İslam İnqilabının qələbəsi və İran İslam Respublikasının təşkili isə ölkəmizin yadellilərin hücumları sarıdan aldığı zərbələrə qətiyyətli bir cavab idi”.

Həzrət Ayətullah Xamenei siyasət, iqtisadiyyat, elm və mədəniyyət sferalarındakı uğurlu irəliləyiş təcrübəsinin ölkədəki vəziyyətin kompleks təhlili zamanı diqqətə alınması vacib olan 6-cı reallıq olduğunu bildirdi.

O, əlavə etdi: “Heyrətamiz elmi nailiyyətlər, regional və nəticə etibarilə qlobal məsələlərə danılmaz təsir gücü, quruculuq sferasındakı heyrətamiz uğurlar, diktatura dövrü ilə müqayisədə mədəniyyət sahəsində 180 dərəcəlik çevrilişin baş verməsi ölkəmizin və xalqımızın son 30 ildə uğurlu inkişaf yolu keçdiyini göstərən faktlardır”.

“Dinə əsaslanan, sağlam xalq hakimiyyəti daxili siyasətin ən böyük uğurlarından biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Hökumətlə parlamentin həqiqətən əl-ələ verərək sağlam bir şəraitdə, Qərbdə geniş yayılmış hiylə və yalanlara yol vermədən işləməsi İran xalqı və İslam dövlətinin dünyaya təqdim etdiyi yeni və dəyərli bir modeldir”.

Ölkə daxilində əldə olunmuş uğurlarla bağlı fikirlərini davam etdirən Ali Məqamlı Rəhbər ölkənin gələcəyinin ümid dolu, gəncliyinin isə yüksək əhval-ruhiyyəli olduğunu qeyd etdi və mövzuya əlavə olaraq aşağıdakıları vurğuladı: “Yeni nəslin yaranması ilə bağlı proqnozlaşdırılan demoqrafik problem, mütəxəssislərin dediyinə görə, İranı əhalinin yaşlanmasına və bir sıra problemlərə düçar edəcək böyük bir təhlükədir. Bunun qarşısını almaq lazımdır”.

Bununla əlaqədar olaraq, Həzrət Ayətullah Xamenei deputatların sözügedən problemin həlli ilə bağlı hazırda parlamentdə baxılan layihəyə daha da diqqətli yanaşmasını istədi.

Ali Məqamlı Rəhbərin ölkədəki ümumi vəziyyətlə bağlı qeyd etdiyi sonuncu reallıq İslam Respublikasının çoxlu sayda qüvvəni özündə birləşdirən böyük bir düşmən cəbhəsi ilə üz-üzə olması oldu. O dedi: “İrtica, imperializm, bəzi Qərb dövlətlərinin başçıları və region ölkələrindən bəzilərinin iradəsiz rəsmiləri indiyə qədər heç bir ölkənin əleyhinə rast gəlinməmiş böyük bir cəbhədə birləşərək İran xalqının önündə durublar”.

Daha sonra Həzrət Ayətullah Xamenei qeyd etdiyi bu 7 reallığın ölkənin gələcək kursunu müəyyənləşdirdiyini deyərək aşağıdakıları vurğuladı: “Qeyd etdiyim reallıqlar onu göstərir ki, yaşadığımız onillik, doğrudan da, tərəqqi və ədalət onilliyinə çevrilə bilər. Bu sahədə rəsmilərin, rəhbər kadrların fəaliyyəti və təşəbbüsləri Allah tərəfindən verilən nemət və fürsət hesab olunur”.

Fikrini, bir növ, yekunlaşdıran Ali Məqamlı Rəhbər dedi: “Ardıcıl inkişafa nail olmaq, hədəf və ideallara doğru irəliləməyə davam etmək üçün səbir və təvəkküllə, düşmən cəbhəsinə qarşı mətin duraraq ölkənin daxili gücünü artırmalı, mili iqtidarı möhkəmləndirməliyik”.

Milli iqtidarı möhkəmləndirən amillərin hansılar olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei bildirdi ki, xalqla rəsmilər güclü əzmə malik olmalı, problemlər və düşmənlər qarşısında sarsılmamalıdırlar. O vurğuladı: “Rəsmilər düşmənin siyasət, iqtisadiyyat və təbliğat sferasındakı narazı və aqressiv davranışları qarşısında heç bir vəchlə sarsılmamalıdırlar”.

Həzrət Ayətullah Xamenei ölkənin hazırkı prioritetləri ilə bağlı aşağıdakıları dedi: “Yüksək ranqlı rəsmilər, hökumətin siyasətlərini müəyyənləşdirən şəxslər və ümumilikdə ölkənin bütün rəsmiləri hazırkı şəraitdə diqqəti iki əsas prioritetə: iqtisadiyyat və elmi inkişafa yönəltməlidirlər”.

O, əlavə etdi: “Bu ilin şüarının bir hissəsi də iqtisadi sferada qəhrəmanlıqdır. Ümidvarıq ki, siyasətdə olduğu kimi, rəsmilərin səyi nəticəsində iqtisadiyyatda da tarixi bir qəhrəmanlıq reallaşacaq”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Əlbəttə ki, iqtisadi sferada qəhrəmanlıq qısa zaman ərzində reallaşacaq bir iş deyil, lakin prosesə start vermək lazımdır”.

Həzrət Ayətullah Xamenei digər prioritet, yəni elmi inkişafla bağlı aşağıdakıları dedi: “Ötən 10 il ərzində ölkə elminin inkişaf tempi çox yaxşı olub. Bu prosesin yavaşımasına imkan vermək olmaz, çünki arzulanan səviyyəyə çatmaq, dünya elminin ön sıralarında yer almaq üçün bu qaneedici sürət tempini qoruyub saxlamağımız lazımdır”.

Çıxışının son hissəsində dünyaya inteqrasiya mövzusuna toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları dedi: “Biz həmişə dünyaya inteqrasiyanın mühüm və vacib bir məsələ olduğunu düşünmüşük və indi də bu fikirdəyik. Lakin bu məsələdə mühüm bir məqam ondan ibarətdir ki, qarşı tərəfi tanımaq, hədəflərinə və işlətdiyi taktikalara bələd olmaq lazımdır. Çünki qarşımızdakının kim olduğunu doğru-dürüst bilməsək, bizə badalaq qura bilərlər”.

O həmçinin vurğuladı: “Dünya ilə əməkdaşlıq edərkən – bəzən mənafeyimiz naminə üzlərinə vurmasaq belə – düşmənlərimizin işləklərini də yaddan çıxarmamalıyıq”.

Amerika rəsmilərinin İranla danışıqlarla bağlı səsləndirdikləri son fikirlərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu ilin əvvəlində də mən qeyd etdim ki, Amerika ilə danışıqlara nikbin yanaşmıram. Hərçənd ötən illərdə İraq məsələsi kimi konkret məsələlərdə Amerika ilə müzakirələri qadağan etməmişəm”.

O vurğuladı: “Amerikalılar məntiqsizdirlər, etimada layiq deyillər və mövqelərində dürüstlük nümayiş etdirmirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika rəsmilərinin ötən bir neçə ay ərzində sərgilədiyi mövqelər onlara nikbin yanaşmamağın zəruri olduğunu bir daha təsdiqlədi”.

O həmçinin aşağıdakı fikirləri də vurğuladı: “Dünyaya inteqrasiyada hünər odur ki, öz yoluna davam edə biləsən və qarşı tərəf sənin hərəkətinə mane ola bilməsin. Dünyaya inteqrasiya olunmaq səni öz yolundan döndərirsə, bu, uğur yox, ziyandır”.

Həzrət Ayətullah Xamenei regionda gedən proseslərin də mühüm əhəmiyyətə malik olduğunu bildirərək dedi: “Rəsmilər bu məsələləri də diqqətdə saxlamalıdırlar”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı cənab Mahmud Əhmədinejad hökumətin müxtəlif sferalarda 8 illik fəaliyyəti haqda geniş hesabat verdi. Ölkə başçısının 21 suala cavab formasında tərtib olunmuş hesabatında hökumətin 8 illik fəaliyyəti əvvəlki administrasiyaların fəaliyyəti ilə müqayisə olunurdu. Əlbəttə ki, ölkə başçısı aşağıdakıları da vurğuladı: “Bizim rəhbərliyimiz altında çalışan hökumətin fəaliyyətini əvvəlki hökumətlərin fəaliyyəti ilə müqayisə etməyimiz o demək deyil ki, biz onların dəyərli xidmətlərini inkar edirik”.

Ölkə başçısının ilk sualı 9-cu və 10-cu hökumətlərin fəaliyyət göstərdiyi şərait və xarici amillərin bu şəraitə təsiri ilə bağlı oldu.

Bu sualın cavabında cənab Əhmədinejad hökumətin iş şəraitinə iki xarici amilin –qlobal iqtisadi böhranın və genişmiqyaslı iqtisadi sanksiyaların mühüm təsir göstərdiyini qeyd etdi. Ölkə başçısı həmçinin bildirdi ki, hökumətin fəaliyyətinə daxili vəziyyətin – son illər müşahidə olunmuş quraqlığın, 1388-ci (2009) ildə yaşanan siyasi gərginliklərin və bəzi cərəyanların yalnız mənfi cəhətləri qabartmaq meyllərinin də əhəmiyyətli dərəcədə təsiri olmuşdur.

Ölkə başçısının 2-ci sualı son 8 ildə ölkədə insan inkişafı ilə bağlı vəziyyətə həsr olunmuşdu. Sualı cavablandıran ölkə başçısı beynəlxalq qurumların təqdim etdiyi statistik rəqəmlərə toxunaraq dedi: “BMT-nin ötən il nəşr etdiyi hesabata əsasən, İran insan inkişafı indeksinə görə 94-cü pillədən 76-cı pilləyə irəliləmişdir. Statistikaya görə, ölkəmizdə gözlənilən həyat müddəti indeksi 1384-cü (2005) ildə 70.2 ilə bərabər olmuş, 1391-ci (2012) ildə bu göstərici 73.2 ilə yüksəlmiş, adambaşına düşən gəlir göstəricisi də eyni illərdə 9144 dollardan 12623 dollara qədər artmışdır”.

Ölkənin elm və texnologiya sahəsində əldə etdiyi nailiyyətlərə, 9-cu və 10-cu hökumətlərin bu sahədəki xidmətlərinə toxunan cənab Əhmədinejad dedi: “Fəlsəfə doktoru hazırlığı üzrə qəbul planının 7 dəfə artırılması, yeni texnologiyalarla dərman istehsalının 12 dəfə artması, İranın dünya tibb elminin inkişafındakı payının 3.7 dəfə yüksəlməsi, habelə ölkənin müxtəlif sahələrin, özəlliklə də nano-texnologiyaların inkişafı baxımından dünya ölkələri içərisində 35-ci yerdən 8-ci yerə irəliləməsi elm və texnologiya sahəsində qazanılmış nailiyyətlərin göstəricisidir”.

Cənab Əhmədinejad bildirdi ki, İranın dünya üzrə peyk istehsal etmək və kosmosa peyk buraxmaq üçün gərəkli elm və texnologiyaya malik olan azsaylı ölkələrin sırasına qoşulması, habelə nüvə enerjisi sahəsində qazanılmış diqqətəlayiq nailiyyətlər ölkənin son 8 ildəki sürətli elmi inkişafına bariz nümunədir. O dedi: “Ali təhsil sahəsində elə bir səviyyəyə çatmışıq ki, qəbul planı abituriyentlərin sayını üstələyir”.

Daha sonra ölkə başçısı hökumətin məşğulluğun artırılması sahəsində gördüyü işlərlə bağlı statistikanı təqdim etdi. O dedi: “Tez səmərə verən kiçik firmaların təşkili, Məşğulluq İmkanlarına Dəstək Fondunun, İmam Rza (ə) adına Fondun və Kooperasiya Bankının təsis edilməsi kimi layihələr sayəsində son 8 ildə ümumilikdə ölkədə işsizlik göstəricisi ortalama 11.4 faiz olmuşdur. Bu, 7-ci və 8-ci hökumətlərin fəaliyyət dövrü ilə müqayisədə işsizlik səviyyəsinin azaldığını göstərir”.

Cənab Əhmədinejad 40 milyondan artıq insana ədalət səhmlərinin, fəhlələrə isə 1240 milyard tümən məbləğində seçimli səhmin verilməsini, subsidiyaların istiqamətləndirilməsi layihəsinin ilk mərhələsinin icrasını hökumətin sosial ədalətin gerçəkləşdirilməsi istiqamətində atdığı böyük addımlar kimi dəyərləndirdi. O, əlavə etdi: “Son 8 ildə 4 milyon 400 min nəfərdən çox insan faizsiz nikah krediti alıb və aztəminatlı əhalinin mənzil şəraitini təmin etmək üçün 34 trilyon tümən məbləğində ipoteka krediti ayrılıb”.

Cənab Əhmədinejad “Hazırkı hökumətin fəaliyyəti dövründə gəlirlərin bölgüsü daha yaxşı aparılıb, əhalinin rifah səviyyəsində yüksəlmə müşahidə olunubmu?” sualına cavab olaraq qeyd etdi ki, Cini indeksinin hər üç göstəricisində yaxşılaşmanın izlənməsi, ilk və son gəlir desillərinin xərcləri arasındakı nisbət, həmçinin alıcılıq qabiliyyətinin bərabərliyi baxımından adambaşına düşən gəlirlərin həcmi əhalinin rifahının yüksəldiyinə, gəlirlərin bölgüsünün uğurla həyata keçirildiyinə sübutdur.

Ölkə başçısı həmçinin dedi: “1384-cü ildə (2005) Cini indeksi 0.4023 olmuş, 1391-ci ildə (2012) bu göstərici 0.357-yə düşmüşdür. Bu, ölkədə təbəqələşmənin azaldığını göstərir”.

Ölkə başçısı şəhər və kənd regionlarında ən yüksək və ən aşağı gəlir desillərinin xərcləri arasındakı nisbətlə bağlı statistikanı təqdim edərək dedi: “Bu nisbət ilk dəfə olaraq 10-dan aşağı düşmüşdür”.

Cənab Əhmədinejadın formulə etdiyi 7-ci sual aşağıdakı oldu: “İqtisadiyyatın idarə edilməsində hökumət islahatlara və struktur dəyişikliklərə diqqət yetiribmi?” Ölkə başçısı bu sualın cavabında Konstitusiyanın 44-cü maddəsinin icrasına, dövlət şirkətlərinin özəlləşdirilməsinə və iqtisadi islahatlar çərçivəsində 7 konkret proqramın qəbul olunmasına toxundu.

O dedi: “Parlamentdə təsdiq olunduqdan sonra Konstitusiyanın 44-cü maddəsində nəzərdə tutulan siyasətlərin icrasına start verildi və 119 trilyon tümən dəyərində iqtisadi müəssisə özəlləşdirildi. Qeyd edim ki, prosesin 70 faizi birja yolu ilə həyata keçirilmişdir”.

Ölkə başçısı subsidiyaların ünvanlandırılması qanununun icrasını ölkə iqtisadiyyatında struktur islahatların aparılması istiqamətində atılmış daha bir addım adlandıraraq dedi: “Bu qanunun icrası enerji sərfinin idarə olunması, subsidiyaların ədalətli bölgüsü, yanacaq qaçaqmalçılığına qarşı mübarizə və təbəqələşmənin azaldılması kimi məqsədlərə xidmət edirdi”.

O həmçinin əlavə etdi: “1386-cı ildə (2007) gündəlik benzin sərfinin həcmi 74 milyon litr olmuşdur. Bu göstəricinin eynilə yüksələn xətlə davam edəcəyi təqdirdə 1392-ci ildə (2013) gündəlik benzin sərfi 142 milyon litrə çata bilərdi. Lakin subsidiyaların ünvanlandırılması qanununun tətbiqi sayəsində 1391-ci ildə (2012) gündəlik benzin sərfi 61 milyon litrə çatdırıldı”.

Cənab Əhmədinejad kənd təsərrüfatında enerji sərfinin 5 faiz, sənayedə isə 9 faiz yüksəlməsini istehsalın artımı kimi qiymətləndirərək dedi: “Beynəlxalq Maliyyə Fondu İranda tətbiq olunmuş subsidiyaların ünvanlandırılması metodunu ən yaxşı metod kimi tanımış və bu layihənin icrasını digər ölkələrə də tövsiyə etmişdir”.

Ölkə başçısının iqtisadi islahatlar siyasətinin icrası ilə bağlı təqdim etdiyi məruzənin digər hissələri maliyyə sistemində islahatların aparılması, kompleks maliyyə planının icrası, maliyyə resurslarının bölgüsündə islahatlara start verilməsi kimi məsələlərə həsr olunmuşdu.

Cənab Əhmədinejadın 8-ci sualı son 8 ildə investisiya bazarının vəziyyəti ilə bağlı idi. Sualı cavablandıran ölkə başçısı aşağıdakı statistikanı təqdim etdi: investisiya bazarlarında səhmdarların sayı 1384-cü ildə (2005) 4.3 milyon nəfər olmuş, 1391-ci ildə (2012) bu rəqəm 7.2 milyon nəfərə çatmışdır. Ümumi birja indeksi 1384-cü ildə (2005) 9460 vahid olmuş və cari ildə 54000 vahiddən də yüksək bir rəqəmə çatmışdır.

Ölkə başçısı qeyd etdi ki, bu statistik rəqəmləri nəzərdən keçirdikdə aşağıdakı nəticəyə gəlmək olar: son 7 ildə investisiyaların bazar dəyəri 7 dəfə yüksəlmiş, əhalinin və iqtisadiyyat sektorundakı fəal subyektlərin investisiya bazarına etimadı artmışdır.

Cənab Əhmədinejadın 9-cu sualı isə son 8 ildə ölkədə bankların və Mərkəzi Bankın fəaliyyəti ilə bağlı oldu. Ölkə başçısı məruzəsinin bu hissəsində də bir neçə statistik rəqəm təqdim edərək dedi: “1383-cü ildə (2004) bankların kredit qabiliyyəti 15 trilyon tümən təşkil etmiş, 1391-ci ildə (2012) bu rəqəm 51 trilyon tümənə çatmışdır. Ötən 8 ildə bankların kapitalı 1.5 trilyon tüməndən 3.1 trilyon tümənə çatmışdır. Dövlət borcunun ümumi bank tələblərinə nisbəti 1384-cü ildə (2005) 21.4 faiz təşkil etmiş, 1391-ci ildə (2012) bu rəqəm 12 faizə çatmış, cari ildə isə dövlətin banklara olan borcu bütünlüklə aradan qaldırılmışdır”.

Cənab Əhmədinejad 10-cu sualını aşağıdakı şəkildə qoydu: hazırkı dövlət respublikanın tarixində ən borclu dövlət olmuşdurmu? O bu sualın cavabında bildirdi ki, hazırkı hökumət Mərkəzi Banka olan borcunun hamısını və əslində elə əvvəlki hökumətlərin də yığılıb qalmış borclarını ödəmişdir”.

Ölkə başçısı rəsmi statistikaya istinad edərək ölkənin xarici borcu ilə bağlı aşağıdakıları qeyd etdi: “Hazırkı hökumət fəaliyyətə başladığı zaman ölkəni 41.9 milyard dollar xarici borcla təhvil almışdı, indi isə 15.9 milyard dollar həcmində xarici borcla təhvil verir. Yəni aparılan genişmiqyaslı təbliğatın əksinə olaraq, son 8 ildə ölkənin xarici borcu 26 milyard dollar azalıb”.

Cənab Əhmədinejad qeyd etdi ki, inqilabın əvvəlindən 1383-cü (2004) ilə qədər ölkəyə daxil olmuş xarici kapitalın həcmi ümumilikdə 13 milyard dollar civarında olmuşdur. O, əlavə etdi: “Son 8 ildə isə ölkəyə 25 milyard dollardan artıq xarici kapital cəlb olunmuşdur”.

Ölkə başçısı xarici ticarətlə bağlı statistikanı da təqdim edərək dedi: “Bu sferada da ölkənin vəziyyətində yaxşılaşma müşahidə olunmaqdadır”. Cənab Əhmədinejadın bu sahədə təqdim etdiyi statistik məlumatlar sırasında son 8 ildə xarici ticarətin həcminin 635 milyard dollara qədər artırılması və qeyri-neft məhsullarının ixracının artaraq 38 milyard dollardan 171 milyard dollara çatdırılması yer alırdı. Ölkə başçısı əlavə etdi: “İqtisadiyyatda mühüm bir göstərici olan qeyri-neft məhsullarının ixracının eyni məhsulların idxalına nisbəti 1383-cü (2005) ildə 25 faizi təşkil etmiş, 1391-ci (2013) ildə bu rəqəm 77 faizə çatmışdır. Cari ilin ilk 3 ayında isə ölkənin tarixində ilk dəfə olaraq ixracat idxalatı üstələmişdir”.

Cənab Əhmədinejad hökumətin bütün resursları sərf etdiyi, özündən sonrakı hökumətlər üçün heç bir şey saxlamadığı ilə bağlı səsləndirilən şübhələri cavablandırarkən aşağıdakıları dedi: “Mərkəzi Bankın valyuta ehtiyatının həcmi hazırda 100 milyard dollardan artıqdır. Bu rəqəm 8 il öncə bizim dövləti təhvil aldığımız zaman olduğundan 80 faiz çoxdur”.

Ölkə başçısı həmçinin Milli İnkişaf Fondunun sərəncamında olan sərmayənin 52 milyard dollardan artıq olduğunu, sözügedən fondun nağd pul ehtiyatının isə 30 milyard dolları aşdığını bildirdi.

Ölkədə likvidlik və inflyasiya ilə bağlı vəziyyəti də şərh edən ölkə başçısı 1376-83-cü illərlə (1997-2005) son 8 il arasında müqayisə apardı. O dedi: “7-ci və 8-ci hökumətlərin dövründə likvidliyin illik artım göstəricisi ortalama 27.1 faiz olmuş, 9-cu və 10-cu hökumətlərin fəaliyyəti dövründə 26.24 faizə enmişdir”.

Cənab Əhmədinejad əlavə etdi: “İnflyasiyanın illik göstəricisi də mənim rəhbərlik etdiyim hökumətdən əvvəlki administrasiyaların dövründə 20.5 faiz təşkil etmiş, son 8 ildə isə ildə ortalama 17.7 faiz olmuşdur”.

Ölkə başçısının 19-cu sualı son 8 ildə ölkədə istehsalın vəziyyəti ilə bağlı oldu. Cənab Əhmədinejad orta iqtisadi artım göstəricisinin 1376-1383-cü illər arasında 4.7 faiz, 1384-91-ci illər arasında isə 4.4 faiz təşkil etdiyini qeyd edərək dedi: “Sənaye sahəsinə qoyulan investisiyanın həcmi hazırkı hökumətin fəaliyyətindən əvvəlki 8 il ərzində 21 trilyon tümən olmuş, son 8 ildə isə 115 trilyon tümənə çatdırılmışdır”.

Ölkə başçısının istehsalatla bağlı təqdim etdiyi statistik məlumatlar sırasında neft-kimya məhsullarının istehsalının 18.3 milyon tondan 60 milyon tona qədər artırılması, polad istehsalının 10 milyon tondan 24 milyon tona qədər yüksəldilməsi, sement istehsalının artaraq 33 milyon tondan 80 milyona tona çatması və avtomobil istehsalının 960 mindən 2 milyona çatdırılması da yer alırdı.

Prezidentin 20-ci sualı su, elektrik və enerji potensialının artım səviyyəsi ilə bağlı oldu. Cənab Əhmədinejad qeyd etdi ki, 9-cu hökumətdən öncə emal üçün nəzərdə tutulan neft və qazın ümumi həcmi 9.1 milyard barel təşkil edirdi. Son 8 ildə isə bu rəqəm 34 milyard barelə çatdırılmışdır. Ölkə başçısı 9-cu və 10-cu hökumətlərin fəaliyyəti dövründə ölkənin elektrik enerjisi potensialının və su ehtiyatlarının həcminin artım göstəricisi də təqribən həmin dövrdən 27 il əvvəlki dövrün ümumi göstəricisinə bərabər olmuşdur.

Ölkə başçısının 21-ci sualı aşağıdakından ibarət oldu: “9-cu və 10-cu hökumətlərin fəaliyyəti dövründə kənd təsərrüfatı diqqətdən kənarda qalıbmı?” Sualı cavablandıran cənab Əhmədinejad kənd təsərrüfatı məhsullarının istehsalının 1383-cü (2005) ildə 86.9 milyon ton təşkil etdiyini, 1391-ci (2012) ildə bu göstəricinin artaraq 118 milyona çatdığını, bu sahədə ixracatla idxalat arasındakı balansın eyni illərdə 1.35 milyard dollardan 2.17 milyard dollara qədər artdığını bildirdi.

Çıxışının yekunu olaraq cənab Əhmədinejad təqdim olunan hesabatın hökumətin xidmət və fəaliyyətlərinin yalnız bir hissəsini əks etdirdiyini vurğulayaraq dedi: “Xalqımızın və ölkəmizin son illərdə – özü də düşmənlərin işimizə pəl vurmaq, hər tərəfdən üstümüzə təzyiqləri gücləndirmək üçün səfərbər olduqları bir şəraitdə – qazandığı bütün uğurlar Allahın mərhəməti, İmam Zamanın xüsusi (ə.f) lütfü, Ali Məqamlı Rəhbərliyin dəyərli himayəsi, xalqın böyüklüyü və həmrəyliyi, müxtəlif hökumət strukturlarının əməkdaşlığı, hökumət nümayəndələrinin dürüstlüyü, dəyərlərə önəm verməsi, ədaləti rəhbər tutması və professional bacarığı sayəsində əldə olunub”.

İran xalqına, Ali Məqamlı Rəhbərə, ölkənin dörd bir yanında hökumətlə əməkdaşlıq etmiş müxtəlif qurumlara və mediaya səmimi təşəkkürünü bildirən ölkə başçısı aşağıdakıları vurğuladı: “Həmişə olduğu kimi, yenə də özümü inqilaba, İmam Xomeyniyə və şəhidlərə borclu bilirəm, çünki bütün uğurlar onların böyüklüyünün və fədakarlığının nəticəsidir”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /