Ali Məqamlı Rəhbərin informasiya bloku

Hökumətin gördüyü böyük işlərdən biri də İslam İnqilabının hədəflərini dünya ictimaiyyətinə çatdırmaqdan çəkinməməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və nazirlərlə mübarək Ramazan ayının 5-ci günü keçirdiyi görüşdə bildirdi ki, gecə-gündüz və çox işləyib çalışmaq, daxili və xarici arenalarda İslam İnqilabının şüarlarını önə keçirmək hazırkı hökumətin təqdirəlayiq xüsusiyyətlərindəndir. Ali Məqamlı Rəhbər həmçinin çəkdikləri zəhmətə görə cənab Mahmud Əhmədinejada və onun həmkarlarına səmimi qədirdanlığını ifadə etdi.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hökumət nümayəndələrinin bu iclasda təqdim etdiyi hesabatlar yerinə yetirilmiş işlərin, əhaliyə göstərilmiş xidmətlərin göstəricisidir. O həmçinin əhalini bu haqda məlumatlandırmaq lazım olduğunu da qeyd etdi.

Xaricdəki bəzi müxalif qüvvələrin və xarici medianın, eləcə də ölkə daxilindəki bəzi ünsürlərin hökumətin səylərini görməməzliyə vurmağa çalışdıqlarını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bəziləri hətta hökumətin nəticəsi açıq-aydın göz önündə olan, hiss olunan səylərini də inkar edirlər. Lakin əsas odur ki, görülən işlər, edilən xidmətlər ölkə ictimaiyyəti içərisində açıqlansın və təsbit olunsun”.

Hökumətin təqdirəlayiq işlərini, gecəli-gündüzlü səylərini xatırladan Ali Məqamlı Rəhbər əlavə etdi: “Son 8 ildə hər kəs dərk və hiss etdi ki, möhtərəm ölkə prezidenti və onun həmkarları çətinliklərə dözərək bütün digər hökumət kabinetləri ilə müqayisədə olduqca geniş həcmli və yüksək sürət tempinə malik işlər görürlər. Bu reallıq əhəmiyyətli və təqdirəlayiq bir məqamdır”.

Həzrət Ayətullah Xamenei həmçinin hökumət nümayəndələrinin digər ölkələrin hökumət rəsmilərinin istifadə etdiyi imtiyazlardan istifadə etmədiklərini də vurğulayaraq dedi: “Xüsusi imtiyazlara etinasızlıq, durmadan çalışmaq, istirahətə vaxt ayırmamaq bu hökumət kabinetinin böyük bir üstünlüyüdür və bu hökumətin fəaliyyəti haqda fikir yürütmək istəyən hər kəs bu dəyərli məqamlara diqqət yetirməlidir”.

İslam İnqilabının əsas prinsiplərini irəli sürməyin və möhkəmləndirməyin vacib bir məsələ olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əks-inqilab cəbhəsi bu prinsipləri arxa plana keçirib məhv etmək, onları tədricən anti-dəyərə çevirmək üçün çox çalışsa da, heç nəyə nail ola bilməyib. Bunun əsas səbəbi isə dahi İmam Xomeyninin (r.ə) həmin prinsip və şüarları sayıqlıqla və dəqiq surətdə şərh edərək ortaya qoyması, təsbit etməsidir”.

“İmamın vəsiyyətnaməsi xalqın dünyadan köçmüş əziz rəhbərinin nəzərdə tutduğu dəyərləri əks etdirən əsas kodeksdir” – deyən Ali Məqamlı Rəhbər rəsmilərə bu vəsiyyətnaməyə müntəzəm olaraq müraciət etməyi tövsiyə edərək dedi: “İmamın səsləndirdiyi və yazıya aldığı fikirlər İslam İnqilabının açıq-aydın və konkret prinsipləridir. Bunlar mənası aydın olmayan, yaxud sətiraltı məna ifadə edən fikirlər deyil ki, onları təhrif etmək, yaxud dəyişdirmək mümkün olsun”.

Dövlətin inqilabi şüarları ölkə daxilində və xaricdə qabartma tədbirlərini yüksək dəyərləndirən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Dövlətin gördüyü böyük işlərdən biri də İslam İnqilabının şüar, stimul və metodlarını qlobal təşkilatlarda bəyan etməkdən utanc hissi duymamaqdır”.

Hökumət kabinetinin üzvlərinə bütün gələcək fəaliyyətlərində inqilabi tendensiyanı rəhbər tutmağı tövsiyə edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sizin kimi layiqli və səriştəli rəhbər işçilər öz fəaliyyətlərində inqilabi tendensiyanı qorumağa çalışmalıdırlar”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər Həzrət Əlinin (ə) “Nəhcül-bəlağə”də oğlu İmam Həsənə (ə) etdiyi vəsiyyətdən bəzi parçaları oxuyaraq aşağıdakıları dedi: “Burada Həzrət Əli (ə) dünyadan qiyamətə aparan çətin, uzun və eniş-yoxuşlu yolu qət etmək üçün iki dəyərli tövsiyə verir: 1. Bu səfər üçün lazımi ehtiyatı ölçüb-biçib tədarük etmək; 2. Bu səfərdə yükünü yüngül etmək”.

“Dünyadan qiyamətə aparan yolu uğurla qət etmək üçün insana gərək olan minimum ehtiyat vacibatı yerinə yetirmək və haramlardan çəkinməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, bu minimumlar ilahi nurun insana doğru cəlb olunması üçün zəmin yaradacaq”.

Cənab Əhmədinejadın və onun nazirlər kabinetinin üzvlərinin Ali Məqamlı Rəhbərlə keçirdikləri bu axırıncı iclasın sonunda ölkə başçısı və nazirlər Həzrət Ayətullah Xameneidən bir cild Quran hədiyyə aldılar.

Məğrib və işa namazlarının qılınması, xatirə fotoşəklinin çəkilişi və birgə edilən iftar bu görüşə xüsusi mənəviyyat və səmimiyyət bəxş etdi.

İclasın əvvəlində cənab Əhmədinejad bütün fəaliyyət müddəti boyunca 9-cu və 10-cu hökumət administrasiyalarına dəstək olduğuna, dəyərli tövsiyə və istiqamətləndirmələr verdiyinə, mehriban və səmimi münasibət bəslədiyinə görə Həzrət Ayətullah Xameneiyə təşəkkürünü bildirdi. O, Ali Rəhbərlik Məqamına xitabən aşağıdakıları dedi: “Biz hamımız istənilən şəraitdə inqilaba, ölkəyə və Allaha xidmət edəcəyik”.

Ölkə başçısı 9-cu və 10-cu hökumətlərin ən qabarıq xüsusiyyətləri sırasında İslam İnqilabının prinsip və dəyərlərinə sadiqliyi, xalqa təmənnasız xidməti və gərgin əməyi qeyd edərək aşağıdakıları vurğuladı: “Ötən 8 il ərzində cəmiyyətə məsuliyyətli, xalqa yaxın və yüksək ixtisaslı rəhbər kadrların yeni nəsli təqdim olundu”.

Cənab Əhmədinejad əlavə etdi: “Bu dövr ərzində biz öz timsalımızda ən qabarıq keyfiyyətləri xalqa xidmət, ehtiram və onun hüquqlarını qorumaq olan dindar və inqilabçı rəhbər kadrlara bir nümunə nümayiş etdirməyə çalışmışıq”.

Ölkə başçısı həmçinin dedi: “9-cu və 10-cu hökumətlər var qüvvələri ilə xalqa xidmət meydanına atılaraq yarımçıq və ya arzularda qalan bir sıra işləri həyata keçirdilər”.

Görüş zamanı ölkə başçısının 1-ci müavini cənab Rəhimi də rəhbərlik etdiyi müavinlik tərəfindən bazara nəzarət, yeni iş yerlərinin yaradılması, istehsala dəstək verilməsi, subsidiyaların ünvanlandırılması, iqtisadi korrupsiyaya, əmtəə və valyuta qaçaqmalçılığına qarşı mübarizə, ixracatın genişləndirilməsi istiqamətində görülmüş işlər, habelə sanksiyalar əleyhinə mübarizə istiqamətində həyata keçirilmiş xüsusi tədbirlər haqqında məlumat verdi.

Görüş zamanı çıxış edən İqtisadiyyat və Əmlak Naziri cənab Hüseyni də qlobal iqtisadi böhrana toxunaraq şiddətli və genişmiqyaslı sanksiyalara rəğmən, İran iqtisadiyyatının gələcək perspektivlərinin aydın və ümidverici olduğunu bildirdi.

Ötən il müşahidə olunmuş valyuta sıçrayışlarını xatırladan nazir hökumətin ən mühüm tədbirləri sırasında valyuta xərcləmələrində prioritetin müəyyən edilməsi, valyutadəyişmə mərkəzinin istifadəyə verilməsi, valyutanın ölkəyə daxil və ölkədən xaric olmasına nəzarətin həyata keçirilməsi kimi tədbirləri qeyd etdi. O həmçinin dövlətin likvidliyə nəzarət və inflyasiyanın idarə edilməsi istiqamətində gördüyü tədbirlər haqqında da məlumat verdi.

Çıxışının davamında cənab Hüseyni dedi: “Valyuta məzənnəsinin yüksəlməsi kənd təsərrüfatı, ixracat, turizm və sığorta sahələri üçün mənfəətli olsa da, xarici valyutadan və idxaldan asılı olan mallar təzyiqə məruz qaldılar”.

Ölkədə insan inkişafı indeksinin yüksəldiyini xəbər verən İqtisadiyyat Naziri aşağıdakıları vurğuladı: “Ölkədə ümumi daxili məhsulun həcmi 1 trilyon dollara çatmış, iqtisadi inkişafına görə İran dünya üzrə 17-ci yeri tutmuş, ölkənin xarici rezervlərinin həcmi 100 milyard dollardan artıq olmuşdur. Ölkənin xarici öhdəliklərinin həcmi ümumilikdə 14.3 milyard dollara çatmışdır ki, bu da ölkənin 1384-cü il üçün (2005) olan xarici borcunun 1/3-nə bərabərdir”.

Energetika Naziri cənab Namcu öz hesabatında elektroenergetika sənayesi və bu sferada görülmüş tədbirlər haqqında danışdı. O dedi: “9-cu hökumətin fəaliyyətə başladığı dövrdə ölkənin enerji ehtiyatı 38100 meqavat olmuş, hal-hazırda 69500 meqavata çatdırılmışdır”.

Ötən 8 il ərzində 69 milli bəndin tikildiyini deyən cənab Namcu əlavə etdi: “Bəndlərin ehtiyat tutumunun həcmi hazırda 52.5 milyard kub metrə çatır”.

Energetika naziri subsidiyaların ünvanlandırılması qanununun tətbiqi nəticəsində pik vaxtlarda elektrik istehlakının 5 faiz, enerji istehlakının isə 2 faiz azaldığını da qeyd etdi.

Sənaye, Mədən və Ticarət Naziri cənab Qəzənfəri də öz hesabatında 9-cu və 10-cu hökumətlərin fəaliyyəti dövründə müxtəlif göstəricilərin yüksəldiyi haqda məlumat verdi.

Cənab Qəzənfərinin hesabatında ölkədə investisiyanın həcminin 7.2 faiz, avtomobil istehsalının 100 faiz artdığı, 1391-ci (2012) ildə polad istehsalının artaraq 24 milyon tona, sement istehsalının isə 33 milyon tondan 80 milyon tona çatdırıldığı qeyd olunurdu.

Sənaye, Mədən və Ticarət Naziri həmçinin bildirdi ki, son 8 ildə neft-kimya məhsullarının istehsal həcmi 248 milyon tona çatmış, faydalı qazıntıların hasilatı 2.5 dəfə artmışdır.

Cənab Qəzənfərinin hesabatına əsasən, son 8 ildə qaz kondensatları hesaba alınmaqla qeyri-neft məhsullarının ixracı da 6 dəfə artaraq 215 milyard dollara çatmış və ümumilikdə 22 faiz artmışdır.

Sənaye, Mədən və Ticarət Naziri həmçinin ölkədə əsas istehlak məhsullarının rezerv ehtiyatının qənaətbəxş həcmdə olduğu barədə də məlumat verdi.

Elm, Tədqiqat və Texnologiya Naziri cənab Daneşcu öz hesabatında növbəti statistik rəqəmləri qeyd etdi: professorların sayının 750 nəfərdən 1400 nəfərə qədərə artması, elmi şuralara 17 min üzvün cəlb olunması, tələbələrin sayının 2 milyon 300 min nəfərdən 4 milyon 400 min nəfərə qədər yüksəlməsi, aspirantların sayının 92 min nəfərdən 460 min nəfərə, doktorantura tələbələrinin sayının isə 19 min nəfərdən 56 min nəfərə çatdırılması.

Elm, Tədqiqat və Texnologiya Naziri universitetlərin sənaye ilə əlaqəsi barədə aşağıdakıları qeyd etdi: “İndiyə qədər sənaye sektorunun əməkdaşlığı ilə 45 irimiqyaslı milli layihə hazırlanıb. Həmin layihələr ölkənin 55 ali təhsil müəssisəsində reallaşdırılır”.

Səhiyyə, Müalicə və Tibbi Təhsil Naziri də ölkədə terapevtlərin, ixtisaslaşmış və yüksək ixtisaslı həkimlərin, həkim-farmasevtlərin, stomatoloqların, təcili tibbi yardımda çalışan həkimlərin sayının artması ilə bağlı statistik rəqəmləri təqdim edərək mütəxəssis kadrların ümumi göstəricilərinin yüksəldiyini dedi.

Cənab Təriqətmünfərid ölkə səhiyyəsinin uğurlu göstəriciləri sırasında stasionar müəssisələrin 17000 çarpayı ilə təchiz edilməsini, ambulansların sayının artırılmasını, ailə həkimi layihəsinin icrasını, ölkə daxilində dərman istehsalını gücləndirmək istiqamətində investisiya qoyuluşunu qeyd etdi.

Prezidentin elm və texnologiya məsələləri üzrə müavini də öz hesabatında rəhbərlik etdiyi müavinliyin fəaliyyətindəki diqqətəlayiq nailiyyətlər sırasında elmi əsaslı şirkət və müəssisələrin dövlət tərəfindən himayəsi haqqında qanunun qəbul edilməsini, Milli İnnovasiyalar Fondunun yaradılmasını və s. qeyd etdi.

Xanım Soltanxah ölkənin nano-texnologiya sahəsi üzrə regionda 1-ci, dünyada isə 8-ci yeri tutduğunu dedi. O həmçinin biotexnologiya sahəsində əldə olunmuş inkişafa da toxunaraq ölkənin bu sahədə yazılan elmi məqalələrin sayına görə region üzrə 1-ci, dünya üzrə 13-cü yeri tutduğu, hal-hazırda İranda kök hüceyrələri sahəsində qabaqcıl tədqiqat və təcrübələrin aparıldığı 207 mərkəzin fəaliyyət göstərdiyi haqda məlumat verdi.

Əkinçilik Cihadı Naziri də öz sahəsi üzrə hesabat verərək ölkənin 830 min hektar ərazisində suvarma layihələrinin həyata keçirildiyini, 9 milyon 190 min hektar ərazidə suayrıcı əməliyyatlarının aparıldığını dedi. O, əlavə etdi: “1384-cü ildən (2005) indiyə qədər emal sənayesinin həcmi 24 milyon 600 min tona çatdırılmışdır ki, təsdiq edilmiş layihələrin icrasının başa çatdırılması ilə bu göstərici, həmçinin heyvandarlıq və balıqçılıq sənayelərinin həcmi daha da artırılacaq”.

Cənab Xəliliyan dedi: “Ötən il kənd təsərrüfatı məhsullarının ixracı 23 faiz artmışdır”.

Yol və Şəhərsalma Naziri cənab Nikzad son 8 ildə 63 351 km uzunluqda müxtəlif növ yolların çəkilişinin infrastruktur sahəsində dəyişiklik olduğunu bildirdi.

O həmçinin kəndlərdəki 1 milyon 600 min evdə təmir-möhkəmləndirmə işlərinin başa çatdırıldığı, kəndlərin inkişaf və abadlaşdırılmasını nəzərdə tutan “Hadi” layihəsinin 8878 kənddə reallaşdırıldığı haqda məlumat verdi. Cənab Nikzad dedi: “Məskən-e mehr” layihəsinin icrası müxtəlif şəhərlərdə mənzil probleminin aradan qaldırılmasına müsbət təsir göstərib”.

Görüş zamanı çıxış edən Milli İnkişaf Fondunun icraçı direktoru qlobal iqtisadi təşkilatların hesabatlarına istinadən qeyd etdi ki, İranda tətbiq edilmiş subsidiyaların istiqamətləndirilməsi qanunu digər ölkələr üçün uğurlu təcrübədir.

Cənab Fərzin qeyd etdi ki, subsidiyaların istiqamətləndirilməsi layihəsinin göz önündə olan nəticələrindən biri də ölkədə enerji istehlakının idarə edilməsidir. O dedi: “1391-ci ilin (2002) sonuna qədər enerji daşıyıcılarının istehlakında 32 milyard dollardan artıq qənaət edilmişdir”. Cənab Fərzin daha bir neçə məqama toxunaraq subsidiyaların ödənilməsinin özəlliklə kəndlərdə ailələrin iqtisadi vəziyyətinə müsbət təsir göstərdiyini, enerji daşıyıcılarının qaçaqmalçılığının nəzarətə götürüldüyünü dedi.

Milli İnkişaf Fondunun icraçı direktoru aşağıdakıları da vurğuladı: “Fondumuzun fəaliyyət göstərdiyi 2 il ərzində 52 milyard dollar ehtiyat kapitalla dünyadakı milli inkişaf fondları içərisində 20-ci yerə çıxmışıq”.

Mərkəzi Bankın baş direktoru cənab Bəhməni öz hesabatında xaricdən ölkəyə bir sıra sanksiya və məhdudiyyətlərin tətbiq edildiyinə toxunaraq dedi: “Bütün bu təzyiqlərə baxmayaraq, son illər ölkənin valyuta ehtiyatı 100 milyard dollardan da çox artıb. Eyni zamanda xarici borcumuzu da 27.5 milyard dollar azalda bilmişik”.

O, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər sırasında xarici valyutanın kursunun 3 dəfə artmasına baxmayaraq, inflyasiyanın 30.5 faizdə saxlanmasını, likvidliyin 30.8 faizə endirilməsini qeyd etdi.

Cənab Bəhməni ölkənin bank sisteminin elektron ödəmə və elektron bankçılığın tətbiqi sahəsində əldə etdiyi irəliləyişlərə də toxundu.

Çıxış edən Neft Naziri də ölkənin 3.3 trilyon kub metr hasil oluna biləcək qaz ehtiyatına malik olduğunu qeyd edərək dedi: “Hazırda 2200 maye qaz doldurma stansiyası istifadədədir”.

Neft-kimya məhsullarının ixracının artdığını, ölkədə 60 neft-kimya müəssisəsinin tikilməkdə olduğunu qeyd edən cənab Qasimi Əsəluyədən Təbrizə uzanan qərb etilen boru kəmərinin dünyanın ən uzun etilen boru kəməri olduğunu bildirdi.

Müştərək neft və qaz yataqlarına diqqət ayrılmasının dövlətin prioritetləri sırasına daxil olduğunu deyən Neft Naziri əlavə etdi: “Sanksiyalara baxmayaraq, hazırda 30 ölkəyə neft və neft-kimya məhsulları ixrac olunur. Gələn ilə qədər ölkəmiz xaricə benzin də ixrac edəcək”.

İslam Mədəniyyəti və İrşadı Naziri cənab Hüseyni də öz hesabatında nazirlikdə Quran və Əhli-Beyt (ə) üzrə müavinliyin təsis olunduğunu, Quranla bağlı araşdırmalar aparan müəssisələrin sayının 2000-ə qədər artırıldığını, müxtəlif Quran festivallarının təşkil olunduğunu, məscidlərdə keçirilən mədəni tədbirlərə dəstək verildiyini qeyd etdi.

Nazirin qeyd etdiyi digər tədbirlər sırasında Milli Kompüter Oyunları, Dastan Ədəbiyyatı, Moda və Geyim Fondlarının təsis edilməsi də yer alırdı. Cənab Hüseyni həmçinin əlavə etdi: “Mətbuat sahəsində hazırda 5 mindən artıq nəşr işıq üzü görür”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /