Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müsəlman cəmiyyətində Quranın göstərdiyi yol və İslama uyğun həyat tərzi hakim olmalıdır

Quranın nazil olunduğu mübarək Ramazan ayının ilk günündə – bu gün (çərşənbə günü) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə 3 saat yarıma yaxın vaxt ərzində Quranla ünsiyyət məclisi quruldu.

Quran rayihəsi və mənəviyyatı ilə dolub-daşan bu nurlu məclisdə hafizlər, qarilər və Quran ustadları müqəddəs kitabdan ayələr tilavət etdilər, xor qrupları Ramazan ayının fəzilətinə, Uca Yaradanın mədh-sənasına həsr olunmuş ilahi nəğmələr ifa etdilər.

Məclisdə çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, Quranın bəyəndiyi, ilahi kitabın qayda-qanunları ilə yaşayan cəmiyyətə aparan yolda ilk addım Quranın tilavəti, təcvidi və əzbər öyrənilməsidir. O vurğuladı: “Müsəlman cəmiyyətində Quranın göstərdiyi yol və İslama uyğun həyat tərzi hakim olmalıdır”.

Quranın qiraətinin və əzbərlənməsinin müqəddəs kitabın dərki, Quran əxlaqına uyğunlaşma üçün zəmin yaratdığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsəlman cəmiyyətinin mədəniyyəti Quran əxlaqına və məsum imamların (ə) göstərişlərinə uyğun olmalıdır”.

Həzrət Ayətullah Xamenei müsəlman cəmiyyətlərinin mədəniyyətini, həyat tərzini və sosial münasibətlərini Qərb mədəniyyətinin təsiri altına salmaq üçün göstərilən bəzi səylərə toxunaraq dedi: “Dünya əhalisinin əksəriyyətinin Qərb mədəniyyətinin ardınca getməsi bu mədəniyyətin müsəlman toplumlarında aparıcı mövqe tutması üçün meyar və arqument deyil”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Müsəlman toplumunda aparıcı mövqedə Quranın göstərdiyi yol və meyarlar durmalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Quranın meyarları din, sağlam məntiq və məsum imamların (ə) kəlamlarıdır. Müsəlman cəmiyyətində rəhbər və aparıcı meyarlar bunlar olmalıdır”.

“Gənclərin Qurana əvvəlkindən daha artıq diqqət və maraq göstərməsi, müqəddəs kitabı daha artıq tilavət və hifz etmələri məni sevindirir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Cəmiyyətin hər bir üzvü Quranla rabitədə olmalıdır. Çünki Quranın özündə daşıdığı məna haqda dərindən düşünməyin müqəddiməsi bu ilahi kitabı oxumaq və anlamaqdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /