Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Son seçkidə düşmənlərin bütün hədəf və planları hərtərəfli məğlubiyyətə uğradı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri, rəsmiləri və hakimlərlə bu gün səhər keçirdiyi görüşdə həyata keçirdiyi tədbirlərə görə Məhkəmə Hakimiyyətinə təşəkkürünü bildirərək müdrik və uzaqgörən İran xalqının 24 xordad seçkilərində imza atdığı böyük və gerçək qəhrəmanlığı tarixi əhəmiyyət kəsb edən böyük bir iş adlandırdı. Yeni seçilmiş prezidentə kömək etməyin vacib olduğunu bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Düşmənin hədəf və planlarının hərtərəfli məğlubiyyəti, xalqın İslam dövlətinə, seçkinin icraçılarına və nəzarətçilərinə hamılıqla göstərdiyi etimad, ölkədə inkişaf və quruculuğun əsas infrastrukturu kimi davamlı təhlükəsizliyin mövcudluğu, digər namizədlərin yeni seçilmiş prezident qarşısında alicənab davranışı və qanuna hörmətlə yanaşması, İslam Respublikasının xalqın mənafeyini tam gücü və qüdrəti ilə qoruması ölkədə baş tutan son seçkilərin mühüm cəhətlərindəndir”.

1360-cı ilin 7 tir günü Şəhid Beheştinin və İslam İnqilabının digər 72 havadarının terror aktı nəticəsində şəhid edilməsinin ildönümündə baş tutan bu görüşdə Həzrət Ayətullah Xamenei Ayətullah Beheştini nurani və görkəmli bir şəxsiyyət kimi yüksək dəyərləndirərək dedi: “O xəbis cinayət nəticəsində görkəmli şəxsiyyətlər, böyük din alimləri və İslam İnqilabına sədaqətlə xidmət edən insanlar şəhid edildi. Lakin münafiqlərin və onları himayə edən imperialistlərin murdar siması da xalqın önündə ifşa olundu. Bu böyük nailiyyət münafiqlərin ölkədə öz varlıqlarını davam etdirməsi şansını əməli surətdə yox etdi və İslam Respublikası üçün taleyüklü bir hadisə oldu”.

Ali Məqamlı Rəhbər həmçinin faydalı və maarifləndirici çıxışına görə Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaniyə təşəkkürünü bildirərək dedi: “Ədliyyə strukturunun əməkdaşlarına dəyərli tədbirlərinə və səylərinə görə, doğrudan da, təşəkkür etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, məhkəmə orqanlarının sağlam və effektiv fəaliyyəti ədliyyə strukturunun iki əsas və daimi hədəfidir. O vurğuladı: “Bütün fəaliyyət proqramlarında və görülən tədbirlərdə bu iki ali hədəfə daim diqqət yetirilməlidir ki, ədliyyə strukturu tam sağlam və effektiv bir struktura çevrilsin”.

Məhkəmə Hakimiyyətinin sağlam və effektiv fəaliyyətinin əhalinin razılığına və özünü təhlükəsiz hiss etməsinə yol açdığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ədliyyə strukturu elə bir mövqeyə çatmalıdır ki, zülmə məruz qalmış hər kəs ona pənah gətirərək təhlükəsizliyini təmin edə, zülmə qarşı çıxa bilsin”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, ardıcıl nəzarət və daimi diqqət ədliyyə strukturunun qarşıya qoyduğu hədəflərin gerçəkləşməsi üçün zəmin yaradan başlıca amildir. O dedi: “Daim sayıq və diqqətli olaraq ölkəmizin hazırkı ədliyyə strukturu ilə İslamda bəyənilən məhkəmə hakimiyyəti modeli arasındakı boşluğu doldurmaq lazımdır”.

O, əlavə etdi: “Əlbəttə, bu çətin yolu qət etmək üçün zamana ehtiyac var, lakin mühüm olan odur ki, bütün səylər boşluqların doldurulmasına, arzulanan nəticənin əldə olunmasına istiqamətləndirilsin”.

“Məhkəmə Hakimiyyətinin rəsmilərinin sözügedən strukturda mövcud olan boşluqlar haqqında məlumatlı olması müsbət bir haldır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün işləri qəbul olunmuş proqramlar üzrə həyata keçirmək lazımdır ki, optimist əzm və səylər sayəsində mövcud nöqsanlar aradan qaldırılsın, ədliyyə strukturu günü-gündən daha da yaxşılaşaraq çiçəklənsin”.

Həzrət Ayətullah Xamenei həmçinin 24 xordad seçkiləri ilə bağlı söylədiyi mühüm fikirlərdə lazımi anı dəyərləndirməyi bacaran, böyük İran xalqına təşəkkür və qədirdanlığını bildirərək dedi: “Bu seçkinin gözəçarpan məqam və reallıqlarını diqqətə almaq və analiz etmək lazımdır”.

İran xalqına müxalif olan blokun bir il ərzində mürəkkəb və çoxcəhətli bir proqram həyata keçirdiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İslam Respublikasının düşmənləri və müxalifləri çalışırdılar ki, seçki ya baş tutmasın, ya da xalqın soyuq və etinasız münasibəti ilə üzləşsin”.

O, əlavə etdi: “Müxtəlif bəhanələrlə öz xəbis məqsədlərini həyata keçirmək üçün onların seçkidən sonrakı dövrlə bağlı da planları var idi. Lakin Allahın fəzli sayəsində, səsvermə günü xalq öz əzəmətini və nəyə qadir olduğunu nümayiş etdirdi və baş verənlər düşmələrin arzuladığının 180 dərəcə əksinə oldu”.

Ali Məqamlı Rəhbər yadellilərin xalqın seçkidə fəal və izdihamlı iştirakı barədə sönük və əsassız təhlillər verməyə çalışdıqlarına toxunaraq dedi: “Düşmənin xalqın əlini işdən soyutmaq üçün işlətdiyi metodlardan biri də seçkinin sağlam şəraitdə baş tutacağı ilə bağlı şübhə və tərəddüd yaratmaq idi. Lakin xalqımız elə davrandı ki, imperialistlərin təbliğat orqanları elə seçki günü xalqın möhtəşəm və emosional iştirakını etiraf etməyə məcbur oldular”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Xalqın builki seçkidə belə izdihamlı iştirakının sirri İslam Respublikasına olan ümummilli etimad və bağlılıq, seçicilərin seçkinin keçirilməsi və prosesə nəzarət işini öhdəsinə götürmüş dövlət strukturlarına olan etimadı, xalqın əziz İranımızın ardıcıl irəliləyişinə optimist yanaşması idi. Bu, olduqca mühüm və inkaredilməz bir həqiqətdir”.

Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar olaraq, seçkidən bir neçə gün öncə səsləndirdiyi fikirlərə toxunaraq dedi: “Həmin günlərdə mən demişdim ki, ola bilsin, mövcud hakimiyyətə bir o qədər də səmimi yanaşmayan, lakin ölkənin və xalqın mənafeyini düşünən şəxslər var. Qoy onlar da seçkidə iştirak etsin. Səs verən insanlardan bəziləri, heç şübhəsiz, bu qrupa aid olmuşlar”.

O dedi: “Bu reallıq onu göstərir ki, hətta mövcud hakimiyyətin tərəfdarı olmayan insanlar da ona və onun keçirdiyi seçkiyə etimad göstərirlər. Çünki onlar güclü bir dövlət olan İslam Respublikasının ölkəyə tamah gözünü dikənlərin qarşısında şir kimi durduğunu, ölkəni, xalqın mənafeyini və heysiyyətini lazımınca müdafiə etdiyini bilirlər”.

Seçkinin daha bir diqqətəlayiq cəhətinə – ölkənin dörd bir yanında hökm sürmüş asayiş və təhlükəsizliyə toxunan Ali Məqamlı Rəhbər həmin gün eyni vaxtda iki: prezident və islami şura seçkilərinin keçirildiyini xatırladaraq dedi: “Şuralara keçirilən seçkilərdə, adətən, mürəkkəb xarakterli tayfa, region və etnik münasibətlər zəminində qarşıdurma və asayiş pozuntusunun özünü büruzə verməsi ehtimalı mövcud olur. Lakin Allahın fəzli, xalqın dəstəyi, rəsmilərin və əlaqədar strukturların səyləri sayəsində, son seçkilərdə asayiş və təhlükəsizlik pozuntusundan heç bir əsər-əlamət görünmədi”.

24 xordad seçkilərinin bəzi diqqətəlayiq cəhətləri haqqında söhbətini davam etdirən Həzrət Ayətullah Xamenei bildirdi ki, seçilməmiş namizədlərin alicənab davranışı və qanuna hörmətlə yanaşması olduqca əhəmiyyətlidir və bunun üçün Uca Yaradanın dərgahına şükürlər etmək lazımdır. O dedi: “Digər namizədlərin yeni seçilmiş prezidentlə görüşərək onu təbrik etmələri, onun qazandığı qələbədən sevinc hissi duyduqlarını ifadə etmələri xalqın sevincinə sevinc qatdı. Buna görə onlara təşəkkür etmək yerinə düşər”.

Ali Məqamlı Rəhbər 1388-ci (2009) ildə baş vermiş xoşagəlməz hadisələrə, builki seçki öncəsi ictimaiyyəti dönə-dönə qanuna hörmətlə yanaşmağa səslədiyinə toxunaraq dedi: “Builki seçkidə də hansısa bəhanə ilə ixtilaf və qarşıdurma salmaq, xalqın seçkidə iştirakının əzəmət və möhtəşəmliyini nəzərə almamaq, bununla da xalqın sevincini yarıda qoymaq mümkün idi. Lakin digər namizədlərin alicənab davranışı və qanuna ehtiramı xalqa sevinc və asayiş bəxş etdi. Onların qanuna qarşı göstərdikləri bu ehtiram həmişə  və hər kəs üçün dərs olmalıdır”.

“Böyük xalq kütləsinin həvəslə seçki marafonuna qoşulması insanların qəlbinin Allahın qüdrətli əli ilə doğru yola istiqamətləndirilməsindən qaynaqlandı” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu ilahi lütf sayəsində, seçki, doğrudan da, tarixi bir qəhrəmanlığa çevrildi və xalqımızın yaxşılığını istəyənlərin arzusu gerçəkləşdi”.

Ali Məqamlı Rəhbər yeni seçilmiş prezidentə kömək etməyin əhəmiyyətini vurğulayaraq dedi: “Ölkəni idarə etmək, doğrudan da, çətin bir işdir. Bütün dövlət strukturları və hamı xalqın yeni seçdiyi prezidentə dəstək olmalıdır”.

O, əlavə etdi: “Sağlam irad, tənqid və etiraz, heç şübhəsiz, ölkənin tərəqqisi üçün faydalıdır. Lakin heç birimiz unutmamalıyıq ki, kənardan baxıb qulp qoymaq asandır, icraçılıq isə çətin bir işdir. Odur ki, hamımız yeni seçilmiş ölkə başçısına kömək etməliyik”.

Tələsik reaksiya və gözləntilərdən çəkinməyin vacib olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Kimisə dərhal mühakimə etmək yox, həmrəylik və əməkdaşlıqla ölkənin işlərini irəli aparmaq lazımdır”.

Çıxışının seçki ilə bağlı hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər namizədlərin seçkiqabağı təbliğat kompaniyası zamanı səsləndirdikləri bəzi fikirlərdən narazı qaldığını bildirərək dedi: “Hazırkı hökumətin zəif cəhətlərlə yanaşı, bir çox güclü cəhətləri də var. Yaxşı olardı ki, möhtərəm namizədlər hazırkı hökumətin fəaliyyətinə insafla yanaşaraq, zəif cəhətlərlə yanaşı, əhaliyə göstərilmiş mühüm xidmətləri, həyata keçirilmiş infrastruktur və quruculuq işlərini də qeyd edəydilər”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei nüvə məsələsinə toxundu. O vurğuladı: “Yeni ilin ilk günündə dediyimiz kimi, İrana müxalif cəbhədə duran və özlərini yalandan “dünya ictimaiyyəti” adlandıran bir neçə dövlət inadkarlıq edərək nüvə probleminin həll olunmasını istəmirlər. Halbuki əgər onlar inadkarlığı bir kənara qoysalar, İranın nüvə probleminin həlli çox sadə, asan və maneəsiz bir məsələdir”.

O, əlavə etdi: “Nüvə problemi dəfələrlə həlli məqamına qədər irəliləyib, amma amerikalılar hər dəfə ortaya yeni bir bəhanə qoyublar”.

Beynəlxalq Nüvə Agentliyinin imzaladığı rəsmi sənədə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu sənəddə agentlik İranın nüvə məsələsi ilə bağlı irəli sürdüyü iradların aradan qaldırıldığını etiraf edir. Odur ki İranın nüvə dosyesi qapanmalı idi. Lakin amerikalılar dərhal yeni problemlər çıxardılar, çünki nüvə məsələsini İrana qarşı təhdid və təzyiqlər üçün əlverişli bir bəhanə hesab edirlər”.

Sionistlərin provokasiyalarına toxunan Ali Məqamlı Rəhbər dedi: “Nüvə məsələsində İslam Respublikası qanuna uyğun şəkildə və şəffaf davranıb, arqumentlər irəli sürmək baxımından da güclü məntiqə malikdir. Lakin düşmənin məqsədi təzyiqləri davam etdirmək, xalqı yormaq və ölkədə mövcud olan hakimiyyət quruluşunu dəyişmək olduğuna görə problemin həll olunmasına imkan vermir”.

O, əlavə etdi: “Əlbəttə ki, düşmənlər özəl söhbət və yazışmalarında ölkədəki hakimiyyət quruluşunu dəyişmək niyyətində olmadıqlarını bildirirlər. Lakin onların əməlləri bunun əksini göstərir”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Onlar üçün nüvənin, insan haqlarının, demokratiyanın və başqa nəyinsə heç bir əhəmiyyəti yoxdur. Onların niyyəti yalnız xalqımızın inkişafına mane olmaq, əziz İranımızı yenidən öz müstəmləkələri altına salmaqdır. Lakin İslam Respublikası qüdrətlə, müstəqil şəkildə, xalqına arxalanıb Uca Yaradanına inanaraq müqavimət göstərir və İranın mənafeyini qoruyur”.

O dedi: “Təcrübə də göstərir ki, kim haqq yolda mətin olub mübarizə aparsa, qələbə çalır. Heç şübhəsiz, İran xalqı bu sahədə də düşmənlərə layiqli cavab verəcək”.

Görüşün əvvəlində Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani ədliyyə strukturunun ötən il gördüyü ən mühüm tədbirlər haqda məlumat verdi. O, ölkənin ədliyyə sistemində dəyişikliklərin edilməsi, daha dinamik inkişafa nail olunması istiqamətində həyata keçirilmiş ən mühüm proqramlar sırasında aşağıdakıları sadaladı:

– ədliyyə strukturunun beşillik inkişaf proqramının işlənib hazırlanması və ictimaiyyətə açıqlanması;

– ədliyyə sisteminin insan resurslarının kəmiyyət və keyfiyyət baxımından yenidən qurulması;

– elmi inkişaf və tədqiqatlara önəm verilməsi, mədəniyyətlə bağlı proqramların gücləndirilməsi;

– ədliyyə strukturunda yeni texnologiyalardan istifadə, o cümlədən elektron xidmət sistemlərinin təşkili;

– cəzaçəkmə müəssisələrinə və cəzalara stereotip yanaşmaların dəyişilməsi, o cümlədən mütəşəkkil cinayətkarlığa, şərəf və ləyaqətin alçaldılmasına və narkotik qaçaqmalçılığına qarşı mübarizədə qətiyyətli mövqe tutulması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /