Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam məzhəblərini bir-biri ilə düşmənçiliyə təhrik edən dillər Şeytanındır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 30-cu Beynəlxalq Quran Müsabiqəsində iştirak edən ustad, hafiz və qarilərlə bu gün (şənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, Quranın müsəlmanlara xitabən verdiyi ən mühüm göstərişlərdən biri vəhdətin qorunmasıdır. O vurğuladı: “Bu gün müsəlmanları birliyə çağıran hər bir dil Allaha aiddir, müsəlmanları və İslam məzhəblərini bir-biri ilə düşmənçiliyə təhrik edən dillər isə Şeytanındır”.

Görüş zamanı Həzrət Ayətullah Xamenei: “Müsəlmanlar Quranla daha çox ünsiyyətdə olmalı, onun səadət bəxş edən təlimləri ilə daha yaxından tanış olmalıdırlar”, – deyə vurğulayaraq əlavə etdi: “Quranın müsəlmanlara ünvanladığı göstərişlərdən biri də Allahın ipinin – dinin və müqəddəs kitabın ətrafında birləşmək, dağılıb pərən-pərən düşməməklə bağlıdır. İşğalçıların ideya və metodları isə buna əks mövqedə durur. İslam ümməti içərisində ixtilaf yaratmaq, məzhəb təəssübkeşliyini qızışdırmaq onların əsas iş prinsipidir”.

Müsəlman ölkələrində hakimiyyətdə olan bəzi hökumətlərin düşmənə aldanıb, onun çaldığına oynadıqlarını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsəlmanlar arasında birlik və həmrəylik təcili şəkildə gerçəkləşməsi tələb olunan vacib bir ilahi vəzifədir”.

Həzrət Ayətullah Xamenei İslam ümməti arasına düşən ixtilaf və təfriqələrin acı nəticələri sırasında insan qırğınlarını və qan tökülməsini, kor-koranə terrorizmi və bundan doğan faciələri, qəsbkar sionizm üçün əlverişli fürsət yaranmasını qeyd edərək dedi: “Müsəlmanlar və müsəlman ölkələrində hakimiyyətdə olan dövlətlər üçün bu gün sınaq günüdür. Müsəlman xalqları tam sayıq olmalıdırlar”.

Qərb tərəfindən İslam dünyası əleyhinə başladılmış anti-islam dalğasına toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Qərbdəki düşmənlər müsəlmanlara qarşı qılınclarını qından sıyırıblar. Odur ki İslam ümməti ona daxildən güc və bacarıq qazandıran amilləri gücləndirməlidir. Bu amillər içərisində ən əhəmiyyətlisi vəhdət, bir yumruqda birləşmək və müştərək məqamlar ətrafında bir araya gəlməkdir”.

Bu gün İslam dünyasının Quran həqiqətlərinə təşnə olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Keçmişdən fərqli olaraq, bu gün İslam dünyasının görkəmli şəxsiyyətləri öz azadlıq tələblərini eşitdirmək üçün sosialist və kommunist şüarları ilə çıxış etmirlər. Bu gün İslam dünyasının istənilən yerində kimsə ədalət, istiqlal, azadlıq və heysiyyət naminə çağırış etmək istəsə, Quranın şüarları ilə çıxış edir”.

“Quranla bağlı konfrans və müsabiqələrin keçirilməsi Quranın həqiqətinə və ruhuna daha artıq yaxınlaşmaq üçün bir vasitədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Quran maarifinin öyrənilməsi müsəlmanların Quran təlimləri sayəsində salamatlıq, təhlükəsizlik və nüfuza çatmaları, həyatlarına düzən vermələri üçün zəmin yaradır”.

Görüşün əvvəlində vəli-fəqihin nümayəndəsi, Vəqflər və Xeyriyyə İşləri Təşkilatının sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi rəhbərlik etdiyi təşkilatın Quran maarifinin təbliği istiqamətində gördüyü işlər, eləcə də 30-cu Beynəlxalq Quran Müsabiqəsi ilə bağlı məlumat verdi.

Höccətül-İslam vəl-muslimin Məhəmmədi bildirdi ki, dünyanın 70 ölkəsindən gəlmiş Quran ustadlarının, qari və hafizlərin iştirakı builki müsabiqənin diqqətəlayiq cəhətlərindən biridir. O dedi: “Ötən bir ildə Vəqflər Təşkilatı ölkədə Quran maarifini genişləndirmək, eləcə də bu sahədə görülən işlərin keyfiyyətini yüksəltmək üçün qarşıya cürbəcür proqramlar qoyub”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /