Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Cümə günü xalqımız düşməni bir daha nakam və naümid qoyacaq!

İlahi eşq, iman və fədakarlıq nümunəsi Həzrət Əba-Əbdillah Hüseynin mübarək mövludunun ildönümündə – bu gün (çərşənbə günü) səhər –İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı rəhbər bildirdi ki, 24 xordad seçkilərində qanunçuluq İran xalqının təqdirəlayiq diskursudur. Xalqın seçkidə iştiraka göstərdiyi böyük həvəs və marağı mübarək bir təzahür adlandıraraq yüksək qiymətləndirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Seçki məntəqələrində seçicilərin maksimum iştirakı ölkə üçün hər şeydən daha əhəmiyyətlidir. Cümə günü xalqımız qüdrətli bir addım ataraq İslam dövləti ilə arasındakı möhkəm rabitə və bağlılığı sübut edəcək, düşməni bir daha nakam və naümid qoyacaq!”

Xalqı İmam Hüseynin (ə) bərəkətli mövludu münasibəti ilə təbrik edən Ali Məqamlı Rəhbər bildirdi ki, əhalinin seçkiyə göstərdiyi böyük həvəs və maraq siyasi arenada tarixi bir qəhrəmanlığın formalaşdığını göstərir.  O, əlavə etdi: “Elə bu gündən başlayan bu siyasi qəhrəmanlıq, inşallah, cümə günü xalqımızın optimizmi, Allaha təvəkkülü və təpəri sayəsində öz kulminasiya nöqtəsinə çatacaq və sözün həqiqi mənasında reallaşacaq”.

24 xordad seçkilərinin xüsusi bir ab-havaya malik olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “İslamın, inqilabın və İranın düşmənləri xalqı hökumətdən uzaqlaşdırmaq, onu seçkiyə və seçkini təşkil edən sistemə qarşı pessimist ruhda kökləmək üçün bütün maliyyə, media və siyasi imkanlarını səfərbər ediblər. Lakin xalq cümə günü seçki məntəqələrində maksimal göstəricilərlə iştirak edərək İslam dövləti ilə arasında olan möhkəm rabitə və bağlılığı sübut edəcək, öz tükənməz qüdrətini nümayiş etdirərək düşməni bir daha məğlub və məyus edəcək”.

“24 xordad seçkiləri İran xalqı üçün böyük və mühüm bir təcrübədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın seçkidə yekdil, birgə, həvəsli, qüdrətli və optimist əhval-ruhiyyəli iştirakı, xalqla rəsmilər arasındakı qarşılıqlı etimadın qorunması və möhkəmlənməsi düşməni məyus edəcək, təzyiqləri azaldacaq və düşmənin  öz effektini itirməsinə səbəb olacaq”.

Seçkinin bu günə qədər olan gedişatını müsbət qiymətləndirən Ali Məqamlı Rəhbər dedi: “Bu seçkidə xalqın diskursu qanunçuluqdur. Ölkənin hər yerində, hər kəs qanuna hörmətlə yanaşmağın vacibliyindən danışır. Bu isə olduqca dəyərli və mühüm bir məsələdir”.

1388-ci ildə (2009) bir qrup adamın qanunsuz əməlləri ucbatından ölkəyə və xalqa dəymiş zərbələrə toxunan Ali Məqamlı Rəhbər dedi: “1388-ci ildə baş verən hadisələr qanuna hörmətsizlik üzündən təzahür etdi. O qanunsuzluğun nəticəsi olaraq, ölkəmizə və xalqımıza bir çox zərbələr dəydi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “O hadisələrin vurduğu zərbə və ziyanları görmüş, hər şeyi çox yaxşı xatırlayan xalq irəlidə gələn seçkidə qanunçuluğa, hər kəsin qanuna tam hörmətlə yanaşmasına qarşı çox həssasdır və bu, hazırkı seçkinin diqqətəlayiq təzahürlərindən biridir”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı aşağıdakıları da qeyd etdi: “Rəsmilər və möhtərəm namizədlər də indiyə qədər qanunun tələblərinə riayət ediblər. İnşallah, bu, sona qədər belə davam edər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, 8 fərqli baxışa və siyasi tendensiyaya malik olan 8 namizədin Dövlət Teleradiosunda gedən debatları seçiciləri namizədlərin müxtəlif namizədlərin fikir və yanaşmaları barədə məlumatlandırır və İslam dövləti olan İranda söz azadlığının mövcud olduğunu göstərir. Ali Məqamlı Rəhbər Milli Teleradionun bu faydalı və dəyərli addımını yüksək qiymətləndirərək dedi: “İslam Respublikasını ittiham edənlər neçə illərdir ki, İranda söz azadlığının mövcud olmadığı, insanlara öz fikirlərini azad şəkildə ifadə etmələri üçün şərait yaradılmadığı barədə hay-küy qoparırlar. Belələri bu gün xəcalət çəkirlər”.

Ali Məqamlı Rəhbər ölkənin bütün siyasi və ideoloji cərəyanlarının teledebatlarda iştirak edərək öz fərqli baxışlarını ifadə etmələrini builki seçkilərin güclü cəhəti kimi dəyərləndirərək dedi: “Əlbəttə ki, mənim debatlarda səsləndirilən bəzi fikirlərlə bağlı deyəcəklərim var. Bunları, inşallah, seçkidən sonra açıqlayacağam. Lakin istənilən vəziyyətdə bu, çox müsbət və sevindirici bir hal idi”.

Xalqın builki seçkiyə olan həvəs və marağının 1388-ci il (2009) seçkiləri zamanı müşahidə olunmuş seçici dinamikliyinə bənzədiyini bildirən Ali Məqamlı Rəhbər eyni zamanda aşağıdakıları da əlavə etdi: “Xoşbəxtlikdən, bu il 1388-ci ildə seçkiqabağı kompaniyanın gedişi zamanı bəzi namizədlərin tərəfdarlarının qanuna qarşı yol verdikləri hörmətsizliklər müşahidə olunmur. Bu və digər irəliləyişlərə görə Uca Yaradana şükür etmək lazımdır”.

Ali Məqamlı Rəhbər xalqdan birinci və ən mühüm istəyinin seçicilərin seçki məntəqələrində maksimum iştirakı olduğunu elan edərək vurğuladı: “Bu ümummilli iştirak ölkə üçün başqa hər şeydən əhəmiyyətlidir. Elə buna görə də hətta İrana yalnız qəlbən bağlı olan şəxslər də seçkidə iştirak etməlidirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Cümə günü xalqın ilahi təqdirlə hansı seçimi edəcəyindən heç kəsin xəbəri yoxdur. Lakin xalqın seçdiyi şəxs nə qədər böyük və qəti səs çoxluğu ilə seçilsə, ölkənin və xalqın düşmənləri qarşısında bir o qədər böyük qüdrətlə dura və milli mənafeyi müdafiə edə bilər”.

O dedi: “Beynəlxalq arena təşrifat gözləmək, xətir-hörmət üçün yumşaqlıq göstərmək yeri deyil. Nə qədər zəiflik edib geri çəkilsən, düşmən bir o qədər irəli gəlir”.

Ali Məqamlı Rəhbər qeyd etdiyi reallığın sübutu üçün aşağıdakıları dedi: “Bəzi vaxtlar məsləhət bilib, bəzi sözləri qəbul etmişik, amma düşmən dediyin üstündə israrla  duraraq daha da cəsarətlə irəli gəlib. Odur ki yadellilərin qanunsuz tələblərinə qarşı qüdrətlə mübarizə aparmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, beynəlxalq düşmənin qarşısında mətanət və dözümlə durmaq üçün cəsur və rəşadətli İran xalqına inanmaq, milli qürura arxalanmaq, Allaha təvəkkül etmək və Yaradanın vədlərinə nikbin yanaşmaq lazımdır. O, əlavə etdi: “Xalqın və dövlətin seçdiyi iftixar dolu yolda ağıl və tədbirlə irəli getmək lazımdır”.

Seçki ilə bağlı söhbətini yekunlaşdıran Ali Məqamlı Rəhbər dedi: “Ümidvaram ki, cümə günü gözlənilən mühüm sınaq Allahın fəzli, xalqın seçki məntəqələrində hamılıqla və fəal iştirakı sayəsində İran xalqı və İslam dövləti üçün daha bir uğurlu və qalibiyyətli sınağa çevriləcək”.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei möhtəşəm bir gün olan 3 şəbanı Həzrət Əba-Əbdillah Hüseynin (ə) misilsiz qiyamının əzəmətinin bir şüası adlandırdı. O dedi: “İmam Hüseyn (ə) İslamın yaşaması, zülmə qarşı mübarizənin bəşər tarixinə bir prinsip kimi həkk olunması üçün böyük fədakarlıqla, özünün və əzizlərinin canından keçərək, ailəsinin, Əhli-Beytin (ə) xanımlarının əsir düşməsinə qol qoyaraq bütün bəşəriyyətə möhtəşəm və qalıcı bir örnək təqdim etdi”.

İmam Hüseynin (ə) həyatının başdan-başa ibrət dərsi və nümunə olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, Kərbəla hadisəsinin əzəməti və parlaqlığı o dərəcədədir ki, bütün nurları kölgədə qoyur”.

Ali Məqamlı Rəhbər vurğuladı: “İmam Hüseynin (ə) qiyamından alınan ən mühüm ibrət dərsi haqq-ədalətin bərpasına həmişə hazır olmaq, zülm və haqsızlığa qarşı daim və hərtərəfli mübarizə aparmaqdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmam Hüseynin (ə) yolu ilə getmək istəyən insan şəhidliyə hazır olmalıdır. Əlbəttə ki, bu yolla addımlamaq həmişə şəhidliklə nəticələnmir, lakin istənilən halda insana səadət və başucalığı bəxş edir”.

Ali Məqamlı Rəhbər İran xalqının Həzrət Əba-Əbdillah Hüseynin (ə) yolu ilə getdiyinə toxunaraq dedi: “Hüseyn və Aşura ruhiyyəsi ilə meydana girən İran xalqı milli və beynəlxalq zülmün təzahürü olan bir binanı viran etməyi, onun yerində İslamın təzahürü olan uca bir binanın əsasını qoymağı bacardı”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı bu yolu bu günə qədər davam etdirib. Xalqımızın qazandığı uğurlar da bu kursu tutmasının nəticəsidir”.

1357-ci ilin (1979) İranı ilə 1392-ci ilin (2013) İranı arasında böyük fərq olduğunu bildirən Həzrət Ayətullah Xamenei elm, siyasət, təhlükəsizlik, xalqın ümumi optimizm əhval-ruhiyyəsi, özünəinamı, regional və qlobal məsələlərə təsir sahəsində qazanılmış diqqətəlayiq uğurlara toxunaraq dedi: “Hazırda İran xalqı elə bir mərhələyə çatıb ki, səadət və başucalığına aparan yolda sürətlə irəli gedir. Allahın fəzli sayəsində bu irəliləyiş daha da sürətli olacaq”.

Ali Məqamlı Rəhbər həmçinin ibadət, təvəssül və minacat ayı olan şəban ayının fəzilətinə də toxunaraq dedi:  “Bu böyük ayın bərəkətlərindən, xüsusilə də şəban minacatlarından Allahla daha çox ünsiyyətdə olmaq, ilahi rəhmət və bağışlanmanı özünə cəlb etmək istiqamətində istifadə etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei İran xalqını izzət və əzəmətə aparan yolun Allaha təvəkkül və Yaradanla əlaqədən keçdiyini bildirərək dedi: “Nur və əzəmət mədəni ilə rabitədə olmağın rolu sırf maddi və dünyəvi hesablamalara arxalanmaqdan daha böyükdür”.

Qərb dünyasının hazırkı vəziyyətinin Yaradanla əlaqədən bixəbərliyə nümunə ola biləcəyini qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dünya imperialistləri dəqiq maddi və dünyəvi hesablamalar apardıqlarına baxmayaraq, problemləri, zəif cəhətləri günü-gündən artır. Günü-gündən artan bu problemlər sonda Qərb sivilizasiyasını süquta uğradacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /