Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Namizədlər real olmayan vədlər verməməlidirlər

Ölkənin dörd bir yanından gəlmiş on minlərlə mömin və inqilabçı insan bu gün müqəddəs İmam Xomeyni (r.ə) hərəminin qarşısında möhtəşəm və canlı bir izdihamla toplaşaraq İmam Xomeyniyə (r.ə) olan sədaqət hisslərini xalqa və rəsmilərə – Quran təbiri ilə desək – vəhdət və başucalığı bəxş edən möhkəm bir ipə çevirdilər, Allah dərgahına köç etmiş əziz öndərləri ilə bir daha əhd-peyman bağladılar.

Bu misilsiz izdiham qarşısında çıxış edən Həzrət Ayətullah Xamenei bildirdi ki, İmam Xomeyninin (r.ə) Allaha, xalqa və özünə olan inamı İslam İnqilabının qələbəsi, davamlılığı və qüdrətli irəliləyişi üçün zəmin olmuşdur. O, xalqa və namizədlərə seçki ilə əlaqədar mühüm tövsiyələrini verərək dedi: “Allahın köməyi ilə 10 gündən sonra İran xalqı güclü həvəs və emosiyalarla tarixi bir qəhrəmanlığa imza atacaq və böyük bir sınaq olan 24 xordad seçkilərindən vüqarı və başıucalığı ilə çıxacaq”.

 Həzrət Ayətullah Xamenei 1342-ci ilin 15 xordad günü baş vermiş qiyamın İran tarixində mühüm bir səhifə olduğunu qeyd edərək dedi: “İmam Xomeyninin (r.ə) 1342-ci il 13 xordadda etdiyi çıxışdan sonra həbs olunması ilə 15 xordadda Tehranda, Qumda və ölkənin bir neçə başqa şəhərində xalq hərəkatının möhtəşəm dalğası baş qaldırdı və bu, xalqın ruhanilərə və mərcə-təqlidlərə möhkəm bağlılığını diktator hökumətin üzünə çırpdı”.

“Xalqın ruhanilərə bağlılığı bu hərəkatın irəliləyişinin, pik həddinə çatmasının və ən nəhayət, qələbəsinin qarantı oldu” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalq meydanlara girdikdə, onun emosiyaları və düşüncələri bir hərəkatın dayağı olduqda, o hərəkat davam etmək və qələbə qazanmaq üçün lazım olan potensialı əldə edir”.

Ali Məqamlı Rəhbər   1342-ci il 15 xordad hadisələrində diktator rejimin amansız və qəddar simasının tamlığı ilə aşkara çıxdığını bildirərək dedi: “O hadisənin mühüm məqamlarından biri də insan haqları iddiasında olan beynəlxalq təşkilat və qurumların olanları sükutla qarşılaması idi. Onlar baş verənlərə heç bir etiraz ifadə etmədilər”.

O vurğuladı: “Bütün bunlara baxmayaraq, İmam Xomeyni (r.ə) təkbaşına, lakin camaata arxalanaraq xalq və tarix qarşısında ilahi və mənəvi, möhkəm və qətiyyətli bir lider simasında çıxış etdi”.

Həzrət Ayətullah Xamenei İmam Xomeyninin üç mühüm inamına toxunaraq aşağıdakıları vurğuladı: “İmamın bütün varlığında, qərarlarında və davranışlarında Allaha, xalqa və özünə inam sözün əsl mənasında əks olunurdu”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İmam Xomeyni xalqa qəlbində olanları dedi, xalq da canı-dildən ona “Ləbbeyk!” cavabı verərək meydanlara axışdı, mərdliklə mübarizə apardı. Tədricən bu hərəkat qələbəyə doğru istiqamətləndi və nəhayət, heç bir ölkənin köməyi olmadan qələbə ilə nəticələndi”.

İmam Xomeyninin üç mühüm və taleyüklü inamı – Allaha, xalqına və özünə olan imanı haqda daha ətraflı danışan Ali Məqamlı Rəhbər dedi: “İmam Xomeyni Uca Yaradana bütün varlığı ilə inanır, Onun yardım vədinin gerçəkləşəcəyinə tam yəqinliklə ümid bəsləyirdi. Məhz elə buna görə də hər bir işi, hər bir addımı yalnız və yalnız Allah naminə idi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmam Xomeyni xalqa da dərin etimad bəsləyir və inanırdı ki, mömin, ağıllı və şücaətli İran xalqının önündə layiqli bir lider dursa, bu xalq müxtəlif meydanlarda günəş kimi parlayacaq”.

Ali Məqamlı Rəhbər həmçinin aşağıdakıları vurğuladı: “İmamın gözündə xalq ən əziz, düşmənlər isə ən mənfur idilər. Bu ideologiya onun İran xalqı ilə düşmənçilik aparan imperialistlərə qarşı mübarizəsinin əsas səbəblərindən biri idi”.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin üçüncü xüsusiyyətinə – güclü özünəinam hissinə toxunaraq dedi: “İmam “Biz bacaracağıq!” ruhunu xalqın varlığında canlandırdı, onun fitri istedad və bacarığını müxtəlif sferalarda aşkara çıxardı”.

Həzrət Ayətullah Xamenei İmam Xomeyninin müstəbid Pəhləvi rejiminə qarşı mübarizədə, İslam İnqilabı və Müqəddəs Müdafiə dövrlərində və dünyanın hegemon qüvvələri ilə qarşıdurmada sərgilədiyi şücaətli davranışlara toxunaraq dedi: “İmamın danışığında, davranışında və verdiyi qərarlarda olan cəsarət, qətiyyət və özünəinam tədricən xalqa ötürüldü və bu xalqı müqavimət və gözüaçıqlıq nümunəsinə çevirdi”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Məhz bu cəsarət və özünəinam sayəsində İmam Xomeyni heç vaxt, hətta bərəkətli ömrünün son günlərində də zərrə qədər belə olsun tərəddüd, pessimizm və zəifliyə qapılmadı. Belə ki onun ömrünün son illərində verdiyi bəyanatlar hərəkatın başlanğıcındakı mövqe və bəyanatlarından daha güclü və inqilabi ruhlu idi”.

Həzrət Ayətullah Xamenei İran xalqının İmam Xomeyninin başlıca şüarına – “Biz bacaracağıq!” şüarına inamının hansı nəticələr verdiyi haqda ətraflı danışaraq dedi: “İran xalqı özünəinam, Allaha ümid və təvəkkül sayəsində şah diktaturası dövründəki pessimizm və ruh düşkünlüyünü bir kənara qoydu, müxtəlif sferalarda qazandığı qürurverici nailiyyətlərlə özünü inkişaf və başıucalıq simvoluna çevirdi”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İranın Amerika və İngiltərənin rüsvayçı asılılığından qurtulması, korrupsiyaçı, xain və əyyaş dövlət başçılarının xalqın səsi ilə hakimiyyətə gəlmiş insanlarla əvəz olunması, İranın geridə qalmış bir ölkədən elmi inkişaf tempi dünya ölkələrinin orta elmi inkişaf tempindən 11 dəfə artıq olan bir ölkəyə çevrilməsi, İranın quruculuq, elm, tibb, ali təhsil sferalarında təqdirəlayiq nailiyyətlər əldə etməsi İmam Xomeyninin Allaha, xalqına və özünə olan inamı sayəsində xalq arasında yaratdığı möhtəşəm hərəkatın bərəkətli nəticələrindəndir”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı ki, son 30 ildə əldə olunmuş uğur və nailiyyətlər aldadıcı qürura səbəb olmamalıdır. O dedi: “Əgər biz özümüzü şah dövrünün İranı ilə müqayisə etsək, bu nailiyyətlər gözümüzə böyük görünəcək. Amma əgər özümüzü arzulanan İran İslam dövləti ilə – izzət, rifah, əxlaq, iman və mənəviyyatın yanaşı olduğu cəmiyyətlə müqayisə etsək, görərik ki, hələ qarşımızda uzun bir yol var”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Bu uzun, amma iftixar dolu yolu yalnız İmam Xomeyninin (r.ə) o üç inamı ilə qət etmək mümkündür. İran xalqı mömin gənclərindən faydalanıb bu üç inamı rəhbər tutaraq lazımi sürət tempi ilə arzulanan, uca zirvələrdə olacaq İran İslam dövlətinə yetişə bilər”.

“İran xalqını ümidlə dolu üfüqlər gözləyir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqımızın əlində yol xəritəsi də var. Bu yol xəritəsi elə İmam Xomeyninin prinsipləridir”.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “İmamın müxtəlif toplularda çap olunmuş çıxışlarında və vəsiyyətnaməsində əksini tapan prinsipləri geridə qalmış və xaricdən asılı bir xalq olan İran xalqını mütərəqqi, başıuca və müstəqil bir xalqa çevirən prinsiplərdir”.

Ali Məqamlı Rəhbər daha bir məqamı xatırladaraq dedi: “İmamın adını dilinə alan, onun adını rəhbər tutan şəxslər imamın prinsiplərinə və yol xəritəsinə də inanmalıdırlar. Çünki İmam Xomeyni həqiqətini yalnız onun ideologiyasının əsaslarını, başlıca prinsiplərini, yol xəritəsini bilməklə dərk etmək və bu yolla getmək mümkündür”.

İmam Xomeyninin müxtəlif sahələrdə rəhbər tutduğu prinsiplərdən daha ətraflı danışan Həzrət Ayətullah Xamenei onun daxili siyasət sferasındakı prinsiplərini aşağıdakı kimi şərh etdi: “Camaatın rəyini əsas götürmək, xalqın vəhdət və həmrəyliyini təmin etmək, hakim təbəqənin sadə, xalqa yaxın həyat tərzi sürməsi və dəbdəbədən uzaqlığı, rəsmilərin xalqın mənafeyinə can yandırması və ölkənin inkişafı naminə hamılıqla işləyib səy göstərmək”.

İmamın xarici siyasət prinsiplərindən danışan Ali Məqamlı Rəhbər aşağıdakıları qeyd etdi: “Müdaxiləçi və imperialist siyasətlərə qarşı mübarizə, müsəlman xalqları ilə qardaşlıq, İran xalqına qarşı düşmənçilik yürüdən ölkələrdən başqa, bütün ölkələrlə bərabər səviyyədə əlaqələr qurmaq, sionizmlə mübarizə, Fələstinin azadlığı uğrunda mübarizə, məzlumlara arxa durmaq və zalımlara qarşı çıxmaq imamın xarici siyasət prinsipləri idi”.

İmamın mədəniyyət sferası ilə bağlı prinsiplərinə də toxunan Həzrət Ayətullah Xamenei dedi: “İmamın bu sahə ilə bağlı prinsipləri aşağıdakılardan ibarətdir: Qərbin dinsiz mədəniyyətinin inkarı, mürtəceliyin inkarı, dinə bağlılıqda riyakarlığın inkarı, İslam əxlaqının və hökmlərinin qətiyyətli müdafiəsi, cəmiyyətdə fəsad və əxlaqsızlığın yayılmasına qarşı mübarizə”.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin iqtisadiyyat sferasındakı prinsipləri barədə aşağıdakıları dedi: “Milli iqtisadiyyata arxalanma və özünütəminetmə, istehsal və bölgüdə iqtisadi ədalət, yoxsul təbəqənin müdafiəsi, kapitalizm mədəniyyətinə qarşı mübarizə, mülkiyyət, sərmayə və əməyə hörmət, dünya iqtisadiyyatında həzm olunmamaq və milli iqtisadiyyatın müstəqilliyi imamın iqtisadiyyatla bağlı rəhbər tutduğu prinsiplərdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İmamın rəsmilərdən həmişəki gözləntisi bu idi ki, idarəçiliyi qüdrətlə ələ alaraq ölkəni ağıl və tədbir əsasında idarə etsinlər, bu prinsipləri reallaşdıraraq işləri irəli aparsınlar”.

Bu prinsiplərin imamın qoyub getdiyi yol xəritəsi olduğunu bir daha vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İran xalqı öz güclü imanı, bacarıq və istedadı, gənclərinin əzmi sayəsində, imamın qoyub getdiyi yol xəritəsindən istifadə etməklə ötən 34 il ərzində keçdiyi yolu daha da artıq qüdrət və sürətlə davam etdirə, müsəlman xalqları üçün həqiqi və mükəmməl bir örnəyə çevrilə bilər”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər ölkədə gözlənilən həssas bir hadisə – 11-ci prezident seçkiləri haqda danışaraq mövzu ilə bağlı mühüm məqamlara toxundu. O, seçkinin imamın hər üç inamının təzahürü olduğunu bildirərək dedi: “Seçkilər Allaha inamın təzahürüdür, çünki burada hər kəs öz şəri vəzifəsinə əməl edərək ölkənin müqəddəratının təyin olunmasında iştirak etməlidir”.

O, əlavə etdi: “Seçkilər xalqa inamın təzahürüdür, çünki seçki nəticəsində xalq özü ölkənin rəsmilərini müəyyənləşdirir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Seçkilər həm də özünəinamın təzahürüdür. Belə ki seçki qutusuna atılan hər bir səs, əslində, ölkənin müqəddəratının həll olunmasına müdaxilə və bu prosesdə iştirak deməkdir”.

“Seçkidə ən mühüm məsələ xalqın siyasi arenada tarixi bir qəhrəmanlığa imza atması və seçki məntəqələrində yüksək əhval-ruhiyyə və həvəslə iştirak etməsidir” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Seçicilərin 8 namizəddən birinə verdikləri hər bir səs, ilk növbədə, İslam Respublikasına, ölkədəki seçki mexanizminə olan etimada verilən səsdir”.

O dedi: “İkinci növbədə isə bu səslər hər kəsin öz seçdiyi, bəyəndiyi, ölkənin gələcəyi üçün daha faydalı hesab etdiyi namizədə verdiyi səslərdir”.

Düşmənlərin seçkini dövlətçilik əleyhinə təhlükəyə çevirməyə səy göstərdiklərini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Onlar seçkinin ya soyuq keçəcəyinə, ya da 1388-ci (2009) ildə olduğu kimi, seçkinin ardınca iğtişaşların baş verəcəyinə ümid edirlər. Amma düşmənlər cızdıqları planlarda səhvə yol verirlər. Belə ki İran xalqını yaxşı tanımır və 9 dey gününü yaddan çıxarırlar”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Allahın verəcəyi mənəvi dəstək sayəsində və düşmənlərin istək və planlarının tam əksinə olaraq, 24 xordad seçkiləri İran İslam Respublikası üçün böyük bir şans olacaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmənlər elə təsəvvür edirlər ki, ölkə əhalisinin əksəriyyətini hökumətə müxalif, lakin susmaq məcburiyyətində olan insanlar təşkil edir. Halbuki onlar 22 bəhmən gününü yaddan çıxarırlar. Ötən 34 ildə hər ilin bu günü böyük bir insan izdihamı İslam dövlətini dəstəkləmək üçün küçələrə axışmış, “Amerikaya ölüm!” şüarını səsləndirmişdir”.

“İran xalqının bədxahları və onların beyin mərkəzləri seçki atmosferini soyutmaq üçün seçkinin nəticələrinin öncədən müəyyən olunması, seçkinin azad və qanuni şəraitdə keçirilməməsi kimi yalan və insafsız təbliğatlara əl atırlar” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dünyanın harasında – tanınmış simalardan tutmuş adi insanlara qədər – bütün namizədlərin ölkənin milli televiziyasının efirindən bərabər surətdə istifadə etməsi üçün imkan yaradılır?”

Həzrət Ayətullah Xamenei fikrini bu şəkildə davam etdirdi: “Amerikada və digər kapitalist ölkələrində namizədlər iki-üç aparıcı partiyanın üzvü olmasalar, güc və sərvət mafiyasından, sionist şəbəkəsindən dəstək almasalar, onlar üçün heç bir vəchlə təbliğat imkanı yaradılmır”.

İranda gedən seçki prosesində qanunun, gerçəkdən də, yeganə hakim və aparıcı qüvvə olduğunu bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İslam Respublikasında seçkiyə qoşulma prosesinə hakim olan yeganə qüvvə qanundur. Məhz qanun əsasında kimlərsə bu meydana girir, kimlərsə kənarda qalır. Eyni zamanda namizədlik səlahiyyətlərini araşdırıb müəyyən edən şəxslər özləri də qanun əsasında müəyyən olunur”.

O, əlavə etdi: “Bu reallıqlara göz yuman xarici düşmən yalan təbliğat aparır və təəssüflər olsun ki, ölkə daxilindəki, qəlbində Allah qorxusu olmayan bəzi dillər və qələmlər də həmin təbliğatı təkrar edir”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Allahın mənəvi dəstəyi, öz fəal iştirakı və böyük əzmi sayəsində İran xalqı bu məkrli planların hamısına kəskin və qətiyyətli cavab verəcək”.

Seçki ilə bağlı çıxışının digər bir hissəsində Həzrət Ayətullah Xamenei namizədlərə bir neçə mühüm tövsiyə verdi. O vurğuladı: “Möhtərəm namizədlər istədikləri hər bir şeyi tənqid etsinlər, amma bir məqama diqqət yetirsinlər ki, tənqidin mənası insafsızlıq, hər şeyi pisləmək və qaralamaq deyil. Tənqidin mahiyyətini problemləri həll etmək, iftixar dolu bir yol qət etmək əzmi, niyyəti və səyi təşkil edir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Hərçənd xarici media qeyz və qərəzlə mənim bu sözlərimi bəzi namizədlərə aid etməyə çalışır, lakin bu fikirlər konkret bir namizədə yox, bütün namizədlərə aiddir”.

O, əlavə etdi: “Kimisə tənqid etmək üçün onun müsbət cəhətlərini inkar etmək lazım deyil. Odur ki xalqın etimadını qazanmaq istəyən şəxslər hazırkı hökumətin və bundan öncəki bir neçə hökumətin həyata keçirdiyi, ölkənin inkişafına təkan vermiş infrastruktur tədbirləri, diqqətəlayiq proqramları inkar etməməlidirlər”.

Həzrət Ayətullah Xamenei iqtisadi problemlərə, o cümlədən bahalaşma və inflyasiyaya toxunaraq dedi: “Xalqımız da, biz hamımız da arzulayırıq ki, xalqın 24 xordad seçkilərində seçəcəyi yeni prezident ölkədəki iqtisadi problemləri həll etsin. Lakin namizədlər iqtisadi problemlərin həlli ilə bağlı layihələrini təqdim edərkən indiyə qədər görülmüş işləri heçə saymamalıdırlar”.

Ali Məqamlı Rəhbərin 8 namizədə seçki ilə əlaqədar verdiyi növbəti tövsiyə qeyri-real vədlər verməməklə bağlı oldu. O, namizədlərə xitabən aşağıdakıları dedi: “Elə danışın ki, gələn ilin xordad ayında bu gün dediklərinizin videoyazısını yayımlasalar, utanıb, bəhanə gətirərək məsuliyyəti onun-bunun boynuna atmayasınız”.

Konstitusiya ilə ölkə başçısına çox geniş və fövqəladə səlahiyyətlər verildiyini bildirən Həzrət Ayətullah Xamenei dedi: “Ölkə başçısının qarşısındakı yeganə məhdudiyyət qanundur. Əlbəttə ki, qanun, əslində, məhdudlaşdırmaq üçün yox, düzgün istiqamətləndirmək, düzgün hərəkət kursunu göstərmək üçündür”.

Daha sonra Ali Məqamlı Rəhbər namizədləri platformalarını təqdim etməklə yanaşı, xalqa bir neçə başlıca söz verməyə çağırdı. O dedi: “Xalqa ağıl və müdrikliklə, mətinlik və sabitqədəmliklə iş görəcəyinizi söz verin. Söz verin ki, ölkə başçısının öhdəsinə düşən böyük məsuliyyəti yerinə yetirərkən Konstitusiyanın bütün imkanlarından istifadə edəcəksiniz. Söz verin ki, ölkəni idarə etməklə yanaşı, yadellilər üçün ölkəyə qarşı təzyiq vasitəsinə çevrilmiş iqtisadi problemlərin həllinə kifayət qədər diqqət ayıracaqsınız”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, namizədlər xalqa seçiləcəkləri təqdirdə ətraflarına dostlarından və yaxınlarından ibarət komanda yığmayacaqlarını söz verməlidirlər. O həmçinin bildirdi ki, namizədlərin xalqın qarşısında öhdələrinə götürməli olduqları daha bir vacib məsəl milli mənafeyi tam diqqətlə qorumaqdır. O dedi: “Bəziləri prosesləri səhv analiz edərək deyirlər ki, düşmənin aqresiyasını azaltmaq üçün ona müəyyən güzəştlər etmək lazımdır. Lakin bu yanlış addım, faktiki olaraq, yadellilərin mənafeyini milli mənafedən üstün tutmaq deməkdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmənin aqresiyası İslam Respublikasının yüksələn varlığından, İmam Xomeyni (r.ə) kursunun, xatirəsinin və amallarının xalqın zehnində yaşamasından irəli gəlir. Bu aqresiyaya qarşı mübarizə aparmağın yeganə yolu problemlərin həlli, milli istiqlal və iqtidar üçün dayanmadan çalışmaqdır”.

Çıxışının sonunda Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “10 gün sonra İran xalqı üçün böyük sınaq günü olacaq. Ümidvaram ki, Allahın fəzli sayəsində, xalqımız bərəkət dolu, parlaq nəticələri olan bir qəhrəmanlığa imza ataraq bu böyük ilahi imtahandan da vüqar və başucalığı ilə çıxacaq”.

Mərasimin əvvəlində müqəddəs İmam Xomeyni (r.ə) hərəminin hamisi Höccətül-İslam vəl-muslimin Seyid Həsən Xomeyni çıxış edərək bildirdi ki, 1342-ci il 15 xordad günü baş vermiş hadisə İmam Xomeyni hərəkatının başlanğıcı olmuşdur. O dedi: “Hərəkatın başlanğıcında vəziyyət elə idi ki, imamın əli ilə dini istiqamətli bir inqilabın formalaşacağını və qələbə qazanacağını heç kəs əsla təsəvvür belə etmirdi”.

“İmamın Allaha həqiqi inam və təvəkkülü onun inqilabi hərəkatının əsasını təşkil edirdi” – deyən Höccətül-İslam vəl-muslimin Seyid Həsən Xomeyni əlavə etdi: “İmam Xomeyni (r.ə) bu hərəkata elə bir şəraitdə başladı ki, dünyanın şərqində və qərbində dinə etiqad özünün ən zəif dövrünü yaşayırdı”.

Seyid Həsən Xomeyni həmçinin irəlidə gözlənilən seçkiyə də toxunaraq dedi: “Ümidvarıq ki, bu həssas şəraitdə cəmiyyətin bütün nümayəndələri öhdələrinə düşən vəzifəni lazımınca dərk edə və yerinə yetirə biləcəklər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /