Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Kapitalist iqtisadiyyatının yarıtmazlığı və yanlışlığı bu gün praktikada ortaya çıxıb

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər minlərlə fəhlə və zəhmətkeşlə, istehsalat sektorunda fəal olan sahibkarlar və əməkdar fəhlələrlə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər ölkənin iqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq əzmli bir hərəkata, böyük və sıçrayışlı bir irəliləyişə ehtiyac duyduğunu bildirdi. O həmçinin seçkini mühüm bir məsələ, milli iqtidarın təzahür etdiyi arena adlandıraraq, ehtimal edilən namizədlərə öz bacarıqlarını, eləcə də ölkənin ali icraedici rəsmisi postunun məsuliyyətini düzgün dəyərləndirməyi bir daha təkidlə tövsiyə etdi. Həzrət Ayətullah Xamenei vurğuladı: “Böyük, mübariz İran ölkəsi və İran xalqına elə bir prezident lazımdır ki, beynəlxalq arenada, imperializmin qarşısında şücaətli və qorxmaz olsun, daxili siyasətində isə məqsədəuyğun fəaliyyət proqramları irəli sürsün, müdrik və tədbirli olsun, müqavimət iqtisadiyyatının rolu və əhəmiyyətinə inansın, saf mənəviyyata malik olsun, ikinci-üçüncü dərəcəli problemləri önə çəkib təşviş və narahatlıq yaratmaqdan uzaq olsun, məntiqli, reallığa uyğun sloqanlarla çıxış etsin”.

Zəhmətkeşlər həftəsi münasibətilə keçirilən görüşdə Həzrət Ayətullah Xamenei bildirdi ki, fəhlə təbəqəsinin ən mühüm özəlliyi bu insanların ölkənin inkişaf və asayişi üçün öz canlarını maya qoymasıdır. O dedi: “Fəhlələr hər bir cəmiyyətin fəqərə sütunudur. Onlar olmasa və ya zəifləsə, cəmiyyət iflic olar”.

Mədəniyyət, eləcə də qanunvericilik və icra sferalarında əmək və zəhmətkeşlər mövzusuna xüsusi diqqət ayrılmalı olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Fəhlə təbəqəsi sabaha ümidlə baxsa, rifah səviyyəsi normal olsa və əməyinin təhlükəsizliyi təmin olunsa, ölkənin inkişaf yolunda irəliləyişi daha da sürətli və asan olar”.

Fəhlələrin İslam İnqilabının qələbəsində, eləcə də inqilabın müxtəlif mərhələlərində, o cümlədən Müqəddəs Müdafiədə xüsusi rol və mövqeyə malik olduqlarını qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ötən 34 il ərzində fəhlə təbəqəsini İslam İnqilabına və İslam dövlətinə qarşı qoymaq üçün çox səylər olunub. Amma ölkəmizin mömin və inqilabçı fəhlələri bu məkrli planların qarşısında şücaətlə durublar. Bu, fəhlə təbəqəsi üçün iftixar mənbəyidir”.

Ötən ilin “Milli istehsala, İran insanının əməyinə və sərmayəsinə dəstək ili” adlandırılmasına toxunan Həzrət Ayətullah Xamenei dedi: “Milli istehsala dəstək verilməsi təkcə bir ilə aid deyil. Bu məsələyə mehvərdə duran bir məsələ kimi ciddi diqqət yetirmək lazımdır”.

Daxili məhsullardan istifadə ilə bağlı xalq arasında mədəni təbliğat işləri aparmaq lazım olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Əhali arasında belə bir mədəniyyət yaymaq lazımdır ki, daxili və ya xarici markalı məhsulun seçilməsi iranlı bir fəhlənin yoxsulluğu və ya maddi təminatı deməkdir”.

Ali Məqamlı Rəhbər üzünü İran xalqına tutaraq dedi: “Mənim bütün xalqımızdan istəyim odur ki, daxili məhsulun istehlakına meyil etsinlər”.

“Dövlət strukturları da öz ehtiyaclarını təmin edərkən heç bir vəchlə xarici məhsula müraciət etməməlidirlər” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, müəssisə rəhbərləri, fəhlələr və investorlar daxil olmaqla bütün daxili istehsalçılar da öz məhsullarını düzgün və mükəmməl şəkildə, yüksək keyfiyyətlə təqdim etməlidirlər”.

Ali Məqamlı Rəhbər İslam dininin fəhləyə hörmətlə yanaşı, görülən işin keyfiyyəti, kapitalın təhlükəsizliyi ilə yanaşı, fəhlənin əməyinin də təhlükəsizliyinin təmin olunması ilə bağlı göstərişlərinə toxunaraq dedi: “Liberal və sosialist iqtisadiyyatındakı görüşlərdən fərqli olaraq, İslam dini orta yol tutur, əməyə, fəhləyə və kapitala insanpərvər və ədalətpərvər mövqedən yanaşır”.

“Kapitalist iqtisadiyyatının yarıtmazlığı və yanlışlığı bu gün praktikada ortaya çıxıb” –deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu gün Avropada və fərqli bir formada Amerikada müşahidə olunan etirazlar kapitalist iqtisadiyyatı kursunun yanlışlığına ən böyük əməli sübutdur”.

Ali Məqamlı Rəhbər dedi: “Hazırda Avropa və Amerikada baş verənlər hələ işin başlanğıcıdır və onların vəziyyəti bundan dəfələrlə pis olacaq. Çünki kapitalist iqtisadiyyatı uçurumla üzü aşağı doğru getməkdədir”.

O əlavə etdi: “Bu gün Qərbin yaşadığı iqtisadi problemlər Qərb sivilizasiyasının tənəzzülünün bir hissəsidir. Bu tənəzzülün digər bir hissəsini isə əxlaqi və mədəni problemlər təşkil edir”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər cari ilin “Siyasət və iqtisadiyyat sferasında qəhrəmanlıq ili” adlandırılmasına toxunaraq aşağıdakıları vurğuladı: “Qəhrəmanlıq dedikdə cihad əzmi və yüksək əhval-ruhiyyə ilə hərəkət etmək başa düşülür. Bu məsələ xalqın və rəsmilərin diqqət mərkəzində saxlanmalıdır. Odur ki qəhrəmanlığı reallaşdırmaq üçün zəif cəhətlərin və boşluqların hansılar olduğunu bilmək, düzgün fəaliyyət proqramları hazırlamaq vacibdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hazırlanan bütün proqramlarda yoxsul təbəqənin yaşayışına və məişətinə diqqət yetirmək lazımdır”.

Ölkəni inkişaf etdirmək üçün sıçrayışlı bir hərəkata, qəhrəmanlıq nümayiş etdirməyə ehtiyac olduğunu bildirən Ali Məqamlı Rəhbər vurğuladı: “İqtisadiyyat və siyasət sferasında həyata keçirilməli olan qəhrəmanlıq bir bütövün iki hissəsidir – hər biri digərinin keşiyində durmalı və onu gücləndirməlidir”.

İran xalqının bədxahlarının ölkədə iqtisadi və siyasi qəhrəmanlığın gerçəkləşməsinin qarşısını almaq üçün göstərdikləri səylərin və cızdıqları planların hansı istiqamətə  yönəldiyindən söz açan Həzrət Ayətullah Xamenei dedi: “İqtisadi təzyiqlərlə onlar xalqı İslam dövlətindən uzaqlaşdırmağa, əhalinin ümidini qırmağa çalışırlar. Eyni zamanda utanmazcasına ağ yalan söyləyərək: “Biz İran xalqına düşmən deyilik” – deyirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər ölkənin qanunverici və icraedici strukturları iqtisadiyyat sferasında böyük və sıçrayışlı bir irəliləyişi ciddi bir hədəf kimi nəzərdə tutsalar, bütün iqtisadi təzyiqlər effektini itirər”.

O vurğuladı: “İran xalqı və rəsmiləri özlərinin güclü əzmi sayəsində iqtisadiyyat arenasında düşməni məyus edəcəklər”.

“Siyasətdə qəhrəmanlıq nümayiş etdirmək üçün də xalqın siyasət və ölkənin idarəçiliyi arenasında müdrik iştirakına ehtiyac var” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Siyasətdə qəhrəmanlığın bariz nümunəsi qarşıda gözlənilən, Allahın köməyi ilə, müəyyən edilmiş vaxtda və xalqın yüksək əhval-ruhiyyəli iştirakı şəraitində baş tutacaq seçkilərdir”.

İran xalqının bədxahlarının siyasət arenasında qəhrəmanlığın gerçəkləşməsinə qarşı mübarizə aparmaq üçün əhalinin seçkidə iştirak stimulunu azaltmaq istiqamətində planlar cızdıqlarını bildirən Həzrət Ayətullah Xamenei dedi: “Pərdə arxasında İran xalqına qarşı məkrli planlar quran imperialistlər bu ədavət və qarşıdurmanı uzun illər boyu davam etdirdiklərinə baxmayaraq, hələ də İran xalqına, onun Allaha iman ruhiyyəsinə və mübarizliyinə bələd deyillər”.

O, əlavə etdi: “Bu 34 il ərzində ən böyük təqdir həmişə İran xalqına aid olub. Çünki rəsmilər mətinlik nümayiş etdiriblərsə də, bu, xalqın mübarizliyinə söykənib. Bundan sonra da belə olacaq”.

Seçkinin böyük əhəmiyyət daşıdığını və xalqın qüdrətini təzahür etdirən bir arena olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Dinamik və yüksək əhval-ruhiyyəli, ilahi iradəyə arxalanan, Allahın ona dayaq olacağına əmin olan bir xalq bütün sahələrdə, o cümlədən seçki arenasında qalib olacaq”.

Bir müddət öncə siyasi təmayülündən asılı olmayaraq, İslam İnqilabına etimad edən hər kəsin seçkiyə qatılmalı olduğu barədə səsləndirdiyi fikirləri xatırladan Həzrət Ayətullah Xamenei dedi: “Bu meydana atılan hər kəs öz bacarığını və ölkənin ali icraedici rəsmisi postunun məsuliyyətini dəyərləndirərkən səhvə yol verməməlidir”.

O vurğuladı: “Seçki marafonuna qatılmaq niyyətində olan şəxslər yalnız bu dediklərimiz düzgün dəyərləndirdikdən sonra meydana atılsınlar. Son nəticədə həlledici qərarı isə xalq verəcək”.

Ali Məqamlı Rəhbər ölkədə seçki üçün güclü mexanizmin mövcud olduğunu bildirərək dedi: “İmam Xomeyninin (r.ə) də dəfələrlə vurğuladığı kimi, Keşikçi Şuranın seçkidə iştirakı, namizədlərin səlahiyyətlərinin ədalətli, bitərəf və uzaqgörən insanlar tərəfindən dəyərləndirilməsi mübarək bir təzahürdür”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Keşikçi Şura namizədliyini irəli sürən şəxslərin seçkiyə qatılma səlahiyyətlərini gözdən keçirdikdən sonra xalq təsdiq olunmuş namizədlərin keçmişini, platformasını və şüarlarını araşdıraraq bir nəfəri prezident seçəcək. Bu, olduqca münasib və mübarək bir hüquqi mexanizmdir”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər ölkə prezidentini seçərkən nəzərə alınmalı olan bəzi xüsusiyyətlərə toxunaraq dedi: “Ölkə başçısı elə bir insan olmalıdır ki, ilk növbədə, Allaha, xalqa və qanuna inamı, ikinci növbədə isə mübariz ruhiyyəsi olsun”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İran xalqı böyük işlər və hədəflər gerçəkləşdirmək niyyətindədir, təslim olan deyil və heç kəs onunla zorakı tonla danışa bilməz. Odur ki ölkəmizin icraedici hakimiyyətinin başında duran şəxs də düşmənin təzyiqləri qarşısında qorxmaz, şücaətli və mətin olmalı, meydanda geri çəkilənlərdən olmamalıdır”.

Həzrət Ayətullah Xamenei ölkə başçısı üçün vacib olan digər keyfiyyətlər sırasında müdriklik, tədbirlilik və konkret fəaliyyət proqramının olmasını qeyd edərək dedi: “Xarici siyasətdə özünəhörmət və müdrikliyə, xalqın mənafeyini qorumağa ehtiyacımız olduğu kimi, daxili və iqtisadi məsələlərdə də hərtərəfli, uzunmüddətli yanaşmaya, düzgün planlamaya ehtiyacımız var”.

İqtisadi problemlərə günün tələbi çərçivəsində yanaşmanın, iqtisadi siyasətlərin dəfələrlə dəyişdirilməsinin, qeyri-peşəkar rəylərə əsaslanmanın, eləcə də digər ölkələrdən ölkəyə məcburi şəkildə aşılanan iqtisadi metodlara etimad göstərmənin ziyanlı olduğunu bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İqtisadi siyasətlər müqavimət iqtisadiyyatına əsaslanmalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Müqavimət iqtisadiyyatı elə bir iqtisadiyyatdır ki, onun daxili konstruksiyası güclüdür, müqavimət qabiliyyətinə malikdir və dünyada baş verən müxtəlif dəyişikliklərin təsiri nəticəsində böhrana uğramır”.

Həzrət Ayətullah Xamenei ölkə başçısı üçün mənəviyyatını saflaşdırmağın, ikinci dərəcəli, xırda məsələlərə varmamağın da vacib olduğunu bildirərək dedi: “Ötən illər ərzində mən daim ölkə başçılarını və müxtəlif hökumətləri dəstəkləmişəm, lakin eyni zamanda onlara öz tövsiyələrimi də vermişəm, açıqlama da tələb etmişəm”.

O, əlavə etdi: “Mənim ölkə başçılarına daim verdiyim tövsiyələrdən, vurğuladığım məsələlərdən biri də bu olub ki, camaat üçün maddi problemlər və xərclər yaratmasınlar, əhali arasına təşviş və narahatlıq salmaqdan çəkinsinlər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Seçki marafonuna qoşulan şəxslər xalqa reallaşmayacaq, məntiqsiz vədlər verməməlidirlər. Yaxşı olar ki, onlar məntiqli, reallığa və Allaha təvəkkülə əsaslanan sözlər danışaraq irəli getsinlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu böyük ölkə və xalqın icra strukturunun başında durmaq, iftixar dolu bu yolu xalqın dəstəyi ilə qət etmək istəyən şəxs sadaladığım xüsusiyyətləri özündə əks etdirməlidir”.

Ali Məqamlı Rəhbər daha bir mühüm məqamı xatırladaraq dedi: “Biz inqilab illərinin təcrübəsindən öyrənmişik ki, Uca Yaradan öz fəzli və hidayəti ilə bu xalqa bütün düşmənləri üzərində qələbə qazandıracaq”.

Sonda Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Dərin ilahi stimulun daşıyıcısı olan bu xalqla qarşıdurmaya girən hər kəs, sözsüz ki, yeniləcək”.

Görüşün əvvəlində Əmək, Kooperasiya və İctimai Rifah Naziri cənab Əsədullahi Abbasi rəhbərlik etdiyi nazirlik tərəfindən ötən il görülmüş ən mühüm işlər, eləcə də cari ildə həyata keçiriləcək proqramlar haqda məlumat verdi.

Görüş öncəsi ölkənin şəhid zəhmətkeşlərinin ailə üzvləri də Ali Məqamlı Rəhbərlə yaxından görüşüb söhbət etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /