Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müqavimət və İslam İnqilabı ədəbiyyatı ölkəni xaricdən idxal olunan ədəbiyyata ehtiyacsız etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər İslami Təbliğat Təşkilatının İncəsənət departamentinin Müqavimət Ədəbiyyatı və İslam İnqilabı Ədəbiyyatı idarələrinin rəsmiləri ilə görüşdü. Görüş zamanı o bildirdi ki, müqavimət və İslam İnqilabı ədəbiyyatı sahələrində böyük, ilhamverici, mübarizəyə səsləyən bir hərəkatın formalaşdırılması, həmçinin inqilaba müxalif olan bəzi cərəyanların İslam İnqilabının həqiqət və anlayışlarını təcrid etməklə bağlı səylərinin nəticə verməsinin qarşısının alınması İncəsənət departamentinin fəaliyyətinin iki mühüm xüsusiyyəti və meyarıdır. Ali Məqamlı Rəhbər vurğuladı: “Bu mütərəqqi və effektiv hərəkat ölkəni xaricdən idxal olunan ədəbiyyata ehtiyacsız etdi”.

Həzrət Ayətullah Xamenei “ziyalılar cərəyanı” adlanan cərəyanın böyük və möhtəşəm bir qəhrəmanlıq salnaməsi olan İslam İnqilabını və onunla bağlı məsələləri tərsinə qələmə vermək, ört-basdır etmək, gizli saxlamaq üçün göstərdiyi bəzi səylərə toxunaraq dedi: “İslam İnqilabının ortaya qoyduğu böyük mənəvi-ideoloji potensialın öz məsuliyyətini dərk edən sənət adamları tərəfindən açıqlanması ziyalıların əsərlərindəki yanlış üslubu və yalnız tərcümə əsərləri ilə kifayətlənmə tendensiyasını dəyişdi, daxili istehsalla təmin olunma, ədəbiyyat və incəsənətin müxtəlif sferalarında olduqca dəyərli və qürurverici məhsulların təqdim olunması ilə nəticələndi”.

Həzrət Ayətullah Xamenei həmçinin müqavimət və İslam İnqilabı ədəbiyyatı sahələrində elmi-tədqiqat işlərinin gücləndirilməsinin vacib olduğunu da vurğulayaraq dedi: “Əlbəttə ki, bu, Qərbin tədqiqat metodlarının çərçivəsində sıxılıb qalmaq anlamına gəlmir. Həmin metodlardan istifadə etməklə yanaşı, müdrik və ağıllı təşəbbüslər də göstərmək lazımdır”.

Müqavimət və İslam İnqilabı sahələrində ədəbi əsərlərin yaradılması prosesində “şifahi tarix” metodunun əhəmiyyətinə toxunan Ali Məqamlı Rəhbər bu sferada çalışan yazıçıların, həmin əsərlərin araya-ərsəyə gəlməsi üçün zəhmət çəkən insanların hüquqlarına diqqət yetirmək məsələsinin də altını cızdı. O əlavə etdi: “Hadisələri nəql edən insanlarla yanaşı, onları qələmə alan şəxslərin də rolu əhəmiyyətlidir. Onlar bu əsərlərə hər bir sənət əsərini formalaşdıran yaradıcılıq məharətlərini, bacarıq və istedadlarını qoyurlar. Ona görə də bu tip sənət əsərlərini ərsəyə gətirən şəxslərə ciddi diqqət ayırmaq lazımdır”.

“Müqəddəs Müdafiə ilə müasir dövrün digər müharibələri, eləcə də İran İslam İnqilabı ilə dünyada baş vermiş digər böyük inqilablar arasında müqayisəli şəkildə elmi araşdırmalar aparmaq vacibdir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dünyanın digər böyük inqilabları ilə müqayisədə İran İslam İnqilabı daha dərin mahiyyətli, daha güclü və daha effektivdir. Lakin eyni zamanda digər böyük inqilablarla müqayisədə İslam İnqilabına incəsənət və ədəbiyyatda layiq olduğu diqqət ayrılmayıb. Bu baxımdan tarixi əsərlərin, romanların qələmə alınması və s. bu kimi sferalarda daha artıq işlər görülməlidir”.

Ali Məqamlı Rəhbər sözünün davamında da İncəsənət departamentinin Müqavimət Ədəbiyyatı və İslam İnqilabı Ədəbiyyatı idarələrinin rəsmilərinə xitabən bir neçə mühüm məqama toxundu. Həzrət Ayətullah Xameneinin bu görüşdə vurğuladığı məsələlər sırasında digər incəsənət məhsulları formasında istehsal olunmuş yaxşı yazılı əsərlərin çapı üçün planlama işlərinin aparılması, istehsal olunan məhsulların geniş və sistemli distribusiyası, müqavimət və İslam İnqilabı ədəbiyyatı sahələrindəki dəyərli əsərlərin xarici dillərə tərcümə olunması, müqavimət və inqilab ədəbiyyatının  universitetlərin mühitinə yeridilməsi, müqavimət və İslam İnqilabı ədəbiyyatı sahələrindəki gözəl əsərlərin və fəal yazıçıların yüksək dəyərləndirilməsinin vacibliyi də yer alırdı.

Görüşün əvvəlində Müqavimət Ədəbiyyatı və İslam İnqilabı Ədəbiyyatı idarələrinin rəsmilərindən bir neçəsi öz çıxışlarında müxtəlif məsələlərlə bağlı rəy və görüşlərini ifadə etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /