Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Namizədlər xalqın diqqətini çəkmək üçün təxribatçı davranışlara yol verməməlidirlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin sədri, idarə heyətinin üzvləri və parlamentarilərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə parlamentin işlərin başında durduğunu, icraedici hakimiyyətin isə meydanda ağır bir yükü çiyinlərinə götürərək icraiyyə işlərini həyata keçirdiyini vurğulayaraq bildirdi ki, hökumətlə parlamentin əməkdaşlığında hər iki tərəfin qanuna riayət etməsi, qarşılıqlı həmkarlığa açıq olması və insaflı davranması vacibdir. O, ölkədə keçiriləcək sayca 11-ci prezident seçkilərinə toxunaraq dedi: “Hamı çalışmalıdır ki, seçkilər xalqın geniş iştirakı və ruh yüksəkliyi şəraitində baş tutsun. Çünki İslamın İnqilabının ilk illərindən bu günə qədər İslam dövlətinin gücü və möhkəmliyi xalqın siyasi proseslərdə iştirakına və dayağına əsaslanıb”.

“Seçkinin yüksək fəallıqla baş tutması ölkənin toxunulmazlığı, nüfuzu və təhlükəsizliyi üçün zəmin yaradacaq, düşmənin təhdidlərini ortadan qaldıracaq” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dövləti köklü-köməcli bir dövlətdir, onun kökü isə xalqdır, xalqın yekdil dayağıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın İslam dövlətini dəstəkləməsi ölkə, dövlət və xalqın özü üçün nüfuz və bərəkət qaynağıdır. O vurğuladı: “Məhz bu prinsipə əsasən də xalqın ölkənin siyasi həyatında iştirakının təzahürü olan seçkilər yüksək fəallıq şəraitində baş tutmalıdır”.

Seçkinin bütün mərhələləri üçün yaxşı və məqsədəuyğun qanunların mövcud olduğunu, heç bir mərhələdə boşluqların olmadığını bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu günə qədər bütün mərhələlər qanuna müvafiq surətdə icra olunub, seçki marafonuna qoşulmaq üçün müraciət edən şəxslər öz müsahibələrində qanuna təmkinli yanaşma məsələsini vurğulayıblar və namizədlik səlahiyyətlərini araşdıran komissiya nəticələri elan etdikdən sonra da bu təmkini qoruyublar. Yeri gəlmişkən, onlara, xüsusilə də namizədliyi qəbul olunmamış şəxslərə təşəkkür və qədirdanlıq bildirmək lazımdır”.

Ali Məqamlı Rəhbər bu davranışların qanunun prioritet mövqeyini və əhəmiyyətini nümayiş etdirdiyini bildirərək dedi: “Biz qanundan narazı da ola bilərik, amma bizim qanun qarşısında təmkinli davranmağımız qanunun aliliyinin tanınmasına səbəb olur”.

Həzrət Ayətullah Xameneinin seçki ilə bağlı toxunduğu daha bir məqam namizədlərin seçimində xalqın sayıqlığı, məlumatlılığı və gözüaçıqlığı oldu. O dedi: “Dünya xalqları ilə müqayisədə İran xalqının siyasi proseslərə yanaşmada yüksək məlumatlılığını və gözüaçıqlığını, həmçinin Dövlət Teleradiosunun xalqın düzgün seçiminə zəmin yaratmaq üçün hazırladığı seçki proqramlarını  nəzərə alaraq demək olar ki, seçicilərin namizədlər arasından seçim etməsi üçün yüksək səviyyədə imkan yaradılıb”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İnsanın seçimi səhv və ya düz ola bilər – bunun eybi yoxdur. Mühüm olan odur ki, sayıqlıq və gözüaçıqlıqla, öz seçimimizə uyğun surətdə bu prosesə qoşulub öhdəmizə düşən vəzifəyə əməl edək. Heç şübhəsiz, bu addım Yaradanın əcrinə də layiq olacaq”.

Həzrət Ayətullah Xamenei seçkiyə qoşulmuş namizədlərə də öz tövsiyəsini verərək dedi: “Dövlət Teleradiosunda çıxış edən namizədlərin çiyninə ağır bir vəzifə düşür. Onlar diqqətli olmalıdırlar ki, Allah eləməmiş, xalqın diqqətini özlərinə cəlb etmək üçün ağızlarına reallığa zidd olan hər sözü gətirməsinlər”.

O vurğuladı: “Namizədlərin danışdığı sözlər reallığa uyğun və səmimi olmalı, dəqiq informasiyaya əsaslanmalı və doğru olmalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkə prezidentliyinə namizədlər xalqa yalnız həqiqətləri deməlidirlər – həm ölkədəki vəziyyət, həm də özləri ilə bağlı həqiqətləri”.

Həzrət Ayətullah Xamenei dedi: “Əgər hər bir iş sidq ürəklə görülsə, sözsüz ki, Uca Yaradan insanın yardımçısı olar. Bu ilahi yardım isə bəzən xalqa xidmət kimi böyük bir məsuliyyəti üzərinə götürməyin insana nəsib olması, bəzən isə nəsib olmaması ilə ola bilər”.

O vurğuladı: “Namizədlər xalqın diqqətini çəkmək üçün digər namizədlər, eləcə də cəmiyyətdəki reallıqlarla bağlı təxribatçı hərəkətlərə yol verməməlidirlər”.

Ali Məqamlı Rəhbər bir daha seçkidə ölkənin ali rəhbərlik postunun bəzi namizədlərlə bağlı müsbət rəyi məsələsinə toxunaraq dedi: “Belə söhbətlər həmişə olub və həqiqətdən uzaqdır. Çünki ali rəhbərliyin kimə səs verəcəyini heç kim bilmir”.

Həzrət Ayətullah Xamenei dedi: “Hamı kimi, ali rəhbərliyə də yalnız bir səs hüququ verilir”.

Xarici mediada ali rəhbərliyin rəyinin seçkidəki rolu ilə bağlı aparılan təbliğata toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Düşmənlər məlum hədəflərinə çatmaq üçün öz fəaliyyətlərində bu təbliğata yer verirlər. Lakin İslam dövləti bu təbliğata diqqət etmədən, müəyyən etdiyi yol, hədəflər və tədbirlər əsasında öz işini görəcək”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər qeyd etdi ki, parlament nümayəndələrinin əlində İslam dövlətinə xidmət etmək üçün dəyərli bir fürsət var və eyni zamanda bu, Allah dərgahında çox böyük və həssas bir sınaqdır. O dedi: “Bu həssas zaman kəsimində insan özünə qarşı diqqətli və tələbkar olmalıdır. Çünki rəsmi vəzifə postu tutan bir insan bu təhlükəli, dolanbac yolu salamatlıqla geridə qoya bilsə, Allah dərgahında başıuca və uğur qazanmış olar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, 10-cu məclisdə çoxsaylı ixtisas sahiblərinin yer alması parlamentin müxtəlif qanun layihələrini dəqiqlik və professionallıqla araşdırmaq üçün yüksək potensiala malik olduğunu göstərir. O dedi: “Ötən bir il ərzində siyasi mövqe baxımından parlamentdə düzgün və yerinə düşən mövqelər sərgilənib”.

Deputatların parlamentdəki rəftar və davranışlarının cəmiyyət üçün olduqca əhəmiyyətli və təsirli olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər parlamentdə ağıl, düşüncə, sakitlik, təmkin və sevgi hökm sürsə, bu xüsusiyyətlər cəmiyyətdə də müşahidə olunacaq. Əgər parlamentdə bütün bunların əksi olsa, bu, insanların rəftarına da öz təsirini göstərəcək”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Əgər parlamentdə təqva, əmanətdarlıq, əxlaq, məsuliyyət hissi və işdə yüksək-əhval ruhiyyə müşahidə olunsa, bu, camaatda deputatlara qarşı nikbinlik yaradar və məclis nümayəndələrini xalqa yaxınlaşdırar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, parlamentarilərin davranışı, heç şübhəsiz, cəmiyyətin tərbiyələndirilməsinə, onun bəzi dəyərlərə və anti-dəyərlərə sövq edilməsinə təsir göstərir.

Deputatların qanun layihələri ilə bağlı dəqiq və professional səviyyədə iş aparmalı olduqlarını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Bu, xalqın deputatların çiyninə düşən vəzifəsidir. Odur ki qanun layihələrinin qəbulu zamanı hansısa deputatların səsvermədən imtina etməsi qəbuledilməzdir. Çünki əgər parlamentdə təmsil olunan insan həmin sahənin mütəxəssisidirsə, öz rəyi əsasında hərəkət etməlidir, həmin sahənin mütəxəssisi deyilsə, bu işi bilənlərdən məsləhət almalıdır”.

Bəzi iclaslarda deputatların az sayda iştirakından, kürsülərin boş qalmasından gileyini ifadə edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Deputatlar parlamentdə həm fiziki, həm də zehni və mənəvi cəhətdən iştirak etməli, müzakirəyə çıxarılan qanun layihələrinə ciddi diqqət və maraq göstərməlidirlər”.

İnsaf və ədalətə riayət etməyin parlament nümayəndələri üçün daha bir lazımlı cəhət olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Deputatlar öz həmkarlarına, hökumətə və məhkəmə hakimiyyətinə qarşı insaflı davranmalıdırlar. Çünki insafa riayət olunmaması cəmiyyətə mənfi təsir göstərir”.

Həzrət Ayətullah Xamenei qanunverici və icraedici hakimiyyətlər arasında qarşılıqlı əməkdaşlıq məsələsinə də toxunaraq aşağıdakıları qeyd etdi: “Qanuna əsasən, qanunverici və icraedici hakimiyyətlərdən hər birinə konkret hüquq və səlahiyyətlər verilib. Onlar bu hüdudları qorumalı və bir-biri ilə lazımi şəkildə əməkdaşlıq etməlidirlər”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Hökumətlə parlamentin əməkdaşlığı ikitərəfli hərəkət zolağı olan bir yola bənzəyir – burada hər iki tərəfə diqqət yetirmək lazımdır”.

“İş prosesində parlamentlə hökumət arasında bəzi fikir ayrılıqlarının ortaya çıxması təbiidir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Lakin normal hesab olunan bu fikir ayrılıqları kəskinləşərək kin-küdurətə çevrilməməlidir”.

Parlament və hökumətə bir-birini nəzərə almağı tapşıran Ali Məqamlı Rəhbər dedi: “Parlament hökumətin meydanda ağır bir yükü çiyinlərinə götürərək icraiyyə işlərini həyata keçirdiyini, bütün irad və narazılıqların ona tuşlandığını bilməli, icraedici hakimiyyətin vəziyyətini anlamalıdır”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Hökumət də parlamentin qanunların işlənib hazırlanmasında olan böyük haqqına riayət etməlidir”.

“Hər bir işin əsası qanundur və məclis, sanki, hökumətin hərəkəti üçün relslər ataraq onun fəaliyyət istiqamətini müəyyənləşdirir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hökumət məclisin atdığı relslər üzrə hərəkət etməlidir, lakin məclis də relsləri elə atmalıdır ki, hökumət onların üzərində hərəkət edə bilsin, təhlükəli döngələrdə uçuruma yuvarlanmasın”.

Parlamentlə bağlı daha bir məqamı qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Sözsüz ki, işlərin başında parlament durur, lakin bu o demək deyil ki, hər bir deputat özünü əsas persona zənn edə bilər”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Bu gün bizim hamımızın öhdəsinə düşən mühüm vəzifə işlərimizi saf ilahi niyyətlə, ciddiyyət və əzmlə, çiyinlərimizə düşən məsuliyyəti hiss edərək yerinə yetirməkdir”.

Çıxışının əvvəlində Həzrət Ayətullah Xamenei ötən bir ildə göstərdikləri səylərə görə parlamentin sədrinə, idarə heyətinə və deputatlara təşəkkürünü bildirdi.

Görüşün əvvəlində İslami Şura Məclisinin sədri cənab Dr. Laricani qanunverici hakimiyyətin ötən bir ildəki fəaliyyəti ilə bağlı hesabat təqdim etdi. O, parlamentin həyata keçirdiyi mühüm tədbirlər sırasında aşağıdakıları qeyd etdi:

- müxtəlif komissiyaların 1392-ci ilin büdcəsinin şəffaflaşdırılması istiqamətində işləməsi;

- məişət və inflyasiya problemlərinin həlli;

- valyuta məzənnəsinin qeyri-sabitliyi üzərində nəzarətin həyata keçirilməsi;

- milli istehsala və müqavimət iqtisadiyyatına dəstək verilməsi;

- kənd təsərrüfatı ilə məşğul olan insanlara, təqaüdçülərə, əhalinin sağlamlığına diqqət ayrılması;

- yeni vergi sisteminin tətbiqi, neft və qaz sektoruna, silahlı qüvvələrə və müdafiəyə xüsusi diqqət ayrılması;

Cənab Laricani həmçinin parlamentdə ümumilikdə müzakirəyə çıxarılmış 300 qanun layihəsindən 53 qanunun təsdiq olunduğu, mühasibat divanının yeni nəzarət metodlarından istifadəyə keçdiyi, müxtəlif strukturların rəsmiləri ilə müntəzəm olaraq əlaqə saxlandığı, parlamentin elmi-tədqiqat mərkəzi tərəfindən məsləhət xarakterli rəylərin təqdim olunduğu, parlamentin iqtisadi problemlərin həlli üçün hökumətə yardıma qoşulduğu haqda da məlumat verdi.

Parlament sədri 24 xordad seçkilərinin regional və beynəlxalq vəziyyət baxımından olduqca həssas əhəmiyyət daşıdığını da qeyd edərək dedi: “Ümidvaram ki, xalqın prezident seçkilərində fəal iştirakı siyasi cəhətdən böyük bir qəhrəmanlıq yaradacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /