Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məzhəblər arasına ixtilaf salmaq yanlış və məqsədəuyğun olmayan bir davranışdır

İki aləmin seçilmiş xanımı Həzrət Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) və onun şanlı övladı dahi İmam Xomeyninin (r.ə) mübarək doğum günlərində İmam Xomeyni (r.ə) adına hüseyniyə Xanım Fatimənin ali keyfiyyət və fəzilətlərinin rayihəsi ilə doldu.

Əhli-Beyt (ə) şairlərindən bir qrupunun iştirakı ilə keçən bu görüşdə Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) doğum günü münasibəti ilə hər kəsi təbrik etdi və İmam Xomeyninin (r.ə) doğum gününün də xanımın mövludu ərəfəsinə təsadüf etdiyini xüsusi qeyd etdi. O bildirdi ki, poetik nümunələrlə Əhli-Beyti (ə) mədh etmək insanların din haqqında bilgilərini artırmağın, onlarda ümid yaratmağın, ürəklərdə emosiyaları coşdurmağın bədii metodlarından biridir. Qərbin qadına yanaşmasını tənqid edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İslam dininin və Quranın kişi və qadının fərdi və ictimai hüquqlarına yanaşması ən məntiqi, ən dəqiq və ən praktik yanaşmadır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ismət və paklıq xanədanına təvəssülü genişləndirmək, Əhli-Beytə (ə)  bağlılığı ifadə etmək istiqamətində fəaliyyət göstərən gənc məddahların, eləcə də qocaman şairlərin arasında parlaq istedadlı, qəlbi həsrətli söz ustadlarının varlığı ölkə üçün dəyərli bir fürsət, böyük bir nemət, ümumi bir bərəkətdir. O əlavə etdi: “Əhli-Beyti (ə) mədh edən qələm sahibinin missiyası qəlblərdə emosiyaları oyatmaq, ardınca isə bu emosiyaları ağıl və müdrikliyə doğru istiqamətləndirməkdir. Tarix boyunca emosiyaların ağıl, məntiq və müdrikliklə bu cür paralelliyi mənəviyyatın, din və əxlaqın qorunmasının əsasını təşkil edib”.

Ali Məqamlı Rəhbər dedi: “Əhli-Beyti (ə) mədh edən şair şeirinin məzmununu, ifadə tərzini və formasını seçərkən insanlara Allahı daha çox tanıtdırmaq, onları doğru yola daha artıq istiqamətləndirmək, din və həyat yolu haqqında bilgilərini dərinləşdirmək məqsədi daşımalıdır”.

Yüksək səviyyədə yazılmış bir qəzəl və ya qəsidənin dini biliklərin ötürülməsində böyük və dərin təsirə malik olduğunu bildirən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu fürsətdən düzgün istifadə etmək lazımdır. Məzmunsuz, yaxud zəif və yanlış məqamlar ehtiva edən şeirlər yazmaqla, qeyri-münasib və şəriət hüdudlarından kənar yaradıcılıqla məşğul olmaqla bu dəyərli fürsəti məhv etmək olmaz”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, fürsətin fövtə verilməsinin göstəricilərindən biri də  xalqın zəruri ehtiyaclarının, dövrün mühüm dəyişikliklərinin şeir və mədhlərdə diqqətdən kənar qalmasıdır. O dedi: “Müqəddəs Müdafiə dövründə şair və məddahlar ölkənin aktual ehtiyaclarına diqqət ayırmaqla o coşğulu, əməli cihad və qəhrəmanlığı layiqincə dəstəklədilər, misilsiz və dərin mahiyyətli yaradıcılıq nümunələri ilə öhdələrinə düşən vəzifəyə əməl etdilər”.

Həzrət Ayətullah Xamenei: “Tanrı vergisi olan şairlik istedadından, dini məzmunlu mədhlə yoğurulmuş poeziyadan ixtilaf yaratmaq, məzhəblərin emosiyalarını qızışdırmaq istiqamətində istifadə etmək şeir yaradıcılığı, Əhli-Beyti sitayiş etmək kimi dəyərli bir fürsəti zay etməyin daha bir bariz nümunəsidir” – dedi.

İnformasiya və kommunikasiya vasitələrinin çoxaldığını, məzhəblərarası ixtilafları qızışdırmaq məqsədilə ağılsız davranışlara əl atıldığını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu gün məzhəblər arasına ixtilaf salmaq, ayrı-ayrı məzhəblərə mənsub olan insanların emosiyalarını qızışdırmaq yanlış və məqsədəuyğun olmayan bir davranışdır. Məsum imamların yaşadığı dövrdə də o böyük şəxsiyyətlər bu tip davranışların qarşısını alırdılar”.

Daxili ixtilaflara baş qoşmağın fürsəti zay etməyə daha bir nümunə olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Cari ilə “İqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq ili” adı verilib. Qəhrəmanlığın dayağı isə ağıl, doğru yol tutmaq və imandır. Qəhrəmanlıq ürəkdən gəlməlidir, tapşırıq və direktivlərlə reallaşan bir anlayış deyil”.

“Qəhrəmanlıq yaratmaq üçün ölkənin önündə duran qəti və danılmaz perspektivlərə münasibətdə ümid, nikbinlik və optimizm atmosferi mövcud olmalıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın zehninə şübhə və tərəddüd toxumu səpməklə, qəlblərə pessimizm və ümidsizlik aşılamaqla, insanları cəmiyyətdən təcrid olmağa, tənbəllik və işsizliyə səsləməklə qəhrəmanlıq yaratmaq olmaz”.

Ali Məqamlı Rəhbər fikrinə daha da aydınlıq gətirərək dedi: “Hər bir ölkənin və sivilizasiyanın inkişaf etmək üçün ehtiyac duyduğu davamlı və möhkəm əzmli irəliləyişin yolu yüksək əhval-ruhiyyə, həvəs və optimizmdən keçir. Bu işdə şairlərin və ilahi məddahların insanları maarifləndirmək, zehinlərə hikmət, ümid və güclü əqidə toxumları səpmək baxımından rolu diqqətəlayiqdir”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei əhalinin, geniş auditoriyanın dini şeirin forma və məzmunu ilə yanaşı, bu sahədə yazıb-yaradan söz ustadlarının davranışına, əxlaqına da diqqət yetirdiyini bildirdi. O dedi: “Yaradıcılığı ilə dini maarifi təbliğ edən, dini mədhiyyələr yazan söz ustadları təqva, əxlaq, iffət, dindarlıq, dilin və qəlbin paklığı cəhətdən nə qədər yüksək səviyyədə olsalar, bir o qədər effektli dini mədhiyyələr yarada, bu fürsətdən qəlblərə təsir göstərmək, dini maariflənməni genişləndirmək istiqamətində daha artıq yararlana biləcəklər”.

Görüş əsnasında Ali Məqamlı Rəhbərin toxunduğu ikinci məqam qadınların nüfuz və ehtiramını yüksək tutmağın vacibliyi ilə bağlı oldu.

O, Qərb dünyasının qadınlara münasibətdə yürütdüyü siyasəti tənqid edərək dedi: “Maddiyyatçı Qərb sivilizasiyasının qadınlarla bağlı həyata keçirdiyi hərəkat böyük və bağışlanmaz bir günahdır. Onun doğurduğu mənfi nəticələri heç cür kompensasiya etmək mümkün deyil”.

Qərb sivilizasiyasının qadınla bağlı təzahürlərinin qadının gözəlliklərini nümayiş etdirməkdən, kişilərin onlara cinsi həzz obyekti kimi baxması üçün zəmin yaratmaqdan, qadınların nüfuz və ehtiramının alçaldılmasından ibarət olduğunu deyən Ali Məqamlı Rəhbər Qərb dünyasında bu təzahürlərə azadlıq, bunların əksinə isə əsarət adı verildiyini bildirdi.

Ali Məqamlı Rəhbər qadına bu cür yanaşmanın ailə ocağının dağıdılması ilə nəticələndiyini bildirərək əlavə etdi: “Hər hansı bir cəmiyyətdə ailənin təməli laxladıqda həmin cəmiyyətdə problemlər daha dərinə kök salır. Qərb sivilizasiyası da bərqərar etdiyi xəbis cinsi normalarla istər-istəməz süqut və məhvə məhkumdur”.

“Sivilizasiyaların formalaşması kimi, onların süqutu da tədricən baş verən bir prosesdir” – deyən Həzrət Ayətullah Xamenei Qərb sivilizasiyasının düşdüyü hazırkı situasiyada onun məhvi prosesinin gerçəkləşməkdə olduğunu bildirdi.

Çıxışının davamında Quranın qadına yanaşması, İslamın qadının nüfuzuna xüsusi diqqət yetirdiyi haqda söhbət açan Ali Məqamlı Rəhbər bu yanaşmanın ən məntiqli, ən güclü və praktik yanaşma olduğunu bildirdi. O dedi: “Uca Yaradan üçün mənəvi mərhələləri qət etmək, ictimai və fərdi hüquqlardan yararlanmaq baxımından kişi ilə qadının heç bir fərqi yoxdur. Lakin sözsüz ki, onlar, fərqli təbiətə malik insanlar olaraq, fərqli imtiyazlara malikdirlər”.

Evdarlıq, dünyaya uşaq gətirmək, ailə ocağının qorunmasına səy göstərmək, ailədə mehriban ünsiyyət atmosferi yaratmaq, övlad böyüdüb-yetişdirmək kimi qadına xas bəzi imtiyazlara toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Evdarlıq, dünyaya uşaq gətirmək səbir, duyğu və emosiyalarla qarışıq, yalnız qadının hünəri olan böyük bir əziyyətdir. Buna lazımi diqqət yetirilsə, cəmiyyətin inkişafı qarant altına alınar”.

Çıxışının sonunda qadına ehtiramla yanaşmağın, onu uca tutmağın vacib olduğunu bir daha xatırladan Həzrət Ayətullah Xamenei dedi: “Qadınlara qarşı sevgi və hörmətlə, namus və alicənablıqla davranmaq lazımdır”.

Görüşün əvvəlində Əhli-Beyt (ə) məddahlarından bir qrupu İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatiməyə (s.ə) həsr olunmuş şeirlərini oxudular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /