Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

24 xordad seçkilərində İran xalqı və onun düşmənləri əks hədəflərə malikdirlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə camaata, xüsusilə də gənclərə mübarək rəcəb ayının insan mənəviyyatına kamilləşdirici təsir göstərən, geniş imkanlarından yararlanmağı tövsiyə edərək 24 xordad seçkilərinin İran xalqı üçün növbəti qürurverici sınaq olduğunu bildirdi. Ali Məqamlı Rəhbər İran xalqının və onun düşmənlərinin bu seçkidə əks hədəflərə malik olduqlarını deyərək aşağıdakıları vurğuladı: “Xalqımız öz hədəflərini reallaşdırmaq və düşməni uğursuzluğa düçar etmək üçün seçkidə fəal və izdihamlı iştirak nümayiş etdirərək Keşikçi Şuranın qanuni meyarlara əsasən irəli sürdüyü namizədlər arasından layiqli, dindar, mömin, inqilabçı, mətin, əzmkar, mübariz, cihad əzminə malik olan elə bir şəxsi seçməlidir ki, o, ölkənin nüfuz və tərəqqisi kimi ağır bir yükü çiyinlərində daşımağı və ölkəni irəli aparmağı bacarsın”.

Gələn ay baş tutacaq seçkinin hazırkı mərhələdə ölkənin ən mühüm məsələsi olduğunu bildirən Həzrət Ayətullah Xamenei bu hadisənin qısa və uzun müddətli təsirlərindən danışdı. O dedi: “Bu seçki nəticəsində xalqın seçimi əsasında bir nəfər yaxın 4 il ərzində ölkənin müqəddəratı və ən ümdə məsələləri üzərində hakimiyyəti ələ alır. Lakin həmin şəxsin bəzi qərarları, gördüyü yaxşı və pis işlər ölkəyə öz təsirini hətta gələcək 40 ildə də göstərə bilər. Bu reallıq prezident seçkilərinin nə qədər əhəmiyyətli olduğunu göstərir”.

24 xordad seçkilərinin ikiqat əhəmiyyətə malik olmasını daha da ətraflı izah etməyə çalışan Ali Məqamlı Rəhbər dedi: “Seçkiyə hələ bir ay qaldığına baxmayaraq, bu mövzu mühüm bir beynəlxalq məsələyə çevrilib. Dünyanın beyin mərkəzləri və İran xalqının düşmənləri hətta seçkiyə hazırlıq prosesini də diqqətlə izləyirlər”.

İran xalqının düşmənlərinin bu seçkidə xalqın hədəflərinə tamamilə əks hədəflər güddüklərini vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı maddi və mənəvi sferalarda ölkəni daha artıq sürətlə irəli aparacaq, mövcud problemləri həll etməklə, əhali üçün daha yaxşı, daha yüksək rifahlı həyat şəraiti yaratmaqla yanaşı, xalqın yüksək əhval-ruhiyyəsi, dinamizmi və optimizmi sayəsində ölkənin nüfuz və istiqlalını daha uca zirvələrə qaldıracaq ən yaxşı namizədi seçmək haqqında düşünür”.

O əlavə etdi: “Düşmənlər isə seçkinin passiv şəraitdə keçməsi üçün çalışmaqla yanaşı, yuxarıda qeyd etdiyim xüsusiyyətləri doğrultmayacaq, İranı müxtəlif sferalarda asılılığa, zəifliyə, geriliyə, yadellilərin siyasətinə boyun əyməyə sürükləyəcək birinin hakimiyyətə gəlməsini istəyirlər”.

Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə ki, yadellilər ilk növbədə seçkinin baş tutmamasına çalışdılar. Lakin indi – bu hədəfdən əlləri üzüldükdən sonra xalqı seçkidən soyutmaq, seçkiyə ictimai marağı azaltmaq və xalqın seçiminə təsir göstərmək niyyətindədirlər”.

“Xalqı seçkinin nəticəsinə qarşı pessimist ruhda kökləmək düşmənin əsas taktikalarından biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar ictimaiyyətə belə bir fikir aşılamaq istəyirlər ki, seçkidə iştirak etməyin, səs verməyin heç bir xeyri yoxdur, elə isə seçkiyə getmək nəyə lazımdır?”

Həzrət Ayətullah Xamenei sionistlərə məxsus böyük media və informasiya şəbəkələrinin son həftələr ərzindəki fəaliyyətinə istinadən dedi: “Ölkədə guya böhran vəziyyətinin mövcud olduğu barədə fikir formalaşdırmaq, problemləri şişirtmək, onların həllinə münasibətdə pessimizm əhval-ruhiyyəsi yaymaq, xalqın gələcəyini qaranlıqmış kimi qələmə vermək böyük yalan və təhrif şəbəkəsinin İranda gözlənən seçkilərə həvəs və marağı söndürmək üçün işlətdiyi metodlar sırasına daxildir”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı olaraq, aşağıdakıları da qeyd etdi: “Əlbəttə ki, ölkədə bahalıq, işsizlik kimi problemlər var, amma problemlər hansı ölkədə yoxdur? Avropada əhalinin hər gün küçələrdə etiraz aksiyaları keçirməsi Avropa ölkələrinin xirtdəyə qədər problemlər içərisində olduqlarını göstərmirmi?”

Həzrət Ayətullah Xamenei İrandakı vəziyyəti digər ölkələrlə müqayisə edərək dedi: “İranda olan milli istiqlal, milli birlik və həmrəylik hansı ölkədə var? Hansı ölkədə bu qədər yüksək ruhlu gənc elmin böyük meydanlarını fəth edir? İran xalqının regional və qlobal hadisələrdə malik olduğu əhəmiyyətli rol, təsir və nüfuz gücü hansı xalqda var? Hansı xalq əziz İran xalqımız kimi, düşmənin bütün xəbis planlarını puç etməyi, başıucalıq və optimizmlə  öz yoluna davam etməyi bacarıb?”

Ali Məqamlı Rəhbər seçkidə xalq və anti-xalq cəbhələrinin qarşıdurması mənzərəsini təsvir etdikdən sonra aşağıdakıları vurğuladı: “Xalqımız bilməlidir ki, onun seçkidə aktiv və dinamik iştirakı ölkənin toxunulmazlığını təmin edəcək, tamahkar əllərini ölkəyə uzatmaq istəyən yadellilərin xəbis planlarının azalmasına səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei rəsmilərə, siyasi liderlərə və media nümayəndələrinə  müraciətlə dedi: “Xalqa ümid verin, çünki ölkəmizin reallığı, xalqımızın əzm və iradəsi hər bir insaflı insanda gələcəyə ümid yaradır”.

Xalqla düşmənin seçki arenasındakı qarşıdurması barədə söhbətini, bir növ, yekunlaşdıran Ali Məqamlı Rəhbər dedi: “Biz İran xalqını tanıdığımıza, Allahın lütf və fəzlinin təcrübədə şahidi olduğumuza əsaslanaraq deyə bilərik ki, bu dəfə də xalqımız öz qürurverici davranışlarının sırasına daha birini artıracaq və düşmənin ağzına möhkəm bir yumruq vuracaq”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər ən layiqli namizədi seçməyin meyarlarına qısaca bir nəzər salaraq bildirdi ki, seçki gününə qədər bu mövzu ilə bağlı lazımi məqamlara toxunacaq, lakin mühüm olan məqam odur ki, yaxşı və layiqli namizədi seçmək üçün  meyarları bilmək, düşünüb-daşınaraq, başqaları ilə məsləhətləşərək, şəri dəlillər barədə dəqiq məlumat əldə edərək ən yaxşı namizədi seçmək lazımdır”.

Ali Məqamlı Rəhbər bütün səylərini ölkənin inkişaf və nüfuzunu yüksəltmək üzərində cəmləyəcək şəxsi seçməyin zəruri olduğunu bildirərək dedi: “Bu 30 ildə nə əldə etmişiksə, inqilabın hədəflərinə doğru irəliləməyimizin bərəkəti sayəsində olub. Odur ki elə şəxsləri seçməliyik ki, istənilən şəraitdə yalnız bu hədəflərin gerçəkləşməsini rəhbər tutsunlar”.

“Namizədlərin irəli sürdüyü şüarlara diqqət yetirmək lazımdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzən müəyyən şəxslər seçicilərin diqqətini cəlb etmək üçün prezidentin səlahiyyətlərini və ölkənin imkanlarını aşan şüarlar irəli sürürlər. Buna baxmayaraq, ağıllı insanlar reallığa əsaslanan şüarlarla çıxış edən, vacib problemlərin həlli üçün ölkədə mövcud olan mexanizmlərə uyğun metodlar təklif edən namizədlərə etimad göstərirlər”.

Seçkiqabağı marafona çoxlu sayda namizədin qoşulduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Pəhrizkar, təqvalı və işinə yaxşı bələd olan insanlardan təşkil olunmuş Keşikçi Şura qanunla müəyyən olunmuş vəzifələrinə əsasən, prezidentliyə səlahiyyəti çatan şəxsləri xalqa təqdim edir. Xalq da qarşısına çıxarılan namizədlər içərisindən ən əməlisaleh olan və camaatın dərdinə daha çox yarayacaq şəxsi seçəcək”.

Həzrət Ayətullah Xamenei bir daha qanuna tam riayət etmək məsələsi üzərində duraraq aşağıdakıları vurğuladı: “Qanuna əməl olunması çox yaxşı bir meyar, xalqın asayiş və dincliyini, milli birliyin qorunmasını təmin edəcək gözəl bir vasitədir. Heç kəs heç bir arqumenti əsas gətirərək bundan boyun qaçırmamalıdır”.

“2009-cu ildə baş vermiş pozucu hadisələr müəyyən bir qrupun qanuna tabe olmaq istəməməsinin nəticəsi idi” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar nəfsani qərəzləri, siyasi məqsədləri, yaxud hansısa digər hədəflər naminə qanuna zidd yol tutdular, bununla da özlərinə, xalqa və ölkəyə ziyan vurmaqla yanaşı, camaatımızın 40 milyonluq seçici fəallığı ilə keçmiş seçkinin sevincini doya-doya yaşamasına imkan vermədilər”.

Qanun qarşısında təslim olmağın yeganə doğru yol olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Qanun 100 faiz düzgün olmaya bilər, amma yenə də qanunsuzluqdan yaxşıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Qanunun icraçısı hansısa mərhələdə səhvə yol verə bilər, lakin əgər həmin səhvi qanuni yolla aradan qaldıra bilmiriksə, ona dözümlü yanaşmaq qanunsuzluqdan və qanuna qarşı hərəkət etməkdən yaxşıdır”.

Bir nəfəri seçmək üçün şəri dəlilə əsaslanmağın dünya və axirətdə asayişə yol açdığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Şəri dəlillə qəbul edilmiş qərar yanlış çıxsa da, insan şəri vəzifəsinə əməl etdiyi üçün alnıaçıq üzüağ olur”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər rəcəb ayını mənəvi potensialı artırmaq üçün depo adlandıraraq dedi: “Rəcəb və şəbanda insan bütün diqqətini Allaha yönəldib, Uca Yaradanın varlığını bütün qəlbi ilə hiss etməyə nail olsa, özünü bütün hallarda Tanrının bitib-tükənməyən elminin hüzurunda hiss etsə, mübarək Ramazan ayının bəndələrin heç birindən əsirgənməyən ilahi ziyafətində yüksək səviyyədə iştirak edə biləcək”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, xalqın müxtəlif təbəqələrini təmsil edən insanların, özəlliklə də gənclərin ilahi bir ənənə olaraq rəcəb ayında keçirilən etikaf mərasimlərində iştirakı gözəl bir mənzərədir. O əlavə etdi: “İnqilabın bütün bərəkət və nailiyyətləri bu mənəvi-ruhi ehtiyat əsasında əldə olunub”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Mərhum İmam Xomeyninin (r.ə) dünyanın zorakı qüvvələri qarşısında müqaviməti, xalqı həyəcana gətirmək, hərəkətə keçirmək bacarığı və təqdirəlayiq gücü onun öz Rəbbi ilə gecələrin dərinliyində, ixlasla paylaşdığı göz yaşı, ibadət və minacatlara söykənirdi”.

İslamda rahibliyin həyatın bütün sferalarında iştirak etmək anlamına gəldiyini bildirən Həzrət Ayətullah Xamenei İran gənclərinin imanını, inqilabi hisslərini və millətin ictimai-siyasi həyatında fəal iştirak etmək bacarığını yüksək qiymətləndirərək dedi: “Bu ruhiyyənin qorunub saxlanması və gücləndirilməsi Tanrının yardım və mərhəmətinin davamına zəmanət verəcək”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /