Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qadına hörmət mədəniyyəti fundamentallaşsa, cəmiyyətin əksər problemləri həll olunar

Mübarək rəcəb ayının astanasında – bu gün (şənbə günü) səhər ölkənin teoloji mərkəzlərində və universitetlərində, ailə və qadın problemləri sahəsində, icra strukturlarında, Quranla bağlı sferalarda, mediada və QHT-lərdə çalışan yüzlərlə fəal xanım iki saat yarım ərzində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Görüş zamanı Ali Məqamlı Rəhbər İslamın qadınla bağlı diskursunu beynəlxalq arenada aktiv və tələbkar mövqedən çıxış edərək ortaya qoymaq lazım olduğunu vurğulayaraq bildirdi ki, ailə institutunun möhkəmləndirilməsi və qadının ailədə nüfuz və ehtiramının təmin olunması cəmiyyətin iki mühüm və təxirəsalınmaz ehtiyacıdır. O dedi: “İslam İnqilabı cəbhəsində fəal və effektiv rol oynayan qadınlar inqilabı müdafiə arenasında daha dolğun və görkəmli iştirak nümayiş etdirməlidir”.

Həzrət Ayətullah Xamenei İslamın qadınla bağlı ideoloji prinsiplərinin beynəlxalq arenaya nəql edilməsi sahəsində mövcud olan gerilik və çatışmazlıqlara toxunaraq əlavə etdi: “İslam Respublikasının və İmam Xomeyninin (r.ə) adının bərəkəti sayəsində, qadın problemləri sahəsində təqdirəlayiq işlər görülüb. Lakin buna baxmayaraq, bu sahədə daha artıq işlərin həyata keçirilməsinə, kənar təsirlərə bağlı və toxunulmaz olan, aktiv hücumçu bir cəbhənin formalaşdırılmasına ehtiyac var”.

“Qadın problemləri sahəsində yaranmış oyanış hərəkatında heç bir vəchlə ləngimə və durğunluğa yol vermək olmaz” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslamın qadınla bağlı mükəmməl və qaneedici bir diskursu olduğu halda, nə üçün Qərbin diskursu qarşısında passiv mövqedə dayanmalıyıq?”

Ali Məqamlı Rəhbər Qərbin qadınla bağlı diskursunun tamamilə hesablanmış və siyasi xarakterli bir diskurs olduğunu bildirərək dedi: “Hazırda bu diskurs özünün pik nöqtəsində göründüyünə baxmayaraq, Qərbin qadınla bağlı ideoloji kursu tənəzzül, süqut və rüsvayçılığa doğru irəliləməkdədir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qadını kişiləşdirmək və ona yalnız kişinin cinsi həzz obyekti kimi baxmaq Qərbin qadınla bağlı diskursunun iki əsas qolunu təşkil edir. O dedi: “Qərblilər kişilərin fiziki və intellektual göstəricilərinə uyğun olan məşğuliyyət növlərini qadınların çiyinlərinə yük etməyə və bunu onlar üçün bir üstünlük və iftixar kimi qələmə verməyə çalışırlar”.

Qadınların icraedici postlarda təmsil olunmasında heç bir problem görmədiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Problemli və əslində, Qərb diskursunun davamı olan məqam budur ki, icra strukturlarında yüksək vəzifələrdə işləyən qadınların say çoxluğu iftixar doğuran bir məsələ hesab olunsun”.

Mövzunu ətraflı şəkildə açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “İcraedici postlarda qadınların yüksək say göstəricisi ilə təmsil olunmasını fəxr bilmək, əslində, elə Qərb diskursu qarşısında geri çəkilmək deməkdir”.

Ali Məqamlı Rəhbər dedi: “Cəmiyyət üçün qürur mənbəyi ziyalı, mədəniyyət və siyasət sahəsində fəal olan, mücahid qadınların say çoxluğu olmalıdır”.

Ali Məqamlı Rəhbər İslam dininin insan olmaları baxımından qadın və kişiyə eyni cür yanaşdığını bildirərək dedi: “İslam nöqteyi-nəzərindən, kişi və qadından hər biri yaradılış baxımından özəl xüsusiyyətlərə malik olsalar da, insan haqları, ictimai hüquqlar, mənəvi dəyərlər, mənəvi təkamül yolu baxımından heç nə ilə fərqlənmirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Qadına düzgün yanaşma odur ki, onu mənsub olduğu cinsiyyətin və bu cinsiyyətin ona qazandırdığı kamilləşdirici dəyərlərin çərçivəsində tanıya”.

Qadına cinsi həzz obyekti kimi yanaşmanın böyük bəlalardan biri olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Hazırda bəzi Qərb mütəfəkkirləri də bu mövzu ilə bağlı narahatlıq keçirirlər. Çünki homoseksualizm kimi təzahürlər bu tip yanaşmanın nəticəsidir və Qərb sivilizasiyasını məhvə sürükləyən amillərdən biri də, sözsüz ki, elə bu olacaqdır”.

Ali Məqamlı Rəhbər cəmiyyətdə kişi və qadınları cəlb edən cinsi amillərə qarşı sayıq olmaq lazım olduğunu vurğulayaraq dedi: “Əlbəttə ki, bizim ölkəmizdə qadınlar hicablı olduqlarına görə cəmiyyətimizdə bu baxımdan ciddi narahatçılıq yoxdur. Lakin hicab məsələsində, kişi-qadın münasibətlərinin hüdudlarına riayət etməkdə ciddi olmaq lazımdır”.

O həmçinin dedi: “Qərbin qadınla bağlı diskursu qarşısında heç bir vəchlə yumşaqlıq etmək, geri çəkilmək olmaz. Əksinə, İslamın qadınla bağlı diskursunu aktiv və tələbkar formada irəli sürmək lazımdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qərblilərin təhdidlərindən də heç bir vəchlə qorxmaq lazım deyil”.

Ali Məqamlı Rəhbər İslamın qadınla bağlı diskursunun xüsusiyyətləri sırasında qadına ehtiramın vacibliyini, qadının ucalığını, onun təbiətcə zərif olmasını və işləmək hüququnun tanınmasını qeyd edərək dedi: “Uca Yaradan qadını elə yaradıb ki, ailədəki bəzi emosional, tərbiyəvi, hətta idarəçilik məsələləri yalnız onun ruhunun zərifliyi sayəsində həyata keçirilə bilər”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ailə institutunun möhkəmləndirilməsi, habelə ailədə qadının uca tutularaq ona ehtiramla yanaşılması cəmiyyətdə təcili həllini gözləyən iki mühüm məsələdir. O vurğuladı: “Qanunlarda, adət-ənənə və stereotiplərdə elə bir vəziyyət yaradılmalıdır ki, müxtəlif müstəvilərdə – sosial həyatda, gender münasibətlərində, ailədə, eləcə də intellektual sferada qadınlara zülm edilməsin”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı aşağıdakıları da qeyd etdi: “Ailənin bütün üzvləri qadınlara daim hörmətlə yanaşmalı, onları uca tutmalıdırlar. Və ailələrdə elə bir atmosfer yaratmaq lazımdır ki, övladlar hörmət əlaməti olaraq öz analarının əllərindən öpsünlər”.

O həmçinin dedi: “Əgər qadına ehtiramla yanaşma mədəniyyəti fundamental xarakter kəsb etsə, cəmiyyətdəki problemlərin əksəriyyəti həllini tapar və qadınlara qarşı yol verilən zülmlərin kökü kəsilər”.

Ali Məqamlı Rəhbər ciddi diqqət tələb edən digər məsələlər sırasında qadınların ailə qurmasını, geyimini, kişilərlə sosial münasibətlərini, məşğulluğunu və onun hüdudlarını, qadınlara maddi və hüquqi dəstək göstərilməsini qeyd etdi.

Ölkədə qadın problemləri ilə bağlı geniş və çoxistiqamətli fəaliyyətlərin həyata keçirildiyini bildirən Həzrət Ayətullah Xamenei bir təklif irəli sürdü. O dedi: “Çalışmaq lazımdır ki, bu fəaliyyətlər vahid bir sistem üzrə, düzgün və ümumi bir planlama əsasında aparılsın və bu məqsədlə güclü kadrların təmsil olunduğu, uzunmüddətli perspektivləri hədəfə alan ali və sabit bir mərkəz yaradılsın”.

O dedi: “Bu ali mərkəzin tərkibində müxtəlif qurum və fondlar təşkil oluna, görülən işlər haqda yaxşı bir informasiya bankı da yaradıla bilər”.

Ali Məqamlı Rəhbər İslam İnqilabını müdafiə cəbhəsində fəal olan bütün qadınların diqqətinə bir məsələni də çatdırdı. O, inqilabın formalaşmasında və qələbəsindən sonrakı müxtəlif mərhələlərdə qadınların ciddi və dolğun iştirak nümayiş etdirdiklərini bildirərək aşağıdakıları əlavə etdi: “İslam İnqilabını müdafiə cəbhəsində fəal və effektli rol oynayan ziyalı xanımlar, yazıçı və alim qadınlar ictimai-siyasi proseslərdə daha ciddi və qabarıq iştirak etməlidirlər”.

Mömin, fəal, mücahid və hicablı qadın nümunəsini cəmiyyətə təqdim etməkdə Dövlət Teleradiosunun da mühüm rola malik olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Dövlət Teleradiosu bu sahədə yüz faizli rol oynamalıdır”.

O əlavə etdi: “Dövlət Teleradiosu tam olaraq İslam dininin qadına yanaşmasının, müsəlman bir qadının xüsusiyyətlərinin təbliğinə xidmət etməlidir”.

Sonda Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İran İslam Respublikasında qadın problemləri ilə bağlı müəyyən irəliləyişlər əldə olunub, lakin həmin irəliləyişlər İslamda nəzərdə tutulan ehtiyac və gözləntilərə tam olaraq cavab vermədiyi üçün bu sahədə əvvəlkindən də artıq çalışmaq lazımdır”.

Görüşün əvvəlində Mədəni-İctimai Qadın Şurasının sədri xanım Xəzəli, Ali İctihad Müəssisəsinin rəsmisi xanım Sefati, Xorasan vilayət mərkəzinin qadın məsələləri üzrə idarəsinin rəisi xanım Xədivi, teoloji mərkəz və universitet müəllimi, tədqiqatçı xanım Ayətullahi, parlamentin “Ailə və qadın” fraksiyasının sədri xanım Rəhbər, “Əz-Zəhra” Universitetinin biologiya şöbəsinin dosenti xanım Nazimbekayi, universitet müəllimi xanım Ruhəfza və Prezident Administrasiyasının Ailə və Qadın Məsələləri Mərkəzinin sədri xanım Müctəhidzadə ölkədaxili və beynəlxalq miqyaslarda qadın və ailə problemləri ilə bağlı rəy və görüşlərini ifadə etdilər.

Çıxış edənlərin toxunduğu başlıca məqamlar aşağıdakılar oldu:

- Ailə institutunun statusuna ciddi diqqət yetirilməsi, bu institutun Quran və din təlimləri əsasında möhkəmləndirilməsi;

- Rəsmi strukturların və medianın əhalinin artımı ilə bağlı təbliğat siyasətinə ciddi diqqət yetirməsinin vacibliyi;

- Humanitar elmlər sahəsində yazılmış əsərlərə, qadınla bağlı araşdırmalara yenidən baxılması;

- Ali Qadın Fiqhi Şurasının və onun ixtisaslaşdırılmış işçi qruplarının yaradılması;

- möhkəm ailənin tədqiqat modelinin işlənib hazırlanması və bu sahəyə aidiyyəti olan qurumların vəzifələrinin müəyyənləşdirilməsi;

- uşaq tərbiyəsinin müxtəlif aspektlərinə İslamın tərbiyə metodları çərçivəsində, dinə uyğun olmayan uşaq hüquqları konvensiyalarından uzaq olmaq şərtilə ciddi diqqət ayrılması;

- ölkədə uşaq hüquqlarının qorunması üzrə xüsusi himayəedici orqanın mövcud olmaması;

- uşaq fiqhi antologiyasının işlənib hazırlanmasına və universitetlərdə uşaqlarla bağlı araşdırmalar sahəsinin yaradılmasına duyulan ehtiyac;

- ismət və hicab mövzularına müxtəlif müstəvilərdə və siyasi baxışlardan uzaq formada xüsusi diqqət yetirməyin əhəmiyyəti;

- qadınların Qurumun Mənafeyini Müəyyənləşdirən Şurada təmsil olunması təklifi;

- qızlar universitetlərinin genişləndirilməsi zərurəti;

- qadınların vərəsəlik və boşanma zamanı övladını himayəyə götürmək hüququ ilə bağlı dini hökmlərin beynəlxalq təşkilatlarda elmi və hüquqi baxımdan izah edilməsi;

- müxtəlif strukturların qadın məsələləri ilə bağlı müşavirliklərinin rəy və görüşlərindən, habelə icraiyyə imkanlarından istifadə;



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /