Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müəllim peşəsini digər peşələrlə bir cərgəyə qoymaq olmaz

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə Təhsil və Tərbiyə Nazirliyinin mühüm və əsas dövlət strukturlarından biri olduğunu qeyd edərək bildirdi ki, bu qurum yüksək insani keyfiyyətləri və islami həyat tərzini özündə əks etdirən mütərəqqi bir cəmiyyətin formalaşmasında başlıca infrastrukturdur. O vurğuladı: “Ölkənin müxtəlif müstəvilərdəki sürətli inkişaf tempini davam etdirmək üçün sıçrayışlı hərəkata, iqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq yaratmağa ehtiyac var. Bu işdə Təhsil və Tərbiyə Nazirliyinin rolu, sözsüz ki, mühümdür”.

Müəllimlərə Ehtiram Həftəsi münasibəti ilə keçirilən görüşdə Həzrət Ayətullah Xamenei Şəhid Ayətullah Mütəhhərinin, eləcə də şəhid olmuş digər şagird və müəllimlərin xatirəsini hörmətlə yad edərək qeyd etdi ki, İslam cəmiyyətində müəllimlər digər peşə sahiblərindən fərqlənən, olduqca yüksək mövqe və məqama malikdirlər. O dedi: “Müəllim, əslində, ölkənin dəyərli gövhərləri olan uşaqları, yeniyetmələri formalaşdıran, cilalayan bir sənətkardır. Elə buna görə də müəllimlik peşəsini digər peşələrlə bir cərgəyə qoymaq mümkün deyil”.

Ali Məqamlı Rəhbər dedi: “Cəmiyyətin başucalığına, rifaha, zənginliyə, elmi inkişafa, şücaətə, müdrikliyə, azadlığa və rasionallığa yetişməsi uşaq və yeniyetmələrin düzgün təlim və tərbiyəsindən asılıdır. Bu olduqca mühüm vəzifənin önəmli bir hissəsi isə müəllimlərin öhdəsinə düşür”.

O dedi: “Təhsil və tərbiyədə əsaslı dəyişikliklərin həyata keçirilməli olduğunu dəfələrlə vurğulamağımızın səbəbi də budur ki, cəmiyyətdə istənilən dəyişikliyin reallaşması başlıca bir infrastrukturun, konkret olaraq bu halda islami tendensiyaya malik olan təhsil və tərbiyə sisteminin mövcudluğuna əsaslanır”.

“Təhsil və Tərbiyədə Dəyişikliklər Proqramı”nın təsdiq və ictimaiyyətə təqdim olunduğunu qeyd edən Həzrət Ayətullah Xamenei bu sənədin icrasının vacibliyini vurğulayaraq dedi: “Sözsüz ki, “Təhsil və Tərbiyədə Dəyişikliklər Proqramı”nın icrasında hər cür tələskənlikdən çəkinmək, bütün aspektləri nəzərə alıb, dərindən düşünərək addım atmaq lazımdır”.

Təhsil və tərbiyə sistemində dəyişikliklər edilməsinin dərin əhəmiyyətə malik, böyük bir iş olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Belə böyük və dərin mahiyyətli işlər qısa zamanda görülüb, dərhal nəticə vermir. Buna görə də “Təhsil və Tərbiyədə Dəyişikliklər Proqramı”nın icrası, prosesin düzgün məcrada yoluna düşməsi üçün təhsilin müxtəlif sferalarında çoxsaylı araşdırma işlərinə ehtiyac var”.

Hökumət və parlamentin təhsilə maliyyə baxımından dəstək verməli olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei Ziyalılar Universiteti məsələsinə də toxunaraq dedi: “Bu universitet digərlərindən fərqlənir, çünki orada müəllimlərin şəxsiyyəti formalaşır. Buna görə də Ziyalılar Universitetinə lazımi maddi dəstək verilməlidir”.

Təhsildə dərsliklərin də olduqca mühüm məsələlərdən biri olduğunu bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Dərsliklərin məzmununa daim iti gözlə nəzarət etmək lazımdır. Şagirdlərin ehtiyaclarına, inkişaf səviyyəsinə və cinsiyyətinə uyğun olaraq, dərsliklərdə dini, islami, mədəni, insanın və sivil cəmiyyətin yetişdirilməsində mühüm rol oynaya biləcək mövzular yerləşdirilməli, bəzi münasib olmayan mövzulara düzəlişlər edilməlidir”.

Şagirdlərin təlim-tərbiyəsi yolunda çəkdikləri zəhmətə görə müəllimlərə öz qədirdanlığını bildirən Ali Məqamlı Rəhbər ötən 34 il ərzində onların İslam İnqilabının mənafeyini mübarizliklə qorumasına və ayıq-sayıqlığına toxunaraq dedi: “İqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq ili” elan edilmiş cari ildə Təhsil Nazirliyi bu qəhrəmanlığın gerçəkləşməsi üçün, heç şübhəsiz, effektiv rol oynaya bilər”.

Ölkədə tarixi bir qəhrəmanlığın gerçəkləşməsi üçün xalqın bütün təbəqələrinin, o cümlədən müəllim və şagirdlərin yüksək əhval-ruhiyyədə olmasına və fəal iştirakına ehtiyac duyulduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qanunla şagirdlər səsvermə hüququna malik olmasalar da, öz ailələrinə təsir göstərə bilərlər. Müəllimlər də həm siyasi qəhrəmanlığın qabarıq elementlərindən biri olan seçki məsələsində, həm də qarşıya uzun müddətli hədəflər qoyan iqtisadi qəhrəmanlıqda effektiv rol oynaya bilərlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Qarşıya qoyduğumuz hədəf və amallara nəzərən deyə bilərik ki, böyük İran ölkəsi və xalqı müxtəlif sferalarda qəhrəmanlıq əzmli hərəkata, sıçrayışlı irəliləyişə ehtiyac duyur”.

Həzrət Ayətullah Xamenei İran xalqının son 30 ildə əldə etdiyi heyrətamiz uğurlara, xüsusilə də elmi nailiyyətlərə toxunaraq dedi: “İranın elmi inkişafının sürət tempi o qədər böyük olub ki, beynəlxalq təşkilatlar onu etiraf etmək məcburiyyətində qalıblar”.

Ali Məqamlı Rəhbər dedi: “İran xalqının siyasət, sosial məsələlər, quruculuq, siyasi intellekt və gözüaçıqlıq, milli iqtidar və beynəlxalq nüfuz sahələrində də uğurları yüksək olub. Bədxahlar isə öz təbliğatlarında bu məsələlərə kiçicik bir işarə də etmirlər”.

O, əlavə etdi: “Bütün bu nailiyyətlərə baxmayaraq, hədəf və amallarına, layiqli mövqeyinə çatmaq üçün xalqımız daha artıq və heyrətamiz uğurlar qazanmalıdır. Belə uğur və sıçrayışlara nail olmaq üçün isə tarixi bir qəhrəmanlıq yaratmaq lazımdır”.

Bu baxımdan İran xalqının Müqəddəs Müdafiədə uğurlu təcrübə əldə etdiyini bildirən Ali Məqamlı Rəhbər vurğuladı: “Uca Yaradanın lütfü ilə, İran xalqı iqtisadiyyat və siyasət arenasında da qəhrəmanlıq yaratmağa müvəffəq olacaq və bu qəhrəmanlığın öz gözləri ilə şahidi olacaq”.

Görüşün əvvəlində Təhsil Naziri cənab Hacı Babayi “Təhsildə əsaslı dəyişikliklər” layihəsinin qəbul olunduğuna toxunaraq dedi: “Bu mühüm sənədin icrası üçün 6 yardımçı sənədin və təhsildə həyata keçiriləcək əsaslı dəyişikliklərin yol xəritəsinin işlənib hazırlanması gündəmdədir. Bu günə qədər isə Milli Tədris Proqramı hazırlanaraq təqdim olunub”.

Təhsil Naziri qeyd etdi ki, təhsildə əsaslı dəyişikliklərin həyata keçirilməsi üçün ehtiyac duyulan zəruri infrastrukturlar sırasında yeni təhsil sisteminin icrası, şagirdlərin texniki-peşə sahələrinə istiqamətləndirilməsi, istedadlı şagirdlərə xüsusi diqqət yetirilməsi, olimpiadaların kəmiyyət və keyfiyyətinin artırılması, məktəblərdə yeni texnologiyalardan istifadə və Ziyalılar Universitetinin təsis olunması da yer alır.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /