Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fələstin məsələsi islami oyanış hərəkatlarının məhək daşı olmalıdır

“Din alimləri və islami oyanış” mövzusuna həsr edilmiş beynəlxalq konfrans bu gün (bazar ertəsi) səhər İslam dünyasının yüzlərlə görkəmli din alimi, mütəfəkkiri, ziyalı və ruhanisinin iştirakı və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin açılış nitqi ilə öz işinə start verdi.  

Həzrət Ayətullah Xamenei konfrans salonuna daxil olmazdan əvvəl tədbirdə iştirak etmək üçün gəlmiş bir neçə görkəmli din alimi ilə yaxından görüşdü.

Ali Məqamlı Rəhbər həmin alimlərlə görüşüb söhbət etdikdən sonra konfransda iştirak edən digər qonaqlara qoşuldu.

Həzrət Ayətullah Xamenei konfransdakı mühüm çıxışı zamanı regionda və Şimali Afrikada baş qaldırmış islami oyanış hərəkatlarını təhlükə altına sala biləcək riskləri dəyərləndirərkən bu baxımdan 5 mövzunun zəruri olduğunu vurğuladı: dini mərkəzlərin liderliyinin qorunub saxlanması, uzunmüddətli hədəfin müəyyən edilməsi, Qərbin vədlərinə aldanmaq kimi acı bir təcrübədən çəkinmək, etnik, siyasi və məzhəb zəminində qanlı ixtilafların yaradılması məqsədi güdən məkrli planlar qarşısında sayıqlıq, islami oyanış hərəkatlarını əsas göstəricisi və məhək daşı olaraq Fələstin məsələsinin yaddan çıxarılmaması. O dedi: “Xalqın İslamın əsas prinsipləri üzərində möhkəm durması və ictimai-siyasi arenada varlığı düşmənin bütün məkrli plan və hiylələrini puç edəcək iki əsas və həlledici amildir”.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər islami oyanışı heyrətamiz bir təzahür adlandıraraq bildirdi ki, əgər bu hərəkat sağlam olaraq qalsa və varlığını davam etdirsə, o qədər də uzaq olmayan gələcəkdə dünyada İslam sivilizasiyasının baş qaldırması üçün zəmin yaradacaq.

İmperializm və irtica cəbhəsinin spikerlərinin islami oyanış sözünü dilə gətirməkdən qorxduqlarını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “İslami oyanış elə bir reallıqdır ki, bu gün İslam dünyasının, demək olar, hər yanında onun nişanələrini görmək mümkündür. Onun ən bariz nişanəsi isə ictimaiyyətin, özəlliklə də gənclərin İslamın əzəmət və ehtiramını dirçəltməyə göstərdikləri sonsuz həvəs və maraq, hegemon ölkələrin imperialist, zalım və rüsvayçı simasının aşkara çıxmasıdır”.

Bu mübarək oyanışın miqyasının və aspektlərinin son dərəcə geniş olduğunu və onun sirli bir şəkildə davam etdiyini bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “İlahi vədlərin möcüzəli şəkildə reallaşması hər zaman ümid bəxş edən və daha böyük vədlərin gerçəkləşəcəyini müjdə verən bir nişanədir”.    

Daha böyük vədlərin gerçəkləşməsi üçün zəmin rolunu oynamış ilahi vədlərin gerçəkləşməsinə Qurandan nümunələr gətirən Həzrət Ayətullah Xamenei onları Yaradanın taktiki gedişləri adlandıraraq vurğuladı: “İranda İslam İnqilabının qələbə çalması Yaradanın bu taktiki gedişlərinə açıq-aşkar nümunədir. Belə ki İslamın İranda qələbə çaldığı, bu olduqca həssas regionun ən həssas ölkələrindən birində Amerika və İsrailin alınmaz qalasını fəth etməyə müvəffəq olduğu gündən etibarən müdrik və uzaqgörən insanlar anladılar ki, səbirli və gözüaçıq olsalar, ardıcıl qələbələrin şahidi olacaqlar. Və əlbəttə ki, şahidi oldular da”.

“İslam İnqilabının qələbəsi və onun parlaq reallıqlarının təzahürü ilahi vədə inam, səbir, müqavimət və Yaradanın köməyinə arxalanma sayəsində mümkün olub”, – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün imperializmə və istibdada qarşı qalxmış, ölkəsində Amerikadan asılı, onun dediyi ilə oturub-duran çürük hökumət rejimlərini devirməyə və ya sarsıtmağa müvəffəq olmuş xalqlar bu dəyərli təcrübədən istifadə edə bilərlər”.

Bu giriş sözlərindən sonra Ali Məqamlı Rəhbər islami oyanışın risk faktorları və regiondakı hərəkatların üzləşə biləcəyi təhlükələrdən danışdı.

Həzrət Ayətullah Xameneinin toxunduğu birinci məqam regionun müsəlman ölkələrində gedən böyük dəyişikliklərdə, islahatçı hərəkatlarda din alimlərinin, islahatların tərəfdarı olan din xadimlərinin diqqətəlayiq, effektiv və istiqamətləndirici rolu oldu.

Bu məsələdə din alimlərinin çiyinlərinə ağır bir vəzifə düşdüyünü xatırladan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Din alimləri, dindar və mömin insanlar son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar”.

Amerika və sionizmdən asılı olan muzdurların təhlükəli ideoloji cərəyanlar yaymaq, həmçinin din və təqva əhlini çirkaba bulaşdırmaq üçün çalışdıqlarını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dünyanın növbənöv təamlarla dolu süfrəsinə tamah salıb arxasında oturmaq, var-dövlət və qüdrət sahiblərinin mükafat və ehsanına aludə olmaq, şəhvət və qüdrət sahiblərinin çörəyini yeyib onların qarşısında diliqısa olmaq xalqdan uzaqlaşmağa, camaatın etimadını və səmimi münasibətini itirməyə səbəb olan ən təhlükəli amildir”.

İslami oyanışın risk faktorlarını dəyərləndirən Ali Məqamlı Rəhbər, ikinci məqam olaraq, islami oyanış üçün uzunmüddətli və son hədəfin müəyyən edilməsinin vacibliyini qeyd etdi.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu son hədəf parlaq İslam sivilizasiyasının yaradılması olmalıdır və bundan az bir şey ola bilməz”.

“Bu perspektivə tələsik, yaxud pessimist yanaşmaq lazım deyil” – deyə vurğulayan Ali Məqamlı Rəhbər islami sivilizasiyanın qurulması üçün nələrin tələb olunduğu haqda danışarkən aşağıdakıları dedi: “İslam sivilizasiyasının göstəricilərinə aşağıdakıları misal gətirmək olar: Qurandan əxz olunmuş qanunlara əsaslanan xalq hakimiyyətinin bərqərar edilməsi, bəşəriyyətin cürbəcür ehtiyaclarının şəri cəhətdən cavablandırılması, mühafizəkarlıq, irtica, bidət və müxtəlif ideologiyaları qarışdırmadan çəkinmək, ümumi sərvət və rifahın təmin olunması, ədalətin bərqərar edilməsi, monopoliya, sələmçilik və sərvətin bir qrup şəxsin əlində toplanmasına əsaslanan iqtisadiyyatdan qurtulmaq, insanlıq əxlaqının genişləndirilməsi, yer üzündəki məzlumların müdafiəsi, çalışqanlıq, əmək və təşəbbüs, imperialist dövlətlərin yaratdığı qapalı elmi, siyasi və iqtisadi monopoliya dairələrinin qırılması”.

Ali Məqamlı Rəhbər islami oyanış hərəkatlarının üzləşə biləcəyi təhlükələr haqda söhbətini davam etdirərək, üçüncü məqam kimi, siyasət, əxlaq, davranış və həyat tərzində Qərbi təqlid etməyin müsəlman ölkələrinə yaşatdığı acı və dəhşətli təcrübəyə diqqət çəkdi.

Həzrət Ayətullah Xamenei müsəlman ölkələrinin imperialist dövlətlərin mədəniyyət və siyasətini bir əsrdən artıq müddət ərzində kor-koranə təqlid etmələrinin doğurduğu məhvedici bəlalara, o cümlədən siyasi asılılıq və zillətə, iqtisadi böhran və yoxsulluğa, əxlaq və mənəviyyatın tənəzzülünə, elm sahəsində müşahidə olunan rüsvayçı geriliyə toxunaraq dedi: “Amerika və Qərbin vədləri və bu vədləri verənlər siyasi liderlərin qərarlarına və möhtəşəm xalq hərəkatlarına təsir göstərməməlidir”.

O dedi: “Uzun illər boyu Amerikanın vədləri ilə özünü aldadaraq imperialistlərə boyun əymiş dövlət və hökumətlər öz xalqlarının heç bir problemini həll edə, yaxud özlərinə və ya başqalarına edilən zülmə son qoya bilməyiblər; hətta fələstinlilərə aid olan torpaqda bir fələstinlinin evinin viran qalmasının qarşısını belə ala bilməyiblər”.

Ali Məqamlı Rəhbərin toxunduğu dördüncü məqam islami oyanış hərəkatlarının siyasi firqə, məzhəb, etnik və milli mənsubiyyət zəminində qanlı qarşıdurmalara çevrilməsi təhlükəsi ilə bağlı oldu. O dedi: “Hazırda Şərqi Asiyadan Şimali Afrikaya qədər, xüsusilə də ərəb regionunda neftdən gələn dollarların və satqın siyasi xadimlərin köməyi ilə, Qərb və İsrailin casus xidmətləri tərəfindən tam ciddiyyət və səylə bu məkrli planın həyata keçirilməsinə cəhd göstərilir. Allahın yaratdığı insanların daha yaxşı yaşayışına xidmət edə biləcək pullar təhdidə, təkfirə, terrora, partlayışlara, müsəlmanların qanının axıdılmasına, uzunmüddətli və kəskin konfliktlərin körüklənməsinə xərclənir”.

“Daxili konfliktlərə rasional yanaşdıqda bu faciələrin arxasında düşmənin əli olduğu açıq-aydın görünür” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu olayda islahatçıların, dini və siyasi liderlərin öhdəsinə olduqca ağır bir vəzifə düşür”.

Liviya, Misir, Tunis, Suriya, Pakistan, İraq və Livandakı vəziyyətə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Qərbin, habelə regiondakı muzdur və asılı medianın təbliğatında Suriyada gedən viranedici müharibə sünni-şiə davası kimi təqdim olunur, bununla da sionistlər, eləcə də Suriya və Livanın müqavimətinə düşmən olanlar üçün təhlükəsizlik zirehi yaradılır. Halbuki Suriyada gedən davanın tərəfləri sünni və şiələr yox, anti-sionist müqavimətin tərəfdarları ilə əleyhdarlarıdır”.

Bəhreyn məsələsinə də toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları dedi: “Bəhreyndə uzun illər boyu səsvermə hüququndan və hər bir millətin bu kimi digər əsas hüquqlarından məhrum olmuş, zülmə məruz qalan çoxlu sayda insan öz haqlarını tələb etmək üçün ayağa qalxıb. Lakin bu məzlum kütlə şiə olduğuna və ölkənin qəddar və sekulyar hökumət özünü sünniliyə meylli kimi göstərdiyinə görə Avropa və Amerikanın təbliğat maşını, eləcə də onların regiondakı əlaltıları baş verənləri sünni-şiə davası kimi qələmə verirlər”.

“Bu mənzərə, doğrudan da, baş verənlərin reallığını əks etdirirmi?” sualını cavablandıran Ali Məqamlı Rəhbər aşağıdakıları dedi: “Din alimləri və islahatların tərəfdarı olan insanlar məhz bu barədə düşünməli, bu məsələyə diqqətlə yanaşmalı və öhdələrinə düşən məsuliyyəti hiss etməlidirlər. Düşmənlərin məzhəblər, etnik qruplar və siyasi partiyalar arasında ixtilafları önə çəkməklə hansı hədəfləri izlədiyini anlamaq hər kəsin vacib şəri vəzifəsidir”.

İslami oyanış hərəkatlarının doğru yolda olub-olmadığını bilmək üçün tələb olunan meyar və göstəricilər haqda söhbətini yekunlaşdıran Həzrət Ayətullah Xamenei 5-ci – sonuncu məqam kimi, bu hərəkatların Fələstin məsələsinə münasibətdə hansı mövqeyi tutmasını qeyd etdi.

O vurğuladı: “Qüdsi-Şərifin azad edilməsi, Fələstin torpağının və xalqının qurtuluşu şüarlarını qəbul etməyən, yaxud bu məsələnin əhəmiyyətini arxa plana keçirərək müqavimət cəbhəsindən üz çevirən hər kəs qınanmalı, etimada layiq bilinməməlidir”.

O, əlavə etdi: “İslam ümməti bu əsas və açıq-aydın meyarı hər zaman və hər yerdə nəzərə almalıdır”.

“Din alimləri və islami oyanış” konfransındakı çıxışının yekun hissəsində Ali Məqamlı Rəhbər bildirdi ki, İslam dininin əsas prinsipləri üzərində qətiyyətlə durmaq və xalqın ictimai-siyasi proseslərin arenasında fəal iştirakı düşmənin məkrli planlarını puça çıxaracaq iki başlıca amildir. O dedi: “İstənilən yerdə qurtuluş və qalibiyyətin açarı bu iki amildir”.

“Bu iki amilin gerçəkləşməsi ilahi vədə sədaqətlə inanmaqdan, saf niyyətlə çalışmaqdan və proseslərin mahiyyətini doğruculluqla izah etməkdən asılıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Liderlərinin doğruculluğuna və səmimiyyətinə inanan xalq ictimai-siyasi proseslər arenasını öz bərəkətli iştirakı ilə rövnəqləndirir. Xalqın böyük əzmlə meydanda var olduğu istənilən yerdə isə heç bir qüvvə onu məğlub etməyə qadir olmayacaq”.

Çıxışını başa vurduqdan sonra Ali Məqamlı Rəhbər müsəlman ölkələrindən gəlmiş din alimləri və mütəfəkkirlərlə yaxından görüşüb söhbət etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /