Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran silahlı qüvvələri dünyaya yeni bir mədəniyyət, yanaşma təqdim edib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günorta – 29 fərvərdin İran İslam Respublikası Ordusu Günü ərəfəsində ordu komandanlarından, nümunəvi hərbi kadrlardan, Bəsic Təşkilatının kiçik şəhərlərdəki nümayəndəliklərinin üzvlərindən, habelə hərbçilərin ailə üzvlərindən bir qrupu ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Baş Komandan İran İslam Respublikası Ordusunu qürurverici, xalqa yaxın olan, elmə və dini inanca söykənən, cürbəcür təşəbbüslərlə çıxış edən, sınaqdan çıxmış bir hərbi institut adlandırdı. Amerika başda olmaqla imperializm blokunun məntiqsiz olduğuna toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu gün Qərb sivilizasiyası ziddiyyətli davranışları, məntiqsizliyi, zorakılığı, bəşəri dəyərlərə etinasızlığı ucbatından süqut və tənəzzülə doğru getməkdədir”.

İran İslam Respublikası Ordusunun spesifik cəhətlərini şərh edən Ali Baş Komandan ordunun xalqa yaxın olmasına toxunaraq dedi: “İran İslam Respublikasında ordu güc və zorakılığı hesabına yox, fədakarlıqları və mücahidələri hesabına xalqın hörmətini qazanıb və möhkəm xalq dayağına malikdir”.

Ordunun elmi inkişafına toxunan Ali Məqamlı Rəhbər dedi: “Silahlı qüvvələrin, o cümlədən Ordunun elmi inkişafı, müdafiə və elektronika sənayesi sahəsində aparılmış geniş əhatəli elmi-tədqiqat işləri heyrətamizdir. Bütün bunlar İslam İnqilabından əvvəlki dövrlə, hətta inqilabın ilk illəri ilə müqayisəedilməzdir”.

O vurğuladı: “Bu nailiyyətlərin hamısı elə bir şəraitdə əldə olunub ki, İran xalqının bədxahları onun üçün ən cüzi imkanların yaradılmasına da qıymırdılar. Lakin bu xalqın gənc övladlarının daxili istedad və potensialının çiçəklənərək üzə çıxması xariqüladələr yaratdı”.

Ordunun dini inancı əks etdirmə xüsusiyyətinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Öhdəsinə buraxılan işi şəri vəzifəsini dərk edərək yerinə yetirmək, dini və inqilabi ruhiyyənin günü-gündən möhkəmlənməsi İran İslam Respublikası Ordusunun məsuliyyətli, dəyər və inanclara bağlı bir orduya çevrilməsinə səbəb olub”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Belə bir ordu istənilən imtahandan, sözsüz ki, başıuca çıxacaq”.

8 illik Müqəddəs Müdafiədə başucalığı ilə iştirak etmiş  İİR Ordusunun sınaqdan çıxmış bir ordu olmasını onun daha bir üstünlüyü kimi qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Müqəddəs Müdafiə dövründə İİR Ordusu müxtəlif əməliyyatlarda parlaq rol oynayıb və böyük işlər görüb”. 

Ali Baş Komandan üzünü İİR Ordusunun şəxsi heyətinə tutaraq dedi: “İİR Ordusunun sıralarında xidmət etməyinizlə iftixar duyun, əzmkarlığınızı qoruyun və sadaladığım üstünlükləri gücləndirməyə yönəldin”.

İran silahlı qüvvələrinin dünya ölkələrinin orduları ilə müqayisədə fərqli bir tendensiyaya, yanaşmaya malik olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Ordu, Keşikçi Korpus və Bəsic dünyaya yeni bir mədəniyyət, yeni bir yanaşma təqdim edib. Bu, dünyanın əksər ordularının işğalçı, imperialist yanaşmasından fərqlənən yeni bir modeldir”.

İmperialist blokuna, özəlliklə də Amerikaya məxsus hərbi qüvvələrin işğalçı psixologiyaya malik olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu hərbi qüvvələr ayaq basdıqları istənilən yerdə qeyri-etik hərəkətlər edir, xalqa təzyiq göstərir, insanları qırırlar”.

Həzrət Ayətullah Xamenei Amerikanın kütləvi silahlara qarşı olduğu barədə iddialarına toxunaraq dedi: “Bu iddiaların tam əksinə olaraq, Amerikanın pilotsuz təyyarələri Əfqanıstan və Pakistanda günahsız qadın və uşaqları, əhalini qətliam edirlər. Bu dövlətin İraq və Suriyada gizli və aşkar şəkildə himayə etdiyi terroristlər də insanları öldürürlər”.

Amerikanın ziddiyyətli danışıqlarını daha da geniş açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Amerika və insan haqları iddiaçısı olan digər dövlətlər Pakistan, Əfqanıstan, İraq və Suriyada günahsız insanların qırğınını sükutla qarşılayırlar, Amerikada bir-iki partlayış baş verən kimi isə bütün dünyaya hay-küy salırlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İran İslam Respublikası İslam dininin məntiqini rəhbər tutaraq istər Amerikada, istərsə də Pakistan, Əfqanıstan, Suriya və İraqda hər cür partlayışların, günahsız əhalinin hər cür qırğınının əleyhinədir və bunları edənləri günahlandırır”.

O əlavə etdi: “Amerikanın və digər insan haqları iddiaçılarının günahsız əhalinin qırğınına münasibətdə davranışları ziddiyyətlidir. Məhz buna əsaslanaraq biz Amerikanın və İranın əleyhinə çıxış edən cəbhənin məntiqsiz olduğunu düşünürük”.

Həzrət Ayətullah Xamenei həmçinin aşağıdakıları da qeyd etdi: “Məhz bu ziddiyyətli rəftar və danışıqları, məntiqsizliyi, zorakılığı, humanist prinsiplərə etinasızlığı səbəbindən Qərb sivilizasiyası süqut və tənəzzülə doğru getməkdədir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu necə məntiqdir: əgər Əfqanıstan və Pakistanda qadın və uşaqlar öldürülürsə, İraq və Suriyada da terroristlər Amerika, Qərb və sionizmin himayəsi altında faciələr törədirlərsə, problem yoxdur, amma əgər Amerikada və ya başqa bir Qərb dövlətində bir partlayış baş verirsə, bütün dünya bunun cəzasını çəkməlidir?”

Ali Məqamlı Rəhbər vurğuladı: “Özünü başqalarından üstün tutan Amerika və Qərbin bu psixologiyası, bu təfəkkür tərzi onların günü-gündən daha artıq süqutuna yol açır”.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının davranışlarına hakim olan məntiqi düşüncəyə toxunaraq dedi: “Bu məntiqi düşüncə dərin və qalıcı bir sivilizasiyanın əsasını təşkil edir”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər ordu sıralarında xidmət edən hərbçilərin həyat yoldaşlarının və övladlarının fədakarlığını, hərbi qulluqçularla çiyin-çiyinə olmasını yüksək qiymətləndirərək dedi: “Hərbi qulluqçuların ailə üzvləri belə bir ailə başçıları olduğu üçün daim qürur hissi keçirməlidirlər”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Ordunun Baş Komandanı general-mayor Salehi İran İslam Respublikası Ordusunun imkan və hazırlıqları haqda məlumat verdi.

Görüşün əvvəlində İİR Ordusunda xidmət etmiş veteranlardan bir qrupu Ali Məqamlı Rəhbərlə yaxından görüşərək söhbət etdilər.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /