İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ötən gün Ərəbistanda dünyasını dəyişmiş din alimi, İslam mütəfəkkiri Ayətullah Dr. Əbdülhadi Əlfəzlinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbərin ərəb dilində etdiyi müraciətin tərcüməsi:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Əllamə Ayətullah Dr. Əbdülhadi Əlfəzlinin dünyasını dəyişdiyi haqda böyük hüzn və kədərlə xəbər tutdum.
Mərhum Əllamə Əlfəzli şərəfli ömrünü elm və siyasət sahəsində cihadla, İslam ümmətinin müqəddəs şəxsiyyətlərini və məkanlarını müdafiə etmək, onların haqqı ilə bağlı məsələlərlə məşğul olmaqla keçirmişdir.
Ayətullah Əlfəzli İslamın görkəmli nəzəriyyəçilərindən, qabaqcıl ideoloq və mütəfəkkirlərindən biri idi. Bunun ən bariz nümunəsi onun qələmindən çıxan sanballı əsərlərdir.
Ümmətin din alimlərinin pənahgahı olan mərhum Ayətullah Əlfəzli özünün vəhdət yaradan fikirləri, davranışları, cihadı və səyləri ilə qəlbləri yaxınlaşdırmanın, müsəlmanların sıralarını bərkitmənin, həmrəyliyi, ixtilaf və çəkişmədən uzaq olmağı təbliğ etmənin, düşüncələri və diqqətləri İslam ümmətinin vahid düşməninə yönəltmənin gözəl bir nümunəsini, örnəyini təqdim etdi.
O həmçinin ömrünün sonlarında ilahi sınağa, üzücü xəstəliyin əzablarına dözməklə səbirli, istənilən vəziyyətdə şükür etməyi bacaran, Uca Yaradana tam etimad və təvəkküllə yanaşan mömin bir insana ən yüksək nümunəni canlandırdı.
Mərhum Ayətullah Əlfəzlinin vəfatı ilə əlaqədar, möhtərəm ailə üzvlərinə və dostlarına, şagirdlərinə və sevənlərinə, xüsusilə də İslam ümmətinin din alimlərinə və teoloji mərkəzlərinə başsağlığı verir, Uca Yaradandan mərhumun ruhuna Özünün bitib-tükənməyən rəhmətini nazil etməsini, onun üçün Behişti daimi məskən etməsini, onu Öz geniş cənnətlərinə daxil etməsini, yaxınlarına və qohum-əqrəbasına səbir və təskinlik inayət etməsini diləyirəm.
Həmçinin Uca və Cəlil Allaha dualar edirəm ki, bütün yaxşı və saleh alimlərimizi daim salamat etsin, onlara həmişə mənəvi dəstək olsun və mərhum Ayətullah Əlfəzlinin ideyalarını, davranışlarını və cihadını davam etdirməyi nəsib etsin.
و انّا لله و انا اليه راجعون 1
Seyid Əli Hüseyni Xamenei
28 cəmadiyələvvəl 1433-cü il (hicri-qəməri)
20 fərvərdin 1392-ci il (hicri-şəmsi)
9 aprel 2013-cü il
_________________
1 “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!”
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir