İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1392-ci ilin başlaması münasibəti ilə xalqa ünvanladığı müraciətdə ötən il İran xalqının bütün sferalarda, özəlliklə də imperialist dünyası ilə siyasi və iqtisadi mübarizədə nail olduğu irəliləyişə toxunaraq qeyd edir ki, qarşıdan gələn 1392-ci il inkişaf, dinamizm və təcrübə ilə, iqtisadiyyat və siyasət arenalarında İran xalqının cihad əzmli hərəkatı ilə müşayiət olunan ümidverici perspektivlərlə dolu bir il olacaq. O vurğulayır: “Məhz bu baxımdan da 1392-ci ili “İqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq ili” adlandırıram”.
Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
یا مقلّب القلوب و الأبصار، یا مدبّر اللّیل و النّهار، یا محوّل الحول و الأحوال، حوّل حالنا الی احسن الحال
“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!”
اللّهمّ صلّ علی حبیبتك سیّدة نساء العالمین فاطمة بنت محمّد صلّی الله علیه و ءاله. اللّهمّ صلّ علیها و علی ابیها و بعلها و بنیها. اللّهمّ کن لولیّك الحجّة بن الحسن صلواتك علیه و علی ءابائه فی هذه السّاعة و فی کلّ ساعة ولیّا و حافظا و قائدا و ناصرا و دلیلا و عینا حتّی تسکنه ارضك طوعا و تمتّعه فیها طویلا. اللّهمّ اعطه فی نفسه و ذرّیّته و شیعته و رعیّته و خاصّته و عامّته و عدوّه و جمیع اهل الدّنیا ما تقر به عینه و تسرّ به نفسه
Ölkəmizin dörd bir yanında yaşayan əziz həmvətənlərimizi, dünyanın istənilən regionunda olan iranlıları, Novruzu qeyd edən bütün xalqları, özəlliklə də şəhid ailələrini, dəyərli müharibə veteranlarımızı, onların ailə üzvlərini, İslam dövlətinə, əziz Vətənimizə xidmət yolunda çalışan hər kəsi bu bayram münasibəti ilə təbrik edirəm! Ümidvaram ki, Uca Yaradan bu günü, bu başlanğıcı xalqımız üçün, dünyadakı bütün müsəlman xalqları üçün sevinc, səadət və şadlıq mənbəyi edəcək, bizi öhdəmizə düşən vəzifələri yerinə yetirməyə müvəffəq edəcək və bizə dəstək olacaq! Əziz həmvətənlərimizin diqqətinə çatdırmaq istəyirəm ki, Həzrət Fatimənin (s.ə) şəhadəti ilə bağlı günlər bayramın qeyd olunduğu ərəfəyə təsadüf edir və hamımız bu günlərə ehtiramla yanaşmalıyıq.
İlin təhvil olunduğu saat, bu an, əslində, bir sonluğu bir başlanğıcdan ayıran cizgidir – ötən ilin sonu ilə yeni ilin başlanğıcını. Əlbəttə ki, biz, əsasən, irəliyə baxmalıyıq. Yeni ilə köklənməli, ona hazırlaşmalı və işlərimizi planlaşdırmalıyıq. Lakin, heç şübhəsiz, geridə qoyduğumuz ilə, keçdiyimiz yola baxmaqda, nə etdiyimizi, necə hərəkət etdiyimizi, gördüyümüz işlərin hansı nəticələri verdiyini gözdən keçirməkdə, bütün bunlardan ibrət dərsi götürməkdə və təcrübə toplamaqda da bizim üçün fayda var.
Bütün illər kimi, 1391-ci il də cürbəcür hadisələrlə dolu, rəngarəng bir il idi; acılı-şirinli xatirələrlə yadda qaldı. Onda qalibiyyətlər də vardı, geriləmələr də. İnsan həyatı belədir – eniş-yoxuşlarla, ağ və qara zolaqlarla keçir. Əsas odur ki, enişlərdən çıxa bilək, özümüzü zirvələrə çatdıraq.
1391-ci il boyu imperializm dünyası ilə bizim aramızda gedən qarşıdurmanın açıq-aşkar göz önündə olan cəhəti bu idi ki, düşmənlər İran xalqına, İslam Respublikasına qarşı çox sərt mövqe tutmuşdular. Əlbəttə ki, bu, olayın zahiri cəhəti idi. Olayın mahiyyətini isə İran xalqının təcrübəli davranışları, müxtəlif meydanlarda qazandığı qələbələr təşkil edirdi. Düşmənlərimiz müxtəlif arenaları, müxtəlif meydanları hədəfə almışdılar; əsasən də, iqtisadiyyat və siyasət arenalarını. İqtisadiyyat arenasında özləri açıq-aşkar dedilər ki, sanksiyalar vasitəsi ilə İran xalqını iflic etmək istəyirlər. Lakin bunu bacarmadılar və Allahın fəzli və yardımı sayəsində, biz müxtəlif arenalarda çoxsaylı nailiyyətlər əldə etdik. Həmin nailiyyətlər haqda xalqımıza təfsilatı ilə məlumat verilib və bundan sonra da veriləcək. O günə sağ-salamat çıxsam, inşallah, mən də, fərvərdin ayının ilk günü edəcəyim çıxışda həmin məqamlara qısaca toxunacağam.
İqtisadiyyat sferasında, əlbəttə ki, xalqa təzyiqlər göstərildi, çətinliklər yarandı. Daxildə də bəzi nöqsanlar var idi. Yol verilmiş bəzi səhlənkarlıqlar, məsuliyyətsizliklər düşmənin planlarına yardımçı oldu. Lakin ümumilikdə, dövlətimiz və xalqımız irəliyə doğru hərəkət etdi və qazanılan bu təcrübənin müsbət təsir və nəticələrini, inşallah, gələcəkdə müşahidə edəcəyik.
Siyasət sferasına gəlincə, onlar bir tərəfdən İran xalqını təcrid etməyə, digər tərəfdən isə tərəddüd və qətiyyətsizliyə düçar etməyə, əzmini zəiflətməyə səy göstərirdilər. Xalq isə bunun tam əksini etdi; reallıqla bunun tam tərsi oldu. İran xalqını dünyadan təcrid etmək məsələsində nəinki bizim beynəlxalq və regional siyasətimizi məhdudlaşdıra bilmədilər, hətta Tehranda dünyanın bir çox ölkələrinin liderlərinin iştirakı ilə Qoşulmama Hərəkatının sammiti kimi mötəbər bir beynəlxalq tədbir keçirildi, proseslər düşmənlərimizin istədiyinin tam əksinə getdi. Bütün bunlar göstərdi ki, İslam Respublikası nəinki dünyadan təcrid olunmayıb, hətta beynəlxalq ictimaiyyət bu dövlətə, müsəlman İranına, əziz xalqımıza böyük ehtiramla yanaşır.
Daxildə gedən proseslərə gəlincə, dəyərli xalqımız emosiyalarını ortaya qoymaq üçün imkan və məqam tapdığı istənilən situasiyada – əsasən də, 1391-ci ilin 22 bəhmən günündə – necə lazımsa qəhrəmanlıq və dinamizm nümayiş etdirdi; meydanlarda əvvəlki illərdən daha canlı və izdihamlı şəkildə iştirak etdi. Daha bir parlaq nümunə isə sanksiyaların pik həddinin yaşandığı dövrdə Şimali Xorasan əhalisinin nümayiş etdirdiyi iştirak idi. Bu iştirak İran xalqının İslam dövlətinə, onun xidmətində duran işgüzar rəsmilərə qarşı səmimi münasibətinə, ümumi vəziyyətinə və əhval-ruhiyyəsinə bir nümunə idi. Əlhəmdulillah, il boyu böyük işlər görülüb: elm, infrastruktur sahələrində mühüm addımlar atılıb, xalqımız və rəsmilərimiz böyük dinamizm nümayiş etdiriblər. İrəliləyiş və inşallah, sıçrayış üçün zəmin hazırlanıb – həm iqtisadiyyat sferasında, həm siyasət sferasında, həm də həyat əhəmiyyətli bütün digər sferalarda.
Yaradanın lütfü və müsəlman xalqımızın əzmi sayəsində bizə ümidverici perspektivlər vəd edən 1392-ci il İran xalqı üçün tərəqqi, dinamizm və öyrədici təcrübələr ili olacaq. O mənada yox ki, düşmənlərimizin ədavəti azalacaq; o mənada ki, İran xalqının hazırlığı daha da artacaq, müxtəlif arenalarda daha da effektiv iştirak edəcək və inşallah, bu xalq gələcəyini öz əlləri ilə, kifayət qədər böyük əzm nümayiş etdirməklə daha gözəl və ümidverici şəkildə quracaq.
Əlbəttə ki, 1392-ci ildə bizi gözləyən proseslər yenə də, əsasən, iki mühüm sfera ilə – siyasət və iqtisadiyyat sferaları ilə bağlı olacaq. İqtisadiyyat sahəsində – ötən ilin şüarında qeyd olunduğu kimi – milli istehsala diqqət yetirmək lazımdır. Sözsüz ki, bu sahədə müəyyən işlər görülüb, lakin milli istehsalın, İran insanının əməyinə və sərmayəsinə dəstək prinsipinin vüsət alması uzunmüddətli bir prosesdir. Bu iş bir il ərzində yekunlaşdıra bilməz. Sevindirici haldır ki, 1391-ci ilin ikinci yarısında milli istehsalla bağlı dövlət siyasətləri işlənib hazırlandı və ictimaiyyətə elan olundu. Yəni əslində, bu sahədə relslər atıldı, işin əsasları hazırlandı. Hökumət və parlament bu siyasətlər əsasında işlərini planlaşdıra, müsbət və dinamik fəaliyyətə keçə, inşallah yüksək əzm və qətiyyətlə irəliləyə bilər.
1392-ci ildə siyasi arenada qarşımızda duran ən böyük məsələ prezident seçkiləridir. Bu seçki, əslində, qarşıdakı 4 il üçün ölkənin siyasi və administrativ müqəddəratını və müəyyən mənada, ölkənin ümumi müqəddəratını təyin edir. İnşallah, xalqımız bu meydandakı iştirakı ilə də özü və ölkəmiz üçün gözəl bir gələcək müəyyən edə biləcək. Əlbəttə ki, həm iqtisadiyyat, həm də siyasət sferasında camaatımızın cihad əzmli bir iştirak nümayiş etdirməsi lazımdır. Qəhrəmanlıq əhval-ruhiyyəsi və şövqü ilə, yüksək əzm və optimist yanaşma ilə proseslərdə iştirak etmək, ümid və yüksək əhval-ruhiyyə ilə dolu bir qəlblə meydanlara atılmaq, tarixi bir qəhrəmanlığa imza ataraq öz hədəflərinə çatmaq lazımdır.
Məhz bu baxımdan da 1392-ci ili “İqtisadiyyat və siyasət arenasında tarixi qəhrəmanlıq ili” adlandırıram. Ümidvaram ki, Uca Yaradanın fəzli sayəsində, bu il dəyərli xalqımızın və canıyanan rəsmilərimizin əli ilə iqtisadiyyat və siyasət arenasında tarixi bir qəhrəmanlıq gerçəkləşəcək.
Yaradanın ilahi diqqətinə, Həzrət Mehdi Sahibəzzamanın (Canımız ona fəda olsun!) dualarına ümid edir, dahi İmam Xomeyninin (r.ə) və əziz şəhidlərimizin pak ruhlarına salavat göndərirəm!
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir