Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı hamının alqış və təqdirini qazanmağı bacarıb!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – 1392-ci ilin ilk günü günortadan sonra Həzrət Əli ibn Rza Musanın (ə) müqəddəs hərəmini ziyarətə gəlmiş zəvvarlardan və hərəmin qonşuluğunda yaşayan əhalidən ibarət izdihamlı və emosional kütlə qarşısında çıxış etdi. Ali Məqamlı Rəhbər öz mühüm çıxışı zamanı İran xalqının 1391-ci ildə bədxahların yaratdığı əməli maneələrə, apardıqları genişmiqyaslı və hərtərəfli təbliğata baxmayaraq, qazandığı böyük və fundamental nailiyyətləri dəyərləndirdi. Amerika ilə müzakirələr mövzusunun əsas məqamlarını açıqlayan Ali Məqamlı Rəhbər iqtisadiyyat sferasında tarixi qəhrəmanlığa imza atmaq üçün zəruri olan tələblərə, xüsusilə də neftdən asılılıqdan yaxa qurtarmağın, makroiqtisadi siyasətlərə ciddi diqqət yetirməyin vacibliyinə, düşmən öz planını həyata keçirməmişdən öncə müdrikcəsinə tədbir görməyin əhəmiyyətinə toxundu. Ali Məqamlı Rəhbər siyasi arenada qəhrəmanlığın təzahürü kimi qarşıda gözlənilən prezident seçkilərini qeyd edərək vurğuladı ki, seçkidə İslam Respublikası quruluşuna inanan bütün siyasi partiya və cərəyanlar iştirak etməli, Yaradanın inayəti, İran xalqının əzmkarlığı sayəsində seçicilərin seçkidə fəal iştirakı reallaşmalıdır. Belə ki prezident seçkiləri ölkədəki bütün başlıca proseslərə təsir göstərən bir mövzudur.

Çıxışı əsnasında Həzrət Ayətullah Xamenei İran xalqını yeni il münasibəti ilə bir daha təbrik edərək bildirdi ki, ölkənin ötən ilki zəif və güclü cəhətlərini dəyərləndirmək və gələcək fəaliyyət proqramlarını bu ümumi dəyərləndirmə əsasında qurmaq zəruri bir məsələdir. O, əlavə etdi: “İnsan şəxsi məsələləri daim dəyərləndirməyə, götür-qoy etməyə ehtiyac duyduğu kimi, ölkədə gedən prosesləri də ümummilli miqyasda dəyərləndirmək, götür-qoy etmək əhəmiyyətli bir işdir. Çünki bu zaman olanlardan ibrət götürmək və gələcəyi planlaşdırmaq üçün keçmişdən yararlanmaq mümkün olur”.

Müxtəlif xalqların, müxtəlif ölkələrin intellektual elitasının İran xalqının təcrübəsindən istifadə etmək üçün onun fəaliyyətini və uğurlarını izlədiyini qeyd edən Həzrət Ayətullah Xamenei həmçinin düşmənlərin də bu uğurları və təbii ki, zəif cəhətləri diqqət mərkəzində saxladığını bildirdi. O dedi: “Məhz elə bu baxımdan da İran xalqı ölkəsindəki vəziyyəti düzgün dəyərləndirməli, ona kompleks şəkildə və realist yanaşmalıdır”.

“Ölkədəki vəziyyəti sırf bahalıq, bəzi məhsulların istehsalının azalması, iqtisadi sanksiyalar kimi məsələlərə baxaraq dəyərləndirmək naqis və yanlış bir yanaşmadır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Düzgün yanaşma budur ki, İran xalqının olduğu böyük, maneə və çətinliklərlə dolu meydanda problemlər və zəif cəhətlərlə yanaşı, böyük uğur və irəliləyişlərə də baxılsın. Belə kompleks dəyərləndirmədən alınan nəticə İran xalqının qəhrəmanlığı və başucalığı olacaqdır”.

Həzrət Ayətullah Xamenei Amerika rəsmilərinin İrana qarşı tətbiq edilən sanksiyaların xalqı yorub iflic etmək məqsədi daşıdığı haqda açıq-aşkar fikirlər səsləndirdiklərinə toxunaraq dedi: “Maneə və qarşıdurmalarla dolu bu meydanda İran xalqı müdrikliklə, böyük güc və potensialla təhdidləri fürsətə çevirməyi, çempion bir idmançı kimi ağır, böyük zəhmət, səy və yorğunluq tələb edən bir qarşıdurmadan qalib çıxmağı, hər kəsin alqışına və təqdirinə layiq olmağı bacarıb”.

O dedi: “Ölkəyə və onun vəziyyətinə bu cür yanaşılsa, sözsüz ki, bu böyük arenanın çempionunun İran xalqı olduğu aydınlaşar”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Çətinlik və maneələrlə dolu bu arenada İran xalqının uğur və nailiyyətləri o qədər böyükdür ki, hətta onlar müxtəlif ölkələrdə, o cümlədən İranı gözü götürməyən dövlətlərdə tükü-tükdən seçən ağıllı insanlar, siyasi liderlər və universitet xadimləri tərəfindən alqışlanmışdır”.

Həzrət Ayətullah Xamenei həmçinin İran xalqının uğurlarından daim narazı olanlara da toxunaraq dedi: “Xalqın düşməni olan bu qüvvələr nailiyyətlərə qarşı mübarizə aparmaq üçün iki metoddan istifadə edirlər: 1. Sanksiya və təhdidlər kimi əməli maneələr yaratmaq, rəsmiləri, ziyalıları və xalqı prioritet kəsb etməyən, üçüncü-dördüncü dərəcəli məsələlərlə məşğul etmək; 2. İran xalqının uğurlarını ört-basdır etmək üçün genişmiqyaslı təbliğat aparmaq və bəzi zəif cəhətləri şişirtmək”.

O, bu baxımdan 1391-ci ilin İran xalqının bədxahları üçün gərgin əmək tələb edən illərdən biri olduğunu bildirərək əlavə etdi: “Onlar məqsədlərinin İran xalqını iflic edərək diz çökdürmək olduğunu elan ediblər. Odur ki əgər İran xalqı bütün bu təzyiqlər qarşısında ayaqda qalıb ruh yüksəkliyi nümayiş etdirsə və daha artıq nailiyyətlərə imza atsa, onlar biabırçı vəziyyətə düşəcəklər”.

Daha sonra Ali Məqamlı Rəhbər ortaya iki sual qoydu: 1. İran xalqı əleyhinə cızılan planların əsas yuvası haradır? 2. Bu xalqın düşmənləri kimlərdir?

Həzrət Ayətullah Xamenei birinci suala cavab olaraq aşağıdakıları vurğuladı: “İran xalqı əleyhinə cızılan planların əsas mərkəzi Amerikadır və aradan 34 il ötdükdən sonra – bu gün nə zaman düşməndən söz düşsə, İran xalqının gözündə dərhal Amerika canlanır”.

O, əlavə etdi: “Amerika rəsmiləri bu haqda ciddi düşünməli və özlərinə sual verməlidirlər ki, nəyə görə “düşmən” deyincə, İran xalqı o saat Amerikanı xatırlayır?”

Ali Məqamlı Rəhbər həmçinin İran xalqının digər düşmənləri haqda aşağıdakıları dedi: “İran xalqının birinci dərəcəli düşməni, onun əleyhinə cızılan məkrli planların mərkəzi olan Amerikadan əlavə, başqa düşmənlər də var ki, xəbis İngiltərə dövləti də onların sırasına daxildir. Lakin İngiltərə müstəqil şəkildə hərəkət etmir və Amerikanın sözü ilə oturub-duraraq onun planlarını həyata keçirmək funksiyası daşıyır”.

Çıxışının bu hissəsində Həzrət Ayətullah Xamenei Fransa dövlətinə də bir məqamı xatırladaraq dedi: “İran İslam Respublikasının Fransa dövləti və xalqı ilə heç bir problemi olmayıb, lakin Fransa dövləti son zamanlar, xüsusilə də Sarkozinin hakimiyyətə gəlişindən bəri İran xalqına qarşı açıq-aşkar düşmənçilik siyasəti yürütməyə başlayıb. Bu yanlış siyasət hələ də davam etdirilməkdədir və bu, ağıl və müdriklikdən uzaq bir işdir”.

O həmçinin sionist rejiminə də toxunaraq dedi: “Qəsbkar sionist rejimi elə bir səviyyədə deyil ki, İran xalqının düşmənləri sırasında hesab olunsun”.

Ali Məqamlı Rəhbər İsrail rəsmilərinin İrana hərbi təcavüzlə bağlı səsləndirdikləri bəzi təhdidlərə də münasibət bildirərək aşağıdakıları vurğuladı: “Onlar bir qələtə yol versələr, İran İslam Respublikası Tel-Əviv və Hayfanı yerlə yeksan edəcək!”

Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar daim İran xalqının bu bir neçə düşməni haqda səhv olaraq “dünya ictimaiyyəti” ifadəsini işlədirlər. Halbuki dünya ictimaiyyəti qətiyyən iranlılarla və müsəlman İranı ilə düşmənçilik niyyətində deyil”.

İran xalqının gerçək və azsaylı düşmənləri haqda açıqlama verdikdən sonra Ali Məqamlı Rəhbər onların 1391-ci ildə həyata keçirdikləri düşmənçi əməllərdən danışdı. O dedi: “Amerikalılar üzdə xalqa qarşı göstərdikləri dostcasına münasibətə zidd olaraq, ötən ilin əvvəlindən etibarən İran əleyhinə şiddətli neft və maliyyə sanksiyaları tətbiq etməyə başladılar. Bu düşmənçi davranışlara rəğmən, onlar israrla özlərini dost kimi qələmə verməyə çalışırlar”.

Ali Məqamlı Rəhbər bu siyasətin “məxmər əlcək altında polad pəncə” siyasətinin davamı olduğunu bildirərək dedi: “Gözdən pərdə asmaq məqsədi daşıyan bu yalançı davranışlarının əksinə olaraq, onlar hərtərəfli düşünülmüş, planlı bir fəaliyyətə keçmişdilər və bir neçə ay sonra İran xalqını öz hegemonluqlarına təslim etmək, günü-gündən artan elmi nailiyyətlərindən əl götürməyə məcbur etmək istəyirdilər. Lakin hadisələrin gedişi bədxahların arzu və proqnozlarının əksinə oldu”.

Həzrət Ayətullah Xamenei Amerika rəsmilərinin sanksiyaların göstərdiyi təsirdən məmnunluq ifadə edən çıxışlarına, həmçinin İranda da bəzi rəsmi şəxslərin bu barədə səsləndirdikləri fikirlərə toxunaraq dedi: “Sanksiyalar öz təsirini göstərib, ancaq bu təsir onların gözlədiyi həddə deyil”.

O dedi: “Əgər sanksiyalar təsir göstəribsə, bunun səbəbi ölkə iqtisadiyyatının başlıca nöqsanı olan neftdən asılılıqdır. Elə buna görə də neftsiz iqtisadiyyat gələcək hökumətin əsas fəaliyyət proqramlarından və prioritetlərindən olmalıdır”.

Ali Məqamlı Rəhbər bir neçə il öncə: “Ölkə iqtisadiyyatında elə bir vəziyyət yaratmaq lazımdır ki, istənilən anda neft quyularının ağzını bağlayıb ölkəni neft olmadan idarə etmək mümkün olsun”, – deyə rəsmilərə səsləndiyini xatırladaraq dedi: “O zaman – özləri demişkən – texnokrat olan bəzi cənablar mənim bu fikrim qarşısında mənalı-mənalı gülümsəyib: “Belə bir şey mümkündürmü?” – dedilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Neftdən asılı olmayan iqtisadiyyata nail olmaq mümkündür, amma bunun şərti düzgün planlama və icradır”.

1391-ci ildə düşmənin iqtisadiyyat sferasında nümayiş etdirdiyi xəbis davranışları şərh etdikdən sonra Ali Məqamlı Rəhbər onların siyasi sferadakı səylərinə toxunaraq dedi: “İran xalqının bədxahlarının siyasi sferada atdığı addımlardan biri İslam dövlətini təcrid etməklə bağlı idi. Lakin Tehranda Qoşulmama Hərəkatına üzv olan ölkələrin başçılarının və yüksək səviyyəli rəsmilərinin iştirakı ilə hərəkatın sammitinin keçirilməsi, İranın elmi, texnoloji və iqtisadi nailiyyətlərinə görə təqdir olunması düşmənin planlarını tam fiasko ilə üz-üzə qoydu”.

Ali Məqamlı Rəhbər bədxahların siyasi sferada həyata keçirməyə çalışdıqları digər planlar sırasında xalqı tərəddüdə düçar edib, İslam dövlətindən uzaqlaşdırma səylərini qeyd edərək aşağıdakıları vurğuladı: “Xalqın 22 bəhmən yürüşündə yüksək səviyyədə, olduqca izdihamlı və emosional şəkildə iştirak etməsi, eyni zamanda İslama və İnqilaba münasibətdə nümayiş etdirdiyi dərin və səmimi hisslər düşmənlərin ağzına vurulan möhkəm bir yumruq oldu”.

Düşmənlərin xəbis planlarına misal olaraq, təhlükəsizlik sferasındakı uğursuz cəhdləri, İran İslam Respublikasının regiondakı nüfuz və qüdrətini azaltmaq səylərini də qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Qəzzada gedən 8 günlük hərbi əməliyyatların səhnəarxasında İranın qüdrətli varlığı və İsrail rejiminin Fələstinin mübariz döyüşçüləri qarşısında diz çökməyə məcbur olması, həmçinin bədxahların İranın iştirakı olmadan regiondakı problemlərin həllinin mümkünsüz olması ilə bağlı etirafları bu sferalardakı xəbis səylərin nəticəsiz qalmasına səbəb oldu”.

O vurğuladı: “Bütün bu təzyiq və düşmənçiliklərin, xüsusilə də sanksiyaların mənfi təsirlərlə yanaşı, böyük müsbət təsirləri də olub. Onlardan ən əhəmiyyətlisi İran xalqının daxili potensialının fəallaşdırılması, ötən il böyük və fundamental işlərin gerçəkləşdirilməsidir”.

Daha sonra Həzrət Ayətullah Xamenei 1391-ci ildə sanksiyalar şəraitində gerçəkləşmiş bəzi böyük və infrastruktur əhəmiyyətli nailiyyətlərə toxunaraq əlavə etdi: “Yeni neft və uran ehtiyatlarının kəşf olunması, AES-lərin və emal müəssisələrinin yaradılması və genişləndirilməsi, yol və enerji sektorlarında görülən infrastruktur tədbirlər, mühüm elmi-texnoloji nailiyyətlər, o cümlədən “Nahid” peykinin və içərisində canlı varlıq olan “Pişqam” tədqiqat raketinin kosmosa buraxılması, yüksək texnologiyalı qırıcı təyyarələrin istehsalı, həssas və rekombinant dərman preparatlarının istehsalı, regionda nano-texnologiyalar üzrə liderliyin əldə olunması, yüksək elmi rütbələrin qazanılması, elmi inkişaf tempinin yüksəlməsi, ölkədə ali məktəb tələbələrinin sayının artması, kök hüceyrələri, yeni enerji mənbələri və nüvə enerjisi sahəsində qazanılan elmi nailiyyətlər İran xalqının sanksiyalarla iflic ediləcəyi gözlənilən bir ildə İran gənclərinin və alimlərinin əldə etdiyi heyrətamiz nailiyyətlərdən yalnız bir qismidir”.

O vurğuladı: “1391-ci ildə əldə olunmuş uğur və nailiyyətlərdən alınan böyük dərs bundan ibarətdir ki, canlı və dinamik bir xalq düşmənin sanksiyalarının, təzyiqlərinin və yaratdığı çətinliklərin təsiri ilə heç vaxt onun qarşısında diz çökməz!”

Ali Məqamlı Rəhbər dedi: “1391-ci il, əslində, bir məşq, qarşıdurma meydanı idi və İran xalqı bu meydanda öz bacarığını və uğurlarını nümayiş etdirə, eyni zamanda bəzi zəif cəhətlərini öyrənə bildi”.

Ötən il ölkə iqtisadiyyatında müşahidə olunmuş bəzi zəif cəhətləri şərh edən Həzrət Ayətullah Xamenei dedi: “Ölkə iqtisadiyyatının neftdən asılılığı, makroiqtisadi siyasətlərə etinasızlıq və gündəlik səviyyəli iqtisadi siyasətlərin məngənəsində qalmaq ölkə rəsmilərinin, xüsusilə də gələcək hökumətin diqqət yetirməli olduğu zəif cəhətlər sırasına daxildir. Onlar bilməlidirlər ki, ölkənin makro miqyaslı, aydın, planlı, rəsmi sənəd şəklində işlənib hazırlanmış iqtisadi siyasəti olmalıdır”.

“1391-ci ildən aldığımız daha bir dərs budur ki, biz ölkəmizin güclü əsaslara malik olduğunu konkret olaraq bildik” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dövlətin əsasları nə qədər güclü olsa və rəsmilər birlik və həmrəylik şəraitində müdrik tədbirlər görsələr, düşmənin xəbis davranışlarının təsiri bir o qədər minimuma enər”.

Ali Məqamlı Rəhbər iqtisadiyyatdan əlavə, təhlükəsizlik, əhalinin sağlamlığı, elmi inkişaf, milli qürur və istiqlal kimi mövzuların da ölkənin başlıca əhəmiyyət daşıyan məsələləri olduğunu qeyd edərək dedi: “İran xalqı ötən il qazandığı uğurlara sübut etdi ki, Amerika və başqa böyük dövlətlərdən asılı olmamaq nəinki geriləməyə səbəb olmur, hətta inkişaf və irəliləyişə də şərait yaradır”.

1391-ci ildə ölkədə mövcud olmuş real vəziyyəti ümumi şəkildə dəyərləndirən Həzrət Ayətullah Xamenei daha sonra ötən ilki proseslərdən dərs götürmək şərti ilə gələcəyə aid olan iki məqama toxundu.

Ali Məqamlı Rəhbərin toxunduğu ilk məqam düşmənin fikrini əvvəlcədən oxumaq, onun planları qarşısında müdriklik və fəallıqla tədbir görməklə bağlı oldu.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları qeyd etdi: “Gənc İran alimlərinin radiodərman preparatlarının istehsalı məqsədi ilə Tehran tədqiqat reaktorunu 20 faiz zənginləşdirilmiş nüvə yanacağı ilə təmin etmək istiqamətində gördüyü işlər belə uzaqgörən və qabaqlayıcı tədbirlərdəndir. Bu tendensiya ölkənin bütün başlıca problemlərinə sirayət etdirilməlidir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, praktiki məsələlərdə qabaqlayıcı tədbirlər görmək fəaliyyətdə olan hökumətlərin, istehsalat və kənd təsərrüfatı subyektlərinin, iş adamları və investorların, elmi tədqiqatçıların, elm və sənaye sahələrində çalışan layihəçilərin, universitet müəllimlərinin, iqtisadiyyat sektorundakı rəhbər kadrların, elmi və texnoloji parkların rəhbərlərinin böyük əxlaqi və rasional vəzifəsidir. O vurğuladı: “Hamının vəzifəsi budur ki, ölkənin düşmən qarşısında möhkəm və nüfuzedilməz olması, təsir altına düşməməsi üçün çalışsın”.

Ali Məqamlı Rəhbər dedi: “Bu, müqavimət iqtisadiyyatının tələblərindən biridir”.

Çıxışının bu hissəsində Həzrət Ayətullah Xameneinin toxunduğu ikinci məqam Amerika rəsmilərinin ikitərəfli müzakirələr üçün dəfələrlə İrana ünvanladığı mesajlar və səsləndirdikləri bəyanatlarla bağlı oldu.

O dedi: “Bir müddətdir ki, amerikalılar nüvə mövzusunda İranla ayrılıqda müzakirələr aparmaq istədikləri barədə müxtəlif yollarla mesajlar verirlər. Lakin mən keçmişdə şahid olduğumuz proseslərə əsaslanaraq belə müzakirələrə optimist yanaşmıram”.

“Amerikalıların yanaşmasında danışıqlar məntiqi bir həll yoluna nail olmaq məqsədi ilə müzakirələr aparmaq mənası daşımır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılara görə, danışıqlar qarşı tərəfi onların sözünü qəbul etməyə məcbur etmək mənası verir. Bu səbəbdən də biz belə danışıqları həmişə məcburiyyət hesab etmişik. İran İslam Respublikası isə məcburiyyətə boyun əyməyəcək”.

Həzrət Ayətullah Xamenei bu tip danışıqlara optimist yanaşmadığını bir daha təkrarlayaraq əlavə etdi: “Əlbəttə ki, mənim buna heç bir etirazım da yoxdur”.

Daha sonra o, bir neçə məsələni də Amerika üçün açıq-aydın bəyan etdi. Ali Məqamlı Rəhbərin toxunduğu ilk mövzu amerikalıların İranda hökumət quruluşunu dəyişmək niyyətində olmadıqları ilə bağlı dəfələrlə səsləndirdikləri mesajlarla bağlı oldu. O, bu barədə aşağıdakıları vurğuladı: “Biz əsla İslam Respublikası quruluşunun sizin əlinizlə dəyişiləcəyi sarıdan nigaran deyilik. Çünki bunu istədiyiniz və açıq-aşkar dilə gətirib söylədiyiniz bir vaxtda siz heç nəyə nail ola bilmədiniz və bundan sonra da heç nə edə bilməyəcəksiniz”.

Ali Məqamlı Rəhbər ikinci məsələyə – amerikalıların müzakirələr təklifində tam səmimi olduqlarını vurğulamalarına toxunaraq aşağıdakıları dedi: “Biz nüvə silahı əldə etmək niyyətində olmadığımızı dəfələrlə demişik, Amerikalılar isə buna inanmadıqlarını deyirlər. Belə olan halda biz Amerikanın müzakirələr təklifinin səmimi olması barədə dediklərinə nəyə görə inanmalıyıq?”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz belə nəticəyə gəlirik ki, müzakirələr təklifi dünya ictimaiyyətini və İran xalqını aldatmaq üçün işlədilən amerikansayağı bir taktikadır. Əgər belə deyilsə, amerikalılar bunu əməldə sübut etməlidirlər”.

Çıxışının bu hissəsində Ali Məqamlı Rəhbər amerikalıların təbliğat taktikalarından birinə toxunaraq dedi: “Onlar müəyyən məqamlarda belə bir fikir səsləndiriblər ki, guya İranın ali ruhani rəhbərliyi tərəfindən kimlərsə Amerika ilə müzakirələr aparıb, halbuki bu, ağ yalandır və bu günə qədər ali ruhani rəhbərlik tərəfindən heç kəs Amerika ilə heç bir dialoqa girməyib”.

O, əlavə etdi: “Yalnız bəzi hallarda müxtəlif hökumətlər konkret mərhələyə aid olan mövzular ətrafında Amerika ilə müzakirələr aparıblar. Həmin müzakirələr zamanı ali ruhani rəhbərliyin qırmızı xətlərinə riayət etmək hökumətin vəzifəsi idi və elə bu gün də bu qırmızı xətlərə riayət olunmalıdır”.

Ali Məqamlı Rəhbərin Amerika ilə müzakirələrlə əlaqədar toxunduğu üçüncü məqam amerikalıların nüvə ətrafında müzakirələrin müsbət nəticə verməsinə və yekunlaşmasına meylli olmamaları idi. O dedi: “Amerikalılar, doğrudan da, İranın nüvə məsələsinin həll olunmasını istəyirlərsə, bunun da həlli yolu asandır: onlar İranın nüvəni sülhsevər məramlarla zənginləşdirmək hüququnu qəbul etməlidirlər”.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarət normalarının icrası da narahatedici məqamları ortadan qaldıra bilər” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Keçmiş təcrübələr və hazırkı şərait onu göstərir ki, amerikalılar bu məsələni həll etmək niyyətində deyillər və onu uzatmaqla İran xalqına təzyiq göstərmək, özləri demişkən, xalqı iflic etmək üçün əldə bəhanə saxlamaq istəyirlər. Lakin elə düşmənə göz dağı olaraq, İran xalqı iflic olmayacaq!”

Ali Məqamlı Rəhbərin mövzu ilə əlaqədar toxunduğu sonuncu məqam Amerikaya bir həll yolu təklif etmək oldu. O dedi: “Əgər amerikalılar, doğrudan da, baş verənlərə son qoymaq istəyirlərsə, bizim təklif etdiyimiz həll yolu budur: sözdə və əməldə İran xalqı ilə düşmənçilik etməkdən əl çəksinlər!”

O, ötən 34 ildə Amerikanın İran xalqı əleyhinə yürütdüyü düşmənçi siyasətləri, onların hamısının fiaskoya uğramasını xatırladaraq aşağıdakıları vurğuladı ki, bu siyasətlər davam etdirilsə, yenə də məğlubiyyətə düçar olacaq.

Çıxışının yekun hissəsində Ali Məqamlı Rəhbər olduqca mühüm bir mövzuya – xordad ayının 24-də gözlənilən prezident seçkilərinə toxunaraq dedi: “Seçkilər xalqın siyasi arenadakı qəhrəmanlığının, İslam dövlətinin qüdrətinin, dinə əsaslanan xalq hakimiyyətinin, milli iradənin və dövlətin nüfuzunun göstəricisidir”.

Xalqın seçkidə fəal iştirakının əhəmiyyətli olduğunu bildirən Həzrət Ayətullah Xamenei vurğuladı: “Xalqın seçkidə fəal iştirakı və seçkinin canlı atmosferdə keçməsi ölkənin təhlükəsizliyini təmin etməkdən əlavə, düşmənin təhdidlərinin də təsirini heçə endirəcək və onların ümidini üzəcək”.

İslam Respublikasına inanan bütün siyasi cərəyanların prezident seçkilərində iştirakının vacib olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Seçkilər təkcə konkret bir siyasi cərəyana aid deyil. Seçkidə iştirak etmək ölkənin suverenliyinə və milli mənafeyə can yandıran hər kəsin vəzifəsidir”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Seçkidən üz çevirmək İslam dövlətinə müxalif olan şəxslərə uyğun gəlir”.

“Seçkidə son həlledici amil xalqın səsidir!” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Kimin ən yaxşı olduğunu müəyyən etməkdə xalqın fikri önəmlidir və seçicilər etimad göstərilmiş namizədləri diqqətlə nəzərdən keçirib, düşünüb-daşınıb ən yaxşı olanı seçməlidirlər”.

Ali rəhbərliyin seçkidə yalnız bir səs hüququna malik olduğunu və bu seçimdən heç kəsin məlumatı olmayacağını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Ali rəhbərliyin konkret olaraq kimi isə dəstəklədiyi ilə bağlı istənilən fikir yanlışdır”.

Həzrət Ayətullah Xamenei xalqa belə bir tövsiyə etdi: “Seçicilər diqqətli olsunlar ki, ən uyğun namizədi seçərkən cürbəcür media vasitələrində əksini tapan fikir və rəylərin, o cümlədən bu günlərdə geniş yayılmış çoxsaylı sətiraltı mesajların təsiri altına düşməsinlər”.

Qanun qarşısında hər kəsin təmkinli davranmalı olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “1388-ci (2009) ildə baş vermiş xoşagəlməz olaylar o məqamdan başladı ki, bir qrup şəxs qanuna və xalqın seçiminə dözümlü yanaşmaq istəmədi və insanları küçə iğtişaşlarına çağırdı. Bu, kompensasiya edilməsi mümkün olmayan xətalardan biri idi”.

O, əlavə etdi: “Xoşbəxtlikdən, istənilən şübhə və iradı aradan qaldırmaq üçün hüquqi mexanizmlər var. Ona görə də hamı xalqın böyük əksəriyyətinin seçiminə dözümlü yanaşmalıdır”.

Ali Məqamlı Rəhbər gələcək ölkə başçısının xüsusiyyətləri ilə bağlı aşağıdakıları vurğuladı: “Gələcək prezident əvvəlkində olan yüksək keyfiyyətləri özündə əks etdirməklə yanaşı, onun zəif cəhətlərindən də uzaq olmalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Prezident seçkilərində xalqın etdiyi seçim hər dəfə əvvəlkindən daha mütərəqqi və mükəmməl olmalı, ən yaxşı olanlar seçilməlidir”.

Sonda Ali Məqamlı Rəhbər dedi: “Prezident seçkisinə qatılan şəxslər İslam İnqilabına, dəyərlərə və milli mənafeyə sadiq olmalı, ölkənin birgə ağıl və tədbir əsasında idarə edilməli olduğuna inanmalıdırlar”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin Xorasan ostanındakı nümayəndəsi və müqəddəs İmam Rza (ə) hərəminin başçısı Ayətullah Vaiz-Təbəsi hərəmi ziyarətə gəlmiş zəvvarları salamlayaraq yeni il üçün elan olunmuş şüarla bağlı aşağıdakıları qeyd etdi: “İqtisadi və siyasi arenada qəhrəmanlıq ili”ndə müdrik və uzaqgörən İran xalqı siyasət və iqtisadiyyatın müxtəlif sahələrində böyük uğurlara imza atacaq və çətinliklərini birgə səy və həmrəyliklə geridə qoyacaq!”



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /