Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqının heyrətamiz nailiyyətləri düşməni çaş-baş qoyur və əsəbiləşdirir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə mühüm məqamlara toxundu. İnqilabın qələbəsindən 34 il ötməsinə, qarşısında yaranan çoxsaylı maneələrə baxmayaraq, İran xalqının irəliyə doğru hərəkət etməsini, əldə etdiyi heyrətamiz nailiyyətləri kompleks şəkildə təhlil edən Ali Məqamlı Rəhbər İslam dövlətinin hədəf və amallarına aparan yolda uzunmüddətli perspektivləri nəzərdə tutmanın son dərəcə vacib olduğunu qeyd edərək dedi: “İslama iman, güclü əzm, xalqa arxalanmaq, optimizm əhval-ruhiyyəsini qoruyub saxlamaq və gücləndirmək irəliyə doğru hərəkəti davam etdirməyə, daha böyük uğurlara imza atmağa, müvəqqəti maneə və çətinlikləri geridə qoymağa şərait yaradan əsas amillərdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, idarəetmə və təşkilatçılıq məsələlərinə, habelə dövlətin qarşıya qoyduğu hədəf və amallara uzunmüddətli yanaşma İslam dövlətinin təyin olunmuş hədəflərinə doğru düzgün və ardıcıl irəliləyişin mühüm şərtlərindən biridir. O, əlavə etdi: “Hədəflərə, düşmənə və hərəkət kursuna uzunmüddətli yanaşmada düzgün qavrama təmin olunur, buna görə də çətinlikləri, eniş-yoxuşları proqnozlaşdırmaq mümkün olur”.

Həzrət Ayətullah Xamenei dedi: “İnqilabi mübarizə dövründə bu uzunmüddətli yanaşma olmasaydı, sözsüz ki, mübarizə məğlubiyyətlə nəticələnərdi. Lakin dahi İmam Xomeyni (r.ə) imanla, mətanətlə, mənəvi səbat və gələcəyə ümidlə möhkəm durdu və sonda bütün çətinliklərinə rəğmən, mübarizə qələbə ilə nəticələndi”.

İnqilabi mübarizə dövrü ilə müqayisədə hazırkı şəraitin dəfələrlə çətin və dolaşıq xarakterli olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Belə bir şəraitdə qısamüddətli, müvəqqəti yanaşmalardan çəkinmək, İslama imanla, xalqa arxalanıb optimizm əhval-ruhiyyəsini qoruyub saxlamaqla irəliyə doğru hərəkəti qarant altına almaq lazımdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, din alimlərinin və ruhanilərin öhdəsinə düşən vəzifələrdən biri də camaatda, xüsusilə də gənclərdə optimizm, gələcəyə ümid əhval-ruhiyyəsini qorumaq və gücləndirməkdir. O vurğuladı: “Optimizm ruhunu daim canlı tutmaq lazımdır. Özü də, qeyd etmək lazımdır ki, cəmiyyətimizdə ümid və optimizm əlamətləri çoxdur”.

Həzrət Ayətullah Xamenei cəmiyyətdə nəzərə çarpan ümid əlamətləri sırasında İran xalqının günü-gündən artmaqda davam edən nailiyyətlərini qeyd edərək dedi: “İran xalqının hazırkı əzəməti və İslam dünyasında ideoloji mərkəz mövqeyini tutması, ölkədə dini diskursun üstünlük təşkil etməsi, elmi-texnoloji nailiyyətlər, İslam dövlətinin beynəlxalq siyasi nüfuzu, ölkədə ədalətin təmin olunması istiqamətində görülən infrastruktur tədbirlər İslam İnqilabından öncə və ya inqilabın ilk illərində təsəvvüredilməz olan heyrətamiz nailiyyətlərdir”.

“Bu nailiyyətlər İslam dövlətinin inkişafının göstəricisidir!” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi:  “İnkişafımızın daha bir göstəricisi düşmənin çaşqınlığı, əsəbiliyi və aqressiyasıdır”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Əgər İslam dövləti inkişaf etməsəydi, düşmənlər bu qədər çaşqın və aqressiv olmazdılar”.

Həzrət Ayətullah Xamenei nüvə mövzusunun İslam dövlətinin üzləşdiyi qarşıdurmalardan biri olduğunu qeyd edərək dedi: “Sözsüz ki, bu qarşıdurma bizim ziyanımıza olmayıb və olmayacaq!”

O, Qazaxıstanın Alma-ata şəhərində İran İslam Respublikası ilə “5+1” qrupu arasında baş tutan sonuncu müzakirələrə toxunaraq dedi: “Bu görüşdə qərblilər elə bir mühüm iş görmədilər ki, onu üstünlük kimi qiymətləndirmək olsun. Onlar yalnız İran xalqının hüquqlarından bir hissəsini ötəri şəkildə etiraf etdilər”.

Qərblilərin bundan öncə dəfələrlə dedikləri sözdən dönərək əldə olunmuş razılaşmaları qulaqardına vurduqlarını xatırladan Həzrət Ayətullah Xamenei vurğuladı: “Qərblilərin İranla son danışıqlarda nə qədər doğru söyləyib-söyləmədiklərini bilmək üçün növbəti iclası gözləmək lazımdır”.

İran xalqının üzləşdiyi maneə və qarşıdurmalar sırasında sanksiyaları da qeyd edən Ali Məqamlı Rəhbər onların səbəbini açıqlayaraq dedi: “Zahirdə sanksiyaların bəhanəsi nüvə məsələsidir, amma bunun əsl səbəbi qərblilərin izlədiyi uzunmüddətli bir hədəfdir”.

“Sanksiyaların əsas hədəfi xalqı İslam dövləti ilə üz-üzə qoymaqdır”, – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qərblilər ümid edirdilər ki, xalqa təzyiq göstərməklə onu dövlətə qarşı qoyacaqlar. Bu ilin 22 bəhmən günü isə onların arzuları ilə heç də üst-üstə düşməyən hadisələr baş verdi.”

Xalqın builki 22 bəhmən yürüşündə izdihamlı və coşğulu iştirakını böyük və mühüm bir məsələ adlandıran Ali Məqamlı Rəhbər dedi: “Dəqiq hesablamalar, təcrübəli və peşəkar insanların araşdırmaları göstərir ki, builki 22 bəhmən yürüşündə xalqın iştirakı əvvəlki illərlə müqayisədə daha da izdihamlı, daha da emosional və coşqulu olub”.

“Mövcud iqtisadi problemlərə, İslam İnqilabının qələbəsindən sonra aradan 34 il ötdüyünə baxmayaraq, xalqın 22 bəhmən yürüşündə belə emosional iştirak etməsi nə məna verir?” – bu sualla çıxış edən Ali Məqamlı Rəhbər onu aşağıdakı kimi cavablandırdı: “Bu güclü və sabit iştirak, əslində, İran xalqının onların “iflicedici” adlandırdıqları sanksiyalara cavab verməsi anlamını daşıyırdı. Bu iştirakın təsiri beynəlxalq arenada da müşahidə olunur”.

Ali Məqamlı Rəhbər gələn il ölkədə baş tutacaq prezident seçkilərində də xalqın iştirakının böyük rola və təsirə malik olacağını bildirərək vurğuladı: “O zaman da, Allahın izni ilə, Yaradanın fəziləti sayəsində, xalqın qəlbi seçki prosesinə meyllənəcək”.

Həzrət Ayətullah Xamenei İslam Respublikasında baş tutan seçkilərin dünya üzrə ən yaxşı, ən azad, standartlara ən uyğun seçkilərdən biri olduğunu deyərək əlavə etdi: “Bəziləri İslam Respublikasında prezidentliyə namizəd olmaq üçün səlahiyyətlərin araşdırılmasına iradlarını bildirirlər. Bu, qeyri-peşəkar və səriştəsiz bir fikirdir. Çünki namizədlərin kompetensiyasının araşdırılması və onların qanuni proseduralardan keçməsi dünya demokratiyalarında mövcud olan bir məsələdir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, namizədlərin kompetensiyasının araşdırılmasında məqsəd seçkidə zəruri tələblərə cavab verən və xalqın istəyinə uyğun olan şəxslərin iştirakını təmin etməkdir. O dedi: “Seçkiyə elə şəxslər qoşulmalıdırlar ki, prezidentliyin məsuliyyətini daşımaq üçün lazımi səlahiyyətlərə və göstəricilərə malik olsunlar”.

Namizədlərin kompetensiyasının araşdırılmasında Keşikçi Şuranın öhdəsinə ağır məsuliyyət düşdüyünü deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Keşikçi Şuranın üzvləri indiyə qədər qanuna müvafiq şəkildə fəaliyyət göstərdikləri kimi, prezident seçkilərində də qanun çərçivəsində öz vəzifələrini icra etməlidirlər və sonda qanunla müəyyən olunmuş normalar əsasında bu ələmələrdən keçən hər bir şəxs seçki marafonuna qoşula bilər”.

Prezident seçkilərinin yüksək fəallıqla keçməli olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Ümidvaram ki, Allahın inayəti sayəsində, xalqın seçdiyi şəxs də Allahın razılığına layiq biri olacaq və camaatı İslam İnqilabına bəslədikləri böyük arzulara yaxınlaşdıracaq”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei iqtisadi çətinliklərə və əhalinin məişət problemlərinə də toxunaraq dedi: “Bu iqtisadi çətinliklərdən bəzisi sanksiyalardan qaynaqlanır, bəziləri isə iqtisadi sahədəki administrasiya metodları və siyasətlərlə  bağlıdır. Lakin mühüm olan odur ki, bu problemləri həll etmək mümkündür”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bahalıq probleminin həlli ilə bağlı mən rəsmilərə dəfələrlə tövsiyələrimi vermişəm və indi onlar hansı tədbirləri həyata keçirdikləri barədə mənə məlumat verməlidirlər”.

O vurğuladı: “Rəsmilər problemlərin həlli istiqamətində proqramlar hazırlamalı və səylər göstərməlidirlər. Çünki bu problemlərin, əlbəttə ki, həlli yolu var”.

Ali Məqamlı Rəhbər sanksiyalar da daxil olmaqla İslam dövlətinin qarşısına çıxan bəzi maneələrin, xüsusilə də müəyyən məhsulların idxalına qadağa qoyulmasının ölkənin xeyrinə olduğunu bildirərək dedi: “Bu sanksiyaların nəticəsi öz potensialına müraciət etmək, öz imkanlarını aşkara çıxarmaq olacaq. Tehran Təhqiqat Reaktorunun ehtiyac duyduğu 20 faiz zənginləşdirilmiş uran məsələsində də belə oldu”.

Həzrət Ayətullah Xamenei Tehran Təhqiqat Reaktorunda radiodərmanların istehsal edilməsinə, Qərbin İranı öz istəklərinə tabe etmək məqsədilə 20 faiz zənginləşdirilmiş uran məsələsində ölkəyə təzyiq göstərməsinə toxunaraq dedi: “İran xalqının düşmənləri xalqımızı tanımadıqları, hesablamalarında səhvə yol verdikləri üçün bu məsələdə elə qəribə, dolaşıq yollar təklif etdilər ki, həmin yollarla 20 faizlik uran əldə etmək ehtimalı sıfıra bərabər idi. Elə buna görə də İslam Respublikası o təklifləri qəbul etmədir”.

O dedi: “Onlar dünya ictimaiyyətini və İranın dostlarını hərəkətə keçirmək üçün başqa bir plan cızdılar və ABŞ prezidenti Türkiyə və Braziliya prezidentlərindən İranı orta bir həll yolu qəbul etməyə razı salmaq üçün vasitəçilik etmələrini istədi”.

Ali Məqamlı Rəhbər dedi: “O zaman mən rəsmilərə həmin yolla getməyin heç bir problemi olmadığını, amma Amerikanın onu qəbul etməyəcəyini dedim. Elə belə də oldu!”

Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar dünya ictimaiyyətində belə bir fikir formalaşdırmaq istəyirlər ki, İran məntiqi həll yollarını da qəbul etmir. Lakin baş verənlər Amerikanın özünün məntiqsiz olması kimi mühüm bir reallığı sübuta yetirdi”.

Ali Məqamlı Rəhbər mövzudan aşağıdakı nəticəni çıxardı: 20 faiz zənginləşdirilmiş uran məsələsində sanksiyalar ölkənin gənc mütəxəssislərinin öz bilik və bacarıqlarına arxalanaraq sözügedən texnologiyaya nail olmalarına və onu yanacaq lövhələrinə çevirmələrinə yol açdığı kimi, digər situasiyalarda da təzyiqlərdən ölkənin xeyrinə istifadə etmək mümkündür.

Həzrət Ayətullah Xamenei sanksiyalarla bağlı daha bir reallığı da qeyd etdi. O dedi:  “Reallıq budur ki, bu gün İran xalqını sanksiyalara məruz qoyan ölkələr özləri qat-qat ağır və həlledilməz iqtisadi problemlərin məngənəsində çapalayır”.

Ali Məqamlı Rəhbər dedi: “Amerika və Avropa hazırda ikiqat çətinlik içərisindədirlər və iqtisadi qüvvələrini itirməyə doğru gedirlər”.

O, əlavə etdi: “Qərblilər öz iqtisadi problemlərindən əlavə, İrana qarşı tətbiq olunan sanksiyalardan irəli gələn bəzi problemlərlə də üzləşiblər və bu, elə bir şəraitdə baş verir ki, İrandan fərqli olaraq, onlar problemlərini hansı yolla həll edəcəklərini bilmirlər”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər camaat arasında ümid əhval-ruhiyyəsini əvvəlkindən də çox gücləndirmək lazım olduğunu vurğulayaraq dedi: “Hər şeyin Allahın əlində olduğuna, Onun hər zaman bizimlə olduğuna, bizi gördüyünə, dualarımızı eşitdiyinə və cavablandırdığına, doğrudan da, qəlbən inansaq, bütün narahatlıq və problemlərimiz aradan qalxar. Xüsusən də o halda ki, İslam dövləti güclü əzmə malikdir, xalqı gözəl və imanlıdır, qarşısında konkret yolu və hədəfi var”.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei Ayətullah Mehdəvi-Kənini yenidən Xubriqan Məclisinin sədri seçilməsi münasibəti ilə təbrik edərək şəriət ekspertlərinin son iclasında toxunulmuş məsələlərə, özəlliklə də “Səda və sima” dövlət teleradiosu ilə bağlı məqamlara toxunaraq dedi: “Xubriqan Məclisinin üzvlərinin ölkədə gedən proseslərə, dövlət teleradiosu kimi mühüm mövzulara qarşı həssaslıq nümayiş etdirməsi olduqca əhəmiyyətli və zəruri bir məsələdir və bu tendensiyanı davam etdirmək lazımdır”.

“Səda və sima” təşkilatının texnologiya, sənət, siyasət kimi aspektləri özündə əks etdirən mürəkkəb xarakterli bir korporasiya olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Səda və sima”nın rəsmiləri gözəl, imanlı, dəyərlərə sadiq olan insanlardır, lakin bu quruma münasibətdə mövcud olan arzu və gözləntilər də çox yüksəkdir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, bu gözləntilərin cavablandırılması “Səda və sima” rəsmilərinin qurumun gələcək fəaliyyətinə uzunmüddətli yanaşmasından, qısamüddətli, müvəqqəti yanaşmalardan çəkinmələrindən asılıdır.

Həzrət Ayətullah Xamenei həmçinin Xubriqan Məclisinin dünyasını dəyişmiş üzvlərinin, o cümlədən Ayətullah Meşkini, Ayətullah Məlikhüseyni və Ayətullah Qarabağinin xatirəsini ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvi-Kəni  çıxış edərək məclisin son iclasında üzvlərdən, demək olar ki, böyük əksəriyyətinin iştirak etdiyi, ölkənin siyasi, mədəni və iqtisadi problemlərinin müzakirə olunduğu, ölkədə gedən bəzi əhəmiyyətli proseslərin ardıcıl şəkildə izlənməsi üçün məclisin daxili nizamnaməsinə müvafiq olaraq, xüsusi komitənin təşkil olunduğu haqda məlumat verdi.

Xubriqan Məclisinin sədr müavini Ayətullah Yəzdi də çıxışında Xubriqan Məclisinin ikigünlük iclası haqda məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /