Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İslam Respublikasının güc və tərəqqisinin sirri Allahın tükənməz qüdrətinə təvəkkül etməkdədir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın İslami Şura Məclisinin 9-cu çağırışına seçdiyi deputatlarla bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə aşağıdakıları vurğuladı: “Parlament öz mühüm və başlıca vəzifələrinə əməl edərkən canlı, dinamik və yüksək ruhlu bir parlamentin meyarlarını özündə əks etdirməklə yanaşı, müxtəlif aspektli siyasi, əxlaqi və maliyyə məsələləri baxımından da sağlam olmalıdır”.

“Öhdəsinə düşən ilahi vəzifəni dərk etmək, sırf ilahi niyyət, Uca Yaradana təvəkkül, Allahın razılığını qazanmaq naminə çalışmaq da parlamentin və digər strukturların uğurlu fəaliyyətinin başlıca şərti və zəminidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu yanaşma və psixologiya hakim olsa, Allahın mərhəmət və yardımının bərəkəti ilə, yollar açılacaq və bütün problemlər öz həllini tapacaq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İran İslam Respublikasının güc və tərəqqisinin sirri Allahın sonsuz qüdrətinə təvəkkül etməkdədir. O dedi: “Maddiyyata heyran olmuş bir dünyada İslam dövləti ilahi və insani dəyərlərin müdafiəsinə qalxıb. Millət vəkilləri bu məsələni dərindən dərk edərək Yaradanla rabitəni möhkəmləndirməyi müvəffəqiyyətin əsl sirri bilməlidirlər”.

“İmperializmin İslam Respublikasına qarşı düşmənçiliyi müstəmləkəçilərin qarətçi təbiətindən qaynaqlanır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəziləri kinayə ilə – “Dünyanı dövlətə qarşı qoymayın!” – deyirlər, amma bu, ətraflı düşünmədən danışılan sözdür. Çünki dini hökumət, dinə əsaslanan xalq hakimiyyəti haqda iddiaların ortaya atılması, təbii olaraq, dünyadakı Fironları bu dövlətə və bu xalqa qarşı düşmənçiliyə sövq edib”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər parlamenti dövlətin əsas dayağı adlandıraraq İslami Şura Məclisinə lazım olan iki xüsusiyyətin – canlı və sağlam olmaq xüsusiyyətlərinin şərhinə başladı. O dedi: “Yersiz çıxışlar edən sönük və durğun parlament naqisdir. Xalqın seçdiyi deputatlar canlı və dinamik bir parlamentin göstəricilərini reallaşdıraraq qanunverici orqanda dinamikliyi və yüksək ruhu təmin etməlidirlər”.

“Parlamentin başlıca vəzifələrinin icrası – yəni gözəl qanunların işlənib hazırlanması və nəzarətin düzgün həyata keçirilməsi onun sağlam olmasının bariz göstəriciləridir”   – deyən  Həzrət Ayətullah Xamenei əlavə etdi: “9-cu çağırışda təmsil olunan deputatlar yaxşı bir qanunun kriterilərinin, nəzarətin düzgün formada həyata keçirilmə meyarlarının hansılar olduğuna diqqət yetirərək öhdələrinə düşən vəzifəni yerinə yetirməlidirlər”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı onu da qeyd etdi ki, yanlış niyyətlərdən qaynaqlanan, qeyri-obyektiv, həmçinin dərindən araşdırılmadan həyata keçirilən nəzarət düzgün nəzarət deyil. O dedi: “Belə işlər parlamentin sözün həqiqi mənasında canlı olmadığını göstərir”.

“Millət vəkillərinin açıq iclaslarda və komissiyalarda fəal və faydalı iştirakı da parlamentin canlı olmasının digər əlamətidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Deputatların iclas və komissiyalarda qeyri-müntəzəm və səmərəsiz iştirakı da o problemlərdəndir  ki, 9-cu çağırış onun aradan qaldırılması üçün, həqiqətən, səy göstərməlidir”.

Ali Məqamlı Rəhbər canlı və yüksək ruhlu bir parlamentin vacib şərtləri sırasında millət vəkillərinin ölkə, region və dünyanın siyasi həyatında fəal iştirakını da qeyd edərək dedi: “İslami Şura Məclisi İslam İnqilabının, ictimai təfəkkürün və ölkənin genişmiqyaslı siyasətinin açıq-aşkar müşahidə olunduğu səhnədir. O, ölkə daxilində və xaricdə baş verən olaylar, mövcud olan problemlərlə bağlı konkret mövqeyə malik olmalıdır”.

Regionda baş verən mühüm və sürətli dəyişikliklərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu gün regionumuzda bir qarmaqarışıqlıq var və dünyanın qəlbi sayılan bu strateji regiona qəribə hadisələr hakim kəsilib”.

O dedi: “Parlament nümayəndələri regiondakı hadisələrlə bağlı vaxtında və lazımi mövqeyi tutsalar, bu, region xalqlarının, eləcə də regionda gedən dəyişikliklərə təsir gücünə malik ölkələrin xalqlarının ictimai rəyinə, mütləq, təsir göstərəcək”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei parlament üçün vacib olan ikinci cəhət – yəni sağlam olmaq xüsusiyyəti haqda ətraflı danışdı. O bildirdi ki, parlamentin, eləcə də ayrı-ayrılıqda xalqın seçdiyi hər bir deputatın siyasi, əxlaqi və maliyyə baxımından sağlam olması çox vacibdir. Ali Məqamlı Rəhbər dedi: “Parlamentdə – kiçik olsa belə – inqilabın bəzi prinsipləri ilə uyğun gəlməyən bir tendensiya formalaşsa, bu, parlamentin siyasi cəhətdən sağlam olmadığını göstərəcək”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, deputatların öhdələrinə düşən vəzifəyə görə vacib olan narahatlıq hissini keçirməməyi, maliyyə ilə bağlı məsələləri veclərinə almamağı parlamentin qeyri-sağlam olduğunu göstərən digər  əlamətlərdəndir. O dedi: “Rəyasət heyəti və digər nümayəndələr çalışmalıdırlar ki, 9-cu parlament yersiz xərclərin azaldılması baxımından başqalarına örnək olsun”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, deputatlar arasında qeyd etdiyim məqamlara lazımi qədər diqqət və ehtiyatla yanaşan şəxslər az deyil. Bu mühüm və təqdirəlayiq fakta görə şükür etmək lazımdır”.

Bir neçə il öncə vurğuladığı parlamentin özünənəzarəti məsələsini bir daha xatırladan Ali Məqamlı Rəhbər dedi: “Əlbəttə, bu sahədə müvafiq qanun da qəbul olunub. Deputatlar bunu həyata keçirərək özlərinə və digər parlament nümayəndələrinə qarşı daim diqqətli olmalı, parlamentin sağlam fəaliyyətinin keşiyində durmalıdırlar”.

Həzrət Ayətullah Xamenei sağlam bir parlamentin digər mühüm göstəriciləri sırasında başqalarının şərəf və heysiyyətinə toxunmaqdan çəkinmək məsələsini də qeyd etdi. O, üzünü deputatlara tutaraq dedi: “Diqqətli olun! Siz xalqın tribunasından danışırsınız! Başqalarının şərəf və ləyaqətinə toxunmaqdan, sübuta yetirilməmiş ittihamları səsləndirməkdən və insanların şəxsi həyatı ilə bağlı məsələləri açıb-tökməkdən ciddi surətdə çəkinin!”

Həzrət Ayətullah Xamenei başqa deputatların, yaxud dövlət rəsmilərinin çıxışları zamanı bəzi parlament nümayəndələrinin hay-küy və qalmaqal salmasını kəskin şəkildə tənqid etdi. O vurğuladı: “Parlament müdrik və ağıllı söhbətlərin yeridir. Başqaları danışarkən hay-küy salıb qalmaqal yaratmaq bu prinsiplə qətiyyən uyğun gəlmir. İslami Şura Məclisində bu olduqca pis və qəribə adətin kökü tamamilə kəsilməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, parlamentin müstəqilliyi olduqca mühüm bir məsələdir və qanunverici strukturun sağlam fəaliyyətinin nişanələrindəndir. O dedi: “Əvvəlki bütün hökumət kabinetlərinin dövründə, eləcə də parlamentin bütün çağırışlarında bu məsələ vurğulanıb ki, parlamentin müstəqilliyi adı altında hər məsələ ilə bağlı hökumətə etiraz edilməməlidir. Parlament müxalif rəyə malikdirsə, bu cür faydasız yanaşma metodlarından çəkinərək həmin sahədə müvafiq qanun layihəsi işləyib hazırlaya bilər”.

Ali Məqamlı Rəhbər həmçinin birlik və həmrəyliyi də günün əsas məsələsi və zərurəti adlandıraraq dedi: “Bu, hər kəsin eyni fikirdə olması anlamına gəlmir. İxtilaflı fikirlərin açıq-aşkar ifadə olunmasından da heç kəs boyun qaçırmır. Lakin tam dəqiq surətdə müəyyən olunmalıdır ki, fərqli fikir və siyasi görüşlərin mövcudluğuna baxmayaraq, rəsmilər əl-ələ veriblər və ölkənin yüksəlişi, İslam İnqilabının hədəflərinin gerçəkləşməsi yolunda birgə irəliləyirlər”.

İkitirəlik və təfriqənin zəiflik nişanəsi olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İxtilaflı fikirlərin həlli ilə bağlı müraciət olunacaq mənbələrin hansılar olduğu da məlumdur. Qanuna, yaxud Keşikçi Şuranın qərarına müraciət olunarsa, hər kəsin vəzifəsi aydın olar. Hər halda, rəsmilər arasında birlik və həmrəylik açıq-aydın hiss olunmalıdır”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı aşağıdakıları da qeyd etdi: “Əlbəttə, ortada olan iki-üç tərəfin hamısı ixtilafları qınadıqlarını dilə gətirirlər. Lakin əməldə bəzən bu kimi halların ortaya çıxdığını görmək mümkündür. Bütün rəsmilər və hakimiyyət strukturları daxildə, eləcə də qarşılıqlı münasibətlərində birlik və həmrəyliyi qoruyub saxlayaraq gücləndirməlidirlər”.

Həzrət Ayətullah Xamenei həmçinin dəyərli və faydalı fikirlərinə görə İslami Şura Məclisinin sədri cənab Laricaniyə təşəkkürünü bildirərək dedi: “Mənim qəti ümidim var ki, parlament müstəqil surətdə, azad fikirlə, ölkənin xeyrinə uyğun hərəkət edərək, düşmənin qarşısında cəsarət hissi duyaraq, gələcəyə ümidlə öz fəaliyyətini planlaşdıracaq və həyata keçirəcək”.

Çıxışının sonunda Ali Məqamlı Rəhbər xalqın və dövlətin işıqlı gələcəyinin müjdə verilmiş bir həqiqət olduğunu bildirdi. O, xalqın imanını, ölkənin yaxşı gənclərini yüksək qiymətləndirib təqdir edərək dedi: “Allahın köməyi ilə, ölkənin ümumi kursunun özəyini təfəkkür, dini – islami tendensiya təşkil edir”.

Həzrət Ayətullah Xamenei “Ədalət və tərəqqi onilliyi” adlanan hazırkı onillikdə İranın hissediləcək tərəqqiyə nail olacağına, onilliyin sonlarına doğru ölkədə gözəçarpan ədalət mexanizminin gerçəkləşəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşün əvvəlində – Ali Məqamlı Rəhbərin çıxışından öncə İslami Şura Məclisinin sədri cənab Laricani İranda müxtəlif dövrlərdə mövcud olmuş qanunverici hakimiyyət strukturlarına toxunaraq qeyd etdi ki, İslam İnqilabından sonrakı mərhələ ölkədə parlamentin ən çox çiçəkləndiyi dövrdür. O, əlavə etdi: “Bu dövrdə diqqətəlayiq qanunvericilik sistemi qəbul olunmuş, azadlıq və dini prinsiplər əsasında ölkənin irəliyə doğru hərəkəti nəzərdə tutulmuşdur”.

O həmçinin milli mənafeyin təmin olunması, ölkədə davamlı asayiş üçün zəmin yaradılması məqsədilə əlverişli yol xəritəsinin işlənib hazırlanmasının vacib olduğunu vurğulayaraq qeyd etdi ki, ölkədə gedən prosesləri daim izləmək, millətin haqlarını müdafiə etmək İslami Şura Məclisinin vəzifələrindəndir.

Parlament sədri həmçinin İslami Şura Məclisinin budəfəki çağırışının kəmiyyət və keyfiyyət baxımından tərkibi haqda məlumat verərək bildirdi ki, İslam İnqilabını amallarına sadiqlik, xalqın hüquqlarının müdafiəsi üçün cəsarət nümayiş etdirmək İslami Şura Məclisində təmsil olunan deputatların bariz xüsusiyyətlərindəndir.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /