Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnsanlar sağlamlıqla bağlı problemlərinin həllindən arxayın olmalıdırlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Səhiyyə Xeyriyyəçiləri Təşkilatının üzvləri ilə bu gün (bazar ertəsi günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, sağlamlıq, səhiyyə və müalicə mövzuları ölkənin başlıca prioritetləri, birinci dərəcəli məsələləri sırasına aiddir. O, bu sahədə həyata keçirilmiş ictimai fəaliyyətləri təqdir edərək dedi: “İş görmək meydanına insanların imanı, bacarığı və stimulu çıxanda işlər ikiqat artıq bərəkət kəsb edir, problemlər həll olunur”.

Siyasət, iqtisadiyyat, səhiyyə, mədəniyyət və təhsil də daxil olmaqla bütün mühüm sferalarda xalqın həlledici rola malik olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabının özü də məhz xalqın iştirakına arxalanırdı. Xalq həlledici meydanlarda olmasaydı, siyasətçilər və siyasi cərəyanlar bir iş görə bilməzdilər”.

Ölkənin əksər problemləri arasında səhiyyə və sağlamlıq məsələsinin prioritet əhəmiyyətə malik olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Xalqa can yandıran rəsmilər işləri elə planlaşdırıb icra etməlidirlər ki, insanlar sağlamlıqla bağlı problemlərinin həllindən arxayın olsunlar”.

Analoji xeyriyyə təşkilatlarında ictimai strukturu qorumağın mühüm və zəruri olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Rəhbərlikdən asılı inzibati struktura üstünlük verməklə ictimai təşkilatlardan həvəs və dinamikanı almaq lazım deyil”.

Çıxışının yekun hissəsində Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xeyirxah insanlar üçün ən gözəl stimul gördükləri xeyir işlərin öz bəhrəsini verməsi, obyektiv nəticələrin ortaya çıxmasıdır. O həmçinin dedi: “Bu xeyirxah fəaliyyətlər Uca Yaradanın da razılığını qazanacaq. Görülən hər bir xeyir iş Tanrının hesab-kitabında qorunur və diqqətdən kənar qalmayacaq”.

Görüşün əvvəlində Səhiyyə Xeyriyyəçiləri Təşkilatının baş katibi cənab Seyid Rza Nəyyeri təşkilatın strukturu, fəaliyyəti, göstərdiyi xidmətlər, proqramları və ehtiyacları haqda məlumat verərək dedi: “Səhiyyə Xeyriyyəçiləri Təşkilatı Ali Məqamlı Rəhbərin səhiyyə sferasında ictimaiyyətin potensialından istifadə ilə bağlı tövsiyəsinə müvafiq olaraq qurulmuşdur və 3 illik fəaliyyətində də bu tövsiyəni rəhbər tutur”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /