Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin bütün diqqəti 5 ay sonra ölkəmizdə baş tutacaq seçkilərə yönəlib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum şəhərinin mömin və inqilabçı əhalisi ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, Qum camaatının 19 dey qiyamının mübarək və həlledici nəticələri Allahın danılmaz vədlərinin mütləq surətdə gerçəkləşməsinin təzahürüdür. Düşmənin planlarına, hərəkətlərinə və işlətdiyi fəndlərə, xüsusilə də xordad ayında gözlənilən prezident seçkiləri ilə bağlı qurulacaq planlara qarşı tamamilə sayıq olmaq və mübarizə aparmaq lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər rəsmilərin, tanınmış insanların, KİV-in və seçkiyə namizəd qismində qatılmaq niyyəti olan şəxslərin öhdəsinə düşən vəzifələrlə bağlı mühüm məqamları qeyd etdi.

İnqilab dövründə və son 30 ildə baş vermiş hadisələrə nəzər salan Həzrət Ayətullah Xamenei 19 dey kimi qalıcı və əlamətdar hadisələrdən ibrət dərsi götürməyin vacib olduğunu bildirərək dedi: “Bəziləri xalqın dəbdəbə içərisində üzən təkəbbürlü və zalım rejim üzərində qələbəsini, əziz İranımızın Amerikanın rüsvayçı ağalığının məngənəsindən çıxmasını qeyri-mümkün hesab edirdilər. Lakin Allahın yardımı ilə İranda monarxiya rejimi tarixin məzarlığına gömüldü, İslam Respublikası və İran xalqı Amerika qarşısında tam müstəqillik qazanaraq dünya ictimaiyyətinin gözündə adı dünya xalqlarını vəcdə gətirən bir xalqa və dövlətə çevrildi”.

“Son 30 ildə əldə olunmuş qalibiyyət və uğurlar Allahın möminlərə verdiyi yardım vədlərinin gerçəkləşməsinin təzahürüdür” – deyən Ali Məqamlı Rəhbər Qurani-Kərimin çoxsaylı ayələrinə istinadən əlavə etdi: “Mömin, sayıq və mübariz xalqlar uyğun zamanda, sözsüz ki, Allahın yardımından bəhrələnəcəklər. Bu, Allah tərəfindən müəyyən olunmuş dəyişməz qaydadır. Məhz bu ilahi qaydaya əsasən də İran xalqı bu etapda və bütün etaplarda düşmənlərinə qalib gələcək!”

İran xalqının hədəflərini, çatdırmaq istədiyi saf mesajları dünyaya düzgün çatdırmağın və onları irəli aparmaq üçün tədbir görməyin vacib olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Əgər dəyərli xalqımız və onun gözəl əhval-ruhiyyəli, bacarıqlı gəncləri tutduqları yola mətanətlə davam etsələr, heç şübhəsiz, Allahın müəyyən etdiyi dəyişməz qaydaya əsasən, münasib vaxtda onların bütün amalları, arzuları, milli, dini və qlobal şüarları gerçəkləşəcək, tarixin kursu dəyişəcək və Həzrət Mehdi Sahibəzzamanın (ə.f) zühuru üçün zəmin yaranacaq”.

İmperialist dövlətlərin İrana qarşı sanksiyalar tətbiq etmək, İran xalqını cana doydurmaq üçün əlbir olduqlarını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Keçmişdəkindən fərqli olaraq, imperialistlər açıq-aşkar elan edirlər ki, sanksiyaların məqsədi xalqımızı yormaq, camaatı İslam Respublikasına qarşı mübarizəyə qaldırmaq, İran rəsmilərinə təzyiqləri artırmaq, nəticədə onları hesablamalarını dəyişməyə məcbur etməkdir”.

O, əlavə etdi: “Lakin bu böyük diyarın əhalisinin İslamın və inqilabın əsaslarına, milli qürura meyli günü-gündən artır. Düşmən isə bunun tam əksini arzulayır”.

Ali Məqamlı Rəhbər imperialist dövlətlərin İran xalqı ilə qarşıdurmasına təsir göstərən amilləri təhlil edərək xalqın sayıqlığının və gözüaçıqlığının mütləq surətdə vacib şərtlər olduğunu dedi. O, əlavə etdi: “Hamımız təqva, ehtiyat və sayıqlıqla bütün diqqətimizi düşmənin hiyləgər planlarına yönəltməli, heç bir məsələnin diqqətimizi düşməndən yayındırmasına imkan verməməliyik”.

Ali Məqamlı Rəhbər rəsmilərə, mətbuata və internet portallarına xalqın başını ikinci dərəcəli, yanlış məsələlərlə qarışdırmaqdan çəkinmələri barədə dönə-dönə, xüsusilə vurğulayaraq verdiyi tövsiyələri xatırladaraq dedi: “Bu tövsiyələr onun üçündür ki, bütün diqqətimiz düşmənin üzərində cəmlənsin, onun nə etmək istədiyini, hansı planları qurduğunu anlayaq”.

Həzrət Ayətullah Xamenei irəli sürdüyü fikirlə – yəni düşmənin hədəf və planlarını dərk etmək üçün millətin sayıq olmasının əhəmiyyəti ilə bağlı aşağıdakıları da qeyd etdi: “İmperialistlərin davranışını və bəyanatlarını təhlil etdikdə görünür ki, düşmənin fikri-zikri 5 ay sonra – 1392-ci ilin xordad ayında keçiriləcək mühüm seçkilər üzərində cəmlənib”.

Xarici qüvvələrin İslam Respublikasında keçiriləcək 11-ci prezident seçkiləri ilə bağlı hədəflərini və işlədəcəkləri metodları açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “Əgər bacarsaydılar, ilk növbədə onlar seçkinin baş tutmasına əngəl olmağa çalışardılar. Lakin heç nəyə nail ola bilməyəcəklərini bildikləri üçün bu məsələdən ümidlərini üzüblər”.

Ali Məqamlı Rəhbər bu barədə aşağıdakılar da qeyd etdi: “Bir dəfə bəziləri seçkini, heç olmasa, iki həftə gecikdirməyə çalışdılar. Lakin biz təkid etdik ki, seçkilər bir gün də gecikdirilməməlidir. Odur ki seçkinin təxirə salınmasının, yaxud baş tutmamasının heç bir yolu yoxdur”.

Ali Məqamlı Rəhbər xalqın seçkidə hamılıqla, izdihamlı iştirakına əngəl olmağın düşmənin açıq-aşkar hiss olunan hədəfi olduğunu bildirərək dedi: “Seçki ilə bağlı kütləyə tövsiyələr vermək istəyən hər kəs, hətta bunu canıyananlıqdan edən insanlar diqqətli olmalıdırlar ki, bununla düşmənin dəyirmanına su tökmüş olmasınlar”.

Seçkinin azad şəraitdə keçirilməli olduğunu dönə-dönə vurğulayanları tənqid edən Həzrət Ayətullah Xamenei dedi: “Aydın məsələdir ki, seçki azad şəraitdə keçirilməlidir. Məgər son 30 ildə ölkədə baş tutmuş 30-dan artıq seçki azad şəraitdə keçirilməyib? Hansı ölkədə seçkilər İrandakından daha azad şəraitdə keçir? Diqqətli olun, çünki sizin bu sözləriniz xalqı seçkiyə qarşı pessimist ruha kökləyə bilər”.

Düşmənin seçki ilə bağlı hədəflərinin reallaşmasına yardımçı ola biləcək davranışları şərh etməyə davam edən Ali Məqamlı Rəhbər dedi: “Hansı ölkədə hakimiyyət orqanları səlahiyyətlərini yerinə yetirmək üçün lazımi tədbirlər görmürlər? Bu məsələni nə üçün bu qədər vurğulayır, camaatda seçkidə iştirak etməyin heç bir faydası olmadığı barədə fikir formalaşdırmağa çalışırsınız?”

Ali Məqamlı Rəhbər qəsdən, yaxud bilmədən bu cür davranan insanlara müraciətlə vurğuladı: “Ehtiyatlı olun ki, qəflətə varıb düşmənin dəyirmanına su tökməyəsiniz!”

Xalqa seçkinin lazımınca sağlam şəraitdə baş tutmayacağı fikrini aşılamağa çalışan şəxsləri tənqid edən Həzrət Ayətullah Xamenei dedi: “Bu tip sözlər və davranışlar imperialist dövlətlərin hədəflərinin gerçəkləşməsinə yardım edir”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Əlbəttə, mən də israrla vurğulayıram ki, seçki lazımınca sağlam və şəffaf şəraitdə baş tutmalı, hökumət və qeyri-hökumət strukturlarının rəsmiləri qanunlara, təqvaya və düzgünlüyə riayət edərək sağlam seçkilər keçirməlidirlər. Sözsüz ki, elə belə də olacaq!”

Seçkinin sağlam şəraitdə baş tutması üçün qanunvericilikdə son dərəcə gözəl qayda və metodların nəzərdə tutulduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu qayda-qanunlara hər kəsin vicdanla riayət etməsi seçkinin sağlam şəraitdə keçməsini qarant altına alır. Lakin bəziləri qeyri-qanuni yollara əl atmaq istəyirlər. 1388-ci ildə də bəziləri bu yolu tutaraq həm ölkəmiz və xalqımız üçün problemlər yaratdılar, ziyan vurdular, həm də özlərinə bu dünyada və axirətdə utanc və bədbəxtlik qazandılar”.

Düşmənin seçkidə güddüyü əsas məqsədə – xalqın zəif iştirakına yardım edə biləcək davranışları daha ətraflı şərh edən Ali Məqamlı Rəhbər dedi: “Ola bilsin, bəziləri seçki ərəfəsində iqtisadi, siyasi və ya təhlükəsizlik zəminində bir olay çıxarmaqla xalqın başını başqa şeylərə qatmağa çalışsınlar. Gözlənilən planlar arasında bu da var. Əlbəttə, mən əminəm ki, İran xalqı düşmənlərin, yaxud ölkə daxilində onlara xidmət edən ünsürlərin belə xəbis planlarına aldanmayacaq qədər gözüaçıq və ağıllıdır”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər seçkiyə qatılacaq namizədlərlə bağlı bəzi məqamlara toxundu.

Seçkidə iştirak etməyin hər kəsin haqqı və vəzifəsi olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın İslam Respublikası rejiminə inanan və Konstitusiyanı qəbul edən hər bir nümayəndəsi öz hüququndan istifadə etmək, yaxud vəzifəsini yerinə yetirmək istəyir. Bu arada bəzi insanlar isə öz səlahiyyətlərini xalqın seçiminə vermək niyyətindədir”.

Ölkənin icraedici administrasiyasının çox ağır bir iş olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Ölkəni idarə etmək kiçik bir icraiyyə işi deyil. Bu, yüksək ranqlı icra rəsmilərinin çiyinlərinə düşən ağır bir vəzifədir. Odur ki namizədlik marafonuna özündə bu güc və bacarığı hiss edən, icraiyyə işinə bələd olan insanlar qoşulmalıdır”.

O, mövzu ilə əlaqədar aşağıdakıları da əlavə etdi: “Ola bilsin, başqa sahələrdə çalışan insanlar üçün ölkəni idarə etməyin nə qədər ağır bir yük olduğu bəzən aydın olmaya. Ona görə də elə insanlar namizədliklərini irəli sürməlidirlər ki, özlərində bu vəzifəni icra etmək üçün güc və bacarıq hiss edirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Namizəd olmaq istəyən şəxslər işin ağırlığını dərk etməkdən əlavə, Konstitusiyada öz əksini tapmış, Keşikçi Şuranın da əsas götürəcəyi kompetensiyalara malik olub-olmadıqlarını nəzərə almalıdırlar”.

Həzrət Ayətullah Xamenei dedi: “Prezidentliyə namizədlər dövlətə və konstitusiyaya, doğrudan da, ürəkdən bağlı olmalı, məqsədləri, həqiqətən, konstitusiyanı icra etmək olmalıdırlar. Çünki ölkə başçısı bu barədə and içir və təbii ki, yalandan and içə bilməz”.

Çıxışının sonunda Ali Məqamlı Rəhbər gələcək seçkilərlə bağlı aşağıdakıları da vurğuladı: “İnşallah, Allahın izni ilə, Yaradanın fəzli sayəsində, 1329-ci ilin xordad ayında ölkəmizdə çox gözəl və izdihamlı seçki baş tutacaq”.

Minlərlə Qum sakini qarşısında çıxış edən Həzrət Ayətullah Xamenei həmçinin bu şəhərin əhalisinin İslam İnqilabından əvvəl və sonra baş verən hadisələrdə effektiv rol oyandığını qeyd edərək dedi: “19 dey qiyamı daim yaddaşlarda qalmalıdır. Çünki belə məsələlərin dönə-dönə yada salınması gənc nəsli öz tarixi keçmişi ilə tanış etməklə yanaşı, bu xalqın qürurverici mücahidələrinə lazımi dəyər verilməsinə də səbəb olacaq, bu günün gəncliyinə öyrədəcək ki, zahirən güclü görünən düşmənə qarşı göstərilən sayıqlıq və müqavimət, hökmən, qələbə ilə nəticələnir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /