Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqlar İslamın düşmənlərinə qarşı necə davranmaq lazım olduğunu öyrəniblər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pakistan Respublikasının prezidenti ilə bu gün (çərşənbə) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, İslam ümmətinin əksər problemləri süni, ümmətin düşmənlərinin əli ilə yaradılmış problemlərdir. O vurğuladı: “İslam dünyasının insan, təbii və coğrafi resurslarının, potensialının dirçəldilməsi bu problemlərin həllinə effektiv təsir göstərə bilər”.

Həzrət Ayətullah Xamenei bildirdi  ki, müsəlman xalqlarının problemlərinin həll olunmasında ikinci mühüm amil müsəlman ölkələri arasındakı əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsidir. O dedi: “İslam ümməti içərisinə təfriqə və ixtilaflar salmaq sionistlərin, eləcə də digər imperialistlərin qəti və planlı məqsədlərindən biridir”.

İran və Pakistan arasında geniş əhatəli, dərin emosional-qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Biz tam ciddiyyətlə düşünürük ki, iki ölkə arasında iqtisadi, infrastruktur, siyasi, ictimai və təhlükəsizlik sferalarında əlaqələr möhkəmləndirilməlidir”.

İran-Pakistan qaz kəmərinin Tehran-İslamabad əməkdaşlığına mühüm nümunə olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi əleyhinə nümayiş olunan düşmənçi davranışlara toxunaraq əlavə etdi: “Bu müxalif davranışlardan qətiyyətlə keçmək lazımdır”.

“Etibarlı və dayanıqlı bir enerji mənbəyi əldə etmək hər bir ölkə, o cümlədən Pakistan üçün birinci dərəcəli əhəmiyyət kəsb edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu regionda etibarlı enerji mənbəyindən bəhrələnən yeganə ölkə İslam Respublikasıdır və biz Pakistanın bu sahədə ehtiyacını təmin etməyə hazırıq”.

Pakistanda dini zəmində yaranan ixtilaf və təfriqələri “xaricdən gələn təhlükəli bir virus” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Pakistanda dini zəmində törədilən qırğınlar, doğrudan da, təəssüfləndiricidir. Buna qarşı qəti şəkildə tədbir görülməli və bu məsələnin Pakistanda milli birliyi pozmasına imkan verilməməlidir”.

Pakistan hökumətinin sözügedən problemi həll edəcəyinə əminliyini ifadə edən Ali Məqamlı Rəhbər dedi: “Ümidvaram ki, sizin dövlətiniz dini və etnik birliyi möhkəmləndirməkdə, Pakistanı inkişaf etdirməkdə uğur qazanacaq”.

Cənab Asif Əli Zərdari də Ali Məqamlı Rəhbərlə görüşündən son dərəcə məmnun olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Biz ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməli olduğuna tam ciddiyyətlə inanırıq”.

Pakistan Respublikasının prezidenti dedi: “Beynəlxalq və regional arenada İran-Pakistan əlaqələrinin möhkəmlənməsinin qarşısını almaq üçün cürbəcür oyunlar oynayan qüvvələrin səyləri bəri başdan nəticəsizliyə məhkumdur.  Çünki xalqlar İslamın düşmənlərinə qarşı necə davranmaq lazım olduğunu öyrəniblər”.

Cənab Asif Əli Zərdari bildirdi ki, vətəndaş müharibəsinin törədilməsi Pakistanın düşmənlərinin planıdır. O dedi: “Cənabınızın duaları sayəsində bu planın həyata keçirilməsinə imkan verməyəcəyik”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /