Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika və Qərbdə siyasətin incəsənətə müdaxilə etdiyi açıq-aşkar görünür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Əmmar” Xalq Kinofestivalının təşkilatçı rəsmiləri ilə bu gün (çərşənbə axşamı) baş tutan görüşündə qeyd etdi ki, kinofestivalda din və dini bilgilər mövzusuna, həmçinin İslam İnqilabına və inqilabi dəyərlərə diqqət yetirilməsi mübarək bir addımdır. O vurğuladı: “İslami mövzulu incəsənətə və dini kinematoqrafiya yanaşmada uzunmüddətli hədəflər nəzərdə tutulmalı, dəqiq planlama həyata keçirilməli, gələcəyə ümidlə baxılmalı, maksimum effekt əldə etmək üçün incəsənətin imkanlarından münasib şəkildə istifadə olunmalıdır”.

“Əmmar” Xalq Kinofestivalının keçirilməsindən məmnunluq duyduğunu bildirən Ali Məqamlı Rəhbər eyni zamanda qeyd etdi ki, festivala Peyğəmbərin (s) böyük səhabələrindən, Həzrət Əlinin (ə) yaxın silahdaşlarından olmuş bir şəxsiyyətin şərəfinə Əmmar adının verilməsi bəyənilən bir seçimdir. Bu böyük səhabənin şəxsi keyfiyyətlərinə toxunan Ali Məqamlı Rəhbər dedi: “İlkin İslam dövründə baş vermiş müxtəlif hadisələr zamanı nümayiş etdirdiyi mətinlik və sarsılmazlıq, həmçinin Peyğəmbərdən (s) sonrakı dövrdə ağır imtahanlardan üzüağ çıxması, həssas anı dəyərləndirmə bacarığı və ehtiyac olan anda iştirakı, Həzrət Əlinin (ə) dövründə gedən proseslərdə insanlara haqqı izah etmək missiyası Əmmarın qabarıq və yüksək keyfiyyətlərindən idi”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, gələcəyə optimist baxış, İslam İnqilabının perspektivlərində yüksək amalları hədəfə alma olduqca əhəmiyyətlidir. O dedi: “İslam İnqilabının irəliləyişi onun 1357-ci ildə baş tutan qələbəsi ilə start götürdü. Bu 34 il ərzində Amerikanın yalançı ehtişamının dağılması və baş vermiş digər proseslərin hamısı İslam dövlətinin öz başlıca hədəflərinə çatmasının müqəddimələri idi. Odur ki ikiqat artıq əzm və səy nümayiş etdirib düşməndən və onun məkrli planlarından qorxmamaq, pessimizm və məyusluqdan çəkinərək zirvəyə doğru sürətlə hərəkət etmək lazımdır”.

“İslami mövzulu incəsənətə və dini kinematoqrafiyaya da məhz bu cür yanaşmaq vacibdir” – deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu arenada mömin, dinamik, optimist, yeni baxışa malik olan, yüksək əzmli gənclər irəliləyiş üçün hərəkətverici qüvvədirlər. Qocaman kino və incəsənət xadimləri də öz təcrübələrini gənclərlə bölüşüb yeni və professional kadrlar yetişdirməklə bu irəliləyişi daha da sürətləndirməlidirlər”.

Kinematoqrafiya sənətinin Qərbdən gəldiyinə toxunan Ali Məqamlı Rəhbər İslam incəsənəti və dini kinematoqrafiya sferasında gənclərin və yeni istedadların fəaliyyəti, həmçinin inqilabi təmayüllü, dindar, təcrübəli və peşəkar şəxslərin bu sferaya daxil olması üçün müvafiq proqramlar işləyib hazırlamağın, intellektual klub təşkil etməyin vacib olduğunu vurğuladı.

Ali Məqamlı Rəhbər eyni zamanda qeyd etdi ki, inqilabi təmayüllü və dindar insanların kino sahəsinə daxil olmasının və bu sahənin özünəməxsus atmosferinin təsiri altına düşməməsinin əsas şərti həmin insanların özlərində, bir növ, toxunulmazlıq qabiliyyəti, immunitet yetişdirməsidir. O vurğuladı: “Özündə immunitet yetişdirməyin yeganə yolu isə Uca Yaradanla daim rabitədə olmaq, nafilə namazlarını yerinə yetirmək, Allah dərgahına dua və yalvarış etməkdir. Əmmar da özünü kənar təsirlərdən bu yolla qoruyar, səbatını əldən verməzmiş”.

O, əlavə etdi: “İbadət, zikr və Allaha diqqət kəsilmək incəsənətdən alınan hər cür həzdən üstündür”.

“Ölkənin kino və media atmosferinə təsir göstərməkdə rəsmilərin və bu sahələrə aidiyyəti olan təhsil müəssisələrinin rolu mühümdür” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu sferalarda vəziyyətin yaxşılaşması üçün onların əsaslarında islahatlar aparmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu gün İslam İnqilabı və Müqəddəs Müdafiə mövzusunda film çəkməklə məşğul olan şəxslər, doğrudan da, cihad etməkdədirlər”.

Ali Məqamlı Rəhbər bildirdi ki, filmlərin istehsalında əsas və zəruri əhəmiyyət daşıyan cəhətlərdən biri incəsənətin imkanlarından layiqli şəkildə yararlanmaq və güclü ssenarilərdən istifadə etməkdir. O vurğuladı: “Ölkəmizdə epik əsərlərin, o cümlədən romanların yaradılması sahəsində vəziyyət arzulanan səviyyədə deyil və bu sahəni gücləndirmək lazımdır”.

İslam İnqilabı və Müqəddəs Müdafiənin tarixi, Fələstin və islami oyanışla bağlı mövzuların kino üçün mühüm və materialla zəngin mövzular olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dünyada aparılan yalan mahiyyətli təbliğatlardan biri də incəsənətlə siyasəti qarışdırmağın düzgün olmadığını iddia edir. Halbuki Qərbin incəsənət dairələri, o cümlədən Holivud tamamilə siyasiləşmiş vəziyyətdədir. Əgər belə deyilsə, nə üçün İran istehsalı olan sionizmə zidd məzmunlu filmlərin beynəlxalq festivallara çıxışına icazə verilmir?”

Həzrət Ayətullah Xamenei vurğuladı: “İran əleyhinə siyasi filmlərin istehsal edilməsi, yaxud belə filmlərə yüksək mükafatlar verilməsi Amerika və Qərbdə siyasətin incəsənətə müdaxiləsinin açıq-aşkar əlamətləridir”.

Ali Məqamlı Rəhbər həmçinin bugünkü iclasda humanitar elmlərin incəsənət və kino ilə əlaqəsi ilə bağlı qeyd olunmuş fikirlərə toxunaraq humanitar elmlər sahəsində dəyişiklərə ehtiyac olduğunu bildirdi. O, əlavə etdi: “Humanitar elmlər ölkənin intellektual elitasının tənəffüs etdiyi havadır. Cəmiyyəti istiqamətləndirmək humanitar elm sahələrinin öhdəsinə düşür. Odur ki bu havanın saf, yaxud çirklənmiş olması son dərəcə həlledici əhəmiyyətə malikdir”.

Qərb humanitar elmlərinin əsas probleminin yanlış dünyagörüşü və dərketmə ilə bağlı olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Qərb humanitar elmlərinin dünyanı dərketmə prinsiplərində düzəlişlər aparmadan bu elmləri, eləcə də kino və televiziyanı düzgün istiqamətə yönəltmək mümkün deyil. Bu prinsiplərə düzəliş verilməsi isə teoloji mərkəzlərlə, din alimləri ilə effektiv əlaqələrin yaradılmasından asılıdır”.

Həzrət Ayətullah Xamenei kino sahəsində mövcud olan, dini və inqilabi meyilli cərəyanlara az əhəmiyyətli mövzulara önəm verməkdən, nəticəsiz ixtilaflara baş qoşmaqdan çəkinməyi tövsiyə edərək dedi: “Kino sahəsində fəaliyyət göstərən dini və inqilabi ideologiyalı insanlar fərqli təmayüllərə malik olsalar belə, bütün əzm və səylərini əsas, prinsipial işlərə yönəltməlidirlər”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə “Əmmar” Kinofestivalının münsiflər heyəti və qalibləri arasından cənab Vəhid Cəlili, Nadir Talibzadə, Həsən Abbasi, Mehdi Nəsiri, Seyid Camal Oudesimin, Əbülqasim Talibi, Fərəcullah Sələhşur, Məhəmməd Sadiq Batini, İbrahim Fəyyaz, Səid Qasimi və Mustafa Rizvani aşağıdakı mühüm məqamlara toxundular:

- İncəsənətin, xüsusilə də kino sferasının istehsaldan nümayişə qədər bütün mərhələlərdə inhisardan çıxarılması və xalqa açılması;

- İncəsənətin aşkarlanmamış potensialının İslam İnqilabının hədəfləri istiqamətində istifadə üçün fəallaşdırılması və gücləndirilməsi;

- Din və inqilabla bağlı narahatedici məqamların xalqa ötürülməsi üçün kütləvi bir vasitə kimi kinodan bəhrələnməyin vacibliyi;

- Mümkün təhlükələrdən sığortalanmaq üçün dini mövzulu film istehsalçılarının ideoloji bazasını möhkəmləndirməyin əhəmiyyəti;

- Ölkənin irimiqyaslı siyasət və proqramlarının tənzimlənməsində kino və KİV-in əhəmiyyətli rola malik olduğunu qəbul etməyin vacibliyi;

- Kinonun digər aspektlərini arxa plana keçirərək bu sənətə texnologiya səviyyəsində yanaşmaqdan çəkinməyin, gələcək fəaliyyətlər üçün planlama aparmağın vacibliyi;

- Kino sahəsində gənc və avanqard kadrların inkişaf etdirilməsi istiqamətində proqramların işlənib hazırlanması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /