Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məntiq, güc və bacarığa malik olan İran xalqını təslim etmək mümkün deyil!

Bu gün (şənbə günü) səhər minlərlə Təbriz sakini ilə coşğulu bir atmosferdə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çıxışında olduqca mühüm məqamları qeyd etdi. O, Amerika rəsmilərinin müzakirələrlə bağlı məntiqsiz davranış və fikirlərinə toxunaraq İran xalqının və İslam dövlətinin bu sferada tam məntiqli davrandıqlarını izah etdi. Xalqın 22 bəhmən yürüşündə möhtəşəm və layiqli iştirakını bir daha yüksək təqdir edən Ali Məqamlı Rəhbər parlamentdə baş vermiş son olayla bağlı bəzi məqamlara da toxundu.

Təbriz əhalisinin 1356-cı il 29 bəhmən (18 fevral 1978) qiyamının ildönümündə baş tutan bu görüşdə Ali Məqamlı Rəhbər həmin qiyamda şəhid olanların xatirəsini ehtiramla yad edərək bildirdi ki, İran xalqının hərəkatının meyarı və bələdçisi onun dini və dini imanı olmuşdur. O, əlavə etdi: “Bu həqiqətin təcəssümünə ən bariz nümunə Azərbaycan əhalisinin son 150 ildə həyata keçirdiyi mübarizədir. Bu mübarizə daim dini imanla, insanların bu imana sıx bağlılığı və sədaqəti ilə müşayiət olunmuşdur”.

“İran xalqının dünyanın super-dövlətlərinin təzyiqləri, o cümlədən sanksiyalar qarşısında sarsılmamasının əsas səbəbi onun dini imanı olmuşdur” – deyə vurğulayan  Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar xalqın iradəsini zəiflətmək üçün bir neçə ay bundan əvvəldən etibarən iflicedici olduğunu iddia etdikləri sanksiyaları tətbiq etməyə başladılar, 22 bəhməndən bir neçə gün əvvəl isə sanksiyaların yeni bir mərhələsinə start verdilər. İran xalqının cavabı isə bu oldu ki, bu ilin 22 bəhmən yürüşü əvvəlki illərdən daha izdihamlı və coşğulu keçdi”.

O, əlavə etdi: “Builki 22 bəhmən yürüşündə insanlar hər tərəfdən axışıb izdihama qoşuldu və camaat yürüşlərdə yüksək ruhiyyə, gülər üz və sevinclə iştirak etdi. Bu möhtəşəm iştirak İran xalqının gerçək simasını bir daha nümayiş etdirdi”.

Həzrət Ayətullah Xamenei hər il 22 bəhmən yürüşünün düşmənlərin və İran xalqının əleyhdarlarının başına ağır bir zərbə, böyük bir qar uçqunu kimi düşdüyünü vurğulayaraq dedi: “Bu il də belə oldu”.

O, 22 bəhmən yürüşündə möhtəşəm və layiqli şəkildə iştirak etdiyinə görə İran xalqına bir daha təşəkkür edərək dedi: “Bu təşəkkürü 100 dəfə də təkrar etsəm, yeri var. İran xalqının bu ruhiyyəsinin və gözüaçıqlığının qarşısında baş əymək lazımdır”.

Hazırkı şəraiti təhlil edən Ali Məqamlı Rəhbər vurğuladı: “Düşmənlər İran xalqının imanı, böyük əzmi, gözüaçıqlığı, şücaəti və dözümü qarşısında çaşqınlıq və həyəcan içərisində qalıblar, buna görə də məntiqsiz hərəkətlər edirlər”.

Amerika rəsmilərinin bəyanatlarına və davranışlarına istinadən edən Ali Məqamlı Rəhbər onları məntiqsiz, ziddiyyətli sözlər danışan və addımlar atan, hegemon psixologiyalı insanlar adlandıraraq dedi: “Amerikalılar başqalarının onların məntiqsiz sözləri və hegemonluğu qarşısında təslim olacağını gözləyirlər. Necə ki bəziləri bunu edib. Lakin məntiq, güc və bacarığa malik olan İran xalqını və İslam Respublikasını təslim etmək mümkün deyil!”

Amerika rəsmilərinin və onların dediyi ilə oturub-duran Qərb dövlətlərinin məntiqsiz mövqe və davranışlarını şərh edən Ali Məqamlı Rəhbər faktiki misallar gətirərək dedi: “Onlar insan haqlarının təmin olunmasını öhdələrinə götürdüklərini və Yer üzündə bu prinsipi rəhbər tutduqlarını iddia edirlər. Əməldə isə onlar insan haqlarına ən çox zərbə vurur, “Qvantanamo”, “Əbu-Qureyb”, Əfqanıstan və Pakistan əhalisinin qətli kimi faciələrlə insanların hüquqlarını ən kobud şəkildə pozurlar”.

Ali Məqamlı Rəhbər Amerika rəsmilərinin məntiqsizliyinə, iddiaları və əməlləri arasındakı ziddiyyətə daha bir nümunə olaraq, onların nüvə silahına qarşı mübarizə aparmaları ilə bağlı iddialarını qeyd etdi. O dedi: “Amerikalılar bu iddianı əsas tutaraq 11 il əvvəl İraqa hücum etdilər. Lakin sonralar bu iddianın kökündən yanlış olduğu aydın oldu”.

O dedi: “Amerika rəsmiləri bu iddialarına rəğmən, nüvə silahı olan və başqalarını təhdid edən üzdəniraq İsrail rejimini himayə edirlər”.

Ali Məqamlı Rəhbər demokratiyanın dünyada genişləndirilməsi iddiasının da Amerika rəsmilərinin gerçəklikdən uzaq iddialarından biri olduğunu bildirərək əlavə etdi: “Onlar bir tərəfdən bu iddia ilə çıxış edirlər, digər tərəfdən isə regionda ən aydın və aşkar xalq hakimiyyəti modelinə malik olan İranla daim qarşıdurmadadırlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Amerikalılar eyni regionda demokratiyadan əsər-əlamət belə olmayan, əhalisi bir dəfə də olsun seçkidə iştirak etməmiş ölkələri həyasızcasına himayə etdikləri halda, demokratiyanın genişləndirilməsini dəstəklədiklərini iddia edirlər”.

Amerika rəsmilərinin sözləri ilə əməlləri arasındakı ziddiyyətə daha bir nümunə gətirən Ali Məqamlı Rəhbər onların iki ölkə arasındakı problemləri həll etmək üçün İranla müzakirələrə hazır olmaları ilə bağlı iddialarına toxunaraq dedi: “Bu iddia Amerikanın İslam Respublikası barədə reallıqdan uzaq, yaraşmaz fikirlər səsləndirdiyi, İran xalqına qarşı mübarizədə iqtisadi sanksiya və təzyiqlərə əl atdığı  bir şəraitdə irəli sürülür”.

Ali Məqamlı Rəhbər Amerika prezidentinin ölkəsinin İranda nüvə silahının istehsalının qarşısını almağa səy göstərdiyi barədə bir neçə gün öncə səsləndirdiyi fikirlərə toxunaraq vurğuladı: “İranın nüvə silahı istehsal etmək niyyəti olsaydı, Amerika İran xalqının qarşını heç cür ala bilməzdi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikasının nüvə silahı istehsal etmək niyyəti yoxdur. Bu qərarın əsasında Amerikanın narahatlığı yox, nüvə silahını bəşəriyyətə qarşı cinayət hesab edən bir əqidə, ideologiya durur. İran nüvə silahı istehsal etməyəcəyini vurğulamaqla yanaşı, dünyada mövcud olan bu tip silahların məhv edilməsini də istəyir”.

O vurğuladı: “Amerikanın İranın nüvə silahı istehsal etmək niyyətində olması ilə bağlı iddiası yalandır!”

Ali Məqamlı Rəhbər əlavə etdi:  “İranın nüvə məsələsində problem nüvə silahı ilə bağlı deyil. Onlar İran xalqının öz mütləq və danılmaz hüququndan yararlanmasına – nüvəni zənginləşdirməsinə və nüvə enerjisindən sülhməramlı istifadə etməsinə mane olmaq istəyirlər. Əlbəttə ki, onlar İran xalqının qarşısını ala bilməyəcəklər və bu xalq öz danılmaz hüququ əsasında işinə davam edəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İran xalqının hüququnu pozmaq cəhdləri amerikalıların məntiqsizliyinə açıq-aşkar nümunədir. Odur ki məntiqsiz və hegemon bir tərəf müqabili ilə məntiqə söykənərək danışmaq mümkün deyil”.

O, əlavə etdi: “Ötən 34 ildə  İran İslam Respublikası cürbəcür qlobal proseslər nəticəsində tərəf müqabilinin kim olduğunu, necə hərəkət etdiyini və ona qarşı necə davranmaq lazım olduğunu lazımınca anlayıb”.

“Müzakirələrdən danışan Amerika özünün və İsrailin ağalığı altında olan media şəbəkəsi vasitəsilə dünya, region və İran ictimaiyyətini aldatmaq niyyətindədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qlobal media şəbəkəsi bizim dediklərimizi ya əks etdirmir, ya da naqis, yaxud tam əksinə formada yayır. Buna görə də biz İran xalqına üz tutaraq danışırıq!”

Müzakirələr mövzusunun reallıqlarını açıqlayan Həzrət Ayətullah Xamenei 5 əsas məqamı vurğuladı: Amerika rəsmilərinin söz və davranışlarının məntiqsiz və ziddiyyətli olması, Amerikanın müzakirələrdə əsas hədəf kimi İran xalqını təslim etmək məqsədi güdməsi, imperialist dövlətlər üçün, bir qayda olaraq, müzakirələrin hansı gerçək mənanı daşıması, Amerikanın müzakirələr nəticəsində sanksiyaların aradan qaldırılacağı barədə söylədiklərinin yalan və saxtakarlıq olması, İran xalqı və İslam Respublikasının Amerikanın təklifinə qarşı sərgilədiyi mövqeyin məntiqli olması.

“Müzakirələrlə bağlı təkliflə çıxış etməkdə Amerika rəsmilərinin əsl qərəzi İran xalqının və İslam dövlətinin təslim olduğu barədə hay-küylü təbliğat aparmaqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar regionda baş qaldırmış müsəlman xalqlarına göstərmək istəyirlər ki, İran İslam Respublikası da var gücü ilə çətinliklərə dözüb müqavimət göstərdiyinə baxmayaraq, sonda müzakirələr və sazişlər masasına oturdu, odur ki sizin də təslim olmaqdan savayı çarəniz yoxdur”.

Ali Məqamlı Rəhbər dedi: “Əlbəttə ki, imperialistlər uzun zamandır müsəlman xalqlarını ümiddən məhrum etmək üçün İran İslam Respublikasını müzakirələrə, sazişlərə məcbur etmək məqsədi daşıyırlar. Hazırda da “Əsas məsələlərə aid olmayan müzakirələr” təbliğat planı ilə həmin hədəfi güdürlər. Lakin İran İslam Respublikası gözüaçıqdır, onların məqsədlərini anlayır və müvafiq cavablar verir”.

“Amerika və Qərbin adət etdiyi praktikada danışıqların gerçək mənası öz dediyini qarşı tərəfə qəbul etdirməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar bu qeyri-məntiqi yanaşma ilə son zamanlar apardıqları təbliğatda İranı nüvə enerjisindən, nüvəni zənginləşdirməkdən əl çəkməyə razı salmaq və məcbur etmək üçün birbaşa müzakirələr etmək istədiklərini deyirlər. Lakin əgər onlar həqiqi və məntiqli danışıqlar aparmaq istəsəydilər, deməli idilər ki, İranın öz arqumentlərini ortaya qoyması, problemlərin ədalətli şəkildə araşdırılması üçün müzakirələr aparmaq istəyirik”.

Ali Məqamlı Rəhbər ortaya belə bir sual qoydu: Amerika rəsmilərinin  bu yanaşmasını, İranın təslim olacağı ilə bağlı gözləntilərini nəzərə alsaq, İran dövlətinin təklifi qəbul edəcəyi təqdirdə müzakirələrin nəyə isə yarayacağını, ümumiyyətlə, hansısa müsbət nəticə verəcəyini düşünmək doğrudurmu?

Həzrət Ayətullah Xamenei Amerikanın hər dəfə İranın məntiqi sözləri qarşısında çıxılmaz vəziyyətdə qaldıqda müzakirələri yarımçıq kəsdiyini xatırladaraq dedi: “Ötən 15 ildə amerikalılar iki-üç dəfə danışıqların vacib, təxirəsalınmaz və həyat əhəmiyyətli olduğunu vurğulayaraq bəzi məsələlərlə bağlı müzakirələr aparmaq istəyiblər. Biz tərədən də, bir-iki dövlət məmuru gedib onlarla söhbət edib. Lakin amerikalılar İranın məntiqli bəyanatları qarşısında söz tapa bilməyən kimi, müzakirələri yarımçıq kəsib, sonra da öz beynəlxalq media şəbəkələrində belə təbliğat aparıblar ki, guya danışıqları yarımçıq qoyan İran olub”.

Ali Məqamlı Rəhbər: “Bunu bilə-bilə müzakirə masasında Amerikanın məntiqsizliyinin bir daha şahidi olmağa lüzum varmı?” – deyə soruşdu.

Həzrət Ayətullah Xamenei Amerikanın İranla müzakirələrdən sonra sanksiyaların aradan qaldırılacağı ilə bağlı təbliğatını yalan vəd adlandıraraq dedi: “Onlar özlərinin xam xəyallarına uyaraq elə güman edirlər ki, xalqımız sanksiyalardan təngə gəlib, odur ki bu vədi eşidən kimi, Amerika ilə danışıqlara girməyə can ataraq dövlət rəsmilərinə təzyiq göstərəcək”.

Ali Məqamlı Rəhbər dedi: “Əslində, bu vəd də Amerikanın yalanlarından biridir və açıq-aşkar göstərir ki, onlara gerçək və ədalətli müzakirələr yox, İran xalqını təslim etmək lazımdır. Halbuki əgər İran xalqı Amerikalılara boyun əymək istəsəydi, ümumiyyətlə, inqilab etməzdi”.

Ali Məqamlı Rəhbər Amerikanın müzakirələr nəticəsində sanksiyaların ortadan qalxacağı ilə bağlı iddiasına daha bir irad tutaraq vurğuladı: “Özlərinin də dəfələrlə dediyi kimi, sanksiyalar tətbiq etməkdə məqsədləri İran xalqını yormaq, xalqı İslam dövlətindən uzaqlaşdırmaqdır. Odur ki müzakirələr baş tutsa da, xalq meydanda qalıb öz hüququnu israrla müdafiə etməkdə davam etsə, sanksiyalar olduğu kimi qalacaq”. Həzrət Ayətullah Xamenei mövzunu davam etdirərək Amerika rəsmilərinin yarı doğru, yarı yanlış olan bir mühakiməsini təhlil etdi. O dedi: “Amerikalılar düşünürlər ki, İslam Respublikası xalqa arxalanır və əgər sanksiyalarla xalqı İslam dövlətindən uzaqlaşdırsaq, dövlətin müqavimət gücü itər. Bu fikrin birinci hissəsi – yəni İslam dövlətinin tamamilə böyük xalq kütlələrinə arxalanması doğrudur, lakin ikinci hissə – yəni sanksiya və təzyiqlərlə xalqı diz çökdürüb dövlətdən uzaqlaşdırmaq ehtimalı büsbütün yanlışdır və reallığı dərk etməməkdən irəli gəlir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, İran xalqı tərəqqi, çiçəklənmə və yüksək rifah üçün çalışır, lakin bu hədəfə zillətlə yox, müdriklik, əzm və şücaətlə, öz daxili potensialına, xüsusilə də istedadlı İran gənclərinə arxalanaraq yetişmək istəyir”.

Həzrət Ayətullah Xamenei Amerikaya boyun əyən ölkələr və xalqlarla müqayisədə İran xalqının heyrətamiz nailiyyətlər əldə etdiyini qeyd edərək dedi: “Sanksiyalar xalqı incidir, amma onların qarşısında yalnız iki yol var: ya zəif millətlər kimi, təslim olub dünyanın hegemonlarına itaət etmək, ya da cəsur İran xalqı kimi, öz güc və potensialını fəallaşdıraraq təhlükədən qüdrət və başucalığı ilə keçmək”.

O, əlavə etdi: “Heç şübhəsiz, İran xalqı ikinci yolu seçib və seçir. Allahın izni ilə xalqımız sanksiyaları daha artıq inkişaf və çiçəklənmə mərhələsinə çevirəcək”.

“Xalqın 22 bəhmən yürüşündə izdihamlı iştirakı onun bahalıqdan və iqtisadi problemlərdən narazı olmaması mənasını vermir” – deyən Ali Məqamlı Rəhbər  əlavə etdi: “Əhali, xüsusilə də yoxsul təbəqə çətinlikləri tam olaraq hiss edir, lakin özünü İslam dövlətindən uzaq bilmir. Çünki xalqımız bilir ki, çətinlikləri həll etmək iqtidarında olan qüdrətli əl məhz İslam dövləti və əziz dinimizdir”.

Amerika ilə müzakirələr haqqında söhbətini yekunlaşdıran Həzrət Ayətullah Xamenei vurğuladı: “Amerika rəsmilərindən fərqli olaraq, İslam dövləti və İran xalqı məntiqlidir. Odur ki qarşı tərəfdən məntiqli bir söz və ya davranış görsə, buna münasib cavab verəcək”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, əgər Amerika hegemonluq və pislikdən əl çəksə, İran xalqının hüquqlarına hörmətlə yanaşsa, İranın daxili işlərinə müdaxilə etməsə (belə ki 1388-ci (2009) ildə baş vermiş iğtişaşlarda Amerikanın əli açıq-aydın görünürdü) və regionda konfliktləri qızışdırmaqdan çəkinsə, bunlar Amerika rəsmilərinin xoşniyyətli olduğunu göstərən əlamətlər hesab oluna bilər.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Belə olsa və amerikalılar məntiqsiz olmadıqlarını sözdə və əməldə nümayiş etdirsələr, İslam Respublikasının və İran xalqının xeyirxah, məntiqli və əməkdaşlığa hazır olduğunu görərlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İran İslam Respublikası ilə münasibət qurmağın yeganə yolu budur və yalnız bu halda Amerika dövləti müsbət cavab alacaq”.

Çıxışının yekununda Ali Məqamlı Rəhbər iki həftə öncə bazar günü parlamentdə baş vermiş məsələyə toxunaraq olduqca mühüm məqamları qeyd etdi.

Xalqın və ziyalıların baş verənlərlə bağlı narahatlıq keçirdiyini bildirən Ali Məqamlı Rəhbər dedi: “Bu pis və yaraşmaz olay məni də iki cəhətdən narahat edərək təsirləndirdi: birincisi, hadisənin özünün baş verməsi baxımından, ikincisi isə xalqın bu hadisədən keçirdiyi narahatlıq baxımından”.

O, əlavə etdi: “Təəssüflər olsun ki, bu olayda hakimiyyət qüvvələrindən birinin başçısı sübuta yetirilməmiş, hətta məhkəmədə hüquqi qiymət verilməmiş bir iddia ilə çıxış edərək digər iki hakimiyyət qüvvəsini, yəni parlament və məhkəmə hakimiyyətini pis, yanlış, ləyaqətsiz, şəriətə, qanuna və əxlaqa zidd olan bir işdə ittiham edib”.

Ali Məqamlı Rəhbər dedi: “Bu addım  xalqın fundamental hüquqlarından birinin pozulması ilə də nəticələnib. Belə ki mənəvi-psixoloji asayiş və rahatlıq içində yaşamaq xalqın təməl hüquqları sırasındadır”.

O vurğuladı: “Hal-hazırda mən nəsihət edirəm ki, bu iş İslam Respublikasına yaraşmaz”.

Həzrət Ayətullah Xamenei son impiçmentin də yanlış bir addım olduğunu bildirərək dedi: “İmpiçmentin bir faydası olmalıdır. Hazırkı hökumətin fəaliyyətinin sonuna bir neçə ay qaldığı halda, nazirlərdən birinin impiçmentinin, özü də nazirlə əlaqəsi olmayan bir məsələ ilə bağlı impiçmentinin səbəbi və faydası nədir?”

Ali Məqamlı Rəhbər əlavə etdi: “Parlamentdə də bəzi insanların münasib olmayan fikirlər səsləndirməsi yanlış idi”.

O dedi: “Parlament sədrinin özünü müdafiə etməsi də, müəyyən dərəcədə, artıq idi və buna lüzum yox idi”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Nə o ittiham, nə o reaksiya, nə də o impiçment münasib bir davranış deyildi”.

Həzrət Ayətullah Xamenei belə bir sualla çıxış etdi: “Qarşıda ortaq bir düşmən olduğu, məkrli planlar hər tərəfdən ölkəni əhatə etdiyi halda, doğrudan da, qardaşlıq münasibətlərini, düşmənə qarşı müqavimət gücünü artırmaqdan başqa nə isə etmək lazımdırmı?”

Ali Məqamlı Rəhbər ölkə rəsmilərini daim dəstəklədiyini xatırladaraq dedi: “Mən yenə də yardım edəcəyəm, amma bu davranışlar içilən andlar, qəbul edilən öhdəliklərə uyğun deyil. Rəsmilər xalqın əzəmətini görməli və bu xalqa layiq davranışlar sərgiləməlidirlər”.

O vurğuladı: “Rəsmilər, hökumət və parlament bütün səylərini ölkənin və xalqın iqtisadi problemlərinin həlli üzərində cəmləməlidirlər. Çünki bir neçə il əvvəl qeyd etdiyim kimi, düşmən məkrli planlarını iqtisadi məsələlərə yönəldib”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir neçə il əvvəl mən üçlü hakimiyyət qüvvələrinin başçılarına iqtisadi korrupsiya ilə bağlı bir məktub yazmışdı. İqtisadi korrupsiya sözünü dönə-dönə təkrarlayırlar, amma bu iş təkcə danışmaqla bitmir. Bunun üçün əməli mübarizəyə ehtiyac var. Əməldə nə ediblər? Hansı işlər həyata keçirilib? Bu məsələlər insana təsir edir”.

Ali Məqamlı Rəhbər dedi: “Təqva! Təqva! Təqva! Rəsmilərdən gözləntimiz budur ki, səbirlə, eqoizm hisslərinə rəvac vermədən, ölkədəki problemləri nəzərə alaraq bütün güc və bacarıqlarını xalqın problemlərinin həlli istiqamətində səfərbər etsinlər. İndi ki düşmənin ədavəti şiddətlənib, qoy onların da dostluğu güclənsin!”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnşallah, rəsmilər, özəlliklə də yüksək ranqlı məmurlar mənim bu xeyirxah və səmimi nəsihətimə diqqət yetirər və ona əməl edərlər”.

O dedi: “Əlbəttə ki, bu gün mənim rəsmilərdən gileylənməyim bəzilərinin ortaya düşüb ayrı-ayrı şəxslərə qarşı şüarlar verməsinə səbəb olmamalıdır. Mən bunun da əleyhinəyəm”.

Ali Məqamlı Rəhbər parlament sədrinin Qumdakı çıxışını pozmuş bəzi şəxsləri açıq və kəskin şəkildə tənqid edərək dedi: “Yaxın günlərdə Qumda baş verdiyi kimi, bir qrup insanın bəzi şəxsləri dini hakimiyyətə qarşı olmaqda, bəsirətsizlikdə günahlandıraraq şüarlar səsləndirməsi yanlışdır. Mən belə şeylərin tamamilə əleyhinəyəm. Bundan əvvəl İmam Xomeyninin (r.ə) müqəddəs məqbərəsində də analoji hadisə baş verdikdə mən rəsmilərə belə işlərin qarşısını almaq barədə xəbərdarlıq etmişdim”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Ortaya düşüb şüar verənlər, doğrudan da, özlərini mömin, Allah yolunda çalışıb-vuruşan hesab edirlərsə, bilsinlər ki, bu işlər ölkənin zərərinə və şəriətə ziddir. Əgər bu sözlərə məhəl qoymurlarsa, haqq-hesabları ayrı olacaq”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei vurğuladı: “Müdrik və uzaqgörən İran xalqının gələcəyi, Allahın lütfü ilə, tam aydın olacaq! Bu xalqı və onun gənclərini dəfələrlə yaxşı və parlaq üfüqlər gözləyir!”

Görüşün əvvəlində vəli-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Ayətullah Müctəhid Şəbüstəri çıxış edərək 1356-cı il 29 bəhməndə Təbrizdə baş vermiş qiyam zamanı şəhid olmuş insanların xatirəsini ehtiramla yad etdi. O, builki 22 bəhmən yürüşündə Azərbaycan əhalisinin misilsiz iştirakına toxunaraq dedi: “Həssas anları dəyərləndirməyi bacaran, gözüaçıq İran xalqının möhtəşəm 22 bəhmən yürüşü ilə ünvanladığı mesajlar cəmiyyətdə vəhdət və həmrəyliyin qorunması, siyasi arenada etik normalara diqqət yetirilməsi, rəsmilərin xalqın problemlərinin həllinə ikiqat səy göstərməsi idi”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /