Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikanın təzyiq və təhdidləri davam etdirə-etdirə müzakirələrdən danışması hiyləgərlikdir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hava Qüvvələrinin yüksək rütbəli zabitləri, rəsmiləri və digər heyəti ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə qeyd etdi ki, Amerikanın İrana qarşı cürbəcür təzyiq və təhdidləri 34 ildir davam etdirməsi və paralel olaraq, bu dövlətin rəsmilərinin İslam Respublikası ilə danışıqlara hazır olduqlarını bəyan etmələri Amerikanın heç də xoşniyyətli olmadığını göstərir. İran xalqının hiyləgər davranışlara qarşı sayıq olduğunu və aldanmadığını qeyd edən Ali Məqamlı Rəhbər vurğuladı: “Dəyərli, uzaqgörən və mətin İran xalqı 22 bəhmən günü bir yumruqda birləşərək meydanlara axışacaq, milli və inqilabi ruhlu bir hərəkat nümayiş etdirərək düşmənin xalqı İslam dövlətindən və inqilabdan ayırmaq planını bir daha puç edəcək”.

Görüş tarixi bir hadisə kimi yaddaşlara yazılmış 1357-ci ilin 19 bəhmən gününün (1979,  8 fevral) ildönümündə baş tutdu. Həmin gün Ordunun Hava Qüvvələrinin o zamanlar “homafər” adlanan birləşmələrində xidmət edən bir qrup hərbçi İmam Xomeyniyə (r.ə) etimad göstərərək onun rəhbərliyini qəbul etmişdir.

Ali Məqamlı Rəhbər İran xalqının bugünkü statusunun 34 il əvvəlki ilə müqayisədə olduqca yüksək olduğunu qeyd edərək dedi: “İran xalqı bu 30 ildə başqa xalqlara öyrətdi ki, yadellilərin müstəmləkəçiliyi qarşısında müqavimət göstərmək, Allaha təvəkkül edərək müstəqil, vüqarlı və öncül inkişafı davam etdirmək mümkündür və lazımdır”.

“Fəcr” ongünlüyünün İslam dövlətinin və xalqın müxtəlif sferalarda 34 illik fəaliyyətini dəyərləndirmək üçün münasib bir fürsət olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu dəyərləndirmə bizə gələcəkdə hansı yolu seçməli və onu necə qət etməli olduğumuzu göstərəcək”.

Ali Məqamlı Rəhbər düşmənin cürbəcür məkrli planlarını, o cümlədən çevriliş cəhdini, qonşu ölkəni İrana qarşı müharibəyə təhrik etməsini, işğalçı düşməni hərtərəfli himayə etməsini, aqressiv və soyuq qarşıdurma aparmasını, xəbis media imperatorluğunun güclü təzyiqlərini, günü-gündən artan şiddətli sanksiyaları xatırladaraq dedi: “Son 30 ildə onlar xalqın ümidini qırmaq, onu İslama, İslam Respublikasına qarşı bədbin ruhda kökləmək, ictimai-siyasi meydanlardan uzaqlaşdırmaq üçün əllərindən gələni ediblər. Lakin Allahın fəzli sayəsində, xalqımız daha da canlı, fəal və dövlətinə sadiq olub”.

Həzrət Ayətullah Xamenei bəzi Amerika rəsmilərinin xalqı İslam dövləti ilə üz-üzə qoymaq üçün sanksiyaları daha da şiddətləndirmək lazım olduğu barədə səsləndirdikləri fikirlərə toxunaraq vurğuladı: “Xalqımız həmişə, özəlliklə də hər ilin 22 bəhmən günü təşkil etdiyi yürüşdə bu sözlərin cavabını verdiyi kimi, bu il də verəcək!”

“Yadellilərin qarşısında uğur qazanmağın sirri sayıqlıq və gözüaçıqlıqdır!” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı hamılıqla sayıqlıq və gözüaçıqlıq nümayiş etdirməklə istənilən hərəkətdə Amerika və İsrailin əlini dərhal hiss edir, öz davranışlarında və mövqe seçimində səhvə yol vermir. Bu reallıq xalqımızda olan böyük və gözəl bir keyfiyyətdir”.

Ali Məqamlı Rəhbər Amerika rəsmilərinin öz son bəyanatlarında İranla müzakirələrə hazır olduqlarını yenidən, dönə-dönə təkrarlamalarına toxunaraq dedi: “Bu söhbət, əlbəttə ki, təzə deyil. Onlar müxtəlif etaplarda bunu təkrarlayıblar və İran xalqı hər dəfə amerikalıların danışdığı sözlər barədə onların faktiki davranışlarını nəzərə alaraq nəticə çıxarıb”.

Həzrət Ayətullah Xamenei Amerika rəsmilərinin topun İran meydançasında olduğu barədə fikirlərinə münasibət bildirərək dedi: “Top sizin meydançanızdadır. Siz cavab verin görək, təzyiq və təhdidləri davam etdirdiyin halda, müzakirələr haqda danışmağın, prinsip etibarilə, bir mənası varmı?”

O, əlavə etdi: “Müzakirələr xoşniyyətli olduğunu sübut etmək üçündür. Siz bu qədər bədniyyətli iş görürsünüz, sonra da dildə müzakirələrin tərəfdarı olduğunuzu deyirsiniz. Belə olan halda İran xalqı sizin xoşniyyətli olduğunuza inanarmı?”

Ali Məqamlı Rəhbər amerikalıların müzakirə təklifini ortaya atmasının kökündə hansı səbəblərin durduğunu araşdıraraq dedi: “Biz, əlbəttə ki, onların müzakirələrə duyduğu ehtiyacı anlayırıq. Belə ki Amerikanın Orta Şərq siyasəti iflasa uğrayıb və onlar bu uğursuzluğu kompensasiya etmək üçün yeni bir varianta ehtiyac duyurlar”.

“Xalq inqilabının nəticəsi olaraq qurulmuş İslam Respublikasını müzakirə masasına çəkib gətirmək Amerikanın ehtiyac duyduğu həmin yeni variantdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar özlərini dünyaya xoşniyyətli bir dövlət kimi göstərmək istəyirlər. Lakin heç kəs onlarda bir xoşniyyətlilik görmür”.

Amerikanın 4 il əvvəl irəli sürdüyü müzakirə təklifini xatırladan Həzrət Ayətullah Xamenei dedi: “O zaman vurğulandı ki, biz öncədən heç bir mühakimə yürütmürük və onların necə davranacağını, hansı addımları atacağını izləyəcəyik. Lakin bu 4 ildə biz onlardan məkrli planların davam etdirilməsindən, ölkə daxilindəki destruktiv qüvvələrə yardımdan, İran alimlərini terror edən terroristlərə himayədarlıqdan savayı heç nə görməmişik”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalqı iflic vəziyyətə salmaq üçün siz – öz təbirinizlə desək – iflicedici embarqolar tətbiq edirsiniz. Bu, xoşniyyətliyin əlamətidir, yoxsa bədniyyətliyin?”

Ali Məqamlı Rəhbər dedi: “Müzakirələr o zaman məna kəsb edir ki, iki tərəf xoş niyyətlə, bərabər şərtlər daxilində, qarşı tərəfi aldatmaq məqsədi olmadan danışıqlar aparır. Buna görə də “müzakirə xətrinə müzakirə”, “taktiki müzakirə”, dünyaya super-dövlət jesti sırımaq məqsədi güdən müzakirə hiylə ilə atılan bir addımdır”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Mən diplomat yox, inqilabçıyam, buna görə də açıq-aşkar, düz-düzünə və qətiyyətlə danışıram: Danışıqların yalnız o zaman mənası var ki, qarşı tərəf xoşniyyətli olduğunu göstərə”.

O, amerikalılara xitabən aşağıdakıları dedi: “Silahı İran xalqına tuşlayıb deyirsiniz ki, ya müzakirələrə razı ol, ya da atəş açacağıq! Amma bilin ki, təzyiqlərlə müzakirələr bir-biri ilə uyğunlaşmır və xalq bu kimi şeylərdən qorxmayacaq”.

Bir qrup sadəlövh, yaxud qərəzli insanın Amerikanın təklifinə sevinməsini tənqid edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika ilə müzakirələr heç bir problemi həll etməyəcək, çünki onlar son 60 ildə heç bir vədlərinə əməl etməyiblər.

Amerikalıların iranlılara qarşı rəftarına iki nümunə gətirən Həzrət Ayətullah Xamenei bu dövlətin – ona göstərdiyi etimada rəğmən – Dr. Müsəddiq hökuməti əleyhinə 28 mordad qiyamını təşkil etməsini, müstəbid Pəhləvi rejimini ardıcıl şəkildə dəstəkləməsini qeyd etdi.

O, əlavə etdi: “İnqilabdan sonra da müəyyən etapda rəsmilərimiz xoş niyyət nümayiş etdirərək amerikalılara etimad göstərdilər. Onlar isə İranı şər ocağı adlandıraraq İran xalqına qarşı böyük bir təhqirə yol verdilər”.

Çıxışının bu hissəsini yekunlaşdıran Həzrət Ayətullah Xamenei dedi: “Geridə qalmış bu hadisələri və reallığı nəzərə alaraq vurğulayıram ki, müzakirələr və təzyiqlər iki fərqli yoldur. İran xalqı onu təhdid edən biri ilə təzyiq və təhdidlər altında müzakirələr aparmağı qəbul etmir!”

O, əlavə etdi: “Xalq ölkədə Amerikanın ağalığını yenidən bərqərar etmək, amerikalıları razı salmaq naminə milli mənafedən, ölkənin inkişafından və milli müstəqillikdən keçmək istəyən istənilən şəxsin yaxasından yapışacaq. Şəxsən mən də milli iradənin əksinə hərəkət etsəm, camaatın etirazına tuş gələrəm”.

İran xalqının həlim və sülhməramlı bir xalq olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz İrana qarşı məkrli niyyətdə olmayan istənilən ölkə ilə münasibətə girərək danışıqlar aparmışıq və bunun milli mənafeyə xidmət etdiyini düşünürük”.

“İran xalqının əzəmətli hərəkatı İranın, İslam ümmətinin və bəşər cəmiyyətinin mənafeyinin təmin olunmasına istiqamətlənib” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Allahın köməyi ilə, bu xalq İslam ümmətini iftixarın zirvəsinə ucaldacaq”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, birlik və uzaqgörənliyin qorunması milli qürur və inkişafın davamlı olması üçün zəmin yaradır. O, son zamanlar baş verən bəzi xoşagəlməz davranışlara toxunaraq dedi: “Rəsmilər ölkənin mənafeyini qorumalıdırlar”.

Gələcəkdə xalqla bu xoşagəlməz davranışlar haqda ətraflı söhbət edəcəyini bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəsmilər bəzi arenalarda müşahidə olunan bu xoşagəlməz davranışları bir kənara qoyub, xalq kimi yekdil, qətiyyətli və həmrəy olmalıdırlar”.

Çıxışının digər hissəsində Ali Baş Komandan qeyd etdi ki, Ordunun Hava Qüvvələrində qırıcıların, müxtəlif növlü təyyarələrin və ən yeni avadanlıqların istehsal edilməsi ölkənin bütün sferalarında, o cümlədən Silahlı Qüvvələrdə istedad, həvəs və təşəbbüsün möhtəşəm bir tendensiya kimi çiçəkləndiyini göstərir. O, əlavə etdi: “Siz imperialistlərin xalqların, guya ki, öz ayaqları üzərində durmaq iqtidarında olmadıqları barədə təbliğatını puç etdiniz”.

Görüşün əvvəlində Ordunun Hava Qüvvələrinin komandanı briqada generalı Şahsəfi homafərlərin İmam Xomeyninin rəhbərliyini (r.ə) qəbul etdikləri 19 bəhmən tarixini yad edərək Hava Qüvvələrinin daxili potensialı və əldə etdiyi uğurlar haqda məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /