Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün Peyğəmbər (s) bizim aramızda olsaydı, bütün müsəlmanları vəhdətə, ixtilaflardan çəkinməyə çağırardı

Rəhmət elçisi, sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və o həzrətin əziz balası İmam Sadiqin (ə) başdan-başa nur saçan mübarək mövludlarına təsadüf edən bir vaxtda – bu gün (çərşənbə axşamı) hökumət nümayəndələri, 26-cı İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlar, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin təmsilçiləri İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Görüş əsnasında Ali Məqamlı Rəhbər iştirakçıları rəbiüləvvəl ayının 17-si – əzəmətli İslam peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mövludu münasibəti ilə təbrik edərək bildirdi ki, islami vəhdət müqəddəs bir şüardır və İslam ümmətinin birliyi İslam peyğəmbərinin (s) daşıdığı ilahi missiyanın ən mühüm mesajıdır. İslam dünyasında, özəlliklə də Şimali Afrikada baş qaldırmış islami oyanış hərəkatına toxunan Ali Məqamlı Rəhbər baş verənlərin ilahi vədlərin gerçəkləşməsinin bir hissəsi olduğunu qeyd edərək vurğuladı: “Bu gün imperializm dünyasının islami oyanışa qarşı mübarizə aparmaq üçün işlətdiyi başlıca siyasət müsəlman ölkələrində ixtilaf yaratmaq, müsəlmanları bir-birinin canına salmaqdır. Odur ki düşmənin planlarını İslam ümməti üçün açıqlamaqda, islami vəhdət şüarının reallaşdırılması istiqamətində ciddi səy göstərməkdə İslam dünyasının dini və siyasi liderlərinin, universitet müəllimlərinin öhdəsinə həssas bir vəzifə düşür”.

Əzəmətli İslam peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) milad günlərinin bu aya təsadüf etməsi ilə əlaqədar olaraq, rəbiüləvvəl ayını həyatın baharı adlandıran Həzrət Ayətullah Xamenei dedi: “Bu əzəmətli miladın qeyd olunması təkcə bayram tədbirləri və şadyanalıqla məhdudlaşmamalı, İslam dünyası Nəbiyi-Mükərrəmlə (s) mənəvi və emosional bağlılığını günü-gündən daha da gücləndirməlidir”.

“Rəbiüləvvəl ayının 17-sinə ehtiramla yanaşmanın daha bir vacib şərti İslam ümmətinin Peyğəmbərin (s) göstərişlərinə əməl etməsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müsəlmanlar həyatda o böyük insanın göstərişlərinə əməl etməli, fərdi və sosial tərbiyədə, cəmiyyətdəki siyasi davranışlarında onun göstərdiyi istiqamətdə hərəkət etməlidirlər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, islami oyanış hərəkatının baş qaldırması ilə əlaqədar olaraq, İslam dünyasında Peyğəmbərin (s) göstərişlərini əməli surətdə həyata keçirmək üçün münasib şərait və zəmin yaranıb. O vurğuladı: “Qərbin İslam dünyası üzərində on illərlə davam etmiş təzyiqlərindən və ağalığından sonra hazırda müsəlmanlar hiss edirlər ki, İslam dini onların başucalığını, nüfuzunu və müstəqilliyini təmin etməyə qadirdir və bu dinin bərəkəti sayəsində İslam ümmətinin bütün arzuları gerçəkləşə bilər”.

“Müsəlmanların Qərb dövlətlərinin istismarına və müstəmləkəçiliyinə qarşı çıxmaq üçün özlərində bir güc hiss etməsi və Qərbi geri çəkilməyə vadar etməsi islami oyanışın bərəkətli nəticələrindəndir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “34 il əvvəl İrandan başlamış və bu gün İslam dünyasında genişlənməkdə olan islami oyanış ilahi vədin gerçəkləşməsinin və qələbəyə doğru irəliləyişin əlamətlərindəndir”.

O dedi: “İmperializm dünyası islami oyanış hərəkatının başlanğıcından etibarən onun qarşısında maneələr yaratmağa çalışıb. Lakin əgər müsəlmanlar Uca Yaradana təvəkkül edib, irəli getmək üçün ciddi əzmə malik olsalar,  düşmənin maneələri müsəlman dünyasının irəliləyişinə qətiyyən əngəl ola bilməyəcək və müsəlmanlar addım-addım daha böyük qələbələrə yaxınlaşacaqlar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ixtilaf yaratmaq, müsəlmanların başını bir-birinə qatmaq düşmənin islami oyanışa qarşı mübarizədə önəm verdiyi əsas məsələdir.  O, əlavə etdi: “İran İslam İnqilabının qələbə çaldığı dövrdə də elə başlanğıcdan ixtilaf salma siyasəti yürüdülməyə başladı. Lakin İslam Respublikası bu məkrli planın qarşısında qətiyyətlə durdu və müsəlman vəhdəti bayrağını göylərə ucaltdı”.

Ali Məqamlı Rəhbər həmçinin aşağıdakıları da qeyd etdi: “İmam Xomeyni (r.ə) həyatı boyunca dəfələrlə vurğulamışdı ki, biz müsəlman qardaşlığı ideyasını rəhbər tuturuq. Bu kurs onun ölümündən sonra da bu günə qədər davam etdirilir”.

O vurğuladı: “Düşmənin ixtilaf planlarına qarşı mübarizə aparmağın yeganə yolu müsəlmanlar, eləcə də hər bir müsəlman ölkəsinin daxilindəki partiya, məzhəb və cinahlar arasında müsəlman vəhdəti hissinin genişləndirilməsidir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, müsəlmanlar arasında yaşanan ixtilaf və qarşıdurmaların nəticəsi Fələstin məsələsinin, Amerika və Qərbin hegemonluğuna qarşı mübarizənin vacibliyinin arxa plana keçməsidir. O, əlavə etdi: “Bu gün qərblilərin Şimali Afrikada Afrika xalqları üzərində ağalığı ələ keçirmək üçün yenidən hərəkətə keçməsi ixtilafların, müsəlmanların başının bir-birinə qarışmasının nəticəsidir”.

Müsəlmanlar arasında yaşanan ixtilafların mənfi nəticələrinə misallar gətirən Həzrət Ayətullah Xamenei Pakistanda baş verən faciələri, Suriyadakı müharibəni və qırğını, Bəhreyndə xalqın səsinin baykot edilməsini, Misirdəki vətəndaş qarşıdurmasını qeyd edərək vurğuladı: “Müsəlman xalqları arasında, yaxud hər bir müsəlman ölkəsinin daxilində gedən ixtilaflar, heç şübhəsiz, düşmənin dəyirmanına su tökmək deməkdir”.

Müsəlman ölkələrinin dini və siyasi liderlərini, akademik və teoloji sferaların tanınmış şəxsiyyətlərini vəhdət məsələsinə ciddi yanaşmağa çağıran Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam ümmətinin tanınmış şəxsiyyətləri düşmənin təhlükəli ixtilaf planlarının mahiyyətini xalqa izah etməklə yanaşı, özləri də hər cür ixtilafdan, səthi və banal emosional çəkişmələrdən çəkinməlidirlər. Çünki ixtilaf alovunun körüklənməsi xalqların aqibətini korlayır”.

“İslami vəhdət” şüarının müqəddəs bir şüar olduğunu bildirən Ali Məqamlı Rəhbər vurğuladı: “Bu gün Peyğəmbər (s) bizim aramızda olsaydı, bütün müsəlmanları vəhdətə, ixtilaflardan çəkinməyə çağırardı”.

Görüşün əvvəlində ölkə başçısı cənab Mahmud Əhmədinejad çıxış edərək iştirakçıları əzəmətli İslam peyğəmbərinin (s) və İmam Cəfər Sadiqin (ə) mövlud günü münasibəti ilə təbrik etdi. O, İslam peyğəmbərinin bütün ilahi peyğəmbərlərin bəşəriyyəti səadətə aparan yolunun davamçısı və təkmilləşdiricisi olduğunu qeyd edərək dedi: “İslam ümmətinin yeganə nicat yolu Peyğəmbərin (s) buyurduqlarına əməl etməkdir”.

Bütün ilahi peyğəmbərlərin, xüsusilə də sonuncu Tanrı elçisi Məhəmməd Mustafanın (s) insanları tövhidə dəvət etdiyini bildirən ölkə başçısı dedi: “Dünya imperialistlərinin və sivillikdən uzaq olan sionistlərin başlıca hədəfi ixtilaf salmaq yolu ilə dünyaya ağalığı ələ keçirib, xalqları qarət etməkdir. Odur ki vəhdət İslam dünyasında, hətta bütün dünyada ən mühüm mövzudur!”

Görüşün sonunda İslami Vəhdət Konfransında iştirak etmək üçün gəlmiş xarici qonaqlarla görüşən Ali Məqamlı Rəhbər onlarla yaxından söhbət etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /