Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçki günü İran xalqı öz gücünü, canlılığını və müdrikliyini bir daha dünyaya nümayiş etdirəcək!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günorta Silahlı Qüvvələrin İnformasiya Toxunulmazlığı İdarəsinin rəsmiləri və əməkdaşları ilə görüşdü. Görüş zamanı o qeyd etdi ki, səbirli olub Allaha təvəkkül edənlərə, Allahın dininə yardım edənlərə yardım ediləcəyi barədə verilmiş ilahi vəd, mütləq, gerçəkləşəcək. O vurğuladı: “İlahi vədin gerçəkləşməsinə real nümunə İran İslam Respublikasıdır. Aradan 34 il ötməsinə baxmayaraq, düşmənin bütün təzyiq və planlarına rəğmən, hazırda dövlətimiz nüfuzlu, qüdrətli, regional və qlobal məsələlərə təsir gücünə malik olan, böyük, müdrik, düşmənini tanıyan, həssas momentləri dəyərləndirməyi bacaran bir xalqa arxalanan, böyük elmi nailiyyətlərə imza atmış bir dövlətdir”.

Uca Yaradana təvəkkül etmək, Onun yardımına nikbin yanaşmaq lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperializm cəbhəsi təzyiq və sanksiyalar yolu ilə İran xalqını təslim olmağa vadar etmək üçün bütün gücünü və səylərini səfərbər edib. Lakin xalqımız düşmənin planını və taktikasını, strateji hədəfini yaxşı anladığına görə çətinliklərə dözür, düzgün dərk və dəyərləndirmə əsasında hərəkət edir”.

Həzrət Ayətullah Xamenei dedi: “İslam İnqilabının 1979-cu ildə inanılmaz bir şəraitdə qələbə çalması ilahi vədin gerçəkləşməsinə nümunə olduğu kimi, onun imperializmin bütün maneələrinə və ağır təzyiqlərinə, qatı düşmənçiliyinə rəğmən davam etməsi, getdikcə daha da güclənərək inkişaf etməsi də ilahi vədin həyata keçməsinə nümunədir”.

“İran xalqının müdrikliyi, düşmənini tanıma və həssas anda hərəkətə keçmə bacarığı heyrətamizdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “2009-cu ildə baş verən hadisələr zamanı düşmən 10 illik planlarının nəticə verdiyini güman edirdi. Qüdrətli İran xalqı isə meydanlara çıxaraq beynəlxalq arenadakı müxaliflərinin, eləcə də ölkə daxilində onlara muzdurluq edən və bu xalqın əzəməti qarşısında heç sayılan ünsürlərin ağzından vurdu”.

Ali Məqamlı Rəhbər dedi: “22 bəhmən günü İran xalqı bir daha öz qüdrətini, canlılığını və müdrikliyini bütün dünyaya nümayiş etdirəcək!”

Çıxışının digər hissəsində Ali Baş Komandan qeyd etdi ki, informasiya toxunulmazlığı Silahlı Qüvvələrin əminlik və təhlükəsizliyini təmin edir və bu, ağır, qürurverici, şərəfli və nüfuzlu bir məsuliyyətdir. O vurğuladı: “İslam dini baxımından Silahlı Qüvvələr iradəsiz maşın kimi mexaniki bir sistem deyil. Bu, ağıl və intellekti, əzm, iradə və qətiyyəti, iman və emosiyaları özündə əks etdirən insan toplumunun əmələ gətirdiyi bir strukturdur”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /