Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

“İslami oyanış” ifadəsi İslam ümmətinin düşmənlərini qorxuya salır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “İslam dünyasının universitet müəllimləri və islami oyanış” mövzusuna həsr edilmiş beynəlxalq konfransın iştirakçısı olan yüzlərlə universitet müəllimi, ziyalı və görkəmli elm xadimi ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə islami oyanış mövzusunun əhəmiyyətini açıqlamaqla yanaşı, inqilab etmiş ölkələrdə İslamın, İslam şəriətinin, eləcə də xalqın tutduğu mövqeyi kompleks şəkildə təhlil etdi, bu ölkələrin üzləşə biləcəyi risk və təhlükələrdən danışdı.

Xalqların nicat və xoşbəxtliyində cəmiyyətin ziyalı təbəqəsinin, intellektual elitanın oynadığı rola toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu nöqteyi-nəzərdən “İslam dünyasının universitet müəllimləri və islami oyanış” konfransı xüsusi əhəmiyyətə malikdir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, universitet müəllimlərinin, ziyalıların və tanınmış insanların cəmiyyətin səadət və nicata istiqamətləndirilməsində effektiv rol oynamasının əsas şərti ixlas, cəsarət, sayıqlıq, zəhmətsevərlik və çalışqanlıq, tamahkar olmamaqdır. O dedi: “İslami oyanış və bu oyanışın İslam ümməti içərisində genişlənməsi bu gün dünyanın üzləşdiyi, bəzi ölkələrdə isə inqilablarla, çürük rejimlərin devrilməsi ilə sonuclanmış böyük bir hadisədir”.

İslami oyanışın dərin mahiyyətli və geniş əhatəli olduğunu deyən Həzrət Ayətullah Xamenei “islami oyanış” ifadəsinin düşmənləri qorxuya saldığını bildirərək dedi: “Onlar çox çalışırlar ki, hazırda regionda baş qaldırmış hərəkata “islami oyanış” adı verilməsin. Çünki düşmənlər gerçək və real İslamın özünü büruzə verməsindən son dərəcə qorxurlar”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Dolların qulu olan, fəsad və dəbdəbəyə qərq olmuş, sadə xalqın içərisinə gedib çatmayan İslam onları narahat etmir. Real əməl və addımlar tələb edən, sadə xalq kütləsinə aid olan, Allaha təvəkkülü və ilahi vədlərə optimist yanaşmanı rəhbər tutan İslam isə onları lərzəyə salır”.

Həzrət Ayətullah Xamenei dedi: “Biz düşünürük ki, hal-hazırda baş qaldırmış əzəmətli hərəkat gələcəkdə davam edəcək və belə asanlıqla yolundan sapmayacaq həqiqi bir islami oyanışdır”.

Bu oyanışa “islami oyanış” adı verilməsinin səbəbini açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “Regionda baş verən inqilablarda xalqın islami şüarlarla çıxış etməsi, böyük kütlələrin bir araya gəlməsində, fasid rejimlərin devrilməsində islamçıların oynadığı rol bu hərəkatın islami xarakter daşıdığını sübut edir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, bu hərəkatların islami xarakterli olmasına daha bir dəlil inqilab etmiş ölkələrdə xalqın islamçılara səs verməsidir. O vurğuladı: “Bu gün İslam dünyasının əksər regionlarında azad və şəffaf seçkilər keçirilsə və islamçı lider və siyasətçilər üçün şərait yaradılsa, xalq islamçılara səs verəcək”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei regiondakı inqilab və hərəkatlarla bağlı bəzi məqamlara toxundu.

Ali Məqamlı Rəhbərin qeyd etdiyi ilk məqam sözügedən inqilab və hərəkatların, özəlliklə də Misir, Tunis və Liviyada baş vermiş inqilabların üzləşə biləcəyi risklər oldu. O dedi: “Riskləri dəyərləndirməklə yanaşı, bu inqilabların hədəflərini də açıqlamaq lazımdır. Çünki hədəflər konkret müəyyən olunmasa, çaşqınlıq yaranacaq”.

“İslami oyanışın hədəflərindən biri dünya imperializminin şərindən qurtulmaqdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bunu aşkar surətdə elan etmək lazımdır. Çünki başda Amerika olmaqla dünya imperializminin islami hərəkatların tərəfində ola biləcəyi barədə istənilən təsəvvür yanlışdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Harada İslam və islamçılar olsa, Amerika bütün varlığı ilə onları məhv etməyə çalışacaq və əlbəttə ki, zahirdə yalandan üzə güləcək”.

“Regiondakı inqilablar onları dünya imperializmindən ayıran qırmızı xətləri konkretləşdirməlidirlər” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz demirik ki, onlar imperializmlə müharibəyə getsinlər. Amma qırmızı xətləri müəyyənləşdirməsələr, aldanacaqlar”.

Qlobal imperializmin dünyaya ağalığı ələ keçirmək üçün pul, silah və elmi nailiyyətlərdən bir vasitə kimi istifadə etdiyini deyən Həzrət Ayətullah Xamenei dedi: “Qərb dünyasının hazırkı problemlərindən biri də bəşəriyyətə təqdim edəcək yeni bir fikrinin, ideyasının olmamasıdır. Halbuki İslam dünyası yeni ideyaya, yol xəritəsinə malikdir”.

İslam dininin yeni yol xəritəsinə və ideyalara malik olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Bu, İslam dünyasının güclü cəhətidir. Bu ideyalar əsasında hədəflərin müəyyən olunması ilə artıq Qərbin pulunun, silahının və elminin əvvəlki kimi effekti olmayacaq”.

Ali Məqamlı Rəhbər bildirdi ki, islami oyanışın mühüm hədəflərindən biri də İslam dinini, İslam şəriətini ön plana çəkməkdir. O dedi: “İslam şəriətinin tərəqqi, dəyişikliklər və sivilizasiya ilə uyğunlaşmadığı barədə yanlış təsəvvür yaratmaq üçün genişmiqyaslı səylər göstərilir. Halbuki İslam dini bəşəriyyətin inkişaf tarixinin bütün dövrləri üçün insanların bütün ehtiyaclarına cavab verməyə qadir olan bir dindir”.

Səsləndirdikləri fikirlər və atdıqları addımlarla İslamın tərəqqiyə uyğun gəlmədiyi barədə təsəvvür yaranmasına şərait yaradan bəzi mürtəce cərəyanların mövcudluğundan böyük təəssüf hissi keçirdiyini bildirən Ali Məqamlı Rəhbər dedi: “Mühüm olan İslamın bəşəriyyətin bütün ehtiyaclarını cavablandırmaq iqtidarında olmasını qəbul edən məfkurənin genişləndirilməsidir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, islami oyanışın hədəflərindən biri də yeni bir sistem, quruluş yaratmaqdır. O, Şimali Afrika regionunda yaşanmış və yeni sistemin, quruluşun yaradılmaması ucbatından uğursuzluqla üzləşmiş bəzi tarixi təcrübələrə toxunaraq dedi: “İnqilab etmiş ölkələrdə müvafiq sistem formalaşdırılmasa, möhkəm bir bünövrə qoyulmasa, onlar daim təhlükə altında olacaqlar”.

“Regiondakı inqilablarda önəmli məsələlərdən biri də onların xalq dayağını qoruyub saxlaması zərurətidir” –  deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Gerçək güc xalqın əlindədir. Harada camaat həmrəy olub birləşərək öz liderlərinə və rəsmilərinə dəstək versə, o yerdə Amerika da, ondan daha böyüyü də heç bir şey edə bilməz”.

Xalqın ictimai-siyasi arenada iştirakını qorumaq lazım olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Ziyalıların, yazıçıların, şairlərin, xüsusilə də din alimlərinin rolu mühüm və qabarıqdır. Onlar inqilabların hədəflərini, düşmənlərini və qarşısında əngəl ola biləcək maneələri xalqa açıqlamalı, insanları məlumatı və gözüaçıq saxlamalıdırlar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, güc-qüdrət əldə etmək naminə gənclərin elmi cəhətdən yetişdirilməsi, elmi-texnoloji tərəqqiyə nail olunması müsəlman ölkələri, xüsusilə də inqilab etmiş ölkələr üçün vacib məsələlər sırasına daxildir. O dedi: “Bu iş mümkündür. İran İslam Respublikası buna uğurlu bir əməli nümunədir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabından öncə İran elmi cəhətdən çox aşağı səviyyədə idi. Bu gün isə İslamın və inqilabın bərəkəti sayəsində, dünya üzrə yüksək yerlərdən birini tutur. Mötəbər beynəlxalq elmi mərkəzlərin təqdim etdiyi statistikalar İran elminin sürətli templə inkişaf etdiyini təsdiqləyir”.

O vurğuladı: “Bu uğurlu təcrübə digər müsəlman ölkələrində davam etdirilməli, İslam dünyası elmi cəhətdən dünyada nümunəvi lider statusuna çatdırılmalıdır”.

Ali Məqamlı Rəhbər dedi: “İranda hakimiyyətdə olan İslam dövləti sübuta yetirdi ki, İslama, İslam şəriətin əsaslanaraq sürətli elmi inkişafa nail olmaq, elmi tərəqqinin yüksək pillələrində durmaq mümkündür”.

“Vəhdət İslam dünyasının ehtiyac duyduğu başlıca məsələlərdən biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərb və Amerika “şiə-sünni”, “etnik mənsubiyyət”, “millətçilik” adı altında müsəlmanlar arasına ixtilaf salmağa çalışır. Odur ki hamı sayıq olmalı, problemləri bu baxımdan nəzərdən keçirərək mövqe qəbul etməlidir”.

İmperialist cəbhəsinin bütün səy və planlarına baxmayaraq, İslam dünyasının irəliləməkdə olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Bu irəliləyişin nişanələrindən biri 8 gün davam etmiş müharibədir. Bu müharibədə tərəflərdən biri Qəzza adlı çox kiçik bir coğrafi regionda yaşayan fələstinlilər, ikincisi isə dünyada ən güclü orduya sahib olduğunu iddia edən İsrail dövləti idi. Atəşkəs əldə olunarkən şərtləri irəli sürən tərəf isə Qəzzadakı fələstinlilər oldu”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Belə bir hadisənin baş verməsi 10 il əvvəl inanılası idimi?”

O dedi: “Əhsən fələstinlilərə! Əhsən belə bir şücaət nümayiş etdirmiş Həmasa, İslam Cihadına və Qəzzadakı mübariz Fələstin batalyonlarına!”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən öz adımdan, bütün mübarizə aparan fələstinlilərə bu fədakarlığa, səylərə və səbrə görə təşəkkür edirəm”.

Qəzzadakı 8 günlük müharibənin Fələstin xalqı, eləcə də bütün müsəlmanlar üçün mühüm bir dərs olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Qəzzadakı müharibə göstərdi ki, hamı bir olub çətinliklərə səbir etsə, çətinlikdən sonra qurtuluş və rahatlığın gələcəyini vəd edən ilahi ayələr gerçəkləşər”.

Həzrət Ayətullah Xamenei Bəhreyn mövzusuna da toxunaraq dedi: “Təəssüf ki, Bəhreyn məsələsinə qarşı İslam dünyasının sükut etdiyini görürük. Bu isə sözügedən problemə yanlış yanaşmadan irəli gəlir”.

Ali Məqamlı Rəhbər dedi: “Bəziləri Bəhreyn hadisəsinə məzhəb nöqteyi-nəzərindən yanaşır, buna görə də fasid bir hökumət əleyhinə qiyama qalxmış xalqı dəstəkləməyi yalnız bu xalq Bəhreyn xalqı kimi şiə olduğu təqdirdə məqsədəuyğun hesab edirlər”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Regiondakı hadisələrə düzgün yanaşma düşmənin planlarını, istifadə etdiyi hiylə və vasitələri nəzərə almaqla şərtlənir”.

Suriya məsələsində İranın mövqeyinin məhz belə bir yanaşmaya əsaslandığını vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikası hər hansı bir müsəlmanın bir damla belə olsun qanının tökülməsinə qarşıdır. Suriyada yaranmış hazırkı vəziyyətin müqəssirləri isə bu ölkəni vətəndaş müharibəsinə, destruktivizmə və qardaş qırğınına sürükləyənlərdir”.

Sonda Ali Məqamlı Rəhbər dedi: “Xalqların bütün istək və tələbləri qəbul olunmuş sivil yollarla, aqresiyadan uzaq şəkildə reallaşdırılmalıdır”.

Görüşün əvvəlində İslam dünyasının universitet müəllimləri və mütəfəkkirlərindən aşağıda adları sadalanan 7 nəfəri regionda baş verən dəyişikliklər, islami oyanış və əldə edilmiş inqilabi nailiyyətləri təhdid edə biləcək risklərlə bağlı rəy və görüşlərini bildirdilər:

-    Dr. Münir Şəfiq – Fələstinli mütəfəkkir və nəzəriyyəçi;

-    Dr. Məcdi Hüseyn – Misir Xalq Partiyasının sədri, inqilabçı mübariz;

-    Dr. Raşid Ərraşid – Bəhreynli tədqiqatçı, siyasi mübariz;

-    Dr. Baba İnoyay – tədqiqatçı, Seneqalın dini işlər üzrə keçmiş naziri;

-    Dr. Əli Fəyyaz – Livan parlamentinin deputatı;

-    Dr. Ömər Şahid – tunisli universitet müəllimi, siyasi fəal;

-    Xanım Dr. Abid Əli – Pakistanın Qaidi-Əzəm Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı;

Çıxış edənlər, əsasən, aşağıdakı məsələlərə toxundular:

- Dünyada islami oyanışı ilk olaraq başladan İmam Xomeyninin (r.ə) rəhbərliyi altında İran İslam Respublikası olmuşdur;

- Müsəlmanlar arasında vəhdət düşmənlərin məkrli planlarına və bütün çətinliklərə qalib gəlmək üçün başlıca həll yoludur;

- İslam dünyası və müqavimət cəbhəsinin son illər qazandığı uğurlardan, qələbələrdən və malik olduğu potensialdan düzgün və məqsədyönlü istifadə etmək lazımdır;

- İrandakı İslam dövləti regionun inqilab və hərəkatları üçün imtina olunmaz bir örnəkdir;

- Regiondakı inqilab və hərəkatların əsasını İslam dini təşkil edir;

- İslami oyanışda gənclərə diqqətlə yanaşmağın, onları maarifləndirməyin əhəmiyyəti;

- İnqilab etmiş ölkələrdə dünya imperializminə və sionizmə qarşı qəti və şəffaf mövqe seçməyin vacibliyi;

- Müsəlman ölkələrində elmi inkişaf və dinamikaya diqqət yetirməyin vacibliyi;

- Beynəlxalq ictimaiyyətin və İslam dünyasının Bəhreyn xalqının qırğını qarşısında susmasının tənqidi;

- Regionda, özəlliklə də inqilab etmiş ölkələrdə qeyri-sabitliyin və iğtişaşların yaradılması planına qarşı sayıqlıq;

Görüşün əvvəlində Ümumdünya İslami Oyanış Təşkilatının baş katibi cənab Dr. Vilayəti təşkilatın yaradılmasının tarixinə və indiyə qədər keçirilmiş iclaslara toxunaraq vurğuladı: “Tərəqqi, ədalət və dini demokratiya” şüarı altında keçirilən, müsəlman ölkələrindən gəlmiş 500-ə yaxın elmi tədqiqatçı və ali məktəb müəllimin iştirak etdiyi “İslam dünyasının universitet müəllimləri və islami oyanış” konfransında İslam dünyasının ən mühüm problemləri və regionda gedən dəyişikliklər ətrafında müzakirələr, fikir mübadilələri aparıldı”.

Dr. Vilayəti bildirdi ki, regionda güc balansının dəyişilməsi və bunun Fələstin məsələsinə göstərdiyi təsir, dinə əsaslanan xalq hakimiyyəti quruluşlarının xüsusiyyətləri, İslam dünyasında yeni yaranmış dövlətlər üçün vacib olan məqamlar və prioritetlər, islami oyanış hərəkatının gələcək perspektivləri, İslam dünyasının mütəfəkkirlərinin təcrübəsindən yararlanmanın vacibliyi cari iclasda qarşıya qoyulan əsas məsələlərdir.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /