Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həcc ziyarəti kimi bir imkandan müsəlman vəhdətinin gücləndirilməsi üçün istifadə etmək lazımdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cari ildə ölkə üzrə həcc ziyarətinin təşkilati məsələlərinə cavabdeh olmuş rəsmilərlə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə həcci müstəsna bir vacib şəri əməl adlandırdı. O, İslam dünyasında vəhdət məsələsinin əhəmiyyətini vurğulayaraq dedi: “Həcc mövsümündə İslam dünyasının vəhdəti, əzəməti və çoxmilyonlu olması əyani surətdə görünür. Bu imkandan layiqli surətdə istifadə etmək lazımdır”.

“Həcc fərizəsi ibadət, acizanə təslimkarlıq, siyasi və ictimai iştirak elementlərinin birgə kombinasiyasıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabının qələbəsindən öncəyə qədər iranlı hacılar ancaq əməlləri düzgün yerinə yetirmək sarıdan narahat olurdular. Halbuki bu böyük və müstəsna toplantı İslam dünyasında fərd və cəmiyyətin formalaşdırılması, ümmətin birliyi istiqamətində yeni bir hərəkat yarada biləcək izdihamlılıq, əzəmət və vəhdət kimi mühüm meyarları ehtiva edir. Bu ülvi yanaşma qeyri-iranlı hacılara da aşılanmalıdır”.

Ali Məqamlı Rəhbərin vurğuladığı digər məqam sünni-şiə vəhdətinin əhəmiyyəti oldu.

Sünni və şiələr arasında fikir ayrılığının yeni bir məsələ olmadığını, əvvəllər də mövcud olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Lakin son illərdə bu ixtilaflar qeyri-təbii şəkildə artıb. Bu isə onu göstərir ki, getdikcə şiddətlənən ixtilaflar İslam cəmiyyətinə kənar qüvvələrin əli ilə zorla yük edilir”.

“Təkcə vəhdəti, sünni-şiə arasında qarşılıqlı anlaşmanı vurğulamaq kifayət deyil” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları qeyd etdi: “ Bu ixtilafların bəzisi müəyyən fantaziyalardan, şübhələrdən qaynaqlanır. Həmin yanlış təsəvvürlər islah edilməlidir. Eyni zamanda ixtilafların digər bir qisminin mənşəyi yanlış davranışlardır ki, bu kimi halları da dəqiqliklə araşdırıb öyrənmək və həll etmək lazımdır”.

Ali Məqamlı Rəhbərin həcc rəsmilərinə xitabən vurğuladığı üçüncü məsələ hacıların siyasi təfəkküründəki düyünlərin açılması oldu.

Bu düyünlərə misal olaraq, Suriyadakı asayiş pozuntularını qeyd edən Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının Suriya məsələsinə qarşı məntiqinin tam aydın olduğunu qeyd edərək dedi: “Suriya məsələsinin reallığı bundan ibarətdir ki, imperializm cəbhəsi regionun müqavimət zəncirinin qəsbkar İsrail rejiminin qonşuluğunda yerləşən birləşdirici halqasını aradan götürmək istəyir”.

“Suriya böhranının həlli yolu bu ölkəyə silah yeridilməsinin qarşısını almaqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İstənilən ölkədə müxalif qüvvələr xaricdən silahla təchiz olunsalar, təbii ki, hakim rejim onlara qarşı tədbir görər”.

O, əlavə etdi: “Suriyada müxaliflər silahdan əl götürsələr, dövlətdən onların rəyinin dinlənməsini, mövqe bildirmələrinə icazə verilməsini tələb etmək üçün imkan yaranar”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər hacılara göstərilmiş xidmətlərə görə təşəkkürünü bildirdi, həmçinin həcc rəsmiləri arasında əməkdaşlığın günü-gündən daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq dedi: “Hacılara göstərilən rifah xidmətlərində, aparılan təbliğat işlərində əldə etdiyiniz nailiyyətlərlə heç bir mərhələdə qane olmayın”.

Görüşün əvvəlində vəli-fəqihin nümayəndəsi, iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əsgəri Ali Məqamlı Rəhbərliyin Məkkədəki nümayəndəliyi tərəfindən həcc ziyarətinin mədəni, mənəvi və beynəlxalq əlaqələr sferalarında görülmüş tədbirlər haqda ümumi məlumat verdi.

Ardınca Həcc və Ziyarətlər Təşkilatının sədri Höccətül-İslam vəl-muslimin Seyid Əhməd Musəvi də builki həccin icrası sferasında görülmüş işlər, yola salınan karvanlarla bağlı müxtəlif məsələlərin həlli üsulları barədə məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /