Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionistlərin törətdiyi vəhşiliklər İslam dünyasının vicdanını silkələməlidir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Şəcəre-ye teyyibe-ye salehin” layihəsinin fəalları ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə bəsicin İslam İnqilabının möcüzələrindən biri olduğunu dedi. Ölkənin, xalqın, inqilabın və tarixin bəsicə daim ehtiyac duyduğunu bildirən Ali Məqamlı Rəhbər bu qurumun fəaliyyətinin keyfiyyət baxımından yüksəldilməsini vurğuladı.

“Qəzza sektorunun əhalisinə hücum edən İsrailin törətdiyi cinayət və vəhşiliklər bu rejimin başında duranların heyrətamiz dərəcədə qəddar olduğunu göstərir” – deyən Ali Məqamlı Rəhbər Amerika, İngiltərə və Fransanın Qəzzadakı insan qırğınını ikiqat həyasızlıqla, nifrətamiz şəkildə himayə etdiklərinə toxunaraq aşağıdakıları vurğuladı: “Müsəlman ölkələri, xüsusilə də ərəb dövlətləri məsələyə yanaşmalarında düzəliş edib, Qəzza bölgəsinin məzlum, lakin başıuca və şücaətli əhalisinə yardım etməklə yanaşı, bu məntəqənin blokadasını qırmaq istiqamətində səy göstərməlidirlər. İslam ümməti də Qəzza əhalisinin müzəffər müqavimətindən nümunə götürərək bilməlidir ki, qurtuluşun və İslamın düşmənlərinə qalib gəlməyin yeganə yolu mətinlik və mübarizlikdir”.

Görüş zamanı Həzrət Ayətullah Xamenei çıxışının mühüm bir hissəsini son həftə ərzində Qəzza bölgəsində baş vermiş hadisələrə həsr edərək vurğuladı: “Sionistlərin Qəzza bölgəsinin günahsız və mülki əhalisinə hücum zamanı törətdiyi vəhşiliklər İslam dünyasının vicdanını silkələməli, müsəlman xalqlarının əzəmətli hərəkatına yeni ruh gəlməlidir”.

Sionistlərin Qəzzaya hücumunun müxtəlif aspektlərini şərh edən Ali Məqamlı Rəhbər dedi: “İşğalçı rejimin Qəzzaya hücum zamanı yol verdiyi heyrətamiz qəddarlıq göstərdi ki, bu tamamilə vəhşi ünsürlərdə insanlıqdan heç bir əsər-əlamət yoxdur”.

Ali Məqamlı Rəhbər dedi: “Sionistlərin Qəzzada törətdiyi cinayətlər beynəlxalq təşkilatlarda İslam dünyasının düşmənlərinin və İslam Respublikası iddiaçılarının simasını və niyyətini də lazımınca aşkara çıxardı”.

Ali Məqamlı Rəhbər imperializmin başında duranların sionistlərin törətdiyi cinayətləri açıq-aşkar himayə etməsini kəskin tənqid edərək dedi: “Amerika, İngiltərə və Fransa daşürəkli və rəhmsiz İsrail rejiminə ən cüzi narazılıqlarını belə, bildirmədilər. Onlar bu cinayətkarları himayə və təşviq etməklə İslam ümmətinin qatı və mənfur düşmənlərinin əxlaq və insanlıqdan nə qədər uzaq olduğunu göstərdilər”.

O, əlavə etdi: “Vəhşi sionistlərin Qəzzada törətdiyi faciələri himayə edən imperializm başçıları, o cümlədən Amerika ikiqat həyasızlıqla insan haqlarından necə dəm vurur, başqa ölkələri və xalqları mühakimə etməkdə özlərini necə haqlı bilirlər?”

Ali Məqamlı Rəhbər dedi: “Ərəb və müsəlman ölkələri də Qəzzada baş verən hadisələrə qarşı lazımi reaksiya nümayiş etdirmədilər. Belə ki bəziləri yalnız danışmaqla kifayətləndilər, bəziləri isə heç sözdə də sionistləri qınamadılar”.

O, əlavə etdi: “İslam dünyasının birləşməli, bir istiqamətə yönəlməli olduğunu iddia edənlər siyasi məqsədlərinə uyğun gələn digər məsələlərə açıq-aşkar reaksiya verirlər. Bu məsələdə isə Amerika və İngiltərənin tərəfində olduqlarına görə sionistləri açıq-açığına, real şəkildə mühakimə etməkdən çəkindilər və ən yaxşı halda, sözdə qalan, dəyərsiz himayə ilə kifayətləndilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Müsəlman ölkələri, xüsusilə də ərəb dövlətləri vahid xətlə davranaraq məzlum Qəzza əhalisinə kömək etməli, eyni zamanda bu bölgənin blokadan çıxarılması üçün səy göstərməlidirlər”.

Qəzza əhalisinin və gənclərinin şərəfli müqavimətini yüksək dəyərləndirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Allahın verdiyi mənəvi dəstəklə, onlar bir daha sübut etdilər ki, iman, mətinlik və gərgin zəhmət sayəsində, imperialistlər tərəfindən himayə olunan böyük, yaxşı silahlanmış, mürəkkəb xarakterli qüvvələrə də qalib gəlmək mümkündür”.

İsrailin çaşqınlıq içərisində atəşkəsin əldə olunmasını gözlədiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Ədavət və qəddarlığı başladanlar ağır zərbələr də alıblar. Belə ki indi atəşkəsi Qəzzanın azsaylı əhalisindən daha səbirsizliklə gözləyirlər”.

“Maddi və mənəvi cəhətdən daha da güclənmə, İslam düşmənləri qarşısında cani-dildən, qüdrətlə müdafiə olunma Qəzza hadisələrinin  İslam ümmətinə ünvanladığı mesajlardır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qəzza hadisəsi göstərdi ki, məkrli planlara, xəbisliklərə və namərdliklərə qalib gəlmək üçün qüdrətlə müdafiə olunmaqdan başqa yol yoxdur”.

O dedi: “İslam dünyası düşmən qarşısında zərbə almamaq üçün həm öz imanını, əzm və iradəsini gücləndirməli, həm də elmi-texnoloji baxımdan inkişaf edərək həyat əhəmiyyətli hərbi və qeyri-hərbi təyinatlı maddi-texniki təchizatları istehsal etmək imkanı əldə etməlidir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, İran xalqı Müqəddəs Müdafiə dövründə bu dərsi özü alıb. Elə buna görə də bu diyarın xalqı, gəncləri və elm adamları ölkənin inkişafı və güclənməsi üçün çalışırlar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, sön hadisələrdən alınan daha bir dərs İslam ümmətinin vəhdətinin, eləcə də hər bir xalqın daxildən birləşməsinin vacibliyidir. O dedi: “Bu reallıq İran xalqına da aiddir”.

Bu rakursdan çıxış edən Həzrət Ayətullah Xamenei vəhdət və həmrəyliyə dönə-dönə etdiyi çağırışların fəlsəfəsini açıqlayaraq dedi: “Daim qələm və tribuna sahiblərinə, mətbuat və internet portallarının fəallarına, siyasi cinahlara, icra və qeyri-icra strukturlarının rəsmilərinə bir olmağı tövsiyə etməyimizin səbəbi odur ki, ölkənin qüdrətlənməsində və inkişafında, İslam Respublikasının dünya arenasındakı nüfuzunun qorunub saxlanmasında vəhdətin böyük və həyat əhəmiyyətli təsiri var”.

Xalqın birlik və həmrəyliyini yüksək dəyərləndirərək təqdir edən Ali Məqamlı Rəhbər hakimiyyətin üç qolunun başında duran rəsmilərin onun həmrəylik çağırışlarını müsbət cavablandırdıqlarına toxunaraq dedi: “Mənim həmrəylik çağırışıma müsbət şəkildə və layiqincə cavab verdiklərinə, aralarındakı bəzi fikir ayrılıqlarına və siyasi görüşlərindəki fərqə baxmayaraq,  vəhdət məsələsinin önəmini vurğuladıqlarına görə üçlü hakimiyyət qüvvələrinin rəsmilərinə təşəkkür edirəm. Onlar bu müsbət davranışı səsləndirdikləri fikirlərə, atdıqları addımlara qarşı diqqətli olmaqla davam etdirməlidirlər”.

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər parlamentin ölkə başçısından hesabat istəməsi məsələsinə toxunaraq dedi: “Bu hərəkət iki cəhətdən təqdirə və tərifə layiqdir”.

Həmin müsbət aspektləri şərh edən Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkə başçısından və digər icraedici rəsmilərdən hesabat tələb olunması millət vəkillərinin ölkənin problemlərinə qarşı məsuliyyət hiss etdiklərini göstərir. O, əlavə etdi: “İcraedici strukturların rəsmiləri də özünəinam və cəsarətlə sualları cavablandırmağa, qaranlıq məqamlara aydınlıq gətirməyə hazır olduqlarını elan ediblər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Qanunverici hakimiyyətin öz vəzifəsinə əməl etmək üçün addım atması, icraedici hakimiyyətin isə öz fəaliyyətinin düzgünlüyünə inam nümayiş etdirməsi hakimiyyətin hər iki qolu üçün yaxşı bir sınaq idi.  Lakin mən düşünürəm ki, bu qədəri kifayətdir və məsələni bundan artıq davam etdirmək lazım deyil”.

O, əlavə etdi: “Xalqımız da uzaqgörəndir və hiss edir ki, bu işin davam etdirilməsi düşmənin dəyirmanına su tökmək olacaq”.

Ölkənin asayişə hərtərəfli ehtiyac duyduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Ola bilsin ki, hər iki tərəfdən bir qrup adam emosiyaların təsiri altında təbliğat vasitələrindən, o cümlədən qəzetlərdən və internet portallarından istifadə edərək aranı qarışdırsın. Halbuki öz vəzifələrinə əməl etmək üçün bütün rəsmilərə asayiş və sabitlik lazımdır. Xalq da asayiş istəyir. Məsələnin uzadılmaması onu göstərir ki, qanunverici və icraedici hakimiyyətlər hər şeydən çox vəhdət və asayişə hörmət qoyurlar”.

Çıxışı əsnasında Həzrət Ayətullah Xamenei həmçinin bildirdi ki, Bəsic həftəsinin əzəmətli Aşura hadisəsi ilə üst-üstə düşməsində öyrədici məqamlar var. O dedi: “Qəlbləri yandırıb-yaxan, lakin ibrət dərsləri ilə dolu Kərbəla hadisəsi olmasaydı, həqiqi İslamdan bir şey qalmazdı. Buna görə də Aşura hadisəsi ibrətamiz bir dərs, doğru yola istiqamətləndirən bir bayraq kimi daim İslam cəmiyyətinin gözü önündə olmalıdır”.

Müqəddəs Müdafiə dövrünün Seyyidüşşühəda (ə) səhabələrinin fədakarlığından fraqmentləri xatırlatdığını bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəsic bu fədakarlıqların ən mühüm və qabarıq təzahürlərindən biri olub”.

“Bəsicin təşkil olunması İmam Xomeyninin (r.ə) uzaqgörənliyinin və ilahi müdrikliyinin təzahürüdür” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müqəddəs Müdafiədə bəsic saf ilahi niyyət baxımından yüksək səviyyədə idi. Bu gün də həmin səviyyə qorunub saxlanmalı və üzə çıxmalıdır”.

Müqəddəs Müdafiə dövründə saf niyyəti qoruyub saxlamağın düşmənlə qeyri-hərbi, lakin dolaşıq xarakterli mübarizə meydanındakına nisbətən daha asan olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bəsic öz sıralarında iman, təvəkkül, mənəviyyat və fədakarlıq ruhiyyəsinə diqqət yetirməlidir”.

“Bəsici olmaq və bəsici olaraq qalmaq üçün təkəbbür, özünü göstərmə və riyakarlıq kimi bəlalardan çəkinmək vacibdir” – deyən Ali Məqamlı Rəhbər bəsiciləri daim mənəvi cəhətdən dərinləşdirmək, fəaliyyətinin keyfiyyət baxımından yüksəldilməsinə ardıcıl surətdə diqqət yetirmək lazım olduğunu qeyd etdi. O dedi: “Müxtəlif aspektlərdə səthi yanaşmalardan çəkinmək lazımdır”.

Ali Məqamlı Rəhbər “Şəcəre-ye teyyibe-ye salehin” layihəsini dini biliklərin və mənəvi tərbiyənin dərinləşdirilməsi baxımından təqdirəlayiq bir addım kimi dəyərləndirərək dedi: “Elə etməliyik ki, bəsic İslam dünyasında bir örnək, nümunə, canlı, dinamik, praktik bir təlimat proqramı kimi özünü təsdiq etsin”.

“Həyatın bütün sferalarında bəsicin fəaliyyətini gücləndirmək və dərinləşdirmək bu qurumun rəhbərlərinin əsas vəzifəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Həyat tərzi mövzusunda da bəsic və bəsicilər evdə, iş yerində və cəmiyyətdəki davranışlarını dəyərləndirərək, bir növ, özlərini tanımağa, nöqsanlarını düzəltməyə təşəbbüs göstərə bilərlər”.

Bəsicin elm, texnologiya, sosial xidmətlər, sosial həyatla bağlı nəzəriyyələrin işlənib hazırlanması kimi sahələrdə uğurlu fəaliyyətini təqdir edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər bir gün ölkəmizin və İslam İnqilabının düşmən qarşısında hərbi müdafiəyə ehtiyacı olsa,  sözsüz ki, elə bu bəsici kollektivləri, həmçinin bütün şücaətli İran gəncləri İran xalqının qəhrəmanlığını, qüdrətini və yenilməzliyini bütün dünyaya nümayiş etdirəcəklər”.

Görüşün əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı briqada generalı Cəfəri bəsicin mədəniyyət sferasında fəaliyyətinin yüksəldilməsi istiqamətində ardıcıl səylər göstərildiyinə, bəsicilərin düşmənin apardığı soyuq müharibəyə qarşı mübarizədə təşkilatlanmış formada iştirakının vacibliyinə toxunaraq dedi: “Şəcəre-ye teyyibe-ye salehin” layihəsinin həyata keçirilməsi ilə 3 milyondan çox bəsici dini təlim və mənəvi tərbiyə kurslarında fəal iştiraka başlayıb”.

Bəsic Təşkilatının sədri general Nəqdi də universitet və teoloji mərkəzlərdə dərs deyən müəllimlərin, cəmiyyətin intellektual elitasının dini təlim və mənəvi tərbiyə qruplarında saleh insanların yetişdirilməsini müsbət qarşıladıqlarını qeyd edərək dedi: “Bəsicin yeni təşkilati strukturunda onun müdafiə, elm, dini təlim, mənəvi tərbiyə, mədəniyyət, insanlara yardım və idman funksiyaları “pak şəcərə” adı altında saleh insanlar yetişdirməyi qarşıya məqsəd qoymuş qruplar tərəfindən reallaşdırılacaq”.

Görüşün davamında aşağıda adları sadalanan xanımlar və cənablar “Şəcəre-ye teyyibe-ye salehin” layihəsinin icrasının səbəbləri və hədəfləri, qruplarda müəllim və bəsicilərin “baş təlimatçı”, “təlimatçı” və “qrup rəhbəri” səviyyələrində necə təşkilatlandırıldığı, fəaliyyətlərin keyfiyyətinə elmi cəhətdən nəzarət olunduğu, layihənin elmi nöqsanlarının aşkara çıxarılması ilə yanaşı, yeni imkanların araşdırılıb üzə çıxarıldığı, qrup üzvləri üçün qaranlıq qalan, şübhəli məqamlara diqqət ayrıldığı və onların arqumentlərlə əsaslandırılmış şəkildə cavablandırıldığı, mənəvi özünütərbiyəyə tam önəm verildiyi ilə bağlı müəyyən məqamları qeyd etdilər:

- Höccətül-İslam Fərhani – Yeni İdeyaların Yaradılması və Şübhələrin Cavablandırılması Mərkəzinin sədri;

- Höccətül-İslam Pakbaz – Xuzestan vilayətindən “Salehin” layihəsinin baş təlimatçısı;

- Dr. Müjgan Kərimi – cərrah, ginekoloq-mütəxəssis, Yəzd vilayətindəki tibbi kompleksin bəsicilərinin təmsilçisi;

- Dr. Məhəmmədrza Əbdi – İsfahan Sənaye Universitetinin bəsici müəllimi;

- Məsumə Əhmədi – Qum vilayətindən “Salehin” layihəsinin təlimatçısı;

- Fəthullah Fəridivusuq – cudo üzrə dünya və Asiya yarışmalarının medalçısı, Həmədan vilayətinin bəsici idmançılarının təmsilçisi;

- Hadi Zeynəli – şəhid övladı, Böyük Tehran məscid və məhəllələrinin bəsicinin təmsilçisi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /