Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün dünyada heç bir dövlət Amerika qədər mənfur simaya malik deyil!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə mühüm məsələlərə toxundu. O, İran xalqının imperialist Amerika dövlətinə qarşı 60 ildir davam edən irimiqyaslı mübarizəsinin müxtəlif mərhələləri, Amerikanın İslam dövlətinin heyrətamiz maddi-mənəvi uğurları qarşısında silsilə məğlubiyyətləri, siyasi, iqtisadi, hərbi və ideoloji statusunun enməsi haqda ətraflı danışaraq qeyd etdi ki, müqavimət ruhunun və gözüaçıqlığın qorunub saxlanması, Allaha təvəkkül, davamlı şəkildə çalışıb səy göstərmək, rəsmilər arasında birlik və həmrəylik bu ardıcıl mübarizədən alınan ibrət dərsləridir. O vurğuladı: “Rəsmilər, xüsusilə də hakimiyyətin üç qolunun başçıları öhdələrinə düşən vəzifələri dərk edərək, həmçinin hazırkı şəraitin həssaslığını lazımınca dəyərləndirərək aralarındakı ixtilafların bu və ya digər formada xalq arasına daşınmasından çəkinməli və bilməlidirlər ki, bu gündən seçki gününə qədər xalqın emosiyalarından ixtilaflar üçün istifadə etmək istəyən hər kəs ölkəyə xəyanət etmiş olur”.

13 aban tarixi – ölkədə qeyd olunan Şagird Günü və Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü ərəfəsində baş tutan görüş zamanı Ali Məqamlı Rəhbər iştirakçıları İmam Hadinin (ə) miladı, həmçinin mübarək Qədir-Xum bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, 13 aban tarixi ilə bağlı olan 3 tarixi hadisə İran xalqının qarşısına qoyduğu hədəflərə çatmaq üçün nə qədər mübariz və qətiyyətli olduğunun təzahürüdür. O, əlavə etdi: “Bu gün baş vermiş hadisələrin hər üçündə – yəni 1343-cü ildə (1964) İmam Xomeyninin (r.ə) sürgün olunmasında,  1357-ci ildə (1978) şagirdlərin Pəhləvi rejiminin muzdurlarının əli ilə qətlə yetirilməsində və 1358-ci ildə (1979) casus yuvasının ələ keçirilməsində hadisələrin bir tərəfində İran xalqı və dahi İmam Xomeyni (r.ə), digər tərəfində isə imperialist Amerika dövləti yer alır. Bu, İran xalqı ilə Amerika arasında mübarizənin getdiyini göstərir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu mübarizənin nə zaman başladığını, onun müxtəlif mərhələlərini, eləcə də nəticəsini düzgün dərk etmək olduqca əhəmiyyətlidir. O dedi: “Bu mübarizə 1332-ci ildən (1953) – Amerikanın əli ilə törədilmiş 28 mordad qiyamından başlayıb”.

Ali Məqamlı Rəhbər imperialist Amerikanın 28 mordad qiyamının başlamasında və Dr. Müsəddiq hökumətinin devrilməsində birbaşa rol oynadığına toxunaraq dedi: “Həmin olayda amerikalılar öz imperialist mənafeləri naminə onlarla heç bir düşmənçiliyi olmayan, hətta onlara etimad göstərmiş Müsəddiq hökumətini İngiltərə ilə müştərək surətdə cızılmış plan əsasında devirdilər və Məhəmmədrza Pəhləvi rejimini ölkədə hakimiyyət başına gətirdilər”.

“1342-ci il (1963) 15 xordad günü baş verən qiyam Amerikanın himayəsi altında olan hökumətin 10 il ərzində xalqa göstərdiyi boğucu təzyiqlərin nəticəsi idi” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Nəhayət, amerikalılar işə müdaxilə etdilər və hakim rejim onların göstərişi ilə 1343-cü ildə İmam Xomeynini (r.ə) sürgünə göndərdi. Bununla zahirdə xalqı məğlub etsə də, bu, gerçək qələbə deyildi”.

Həzrət Ayətullah Xamenei 1343-cü (1964) ildən sonra ölkədə əvvəllər heç bir zaman rast gəlinməmiş repressiya və təzyiqlərin hökm sürdüyünü, Amerikanın İran xalqının sərvətlərini amansızlıqla çapıb-taladığını qeyd edərək vurğuladı: “Nəhayət, İmam Xomeyninin (r.ə) liderliyi ilə xalqın əzəmətli hərəkatı başlandı və İran xalqı mübarizliyi, fədakarlığı, canından vaz keçməsi sayəsində 1357-ci ildə İslam İnqilabını qələbəyə çatdıra, Amerikaya söykənən rejimi devirə bildi”.

“25 illik mübarizədən sonra İslam dövlətinin qurulması İran xalqının Amerika ilə mübarizənin 1-ci mərhələsində qazandığı qələbə idi” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikalılar İslam İnqilabının qələbəsinin ilk illərindən etibarən İslam dövlətinin əleyhinə çıxmağa, işlərə pəl vurmağa başladılar. Bütün bu məkrli planların ocağı isə Amerikanın Tehrandakı keçmiş səfirliyi – o casus yuvası idi”.

Ali Məqamlı Rəhbər İran xalqının mübarizəsində ən görkəmli təbəqə olan tələbələrin 1358-ci ilin aban ayında həmin casus yuvasını ələ keçirməsini Amerika üçün daha bir məğlubiyyət kimi dəyərləndirərək dedi: “Həmin dövrdən bu günə qədər Amerikanın silsilə məğlubiyyətləri davam edir”.

1357-ci ildə üzləşdiyi məğlubiyyəti kompensasiya etmək üçün Ötən 34 il ərzində Amerikanın cürbəcür səylər göstərdiyini, hiyləgər planlar cızdığını deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Ardıcıl surətdə davam etdirilən bu planların səbəbi odur ki, Amerikanın 1357-ci ildə düçar olduğu məğlubiyyət təkcə İran xalqı qarşısında deyildi. Bu, Amerikanın regiondakı məğlubiyyəti idi. Bu gün Şimali Afrikada və böyük ərəb regionunda baş verənlər, həmçinin xalqların Amerikaya olan nifrətinin günü-gündən artması həmin məğlubiyyətin nəticəsidir”.

İran xalqının imperialist Amerika dövlətinə qarşı apardığı mübarizənin müxtəlif mərhələləri haqda danışdıqdan sonra Ali Məqamlı Rəhbər bu mübarizədən alınan nəticə mövzusuna toxunaraq dedi: “60 ildir davam edən bu mübarizədən kimin qalib çıxacağı son dərəcə mühümdür. Çünki bu meydanda imanlı, qətiyyətli, Allaha təvəkkül edən bir xalq qalib çıxsa, sözsüz ki, o bütün xalqlar üçün örnəyə çevriləcək və İslam prinsiplərinə əsaslanacaq tarix üçün yeni bir fəlsəfə yaradacaq”.

“Amerika ilə mübarizə meydanında qalib İran xalqıdır” – deyən Ali Məqamlı Rəhbər fikrini sübut edən dəlilləri şərh etməyə başladı.

İmperialist Amerika dövləti ilə mübarizədə İran xalqının qalib olduğunu sübut edən dəlillər sırasında Ali Məqamlı Rəhbər İslam dövlətinin nüfuz və mövqeyini qeyd edərək dedi: “Birinci dəlil odur ki, bu 34 ildə İran İslam İnqilabı nəinki aradan getmədi, əksinə, daha da güclü, möhkəm, əzəmətli və parlaq oldu”.

O vurğuladı: “İslam dövlətinin gücünü və möhkəmliyini, İslam İnqilabının canlılığını göstərən nişanələrdən biri də İslam İnqilabını, Müqəddəs Müdafiəni, İmam Xomeynini görməmiş, lakin müxtəlif əmək, elm və texnologiya sferalarında eynilə inqilabı meydana gətirmiş gənclərin stimul, əzm və imanı ilə fəal iştirak edən hazırkı gənc nəsildir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İran xalqının və İmam Xomeyni şəxsiyyətinin xalqlar arasında günü-gündən daha artıq nüfuz və əzəmət qazanması,  İran xalqının dünyada polad kimi möhkəm, mübariz və gözüaçıq bir xalq kimi tanınması İslam dövlətinin möhkəmləndiyini göstərən daha bir nişanədir. O dedi: “Digər nişanələr isə ölkəmizin qazandığı elmi və quruculuq nailiyyətləri, xalqımızın gözüaçıqlığı, məlumatlılığının və təsir gücünün artması, dünya və regiondakı problemlərə yeni yanaşmasıdır”.

“Maddi inkişafla yanaşı müşahidə olunan mənəvi inkişaf İslam İnqilabının canlı olmasının daha bir əlamətidir” – deyən Həzrət Ayətullah Xamenei xalqın, xüsusilə də gənclərin “Ərəfə” duası, itikaf mərasimi, Qədr gecələri və Məhərrəm ayının əzadarlıqları kimi mənəvi məclislərdə geniş iştirakına toxunaraq əlavə etdi: “İranda ən yaxşı xalq hakimiyyəti modellərindən birinin formalaşması, seçkilərdə əhalinin genişmiqyaslı iştirakı İran xalqının ötən 34 ildə hərtərəfli inkişaf etdiyini göstərən digər amillərdir”.

O vurğuladı: “Bu, həmin inqilabdır ki, amerikalılar onun bir neçə aya məğlubiyyətə uğrayıb məhv olacağını vəd verirdilər. Hazırda isə o, dünya və regionda belə yüksək mövqeyə malikdir”.

Daha sonra Ali Məqamlı Rəhbər İran xalqının qalibiyyətini Amerikanın nüfuz və mövqeyinə nəzərən isbat etməyə başlayaraq vurğuladı: “Amerikanın ötən 30 il ərzində dünyadakı nüfuz və iqtidarı baxımından 30 pillədən də artıq gerilədiyinə heç kəsin şübhəsi yoxdur. Hətta amerikalılar özləri də bu reallığı etiraf edirlər”.

Bu gün dünyada heç bir dövlətin Amerika qədər mənfur simaya malik olmadığını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Region ölkələri və başqa ölkələr cürət edib ilin bir gününü Amerikaya nifrət günü elan edə bilsələr, dünyada tarixin ən böyük yürüşü baş tutar”.

Ali Məqamlı Rəhbər Amerikanın öz nüfuzunu itirməsindən əlavə, Amerikaya xas dəyər və prinsiplərin də tənəzzül etdiyini qeyd edərək dedi: “Amerikanın iddia etdiyi dəyərlərdən biri terrorizmlə mübarizədir. Lakin hazırda iş o yerə gəlib çatıb ki, Amerika terroristlərlə tərəfdaşlıq edir, hətta “Münafiqlər” terrorist qruplaşmasını da himayə edərək “qara siyahı”dan çıxarır”.

Amerikanın demokratiyaya dəstək iddiasına da toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu iddiasına baxmayaraq, Amerikanın dünya və regionun ən müstəbid rejimlərini hərtərəfli himayə etdiyi heç kəs üçün sirr deyil”.

Həzrət Ayətullah Xamenei dedi: “Onların iddia etdiyi prinsiplərdən daha biri isə insan haqlarının müdafiəsidir. Halbuki insan haqlarını pozan ən pis addımlar Amerikanın dəstəyi ilə həyata keçirilir və 60 ildir ki, aşkar şəkildə məzlum Fələstin xalqının haqqını tapdalayan sionistlər Amerika dövləti tərəfindən hərtərəfli himayə olunurlar”.

“Amerikanın azadlıq və islahatlar tələbi ilə inqilaba qalxan xalqlara qarşı çıxması onun xalqlara dəstək olmaq iddiasına ziddir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika dünyanın ən zəngin dövləti və xalqı olduğunu iddia edir, lakin ABŞ hökumətinin başında duranlar zəngin təbiət və insan resurslarına malik olan bu ölkədə xalqı elə bir vəziyyətə salıblar ki, bu gün dünyada ən çox xarici borclu olan xalq amerikalılardır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Amerikada əhalinin ümumi sayı ilə müqayisədə cəzaçəkmə müəssisələrində yatan insanların çoxluğu və bu baxımdan ölkənin dünya üzrə birinci yerdə durması azadlıq iddiasına ziddir. O dedi: “Amerika dövlətinin iddialarından daha biri isə xalqının qürur və başucalığıdır, halbuki onlar öz xalqlarını zəlil vəziyyətə salıblar, onu aldadaraq həqiqətlərdən xəbər tutmasına imkan vermirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Amerikada baş qaldırmış “99 faiz” hərəkatı ölkə əhalisinin bir çox həqiqətlərdən məlumatsız olduğu bir şəraitdə formalaşıb. Əgər ABŞ administrasiyası xalqın mövcud həqiqətlərdən xəbər tutmasına imkan versə, heç şübhəsiz, bu hərəkat daha geniş miqyas alar”.

“Amerika dövlətinin iddiasında olduğu dəyər və prinsiplərdən geri durmasına daha bir misal onun sionistlərin qarşısında qeyd-şərtsiz təslim olmasıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikada prezidentliyə namizədlər debatlarında sionistlərə sədaqət və bağlılıqlarını sübuta yetirmək üçün bir-biri ilə yarışa giriblər. Bundan daha utandırıcı nə ola bilər? Amerikada hakimiyyətə gəlmiş administrasiyalar öz xalqlarını faktiki olaraq sionistlərin əsirinə çeviriblər”.

Ali Məqamlı Rəhbər bildirdi ki, bu enişlər Amerikanın nüfuz və qüdrətinin günü-gündən azalması, onun regionda apardığı hərbi əməliyyatlarda və baş verən mühüm proseslərdə ardıcıl məğlubiyyəti ilə nəticələnib. O vurğuladı: “Bütün bu reallıqlar onu göstərir ki, imperialist, təkəbbürlü və hegemon Amerika dövləti uzun sürən bu mübarizədə qətiyyətli, vüqarlı və qüdrətli İran xalqı qarşısında məğlubdur”.

“34 ildir davam edən bu qələbənin dəlillərinin dərk olunması və onun vacib şərtlərinin mübarizənin gələcək mərhələlərində qorunub saxlanması olduqca əhəmiyyətlidir” –deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Güclü əzm və iradəyə malik olan, qətiyyətli bir xalq elm, təbliğat və maliyyə imkanları zahirən ona nisbətən daha geniş olan bir rəqib qarşısında Allaha təvəkkül edib müqavimət göstərir, bu yolda malını, canını və nüfuzunu əldən verməkdən çəkinmirsə, heç şübhəsiz, ən böyük və ağır mübarizələrdən qalib çıxacaqdır”.

İran xalqı ilə Amerika arasındakı qarşıdurmanın hələ davam edəcəyini və İran xalqını daha da möhkəmlədəcəyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu qarşıdurmada qarşı tərəfdən daim ehtiyatlı olmaq, bir an belə olsun onu diqqətdən yayındırmamaq lazımdır. Belə ki əgər biz qəflət və arxayınçılığa qapılsaq, məğlub olarıq”.

Mətinlik və Allaha təvəkkülün bu böyük mübarizənin vacib şərtlərindən olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Ölkənin elm, quruculuq, idarəetmə və ticarət sahələrində inkişafı naminə mümkün qədər çalışıb hərtərəfli səy göstərmək də bu mübarizənin tələblərindəndir. Bunlar ölkənin çiçəklənməsi və qalibiyyəti üçün zəmin yaradan amillərdir”.

Birlik və həmrəyliyin də son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər vurğuladı: “Zərərli hallardan biri də rəsmilər arasında yaşanan ixtilaflar və bundan daha pisi, həmin ixtilafların xalqın gözləri önünə daşınmasıdır”.

O əlavə etdi: “Mən rəsmilərə və hakimiyyətin üç qolunun başçılarına xəbərdarlıq edirəm ki, diqqətli olsunlar və aralarındakı ixtilafları xalq arasında müzakirəyə çıxarmasınlar”.

Ali Rəhbərliyin hakimiyyətin üç qolunun başçılarını bu vaxta qədər dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Son dövrdə aparılan məktublaşmalar və onların mövzusu əsla mühüm deyil. Lakin bu rəy müxtəliflikləri xalq arasına daşınmamalı, xarici media və düşmənlərin hay-küy və ajiotaj yaratması üçün materiala çevrilməməlidir”.

O vurğuladı: “Hər kəs öhdəsinə düşən məsuliyyətə və hazırkı həssas şəraitə qarşı diqqətli olmalıdır”.

Regionda gedən proseslərin, İran xalqının elmi nailiyyətlərinin və günü-gündən artan təsir gücünün düşməndə əsəb və aqresiya doğurduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu şəraitdə düşmənin işlətdiyi hiyləgər metodlardan biri də öz nüfuzetmə yollarından istifadə edərək ixtilaf salmaqdır. Odur ki hamı diqqətli olmalı, ixtilaf və ikitirəlikləri minimuma endirməlidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Rəy müxtəlifliyi təbiidir, lakin bu, əməldə ixtilafa, xalqın gözü önündə bir-birinin yaxasından yapışıb əlbəyaxa olmaq səviyyəsinə gəlib çatmamalıdır”.

O vurğuladı: “Bu gündən seçki gününə qədər ixtilafları xalq arasına çəkib gətirmək, insanların emosiyalarından bu ixtilaflar üçün istifadə etmək istəyən hər kəs, heç şübhəsiz, vətənə xəyanət etmiş olacaq!”

Ölkə rəsmilərinin zəhmətkeş və canıyanan olduqlarını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəsmilər iş görməyə, xalqa xidmət etməyə çalışırlar. Əlbəttə, bəzən müəyyən məqamlar nəzərdən qaçır, lakin ümidvaram ki, Uca Yaradan xalqa xidmət etmək istəyən insanların bu niyyətinə görə, İran xalqına bütün meydanlarda uğur qazandıracaq. Sözsüz ki, bu, elə belə də olacaq!”

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Qədir-Xum İslamın dini hakimiyyətin bərqərar olunmasının ən mühüm dayağı kimi, imamətə, dini rəhbərliyə xüsusi diqqətlə yanaşdığını  göstərən prinsipial bir hadisədir. O vurğuladı: “Qədir-Xum hadisəsinin gerçək mahiyyəti düzgün açıqlansa, bu, müsəlmanlar arasında vəhdət yaradacaq bir faktor ola bilər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /