Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dini ağıl, əxlaq və hüququ düzgün həyat mədəniyyətinin başlıca mənbəyi hesab edir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şimali Xorasanda yaşayan minlərlə tələbə və şagirdlə, həmçinin digər gənclərlə bu gün (bazar günü) səhər baş tutan izdihamlı görüşündə qeyd etdi ki, həyat tərzi islami tərəqqinin, yeni İslam sivilizasiyasının formalaşdırılmasının əsas və gerçək aspektidir. O, intellektual elitanın nümayəndələrini bu mühüm məfhuma diqqət yetirməyə, İrandakı həyat tərzinin risk kəsb edə biləcək tərəflərini dəyərləndirməyə və bu istiqamətdə çarə axtarmağa dəvət edərək vurğuladı: “Elm, iqtisadiyyat və sənayenin inkişafı İslam sivilizasiyasının maddi aspektini təşkil edir. Bunlar düzgün həyat tərzi və mədəniyyətini əldə etmək, gerçək asayiş, təhlükəsizlik, yüksəliş və tərəqqiyə çatmaq üçün bir vasitədir”.

Tərəqqi anlayışının hərəkət, irəliləyiş kursu və təşəkkül prosesi ilə assosiasiya olunduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ardıcıl tərəqqi məfhumunun istənilən – həm maddi, həm də mənəvi kontekstində həyat tərzi, sosial davranışlar və yaşam üslubu böyük əhəmiyyət kəsb edir”.

Həyat tərzinin əhəmiyyətini daha geniş açıqlamaq üçün Həzrət Ayətullah Xamenei bu məfhumun yeni İslam sivilizasiyasındakı mövqeyini şərh edərək dedi: “Əgər hərtərəfli inkişafı yeni İslam sivilizasiyasının quruculuğu mənasında götürsək, bu sivilizasiyasının iki: maddi və həqiqi – gerçək aspekti olacaq. Həyat tərzi onun həqiqi aspektini təşkil edir”.

Yeni İslam sivilizasiyasının hər iki aspektini reallaşdırmağın vacib olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu sivilizasiyanın maddi tərəfini – texniki avadanlıqlarını hazırkı şəraitdə inkişaf göstəriciləri kimi qəbul olunan məsələlər – elm, ixtiralar, iqtisadiyyat, siyasət, beynəlxalq nüfuz və s. təşkil edir”.

O dedi: “Bu sahədə, əlbəttə ki, gözəl nailiyyətlər əldə etmişik, lakin bütün bunların sivilizasiyanın həqiqi aspektinə, belə desək, proqram təminatına – yəni həyat tərzi və üslubuna yetişmək üçün bir vasitə olduğuna diqqət yetirmək lazımdır”.

Həyat tərzi və mədəniyyəti anlayışını ətraflı açıqlayan Həzrət Ayətullah Xamenei ailə, nikah, yaşayış yeri, geyim tərzi, istehlak göstəricisi, əyləncə, məşğulluq, habelə müxtəlif mühitlərdə fərdi və ictimai davranışlar kimi məsələlərə toxunaraq dedi: “Əslində, həyat tərzi insan həyatının mahiyyətini təşkil edən bütün məsələləri ehtiva edir”.   

İslam dininin həyat tərzi və mədəniyyəti anlayışına dərin diqqət yetirdiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “İslam təlimlərində həyat müdrikliyi termini özünün kompleks mənasında həyat tərzi və mədəniyyətinə sinonimdir. Qurani-Kərimdə də bu mövzuda bir sıra ayələr var”.

Yeni İslam sivilizasiyası quruculuğunun həqiqi müstəvisində, yəni həyat tərzi və mədəniyyəti müstəvisində inkişaf etmədən bu böyük sivilizasiyanın hədəflərini gerçəkləşdirməyin qeyri-mümkün olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Təəssüflər olsun ki, biz bu sahədə o qədər də diqqətəlayiq uğur qazanmamış, birinci müstəvidə – yəni elm, sənaye və sairdə olduğu kimi inkişaf etməmişik”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İran cəmiyyətinin həyat tərzi və mədəniyyəti müstəvisində inkişaf etməməsinin səbəblərini, bunun doğura biləcəyi riskləri dəyərləndirmək vacibdir. O, universitetlərin və teoloji mərkəzlərin elm xadimlərini, siyasət və fikir adamlarını, təhsil və mədəniyyət sahələrinə aid olan qurumları, həmçinin gəncləri bu istiqamətdə fəaliyyətə keçməyə dəvət edərək dedi: “Bu məsələdə hamımız təhlükəni lazımınca dərk etməli, riskləri dəyərləndirmək, çıxış yolları və çarələr axtarıb tapmaq üçün ciddi səy göstərməliyik”.

O həmçinin əminliyini ifadə edərək dedi: “Cəmiyyətimizdə bu istiqamətdə diskurs əmələ gəlsə, gənclərin yüksək əhval-ruhiyyəsini və istedadını nəzərə alaraq demək olar ki, İran xalqının bu sahədə də parıltısı, hökmən, dünya ictimaiyyətinin diqqətini cəlb edəcək!”

“Həyat tərzi” mövzusunun ölkənin leksikonunda və diskursiv atmosferində yeni olduğunu nəzərə alan Ali Məqamlı Rəhbər söhbətini risklərin dəyərləndirilməsinə konkret misallarla davam etdirərək ortaya çoxsaylı suallar qoydu.     

Nə üçün İranda kollektiv əmək mədəniyyəti zəifdir? Nə üçün ictimai münasibətlərdə qarşılıqlı hüquqlara riayət olunmur? Nə üçün bəzi regionlarda boşanmaların sayı artıb? Nə üçün sürücülük mədəniyyətində nizam-intizama lazımınca riayət olunmur? Şəhər evində yaşamanın tələbləri hansıdır və onlara riayət olunurmu? Sağlam əyləncənin meyarları hansılardır? Gündəlik münasibətlərdə həmişə bir-birimizə düzünü söyləyirikmi? Yalan cəmiyyətdə nə qədər geniş yayılıb? İctimai münasibətlərdə rast gəlinən bəzi anlaşılmazlıqların, insanların bir-birinə güzəştə getməməsinin səbəbi nədir? Geyimlərin dizaynı və şəhərlərin memarlıq üslubu nə dərəcədə məntiqi və ağlabatandır? KİV və internetdə insanların hüquqlarına riayət olunurmu?  Bəzi insanlarda və sferalarda təhlükəli bir mərəz olan qanundan yayınmanın özünü büruzə verməsinin səbəbi nədir? Cəmiyyətimizdə əmək vicdanı və sosial intizam nə səviyyədədir? Daxili məhsullarda keyfiyyətə diqqət nə dərəcədədir? Nəyə görə bəzi yaxşı ideyalar sözlər və xəyallar səviyyəsində qalır? Qurumlarda faydalı iş saatları nə üçün azdır? Ribanın kökünü kəsmək üçün nə etməliyik? Ailələrdə ər, arvad və övladların qarşılıqlı hüquqlarına tam riayət olunurmu? Nə üçün bəziləri yerli-yersiz pul xərcləmələri ilə fəxr edirlər? Qadının həm ailədə nüfuz və ehtiramını qoruyub saxlaması, həm də ictimai vəzifələrini yerinə yetirə bilməsi üçün nə etməliyik?

Ali Məqamlı Rəhbər yuxarıdakı sualları sadaladıqdan sonra dedi: “Onlarla digər sual və problemlər də var ki, hamısının həlli həyat tərzi və mədəniyyəti ilə əlaqəlidir. Məhz bu məsələlərin insan həyatında kəsb etdiyi əhəmiyyətə görə də hər bir sivilizasiya haqqında mühakimə yürüdərkən onun həyat tərzi və mədəniyyəti müstəvisində nə qədər inkişaf etdiyinə diqqət yetirilir”.

Həzrət Ayətullah Xamenei həyat tərzi və mədəniyyətinin faktiki əhəmiyyətini açıqladıqdan sonra İslam dini baxımından bu məsələnin əsas prinsiplərinə toxunaraq dedi: “İslam dini ağıl, əxlaq və hüququ düzgün mədəniyyətin əsas mənbəyi hesab edir. Biz də bu prinsiplərə ciddi diqqət yetirməliyik. Əks təqdirdə islami tərəqqiyə, yeni İslam sivilizasiyasının formalaşmasına nail ola bilməyəcəyik”.

Həyat tərzinin necə formalaşdığını izah edən Ali Məqamlı Rəhbər dedi: “Bizim həyatı necə dərk etməyimiz həyat tərzimizin formalaşmasına təsir göstərir. Həyatımız üçün müəyyən etdiyimiz hər bir hədəf yaşayış tərzimizə xüsusi bir üslub, çalar verir”.

“İstənilən ictimai, siyasi, iqtisadi məktəb və nəzəriyyə müəyyən olunmuş əsas hədəfin reallaşması üçün o hədəfə inanmağı əsas şərt hesab edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ciddi inam və səy olmadan heç bir hədəf reallaşa bilməz”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, Qərbdəki bəzi psevdo-filosofların və onların ölkə daxilindəki ardıcıllarının bəzi qondarma ideyalarına toxunaraq əlavə etdi: “Bu şəxslər cəmiyyəti məktəb və ideologiyalarla idarə etməyin qeyri-mümkün olduğunu deyirlər. Lakin sivilizasiya quruculuğu sahəsindəki bütün təcrübələr göstərir ki, böyük ictimai hərəkatları istiqamətləndirən və idarə edən amil ideoloji məktəblərdir, məktəb və ideologiya olmadan, rəhbər tutduğun ideologiyaya inanmadan, zəhmət çəkib lazımi itkilərə qatlaşmadan heç bir sivilizasiya gerçəkləşə bilməz”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, bəzi ölkələr Qərb mədəniyyətini təqlid edirlər. Onların bəzi zahiri uğurları da ola bilər, amma təqlidçiliyin sonsuz zillətinin gətirdiyi ziyanlar onlara ciddi zərbələr vurur və köklərini məhv edir. Odur ki bir tufan qalxsa, qarşısında duruş gətirmək iqtidarları yoxdur”.

Ali Məqamlı Rəhbər dedi: “Bu təqlidçi ölkələrdən fərqli olaraq, Qərb mədəniyyətinin qarşılığında tövhid məktəbini seçən xalqlar həm gerçək və hərtərəfli tərəqqiyə nail olur, həm də onların məfkurəsini və mədəniyyətini dünyaya yayan dərin və köklü bir sivilizasiya qururlar”.

Psevdo-ziyalı ortamlarda İran xalqını ideoloji şüarlardan çəkindirənləri tənqid edən Həzrət Ayətullah Xamenei dedi: “Onlar öz qorxularını xalqa ötürmək istəyirlər, ona görə də həmişə ideoloji şüarların başağrısı, sanksiya və təhdidlər gətirdiyini deyirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu fikirlərə nikbin yanaşsaq, həmin insanların tarixdən bixəbər olduqlarını deməliyik”.

O dedi: “Həyat tərzi və mədəniyyəti məsələsində dəyərli dinimiz insanın bütün ehtiyaclarını qarşılamışdır. Universitetlərin və teoloji mərkəzlərin bilim adamları fiqh və hüquq sahələrində tədqiqatlar aparmaqla yanaşı, İslam əxlaqı, rasionalizm və İslamda bəyənilən davranış tendensiyası mövzularında da ardıcıl və keyfiyyətli işlər görməlidirlər ki, bu işlərin nəticəsi planlama və gələcək nəsillərin təlimi üçün əsas olsun”.

Həzrət Ayətullah Xamenei bugünkü mühüm çıxışını daha bir başlıca məqama – Qərb sivilizasiyasına xas həyat tərzinin təqlidindən tam olaraq çəkinməyin vacibliyinə toxunaraq davam etdirdi.

O dedi: “Biz, əlbəttə ki, hər şeydə Qərbin əleyhinə çıxmaq niyyətində deyilik. Lakin araşdırma və tədqiqatlara əsaslanaraq deyirik ki, Qərbi təqlid etmək heç bir xalqa xeyir gətirməyib”.

Ali Məqamlı Rəhbər son bir neçə əsrin dəfələrlə təkrarlanmış təcrübələrinə istinadən dedi: “Qərb mədəniyyəti, bir qayda olaraq, təcavüzkar mədəniyyətdir və hər hansı bir dəlillə hər hansı bir ölkədə yayıldığı təqdirdə tədricən həmin xalqın mədəniyyətini və kimliyini məhv edir”.

Böyük günah olan homoseksualizmin Qərbdə adi hal aldığına, ailələrin dağıldığına, habelə Qərbdə və Qərb mədəniyyətini təqlid edən ölkələrdə rast gəlinən başqa dərin böhran və problemlərə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Zahiri inkişaf Qərb mədəniyyətinin xarici örtüyüdür, onun batinini isə maddiyyatçı, şəhvətpərəst, günah doğuran, qürur və heysiyyəti məhv edən, mənəviyyata zidd həyat tərzi təşkil edir”.

Ölkədə bəzi həyat sferalarında Qərb mədəniyyətinin təqlid olunduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Lazımi mədəniyyət yaratmaqla tədricən bu məsələnin yoluna qoyulması istiqamətində hərəkətə keçmək lazımdır”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər Qərbin incəsənətdən, xüsusilə də vizual sənətlərdən və kinodan geniş şəkildə sui-istifadə etdiyini qeyd edərək dedi: “Qərb siyasətinin başında duranlar bu metoddan istifadə etməklə başqa cəmiyyətlərdə istədikləri kimi zövq formalaşdırmaq, Qərbə xas həyat tərzini təbliğ etmək məqsədi güdürlər”.

Aparılmış araşdırmalara istinad edən Həzrət Ayətullah Xamenei dedi: “Onlar sosioloq, psixoloq və tarixçilərdən istifadə edərək konkret layihələrlə xalqların, özəlliklə də müsəlman xalqlarının zəif cəhətlərini araşdırır, həmin xalqların üzərində ağalıq etməyin yollarını öyrənib film-meykerlərə xüsusi filmlər sifariş verirlər. Bu məsələdə bütün rəsmilər və sadə xalqın nümayəndələri diqqətli olmalı, özlərinin və ölkənin əsl mədəniyyətini qorumalıdırlar”.

Ali Məqamlı Rəhbər daha bir məqama toxunaraq həm səthilikdən, həm mürtəcelikdən, həm də sekulyarizmdən çəkinmək lazım olduğunu qeyd etdi. O dedi: “Bəzi çıxışlar və təbliğatlar zahirən xarakter daşıyır, lakin onların mahiyyətində dinin gündəlik həyatdan ayrı olması fikri yatır”.

Çıxışını yekunlaşdıran Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İslam İnqilabı qarşısındakı bütün maneələri aradan götürmək, bütün dünyanın gözləri önündə gözəlliyi ilə bütün mədəniyyətlərdən seçilən, ali və möhtəşəm bir İslam sivilizasiyası qurmaq üçün kifayət qədər böyük güc, enerji və potensiala malikdir”.

Görüşün əvvəlində aşağıda adları sadalanan şəxslər çıxış edərək universitetlər, siyasət, mədəniyyət və ictimai həyatla bağlı müxtəlif məsələlər haqda fikir bildirdilər:

- Seyid Mustafa Nəcəfiyan – Şimali Xorasan vilayəti üzrə riyaziyyat olimpiadasının birinci, ədəbiyyat olimpiadasının ikinci yer sahibi;

- Məhbubə Rzayian – Bocnurd Tibb Elmləri Universitetinin tələbəsi, nümunəvi tələbə;

- Mehdi Qənnad Şirvan – Beynəlxalq İxtiralar Müsabiqəsinin qızıl medalçısı;

- Kətayun Yəzdani – Ziyalılar Təşkilatının üzvü, Quran bilicisi, Xarəzmi Festivalının vilayət üzrə üçüncüsü;

- Milad Hüseynpur – inşaat fakültəsinin tələbəsi, Bocnurd Tələbə Bəsici Təşkilatının sədri.

Natiqlər aşağıdakı məsələlərə toxundular:

- Tələbə və şagirdlərin mənəvi-psixoloji inkişafı üçün effektiv proqramların hazırlanması;

- Elmi cihadın ön sıralarında yer alma, gözüaçıqlığın artırılması və internet məkanında effektiv iştirak sayəsində şagirdlərin soyuq müharibəyə qarşı müqavimət hazırlığının artırılması;

- Yeni fikir və ideyaların istehsalını təmin etmək üçün fəal tədqiqat mərkəzlərinin yaradılması zərurəti;

- Rəsmilərin tənqidlərə daha açıq olmasının, tələbələrlə müstəqim surətdə əlaqədə olmalarının vacibliyi;

-  Quran şəhərinin yaradılması təklifi;

- Təhsil Nazirliyi nəzdində istedadların üzə çıxarılması və yetişdirilməsi şəbəkəsinin yaradılması;

- Araşdırma xarakterli kitabların yazılması, sənaye və təhsilin yaxınlaşdırılması;

- Şagird təşkilatlarında məsul vəzifələr tapşırmaqla şagirdlərdə ibtidai təhsil dövründən vəzifə məsuliyyəti hissinin gücləndirilməsi;

- Şimali Xorasan vilayətində cihad düşərgələrinin gücləndirilməsi və “Ruhanilərin hicrəti” layihəsinin icrasına daha ciddi diqqət yetirilməsi;

- Şimali Xorasan vilayətində yüksək ranqlı rəsmilərin yerli əhaliyə mənsub şəxslər arasından seçilməsi;

- Rəsmilərin işlərə zəif nəzarət etmək, təqsiri başqasının boynuna atmaq, seçki ilə bağlı ixtilaflara baş qoşmaq əvəzinə, xalqın problem və narahatlıqlarına ciddi diqqət yetirmələri;

- İslami oyanışın nəticəsi olaraq yaranmış şəraitdə İslam sivilizasiyasını dirçəltmək üçün kompleks modelin irəli sürülməsi;

- Şagirdlərin müxtəlif ehtiyaclarını nəzərə alaraq, orta məktəblərdə müxtəlif istiqamətli təşkilatların yaradılması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /