Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Onlar İran xalqını danışıqlar masası arxasında təslim etmək istəyirlər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şimali Xorasan əhalisinin müxtəlif təbəqələrindən seçilmiş nümayəndələr və vilayətin administrasiya rəsmiləri ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə xalqa təmənnasız xidmətin ölkə rəsmiləri ilə üçün ilahi nemət olduğunu qeyd etdi. O, Qərb mediasının İrana tətbiq olunan sanksiyaların səbəbləri ilə bağlı yürütdüyü siyasi-təbliğat hiyləsinə toxunaraq vurğuladı: “Qərbin təkrar-təkrar söylədiyi yalanlara rəğmən, biz müxtəlif problemlər, o cümlədən nüvə məsələsi ilə bağlı danışıqlar masasını tərk etməmişdik ki, yenidən ora geri qayıtmalı olaq. Onlar, əslində, İran xalqını təslim etməyə çalışırlar, amma buna gücləri çatmaz”.

Xalqa xidmətin həqiqi iftixar olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Böyük din alimləri zikr, ibadət və təvəkkülü həddən artıq vurğulamaqla yanaşı, bəzən xalqa xidməti digər ibadətlərdən üstün tutmuşlar”.

O, xalqa xidmət edən hər kəsə – həm hökumət rəsmilərinə və ölkə rəhbərliyinə, həm də xalqın iqtisadiyyatına, mədəniyyətinə və dininə qeyri-rəsmi formada xidmət edən şəxslərə bu ilahi lütf üçün şükür etməyi tövsiyə edərək dedi: “Xalqa xidmətdə bütün təbəqələrə eyni gözlə baxın və heç kəsin arasında fərq qoymayın”.

Xalqa xidmət işində yüksək və ikiqat əzmin daha artıq bərəkət gətirdiyini qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “İkiqat əzm ikiqat zəhmət tələb edir. Eyni zamanda ikiqat zəhmət də təkcə çox işləməklə məhdudlaşmır. Burada keyfiyyətli, dəqiq, planlı, professional araşdırmalara əsaslanan, ardıcıl, davamlı və məsləhətli surətdə görülən iş nəzərdə tutulur”.

Ölkənin gərgin əməyə, zəhmətə ciddi ehtiyac duyduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Düşmən hər dəfə ölkədə bir zəifləmə hiss edəndə ruhlanır, hücuma keçməyə, təzyiq göstərməyə hazırlaşır.  Böyük və effektiv bir işin həyata keçirildiyini görəndə isə ümidi qırılmış vəziyyətdə bu uğuru kölgə altına salmağa çalışır. Odur ki hamı, xüsusilə də ölkə administrasiyası və rəsmilər ardıcıl zəhmət və səyləri ilə cəmiyyətdə ümid və sevinc əhval-ruhiyyəsini gücləndirməlidirlər”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı bir daha aşağıdakı reallığı xatırlatdı: pessimizm, yorğunluq və ixtilafdan xəbər verən hər bir davranış, heç şübhəsiz, ölkənin maraqlarına, milli inkişaf və qürura ziyandır.

“Düşmənin bütün təzyiqlərinə, təhdidlərinə və məkrli planlarına rəğmən, İranın son 33 ildə on dəfələrlə inkişaf edib çiçəklənməsi ölkədə daxili, konstruktiv və gerçək bir potensialın mövcud olduğunu göstərir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Göz önündə olan bu inkaredilməz reallıq onu göstərir ki, düşmənlərlə qarşıdurmada biz əlidoluyuq və onlara qalib gələ bilərik”.

Dünyanın hegemon dövlətlərinə qarşı sözlə mübarizə baxımından gözəl irəliləyişlərin əldə olunduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Düşmənlə savaş meydanlarından biri də beynəlxalq danışıqlar arenasıdır. Bu gün rəsmilərimiz müxtəlif danışıq masaları arxasında və tribunalarda düşünülmüş, hərtərəfli, maraqlı və düzgün fikirlər səsləndirirlər”.

Qərbə və Avropaya aid əksər mediaların sionistlərin əlində olduğunu xatırladan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu medialar elə formada xəbərlər hazırlayır, fikrin istiqamətini istədikləri səmtə elə yönəldirlər ki, hətta Qərb siyasətçiləri də onların təsiri altına düşürlər və bu, olduqca əhəmiyyətli bir məqamdır”.

Qərb-sionist medialarında geniş surətdə aparılan təbliğata toxunan Həzrət Ayətullah Xamenei dedi: “Onlar öz yalan təbliğatlarında daim deyirlər ki, İrana təzyiq göstərmələrinin səbəbi İslam Respublikasını danışıqlar masasına geri dönməyə məcbur etməkdir. Biz müxtəlif problemlər, o cümlədən nüvə məsələsi ilə bağlı danışıqlar masasını nə vaxt tərk etmişik ki, indi ora geri dönməyimizə ehtiyac olsun?”

O, əlavə etdi: “Bu siyasi təbliğat formulunu işlədənlərin əsl məqsədi İran xalqını danışıqlar masası arxasında təslim etməkdir. Onlara sözümüz budur: siz mübariz, müdrik və uzaqgörən İran xalqını öz istəkləriniz qarşısında diz çökdürmək üçün cılızsınız!”

Ali Məqamlı Rəhbər dedi: “Avropanın rəsmiləri müstəmləkəçiliyin hegemonluq etdiyi 19-cu əsrin atmosferi ilə yaşayırlar, amma bilsinlər ki, İran xalqının və rəsmilərinin zorakılıq qarşısında təslim olmaması onları bir sıra problemlərlə üz-üzə qoyacaq”.

“Daxildən möhkəmlənmə zahirən möhkəmlənmə və güclənməyə səbəb olur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Məhz bu möhkəmliyə görə də bu gün İslam Respublikasının dünyaya ünvanladığı yeni mesajlar, o cümlədən dinə əsaslanan xalq hakimiyyəti və zorakılıqla mübarizə xalqların hərəkatına təsir göstərib və bu, imperialistləri çaş-baş vəziyyətə salıb. Allahın fəzli ilə, bu tendensiya davam edəcək!”

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei Şimali Xorasan rəsmilərini vilayətin ümumi vəziyyətini yaxşılaşdırmaq üçün ardıcıl fəaliyyət proqramları hazırlamağa və onların icrası istiqamətində durmadan çalışmağa dəvət edərək dedi: “Şimali Xorasanın gözəl insan və təbiət resursları, əlverişli iqlimi onu göstərir ki, rəsmilərin ardıcıl planlama aparacağı, əzm və zəhmət nümayiş etdirəcəyi, xalqın isə onlara dəstək olacağı təqdirdə, bu region ölkənin on qabaqcıl vilayəti sırasına daxil ola, Şimali Xorasanın imanlı və sadiq əhalisinin layiqli səviyyədə həyat sürməsi üçün şərait yarana bilər”.

Ali Məqamlı Rəhbər Şimali Xorasanın inkişafına nail olmaq üçün rəsmilərin ardıcıl əməyinin, müvafiq proqramlar üçün konkret müddətin təyin olunmasının, prioritetlərin müəyyən edilməsinin vacib şərtlər olduğunu qeyd edərək dedi: “Münasib zəminin mövcud olduğunu nəzərə alaraq demək olar ki, əkinçilik vilayətin başlıca prioritetidir”.

Həzrət Ayətullah Xamenei əkin torpaqlarının inteqrasiyasının vilayətin inkişafı istiqamətində effektiv addım ola biləcəyini qeyd edərək dedi: “Əkinçilik və bağçılığın sənayeləşdirilməsi və modernləşdirilməsi, emal sənayesinin yaradılması, distribusiya və ticarət strukturunun qurulması vilayətin inkişaf tempini sürətləndirə bilər”.

Ali Məqamlı Rəhbərin Şimali Xorasan vilayətinin inkişafı, mövcud problemlərin həlli ilə bağlı rəsmilərə verdiyi digər tövsiyələr sırasında sənayeyə diqqət ayrılması, vilayətdəki geniş turizm imkanlarından istifadə üçün proqramların hazırlanması, vilayətin İmam Rza (ə) hərəminin ziyarətinə gələn milyonlarla insanın yolu üstündə yerləşmək kimi bir üstünlüyündən istifadə, tədqiqat və araşdırma məsələlərinə xüsusi önəm verilməsi də yer alırdı.

Görüşün əvvəlində aşağıda adları sadalanan şəxslər çıxış etdilər:

- Dr. Aşuri – Firdovsi adına Məşhəd Universitetinin rektoru, ölkənin nümunəvi müəllimi;

- Gəldi Axund Kəmali – Şimali Xorasanda yaşayan sünni təriqətli əhalinin nüfuzlu din xadimi;

- Dr. Cəfəri – azadə, İslami Şura Məclisinin üzvü;

- Dr. Höccətullah Rəbbaninəsəb – Şimali Xorasan vilayətindəki Aqrar Tədqiqatlar Mərkəzinin sədri, birinci dərəcəli elmi tədqiqatçı;

- Əhmədi Biğəş – Şimali Xorasanın valisi;

Natiqlər aşağıdakı məqamları vurğuladılar:

– Vilayət əhalisinin hərtərəfli iqtisadi, sosial, mədəni və siyasi inkişaf naminə istənilən sferada iştirak üçün hazır olması;

– Vilayət administrasiyasında tez-tez dəyişikliklər edilməsinin tənqidi;

– Məşğulluq və investisiya üçün təsdiqlənən büdcənin işsizlikdən doğan problemlərin həllinə istiqamətləndirilməsi;

– Bazarda alver-edən insanların, sənətkarların və tacirlərin bədxah düşmənə qarşı çıxan xalqla həmrəy olması;

– Malların distribusiyası zəncirinin gücləndirilməsi, İran məhsullarından istifadənin genişləndirilməsi, şəhər bələdiyyələrinin vilayətin kommersiya məkanlarının genişləndirilməsinə diqqət ayırmasının vacibliyi;

– Ali Məqamlı Rəhbəri qarşılama mərasimində və digər görüşlərdə sünni təriqətli əhalinin həvəslə iştirak etməsi;

– Şiə və sünnilər arasında birlik və qardaşlığın vurğulanması, məzhəb və etnik mənsubiyyət zəminində hər cür ixtilaflara qarşı mübarizə aparılması;

– Vilayətin bərabər və infrastruktur inkişafı;

– Müqavimət iqtisadiyyatının dayaqlarından biri kimi, kənd təsərrüfatı sahəsinə xüsusi investisiya qoyuluşu;

– Vilayətin kənd təsərrüfatı ilə bağlı üstünlüklərinə diqqət yetirilməsi;

– Vilayətin inkişafı ilə bağlı strateji planın işlənib hazırlanması;

– “Mehr-e mandeqar” və “Məskən-e mehr” layihələrinin, o cümlədən hökumətin vilayətlərə səfərləri zamanı qəbul edilmiş qərarların icrası istiqamətində ciddi işlərin həyata keçirilməsi;

– Yolların və kommunikasiya qovşaqlarının, su, qaz və işıq təminatı layihələrinin tamamlanması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /