Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bəsic xalqımız üçün uğurlu və qürurlu gələcəyə qapı açan qızıl açardır!

Şimali Xorasan vilayətinə səfərinin 6-cı günündə – bu gün (bazar ertəsi) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri vilayətin minlərlə bəsicisi ilə görüşdü. Çıxışı əsnasında o vurğuladı: “Bəsic qızıl açardır, Yaradanın İran xalqına hədiyyəsidir. Bu günə qədər o, bir çox düyünləri açdığı kimi, gələcəkdə də ölkənin və cəmiyyətin ehtiyac duyduğu mühüm məsələləri irəli aparacaq”.

Bəsici İslam dövlətinin mühüm və uğurlu təcrübələrindən biri adlandıran Həzrət Ayətullah Xamenei bu öyrədici təcrübənin xüsusiyyətlərini daim araşdırmaq və dərindən öyrənmək lazım olduğunu bildirərək dedi: “Bəsic misilsiz bir təzahürdür. Müəyyən mənada, o, İslam İnqilabının qələbəsindən öncə xalqın ictimai-siyasi proseslərdə fədakar iştirakında, möhtəşəm, inqilabi və səfərbərlik hərəkatında özünü büruzə vermiş və islami hərəkata qələbə qazandırmışdır”.

Bəsicin – geniş yayılmış mənasında – inqilabın əkizi olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, son əsrlərin digər iki böyük inqilabında: Fransa İnqilabı və keçmiş Sovetlərin Oktyabr İnqilabında da böyük xalq kütləsi iştirak etmişdi, lakin İran xalqının bəsici özünəməxsus xüsusiyyətlərə malik olmuşdur”.

Ali Məqamlı Rəhbər bu xüsusiyyətlər sırasında təşkilatlı surətdə fəaliyyət göstərməni qeyd edərək dedi: “Bəsicin təşkilatlı surətdə fəaliyyət göstərməsi bu böyük xalq hərəkatının doğru yoldan çıxmamasına, sapınmalardan və əyintilərdən qorunmasına yardımçı oldu”.

Ali Məqamlı Rəhbər bəsicin digər mühüm xüsusiyyətləri sırasında imanı, dini vəzifəyə əsasən hərəkət etməyi qeyd edərək dedi: “Digər inqilablarda xalqın iştirakı, bir qayda olaraq, emosiyalara əsaslandığı üçün əksər məsələlərdə səhv davranışlara və qarşıdurmalara meyllənirdi. Bəsicin dərin imanı isə kütlənin bu təşkilatlanmış hərəkatının bəşəri emosiyalara malik olmaqla yanaşı, Haqqın doğru yolu ilə getməsinə səbəb oldu”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqın bütün təbəqələrinin iştirakı bəsicin digər bariz və özünəməxsus xüsusiyyətidir.

O dedi: “Şəhərli, kəndli, yeniyetmə, ahıl, kişi, qadın, savadlı, savadsız, müəllim, tələbə, yazıçı, şair, mütəxəssis, fəhlə, sənətkar, həkim, ixtiraçı – xalqın bütün təbəqələrinin nümayəndələri bu möhtəşəm, heyrətamiz, sirlərlə dolu toplumda fəal iştirak edirlər”.

Ali Məqamlı Rəhbər bəsicə xas xüsusiyyətlərdən üçüncüsü kimi, “ayağı üzəngidə olmaq” – yəni işə keçmək üçün daim hazır olmaq xüsusiyyətini qeyd etdi.

33 il ərzində bəsicin bütün sferalarda iştirak etdiyinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Vaxt ötdükcə bəsicilərin birinci nəsli yaşlanıb. Buna baxmayaraq, müstəsna bir fenomen olan bəsic yeni gələn nəsillərin ardıcıl iştirakının bərəkəti sayəsində, elə həmin gənclik təravəti, enerji və təşəbbüskarlıqla  öz saf həyatını davam etdirir”.

Bəsicin ölkənin və xalqın müqəddəratında oynadığı həlledici rolu daha aydın izah etmək üçün Həzrət Ayətullah Xamenei hamını bu reallıq haqqında dərindən düşünməyə dəvət etdi: nəyə görə sözlərini və davranışlarını İsrailin təbliğatına əsasən tənzimləyənlər ilk növbədə bəsicin əleyhinə çıxırlar?

O dedi: “İran xalqının və İslam Respublikasının uğurlu və qürurlu gələcəyini həzm edə bilməyənlər bu işıqlı gələcəyə qapı açacaq qızıl açarı – yəni bəsici xalqın gözündə kiçiltməyə çalışırlar. Lakin xalqın müdrikliyinin və sayıqlığının bərəkəti sayəsində, onlar buna müvəffəq olmayacaqlar!”

Bəsicin spesifik xüsusiyyətlərini araşdırmağın, bu xüsusiyyətlərin cəmiyyətin təfəkkür tərzinə və mədəniyyətinə çevrilməsi üçün çalışmağın vacib olduğunu bildirən Ali Məqamlı Rəhbər eyni zamanda bəsicilərə xitabən dedi: “Bəsic sıralarında olmaq fəxrdir, bir şərtlə ki bu sıralara qoşulmaq üçün zəruri olan meyarları özündə qoruyub saxlaya və gücləndirəsən”.

Bəsicilərin daim özlərini inkişaf etdirməli olduqlarını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təqva, günahdan uzaq olmaq, Vahid Allahın dərgahına diqqət yönəldib, qarşısında dua və yalvarış etmək bəsicilərin vacib xüsusiyyətləridir. Bu xüsusiyyətlər mənəvi cəhətdən daha da güclənməyə, daxilən və zahirən nurlanmaya, səbir və  dözümün artmasına, təşəbbüskarlığın çiçəklənməsinə və daxili potensialın aşıb-daşmasına yol açır”.

Həzrət Ayətullah Xamenei bəsicilərin özlərində gücləndirməli olduğu daha bir xüsusiyyət kimi, fədakarlığı qeyd etdi.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, gözüaçıqlıq bütün xalqın və bəsicilərin ehtiyac duyduğu olduqca mühüm və vacib keyfiyyətlərdəndir.

“Gözüaçıqlıq düşmənlə təmas nöqtəsini düzgün müəyyən etməkdir” – deyən Ali Məqamlı Rəhbər vurğuladı: “Bəziləri düşmənlə təmas nöqtəsini çaşdırır və öz topxanalarını həmin istiqamətə yönəldirlər. Halbuki oradakı düşmən yox, dostdur”.

Məhz bu baxış bucağından seçki mövzusuna keçid edən Ali Məqamlı Rəhbər bəzi fikir və davranışları tənqid edərək dedi: “Bəziləri seçkidəki rəqiblərini ən böyük şeytan hesab edirlər. Halbuki ən böyük şeytan partiya və ya seçki rəqibləri yox, Amerika və sionizmdir”.

O, əlavə etdi: “Seçkiyə qatılan şəxslər islamçılıq iddiasında olduqları, İslama və inqilaba xidmət etdikləri halda, nə üçün onların bəzi tərəfdarları qarşı tərəfi şeytan bilirlər?”

Düşmənlə təmas nöqtəsini düzgün müəyyən etməyin vacibliyini bir daha vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə, bəzən belə ola bilər ki, insan öz qiyafəsində ola, lakin düşmənin sözünü təkrarlaya. Beləsinə öyüd-nəsihət vermək, nəsihət kara gəlmədikdə isə onunla səni ayıran, aranıza sərhəd çəkən xətti – amilləri müəyyənləşdirmək lazımdır”.

Üzünü belə şəxslərə tutan Ali Məqamlı Rəhbər dedi: “Fərqli sözlərlə olsa da, İsrailinki ilə eyni olan yanaşma və hisslərlə İslam Respublikasına qarşı çıxan, İslam dövlətinə münasibətdə eynilə Amerikanın məntiqi ilə davranan sizlərin Amerika və İsraildən nə fərqiniz var?”

Dost-düşməni müəyyən etməkdə ifrat və təfritə yol verilməsini tənqid edən Ali Məqamlı Rəhbər dedi: “Bu tərəfdən bir dəstə ortaya düşüb düşmənlə də dost kimi davranır, o tərəfdən isə başqa bir dəstə kiçicik ixtilaf nəticəsində dostu da düşmən bilir”.

Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar, aşağıdakıları əlavə etdi: “Əlbəttə, ixtilaflar dərin və böyük də ola bilər, lakin heç bir halda dostu düşmən bilmək lazım deyil”.

Çıxışının son hissəsində Ali Məqamlı Rəhbər gələn il baş tutacaq seçkilərə toxunaraq bir neçə mühüm məqamı qeyd etdi.

O, bəzilərinin seçki kampaniyasına vaxtından öncə başlamasını kəskin tənqid edərək dedi: “Seçkiyə hələ çox qalıb, amma bəziləri elə indidən bu mövzunu açmağa başlayıblar. Biz bunu əsla dəstəkləmirik, çünki hər şeyi yerində və vaxtında etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei seçki ilə bağlı öz rəy və arzusu kimi üç məqamı qeyd etdi. Birincisi, xalqın seçkidə möhtəşəm iştirakı. O, bu barədə aşağıdakıları dedi: “Xalqın seçkidə genişmiqyaslı iştirakı bütün təhlükələri qarant altına alır. Elə indidən rəsmilərin bütün səyləri bu mühüm məsələyə yönəldilməlidir ki, xalq 1392-ci il xordad ayında (2013-cü il) baş tutacaq seçkilərdə genişmiqyaslı iştirak nümayiş etdirsin”.

Ali Məqamlı Rəhbər seçki ilə bağlı nəzərdə tutduğu ikinci fikir kimi, seçkinin İranın və inqilabın mənafeyinə uyğun nəticələnməsi arzusunu ifadə edərək dedi: “Hamı Allaha dua etməli və səbirsizliklə gözləməlidir ki, seçkinin nəticəsi yaxşı, İranın və İslam İnqilabının mənafeyinə uyğun olsun”.

O dedi: “Əlbəttə, bu, o mənanı vermir  ki, əgər kimsə kimisə bəyənməsə, ona qarşı etikadan kənar davrana, yaxud aqresiya nümayiş edə bilər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Özlərini layiqli namizəd hesab edənlər seçki kampaniyasına vaxtında başlamalı, xalq da onların müəyyən meyarlara uyğun gəlib-gəlmədiklərini ölçüb-biçməli, nəzərdə tutduğu şəxsin seçkidə qalib olması üçün çalışmalıdır”.

Seçki mövzusuna gələcəkdə də toxunacağını deyən Ali Məqamlı Rəhbər üçüncü məqam olaraq, aşağıdakını qeyd etdi: “Seçki ölkənin nüfuz və heysiyyəti deməkdir. Hamı ehtiyatlı olmalıdır ki, bu, ölkəni nüfuzdan salacaq bir məsələyə çevrilməsin”.

Xalqın 1388-ci (2009) ildə baş vermiş fitnəyə qarşı müqavimət göstərdiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Müəyyən insanlar həmin seçkiləri kəskin ixtilafların təzahürü kimi qələmə verməyə, seçki üçün təbii olan siyasi qalmaqalı fitnəyə çevirməyə çalışdılar. Əlbəttə ki, xalq buna qarşı çıxdı və analoji bir hal nə zaman baş verərsə, xalq ona etiraz edəcək”.

Seçkinin sağlam şəraitdə baş tutmasının əsas və əhəmiyyətli məsələlərdən olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün hökumətlərin dövründə, o cümlədən hazırkı şəraitdə biz düşünmüşük ki, rəsmilər seçkiyə dini vicdanla qatılırlar və seçki sağlam şəkildə baş tutur. Buna baxmayaraq, əlbəttə ki, seçkinin sağlam şəraitdə baş tutması üçün müxtəlif cəhətlərdən hər cür ehtiyat tədbirləri görmək lazımdır”.

Sonda Ali Məqamlı Rəhbər vurğuladı: “Allaha dua edirəm ki, bu sınağı da İran xalqı üçün mübarək etsin”.

Görüşün əvvəlində Bəsic Təşkilatının sədri briqada generalı Nəqdi aşağıdakıları vurğuladı: “Bəsicilərin hamısı Ali Məqamlı Rəhbərin elmi, mədəni, siyasi və iqtisadi cihadla, soyuq müharibə ilə bağlı gözləntilərinin reallaşması üçün ciddi səy göstərirlər”.

Həmçinin Şimali Xorasan Korpusunun komandiri II keşikçi briqada generalı Yusifəlizadə də çıxış edərək dedi: “Vilayətdə yaşayan 250 min bəsici tərbiyəvi qruplar təşkil etmək, ümumi və yerli idman növlərini, tələbə və şagird cihadı ordularını inkişaf etdirib gücləndirmək, döyüş güclərini artırmaqla müqəddəs bəsic nəslinin hədəfləri uğrunda çalışıb-vuruşur”.

Görüş güləş yarışı və ilahi mahnıların xorla oxunuşu ilə davam etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /