Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Rəsmilər bədxahların ölkədəki siyasi sabitliyi pozmasına imkan verməməlidirlər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şirvanın və ətraf məntəqələrin on minlərlə sakini ilə bu gün (bazar ertəsi) səhər izdihamlı bir atmosferdə baş tutan görüşündə İran xalqının düşmənlərinin son 30 ildə düçar olduqları uğursuzluqlara toxunaraq vurğuladı: “Rəsmilər iqtisadi məsələlərdə üç amilə: elmi yanaşmaya, tədbirli planlamaya və siyasətlərin sabit və ardıcıl şəkildə icrasına tam diqqət yetirməlidirlər ki, Allahın fəzli və xalqın sayıqlığı sayəsində, dünyanın hegemon dövlətləri İranla iqtisadi qarşıdurmada da məğlub olsunlar”.

Ali Məqamlı Rəhbər böyük və çox faydalı bir nemətə – ölkədə siyasi asayiş və sabitliyin mövcudluğuna toxunaraq dedi: “Müxtəlif ölkələrdə qeyri-sabitlik yaratmaq imperializmin riyakar siyasətləri sırasına daxildir. Lakin əziz İranımız xalqının, həqiqətən, təqdirəlayiq sayıqlığının, məlumatlılığının və gözüaçıqlığının bərəkəti, ictimai-siyasi arenada fəal iştirakı sayəsində, siyasi baxımdan nümunəvi asayiş və sabitliyə malikdir”.

“Ölkədə mövcud olan sabitlik və təhlükəsizlik istedadların çiçəklənməsi üçün gözəl bir fürsətdir və xalqların elmi, iqtisadi və siyasi marafonunda İran xalqının parlaq iştirakı üçün zəmin yaradır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı məhz bu sabitlik və təhlükəsizliyə söykənərək düşmənin bütün təhdidlərinə, sanksiyalarına və məkrli planlarına rəğmən, öz bacarığını dünyaya nümayiş etdirə bilib”.

İmperialistlərin İranda qeyri-sabitlik yaratmaq cəhdlərinə nümunələr gətirən Həzrət Ayətullah Xamenei inqilabın ilk illərində qəsdən törədilmiş etnik qarşıdurmaları, ölkənin paranoik Səddamın əli, xain qruplaşmaların dəstəyi ilə aparılan 8 illik müharibəyə zorla cəlb olunmasını, habelə 1999-cu ildə törədilmiş asayiş pozuntularını və 2009-cu il fitnəsini qeyd etdi.

O dedi: “Əlbəttə ki, xalqın sayıqlığı sayəsində, etnik qarşıdurmalar etnosların vəhdəti ilə sonuclandı, Məcburi Müharibə İran xalqının İslam, İnqilab və İran yolunda canfəşanlıq müsabiqəsinə çevrildi, digər məkrli plan və fitnələr də Əziz və Mütəal Allahın tədbiri ilə nəticəsiz qaldı”.

Ali Məqamlı Rəhbər ümumi asayiş və sabitliyi qədirbilməzcəsinə pozmağa çalışan bədxah, yaxud məlumatsız ünsürləri tənqid edərək dedi: “Xalqımız tam diqqətli və sayıqdır. Üçlü hakimiyyət qüvvələrinin rəsmiləri də tam ehtiyatlı olsunlar ki, bədxahlar ölkəmizin əzəmətli iqtidarının əlaməti sayılan mövcud asayişi poza bilməsinlər”.

Həzrət Ayətullah Xamenei gələn ilin xordad ayında keçiriləcək prezident seçkilərinə toxunaraq vurğuladı: “Seçkiyə qədər qalan müddət ərzində və seçkinin gedişatında rəsmilər bütün səylərini asayişi qorumaq, ölkənin siyasi atmosferində qarışıqlıq yaradılmasının qarşısını almaq üzərində cəmləməlidirlər”.

Ali Məqamlı Rəhbər ixtilaf və ikitirəlik yaratmaq məqsədi güdən səylərə qarşı xalqın sayıqlıq nümayiş etdirməsini təqdir edərək dedi: “Rəsmilər, siyasətçilər, xalqa səslənmək imkanına malik olan insanlar və müxtəlif sferalarda çalışan rəhbər işçilər ehtiyatlı olmalıdırlar ki, ölçülüb-biçilməmiş, ixtilafa yol açan bir söz və ya addımla ölkədəki siyasi atmosferin qarışmasına səbəb olmasınlar”.

“Dəyərli İran xalqının haqqıdır ki, rəsmiləri dayanmadan çalışıb ona hərtərəfli xidmət etsinlər” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkənin hər yerində çoxlu görülməli işlər var. Onları həyata keçirmək rəsmilərin vəzifəsidir”.

Son günlər ərzində keçirilən görüşlərdə izdihamlı surətdə iştirak etdiklərinə görə Şimali Xorasan əhalisinə səmimi təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqın, xüsusilə də gənclərin yüksək ruh və enerjisi bütün problemlərin həlli üçün zəmin yaradır. O dedi: “Sanksiyalarla xalqı cana doydurub yormaq istəyən düşmənlər bu spontan və enerji dolu izdihamları görsünlər, xalqın İslam dövlətini müdafiə əzmindən və iradəsindən ibrət götürsünlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikanın və bəzi digər dövlətlərin başçıları daim İran xalqının hakim rejimə və İslama müxalif olduğundan danışırlar. Deyəsən, onlar İran xalqı deyəndə İranda yaşayan əhalini yox, hansısa xəyali, uydurulmuş bir xalqı nəzərdə tuturlar. Əslində isə İran xalqı son günlər ərzində tarixi bir qəhrəmanlığa imza atan, düşmənin yalan danışdığını, qərəzli mühakimə yürütdüyünü nümayiş etdirən bu insanlardır”.

O, düşmənin sözlərini kor-koranə təkrarladıqlarına görə ölkə daxilində xalqa səslənmək imkanına malik olan bəzi şəxsləri tənqid edərək dedi: “Bu adamlar özləri yorulublar, amma xalqın yorulduğunu deyirlər”.

Ali Məqamlı Rəhbər rəsmilərə xitabən aşağıdakıları vurğuladı: “Xalq işləməyə, səy göstərməyə hazırdır. Xalqın iştirakı üçün meydanları hazır edib açın ki, insanların necə böyük stimul və əzmlə işə girişdiyini görəsiniz”.

O həmçinin coşqulu emosiyalarına görə Şirvanın və ətraf məntəqələrin mömin əhalisinə səmimi təşəkkürünü bildirərək qeyd etdi ki, yüzlərlə şəhid və veteranın, minlərlə bəsicinin, fəal dini heyətlərin, mədəniyyət və idman sahəsində görkəmli simaların varlığı, etnosların vəhdəti bu regionun bariz xüsusiyyətlərindəndir. O vurğuladı: “Allahın fəzli sayəsində, bu regionun əhalisi və vüqarlı gəncləri özlərinə və ölkələrinə daha parlaq bir gələcək nəsib edəcəklər!”

Şimali Xorasan vilayətinin, Şirvan şəhərinin və ətraf məntəqələrin problemlərinə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “İşsizlik problemi rəsmilərin səyi ilə aradan qaldırılması tələb olunan mühüm bir məsələdir”.

Vilayətin ağıllı və yüksək ruhlu gənclərini narkomaniya təhlükəsi ilə ciddi şəkildə mübarizə aparmağa çağıran Həzrət Ayətullah Xamenei dedi: “Regionun cəsur və mədəni gəncləri narkomaniya ilə mübarizə üçün qəti iradə ilə rəsmilərin köməyinə tələssinlər”.

Həzrət Ayətullah Xameneinin Fəhlə İdman Kompleksində Şirvan şəhərinin və ətraf məntəqələrin minlərlə sakini qarşısında etdiyi çıxışdan öncə Şirvanın imamcüməsi Höccətül-İslam vəl-muslimin Kövsəri Ali Məqamlı Rəhbəri salamlayaraq dedi: “Şirvan – Darülmüsəllin – əhalisi son 33 ildə olduğu kimi, bundan sonra da Böyük İslam İnqilabının hədəflərinin gerçəkləşməsi uğrunda fədakar səylərini davam etdirəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /