Müxbir: Rəhman və rəhim Allahın adı ilə. Sizə salam deyirəm və şadam ki, elm, bilik və inkişafın artmasına şövq dolu bir məkanda sizinlə yenidən görüşürəm. İcazənizlə, kitab, Tehran Beynəlxalq Kitab Sərgisi və mütaliə mədəniyyəti barəsində sizə bir neçə sual vermək istəyirəm. Birinci sualım sizin Beynəlxalq Kitab Sərgisinə, demək olar ki, hər il gəlməyinizin səbəbi barəsindədir. Sərgilənən kitabları diqqətlə nəzərdən keçirir və incələyirsiniz. Bunu açıq-aydın görmək mümkündür. Son çap edilən kitablara və müxtəlif müəlliflərə diqqət yetirməyiniz sizin kitaba kifayət qədər və ciddi diqqət ayırdığınızı, sərgiyə gəlməyinizin sırf simvolik bir davranış olmadığını göstərir. Sizin sərgidə iştirakınız cəmiyyətə, kitab sahəsində fəaliyyət göstərənlərə, aidiyyatı qurumlara və nəşriyyatlara hansı ismarıcı çatdırır?
Aliməqamlı Rəhbər: Rəhman və rəhim Allahın adı ilə. Məni bura gətirən səbəb ilk növbədə kitaba və mütaliəyə olan şəxsi istəyim, sevgimdir. İkinci növbədə isə kitabın təbliğidir. Mən istəyirəm ki, kitab mütaliəsi daha geniş yayılsın. Mənim düşüncəmə görə bizim kitaba ehtiyacımız vardır. Müxtəlif sahələrə, yaş və bilik baxımından müxtəlif təbəqələrə mənsub olan insanların hamısının kitab oxumağa ehtiyacı vardır. Sözün həqiqi mənasında, kitabın yerini heç nə əvəz etmir. Mən kitab mütaliəsinin artmasını istəyirəm. Bu gün bəzi məşğuliyyətlər, o cümlədən virtual aləm və s. kitab mütaliəsinin yerini tutmuşdur. Bu, düzgün deyildir. Demirəm ki, virtual aləmə müraciət olunmasın, yaxud qəzet oxunmasın. Bunlar da olmalıdır. Amma bunlar kitabın yerini tutmamalıdır. Kitab insanların həm alış səbətində, həm də günün vaxt bölgüsündə xüsusi bir yer tutmalıdır. İnsanlar hər gün müəyyən qədər kitab oxumalıdırlar. Mən mütaliə mədəniyyətinin yayılmasını istəyirəm. Düşünürəm ki, mənim sərgidə iştirakım bu məsələdə təsirli ola bilər. Bu isə məni bura gətirən digər bir səbəbdir.
Müxbir: Əslində, sizin toxunduğunuz məsələ mənim ikinci sualım idi. Kitab “mehriban dost” adlandırılır və bu mehriban dosta daim diqqət göstərmək lazımdır. Qeyd etdiyiniz kimi, virtual aləm cəmiyyətin ayrı-ayrı təbəqələri, xüsusilə də yeniyetmələr və gənclər üçün cəlbedicidir. Kitab mütaliəsini artırmaq təlaşı ciddi bir təlaşa çevrilibdir. Kütlə üçün tövsiyələr etdiniz. Bəs mütaliə mədəniyyətini yaymaq üçün aidiyyatı qurumlara və kitab sahəsində fəaliyyət göstərənlərə tövsiyəniz nədir?
Aliməqamlı Rəhbər: Aidiyyatı qurumlar, o cümlədən İrşad Nazirliyi, İslam Təbliğatı Təşkilatı və başqaları kitab nəşri sahəsində fəaliyyət göstərənlərə kömək etməlidir. Onların dəstəyə ehtiyacı vardır. Əlbəttə, mən bu il burada kitab mərkəzlərinə müraciət etdim və maraqlandım, məlum oldu ki, aidiyyatı qurumlar tərəfindən nəşriyyatların hamısına və ya bəzisinə köməklik göstərilibdir. Bu, vacib işlərdən birincisidir.
Virtual aləmdə aktiv olan şəxslər də kitabın təbliği üçün virtual aləmdən yararlanmalıdırlar. İnsanları kitab mütaliəsinə sövq etmək və yaxşı kitabları tanıtdırmaq, həqiqətən də virtual aləmdə aktiv olan şəxslərin üzərinə düşən bir vəzifədir. Müxtəlif sahələrdə – ədəbiyyat, tarix, incəsənət, elm, din sahələrində bizim faydalı kitablarımız vardır. Mən bu il müşahidə edirəm ki, yeni nəşrlər, Allaha şükür olsun ki, az deyildir. Onlar bu nəşrləri tanıtdırsınlar və insanlar da hansı kitablara müraciət etməli olduqlarını, hansı kitabları oxumalı olduqlarını bilsinlər.
Müxbir: Bu saatadək siz təxminən sərginin yarısına baxmısınız və sonrakı saatlarda da sərginin qalan yerlərinə baxacaqsınız, inşallah. Son sualım budur ki, builki Beynəlxalq Kitab Sərgisində sizin diqqətinizi çəkən məqam nə oldu?
Aliməqamlı Rəhbər: İki-üç məqam mənim diqqətimi çəkdi. Birincisi, yeni işlərin artmasıdır. Mənim baxış keçirdiyim nəşriyyatların çoxunun yeni işləri – gördüyüm qədər və ya onların verdiyi məlumatlara əsasən – təqdirəlayiqdir. İkincisi, alış məsələsidir. Mən adətən alışın necə olması ilə maraqlanıram, satışın necə olduğunu soruşuram. Nəşriyyatların əksəriyyəti satışın yaxşı olduğunu söylədi. Yəni mənim maraqlandığım nəşriyyatların demək olar ki, hamısı satışın yaxşı olduğunu və insanların müraciət etdiklərini söylədi.
Başqa bir məqam tiraj məsələsidir. Tiraj çox aşağı düşmüşdü. İndi isə görürəm və deyirlər ki, kitablar üç min, iki min, iki min beş yüz və həcmli kitablar min tiraj çap olunub. Bu say bəzi kitablar üçün yaxşıdır. Eləcə də kitabların yenidən çap olunmasıdır. Bəzi kitablar dəfələrlə çap olunubdur. Mən baş çəkdiyim nəşriyyatlarda bunları müşahidə etdim. Bunlar, Allaha şükür olsun, bu ilin yaxşı xəbərləridir.
Amma mənim əsas tövsiyəm yeniyetmə və gənc nəsil ilə işləyən qurumlaradır, yəni Təhsil Nazirliyinə və universitetlərədir. Onlar yeniyetmələr və gənclərin mütaliəsi üçün şərait yaratmalıdırlar, yaxşı kitabları onlar üçün əlçatan etməlidirlər. Söz yox ki, ailələrin də üzərinə müəyyən vəzifələr düşür və onlar da öz vəzifələrinə əməl etməlidirlər. Lakin yeniyetmələr və gənclərlə birbaşa işləyən qurumlar daha çox məsuliyyət hiss etməlidirlər və gənclərin mütaliəsi üçün lazımi şəraiti yaratmalıdırlar. Gənclərin kitab mütaliəsinə böyük ehtiyacları vardır. Ədəbiyyat, tarix, mədəni irs, şəxsiyyətlərlə tanışlıq kimi mövzularda mütaliəyə ehtiyac vardır. Bu mövzularda həqiqətən də boşluqlar vardır. Müxtəlif hadisələrin şərhi də bu qəbildən olan mövzulardandır. Məsələn, hal-hazırda “məşrutiyyət” mövzusunda bizim əlimizdə cəmi bir neçə kitab vardır. Ölkədə baş verən “məşrutiyyət” adlı hadisə həqiqi və düzgün şəkildə şərh olunmalıdır. Bu mövzuda kitab azdır, yaxud yoxdur, yaxud da oxunası kitab azdır. Bunlar görülməli olan işlərdir. “Məşrutiyyət” hadisəsi kimi bir çox başqa hadisələr də baş veribdir. Biz “Müqəddəs Müdafiə” barəsində nə qədər yazsaq da, nə qədər danışsaq da, az yazmışıq və danışmışıq. Bu mövzu çox genişdir. İnqilabın özü barəsində kitab azdır. İmam (r.ə) barəsində kitab azdır. İmam (r.ə) tarixdə misli az görünən tanınmış şəxsiyyətlərdəndir. İmam (r.ə) barəsində nə qədər kitab yazmışıq? Nə yazmışıq? Bunlar mühüm mövzulardır. Bu işlər mütləq, görülməlidir. Kitab ərsəyə gətirmək mühüm məsələdir və bu iş əsasən İrşad Nazirliyinin, təbliğat qurumlarının, incəsənət sahəsinin və bu kimi sahələrin öhdəsindədir. Lakin kitabın təbliği və yayılması Təhsil Nazirliyinin, universitetlərin və bu kimi qurumların öhdəsindədir. Allah sizə müvəffəqiyyət versin, inşallah.
Müxbir: Çox minnətdaram, bizə müsahibə verdiyiniz üçün sizə öz təşəkkürümüzü bildiririk.