Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Kitab nəşri və kitab mütalisəni təbliğ etmək məsul şəxslərin mühüm vəzifəsidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün bazar ertəsi səhər Tehran XXXV Beynəlxal Kitab Sərgisində oldu. O, sərgidə olduğu 3 saat ərzində müxtəlif kitab köşklərinə baş çəkdi.

İnqilabın Rəhbəri bu ziyarəti zamanı naşirlər, yazıçılar və kitab köşklərinin sahibləri ilə söhbətlər edərək yeni nəşrlərin, habelə kitab bazarının vəziyyəti və sərginin necə qarşılanması ilə maraqlandı.

Həzrət Ayətullah Xamenei kitab sərgisinə baş çəkdikdən sonra verdiyi bir müsahibədə qeyd etdi ki, onun belə yerlərə gəlməsinə səbəb ilk növbədə özünün kitaba olan şəxsi meyli və marağıdır: “Kitab sərgisinə gəlməyimin digər səbəblərindən biri isə kitab və kitab mütaliəsinə rəvac verilməsinə zəmin yaratmaqdır”.

O dedi: “Mən hesab edirəm ki, yaşından və elmi dərəcəsindən asılı olmayaraq, hər kəsin kitaba ehtiyacı var. Heç nə kitabın yerini tuta bilməz”.

İslam İnqilabının Rəhbəri virtual məkanın kitab mütaliəsinə təsirinə işarə edərək vurğuladı: “Virtual məkan kitab mütaliəsinin yerini tutmamalıdır. İnsanların alış səbətlərində və vaxt bölgülərində kitabın həmişə xüsusi yeri olmalıdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam Təbliğat və Maarif Nazirliyinin rəhbərliyi kitab nəşri və istehsalı ilə fəal şəkildə məşğul olan insanlara kömək etməlidirlər: “Təbii ki, bu sahədə köməklər olunur. Bu proses davam etdirilməlidir. Amma başqa bir mühüm məsələ budur ki, virtual məkanın fəalları kitabı və kitab mütaliəsini təbliğ etməyi özlərinə vəzifə bilməlidirlər”.

O vurğuladı: “Virtual məkanın fəalları müxtəlif elm, ədəbiyyat, tarix, incəsənət, dini və etiqadi mövzularda yazılmış yaxşı kitabları, bir sözlə, faydalı kitabları tanıtdırıb, təbliğ etməlidirlər”.

İslam İnqilabının Rəhbəri builki kitab sərgisinə əsasən, bir neçə mühüm nüansa da işarə etdi.

Həzrət Ayətullah Xamenei dedi: “Yeni işlərin artması, kitabların sayının artması, bəzi kitabların təkrar-təkrar yenidən çap etdirilməsi builki sərginin yaxşı cəhətlərindəndir”.

İnqilabın Rəhbəri müsahibəsinin sonunda əsas işləri yeniyetmələr və gənclər olan qurumlar və məsul şəxslərə bir mühüm tövsiyə verdi.

Həzrət Ayətullah Xamenei dedi: “Maarif Nazirliyi, İncəsənət və Təbliğat İdarəsi kimi qurumlar gənc nəslə uyğun kitab nəşr edilməsi, Təhsil və Təlim-Tərbiyə Nazirliyi, habelə Elmlər Nazirliyi kitab mütaliəsinin yeniyetmələr və gənclər arasında yayılması sahəsində əvvəlkindən daha çox işlər görməlidirlər ki, həm kitab mütaliəsinə zəmin yaransın, həm də onlar yaxşı kitabla təmin olunsunlar”.

O, bildirdi ki, gənc nəsil üçün ciddi ehtiyaclardan biri müxtəlif hadisələrin şərhi ilə bağlı kitab istehsalının olmasıdır: “Məşrutə, Müqəddəs Müdafiə, İslam İnqilabı kimi hadisələr, İmam (r.ə) kimi üstün və nadir şəxsiyyət haqqında ya münasib kitab yoxdur, ya da oxunmalı kitab çox azdır. Bu mövzularda gənc nəsil üçün münasib kitab istehsal etmək lazımdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /