Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
        Çap versiyası  ;  PDF
         
        Yeddinci şərt: Səfərin peşə olmaması

         

        Məsələ 478. Səfərdə namazın qəsr qılınmasının daha bir şərti səfərin peşə olmamasıdır. Deməli, əgər səfər etmək bir şəxsin peşəsi olsa, istər səfər etmək müəyyən bir peşənin əsasında dayansın (məsələn, sürücülük və pilot kimi peşələr), istərsə də səfər etmək müəyyən bir peşənin müqəddiməsi olsun (məsələn, peşəsi ilə əlaqədar səfər edən həkim və müəllim kimi), bu səfərdə namaz tamdır və oruc düzgündür.
        Məsələ 479. Əgər bir şəxsin peşəsi səfər etmək deyildirsə, o, çoxsayda səfər etsə belə, onun namazı qəsrdir. Fərqi yoxdur ki, bu şəxs əvvəlcədən çoxsayda səfər etməyi qərara alıbdır (məsələn, qırx cümə günü ziyarət üçün başqa bir şəhərə səfər etməyi niyyət edən şəxs kimi), yaxud da təsadüfi olaraq və əvvəlcədən qərara almadan çoxsayda səfər edir (məsələn, xəstəliyi ilə əlaqədar müalicə almaqdan ötrü davamlı olaraq başqa bir şəhərə səfər edən xəstə kimi).
        Məsələ 480. İş səfərinin gerçəkləşməsi üçün üç şərt tələb olunur:
        1- İş səfərinə getmək niyyətində olmaq;
        2- İş səfərinə getmək;
        3- İş səfərini davam etdirmək niyyətində olmaq.
        Məsələ 481. Səfərin iş səfəri hesab olunması üçün meyar “ürf”dür, yəni camaatın nəzəridir. (Başqa sözlə, səfər camaatın nəzərində iş səfəri hesab olunmalıdır.) Əgər bir səfərin iş səfəri hesab olunması ürfə görə şübhə altında olarsa, bu halda namaz qəsrdir və oruc tutmaq düzgün deyildir.
        Məsələ 482. Səfərin peşə hesab olunması, bu peşə ilə qazanc əldə etmək və dolanışığı təmin etməyə bağlı deyildir. Beləliklə, təmənnasız olaraq tədris etmək üçün səfər edən müəllim “peşəsi səfər edən şəxs” hesab olunur və bu səfərdə onun namazı tamdır.
        Məsələ 483. Yuxarıdakı üç şərt gerçəkləşdiyi təqdirdə ilk iş səfərində namaz tamdır və oruc düzgündür.
        Məsələ 484. Əgər elm öyrənmək üçün səfər etmək işin tərkib hissəsi sayılarsa, məsələn, bir işçi üçün kurs qoyulur və o, bu kursu keçmək üçün səfər edir, bu halda onun namazı tamdır.
        Məsələ 485. Elm öyrənmək və bu yolla gələcəkdə bir peşə sahibi olmaq üçün səfər edən şagird və tələbə, ehtiyat-vacibə görə, təhsil səfərində namazı həm tam, həm də qəsr qılmalı, həmçinin orucu tutmalı, sonradan orucun qəzasını da tutmalıdır.
        Məsələ 486. Əgər elm öyrənmək hansısa bir təbəqəyə daxil olmaqla yanaşı olarsa, belə ki, bu təbəqənin adı müəyyən bir peşə adıdır, məsələn, dini hövzə tələbəsi elə təhsilə başladığı ilk vaxtlarda “ruhani” adlanır, yaxud hərbi məktəbə daxil olan tələbələr bir neçə ay təlim gördükdən sonra onlara dərəcə verilir və hərbiçi adlanır, bu növ təhsil peşənin tərkib hissəsi hesab olunur. Odur ki, bu təhsil səfərində onlar namazı tam qılmalı və orucu tutmalıdırlar.
        Məsələ 487. Əgər bir şəxs işi ilə əlaqədar yalnız bir uzun səfərə gedərsə (məsələn, uzun bir dəniz səfərinə gedərsə), uzaq ehtimal deyildir ki, ürf bu səfəri iş səfəri hesab etsin. Ona görə də bu səfərdə namaz tamdır, baxmayaraq ki, səfəri davam etdirmək niyyəti mövcud olmayıb, yəni uzun səfər “səfəri davam etdirmək niyyəti”ni əvəz edir.
        Məsələ 488. Bir şəxsin işi ildə bir dəfə bir ay davam edir, məsələn, həcc ziyarətində qrup rəhbəri olur. Əgər o, hər il bu işlə məşğul olmaq niyyətindədirsə, birinci səfərdə belə, onun namazı tamdır. Amma əgər bu işi davam etdirmək niyyətində deyildirsə, səfərdə namazı qəsrdir.
        Məsələ 489. Bir şəxs ilin müəyyən hissəsində (məsələn, yay fəslində bir-iki ay səfər edən sürücü kimi) iş səfərinə gedir və hər il bu işlə məşğul olmaq niyyətindədir. Onun səfəri iş səfəri hökmündədir və birinci səfərdən etibarən namazı tamdır.
        Məsələ 490. Bir şəxs yalnız bir dəfə ilin müəyyən hissəsində bir işlə məşğul olur və qarşıda gələn illərdə bu işlə məşğul olmaq niyyətində deyildir. Əgər bu iş ən azı üç ay adi şəkildə davam edərsə (yəni bu şəxs adətən iş olmayan günlərdə, məsələn, istirahət və bayram günlərində işləmirsə), onun namazı, hətta birinci səfərdə belə, tamdır. Amma əgər iş bu müddətdən az davam edərsə, məsələn, bir ay davam edərsə, ürfə görə bu səfərin iş səfəri adlanması məlum deyildir. Məsələ şübhə altında olduqda isə namaz qəsr olur.
        Məsələ 491. Bir şəxsin işi (məsələn, bəzi taksi sürücüləri kimi) şəhər ətrafına şəri məsafədən az olaraq gedib-qayıtmaqdır. Əgər bu şəxs təsadüfən bu işdə şəhər ətrafına şəri məsafə ölçüsündə səfər etsə, bu səfər iş səfəri hesab olunmayacaq və onun namazı qəsrdir.
        Məsələ 492. Əgər peşəsi səfər etmək olan bir şəxs (istər səfər etmək onun peşəsinin əsasında dayansın, istərsə də peşəsinin müqəddiməsi olsun) qeyri-iş səfərinə getsə, hətta işlədiyi yerə getsə belə, namazı qəsrdir.
        Məsələ 493. Əvvəlki məsələni nəzərə alaraq, əgər bu şəxs işi üçün deyil, başqa bir məsələ ilə əlaqədar iş yerinə səfər etsə, amma işinə görə orada qalmağı qərara alsa, işə getmək üçün orada qaldığı müddətdə, həmçinin ondan sonra və geri qayıdarkən onun namazı tamdır. Baxmayaraq ki, işə getmək üçün orada qaldığı müddətdə namazı həm tam, həm də qəsr qılması ehtiyata müvafiqdir.
        Məsələ 494. Əgər peşəsi səfər etmək olan şəxs vətəndə və ya qeyri-vətəndə istər məqsədli şəkildə olaraq, istərsə də məqsədli şəkildə olmayaraq on gün qalsa, on gündən sonra etdiyi birinci səfərdə namazı qəsrdir.
        Məsələ 495. Əgər peşəsi səfər etmək olan şəxs vətəndə və ya qeyri-vətəndə on gün qalsa, sonra qeyri-iş səfərinə getsə, məsələn, ziyarətə getsə, ehtiyat-vacibə görə, ziyarət səfərindən sonra getdiyi iş səfərində namazı həm tam, həm də qəsr qılmalıdır.
        Məsələ 496. Əgər peşəsi səfər etmək olan şəxs bir yerdə on gün, yoxsa daha az qaldığına dair şəkk etsə, onun şəkki bu yerə hansı gün daxil olduğu barədə yaranan tərəddüddən irəli gəldiyi təqdirdə, o, ilk iş səfərində namazını tam qılmalıdır. Amma əgər onun şəkki bu yerdən hansı gün xaric olduğu barədə yaranan tərəddüddən irəli gələrsə, o, ilk iş səfərində namazı qəsr qılmalıdır.
        Məsələ 497. Əgər peşəsi səfər etmək olan şəxs iş səfərində yalnız müəyyən bir ünvana gedəcəkdirsə və o, getmək istədiyi ünvana çatmamış yolda on gün bir yerdə qalarsa, ünvana çatanadək səfərin davamı və vətənə geri qayıdış yolu birlikdə “birinci səfər” hesab olunur və bu səfərdə namazı qəsr qılmalıdır.
        Məsələ 498. Əvvəlki məsələni nəzərə alaraq, əgər o, bir neçə ünvana gedəcəkdirsə, (on gün bir yerdə qaldıqdan sonra) onun birinci səfəri birinci ünvana çatdıqda başa çatır. İkinci ünvana hərəkət etməyə başladıqda isə ikinci səfər başlanır və namazı tam qılmalıdır.
        Məsələ 499. Namazın tam qılındığı və orucun düzgün olduğu iş səfərində yolun, yaxud peşənin, yaxud da nəqliyyat vasitəsinin əvvəlki peşə, yol və nəqliyyat vasitəsi olmasının və ya dəyişməsinin bir fərqi yoxdur.
        Məsələ 500. Əgər peşəsi sürücülük olan bir şəxsin iş başında olarkən maşını xarab olsa və o, maşının təmiri və ya ehtiyat hissələrini almaq üçün şəri məsafə ölçüsündə səfər etsə, bu səfər də iş səfəri hesab olunur və namazı tam qılmalıdır.
        Məsələ 501. Əvvəlki məsələni nəzərə alaraq, əgər işə çıxmazdan qabaq onun maşını xarab olsa və o, maşının təmiri və ya ehtiyat hissələrini almaq üçün şəri məsafə ölçüsündə səfər etsə, namazını qəsr qılmalıdır.
        Məsələ 502. Əgər peşəsi səfər etmək olan şəxs qeyri-iş səfərinə getsə, onun namazı qəsrdir. Məsələn, bir şəxsin işi bir şəhərdən başqa şəhərə sərnişin aparmaqdır. Əgər bu şəxs həcc ziyarətinə və ya İmamların (ə) ziyarətinə getsə, namazı qəsr qılmalıdır. Amma əgər o, iş səfəri əsnasında şəxsi bir işini də görsə, məsələn, ziyarətə getsə – istər onun əsas məqsədi öz şəxsi işini görmək olsun və sərnişin aparmaq onun ikinci məqsədi olsun, istər bunun əksi olsun, istərsə də hər iki məqsədi bərabər olsun – onun namazı tamdır.
        Məsələ 503. Əgər peşəsi səfər etmək olan şəxs qeyri-iş səfərinə getsə və oradan işinə görə işlədiyi yerə getmək istəsə, getdiyi yerdə (istər əvvəlcədən qərara alaraq, istərsə də əvvəlcədən qərara almadan) on gün qalmadığı təqdirdə, iş yerinə getdiyi səfərdə onun namazı tamdır.
        Məsələ 504. Peşəsi səfər etmək olan şəxs iş səfərindən geri qayıdarkən namazı tam qılmalıdır. Amma əgər o, işlədiyi yerdə bir neçə gün (on gündən az olaraq) işindən qeyri bir məqsədlə, məsələn, ziyarət və ya istirahət üçün qalarsa, ehtiyat-vacibə görə, geri qayıdarkən namazı həm qəsr, həm də tam qılmalıdır.
        Məsələ 505. Əgər peşəsi səfər etmək olan şəxs axırıncı iş səfərinə getsə və ya yol əsnasında işi davam etdirməkdən daşınsa, bu halda əgər səfər etmək onun peşəsinin əsasında dayanırsa, məsələn, bu şəxs sürücüdürsə, axırıncı iş səfərindən qayıdarkən sərnişin aparmadığı təqdirdə, geri qayıdarkən onun səfəri iş səfəri hesab olunmur və namazı qəsrdir. O, istər öz maşını ilə qayıtsın, istərsə də başqa bir nəqliyyat vasitəsilə qayıtsın. Amma əgər səfər etmək onun peşəsinin müqəddiməsi olarsa, axırıncı iş səfərindən qayıdarkən, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır.

         

      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /